Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1630/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********60009A) cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq borc kimi yazılmış olan 576.62 (beş yüz yetmiş altı manat altmış iki qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil faktiki olaraq iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********60009A olmaqla cavabdeh "xxxx" ASC tərəfindən işıqla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan işıqla təmin olunub. 16 dekabr 2022-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğac yaxşı işləmir deyə sayğacı dəyişdirilmişdir. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. 9 fevral 2023-cü il ona göndərilən bildirişdən məlum oldu ki, onun iştirakı və xəbəri olmadan götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 576.62 (beş yüz yetmiş altı manat, altmış iki qəpik) manat borc yazılıb. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. İddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də iddiaçı harasa dəvət olunmamışdır. 576.62 (beş yüz yetmiş altı manat, altmış iki qəpik) manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman cavabdehin əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 576.62 (beş yüz yetmiş altı manat, altmış iki qəpik) manatın "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0822684№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 16, mənzil 9 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 09 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, **********6009A nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində Nəsimi RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacına müdaxilə (sayğacın daxili sxemi dəyişdirilərək, müdaxilə olunub,sayğac istismara yararsızdır) səbəbilə US 004539 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 5242 kVts (576.62 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Aktda qeyd edilən qüsur sayğac quraşdırma və uçota nəzarət idarəsinin xx.xx.2022-ci il tarixli, 142020 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot kompektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər cədvəlindən görünür ki, İddiaçı məxsus mənzildə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, daxili sistem dəyişdirilib, sayğaca müdaxilə olunub. Sayğac istismara yararsızdır. Həmin cədvəldən həmçinin görünür ki, iddiaçıya 5A x 0.22 x (0.7) x 24 saat x 240 gün=4435 kvts (0.13 manat)=576.58 manat əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Akt-protokoldan görünür ki, iddiaçıya məxsus ünvanda sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, daxili sxem dəyişdirilib, sayğaca müdaxilə olunub, sayğac istismara yararsızdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə iddia tələbinin akta əsasən hesablanmış 576.62 manat məbləğində borcun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, akta əsasən iddiaçıya 240 gün üçün əlavə ödəniş hesablanmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır və iddiaçıya aşağıda göstərilən qaydada 30 gün üçün əlavə ödəniş hesablanmalıdır: 5A x 0.22 x (0.7) x 24 saat x 30 gün=554.4 kvts (0.13 man)=72 manat. Akta əsasən hesablanmış borcun digər hissəsi – 504.62 manat isə (576.62-72) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanı üzrə “**********60009A” saylı abunə koduna hesablanmış 504.62 (beş yüz dörd manat altmış iki qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1630/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1630/2023
15.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver