Məhkəmə qərarları › İş №e-2(006)-1643/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1643/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1643/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu cəlb edilməklə) "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya dəymiş olan 20.000 AZN maddi zərərin, 50.000 AZN mənəvi zərərin və ödənilmiş 300 AZN pulun cavabdehdəndən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Oğuz rayonu, Bayan kənd sakini Vüsal ilə cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş, təxminən 1 il Vüsal ilə bir müəssisədə cəza çəkmişdir. Azadlığa çıxandan sonra Vüsal ilə dostluq əlaqəsi olmuşdur. Vüsal arabir Şəki şəhərinə gəlirdi, zəng edib görüşürdülər, oturub çay içib söhbət edirdilər. Təxmini olaraq tutulmamışdan bir ay qabaq Vüsal 150 manat borc pul istəmişdir. O, dosttanışlardan 60 manat pul götürüb Vüsala vermişdir. 19 fevral 2023-cü il tarixdə Vüsal ona zəng edib pulu hazırladığını bildirmiş, o da mərc oyunları oynadığından özünün adına olan LeoBank tərəfindən verilmiş kartının nömrəsini Vüsalın mobil telefonunun Whatsapp proqramına yazıb bildirmişdir ki, pulu həmin karta yükləsin. Vüsal da pulu həmin karta yükləmişdir. 20 fevral 2023-cü il tarixdə polis əməkdaşları onu və Vüsalı Şəki şəhərində olan Salman Mümtaz küçəsində yerləşən kafedən götürərək Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən Vüsala narkotik vasitə satmasını etiraf etməsi barədə ifadə verməsi üçün polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları onun əllərini aralı vəziyyətdə bağlayıb, əllərini ayaqlarına keçirib bel (lapatka) sapı olan taxtanı əllərinin arasına keçirməklə onu stolların üstündən asaraq uzun müddət ona işgəncə vermişlər. İddiaçıya qarşı edilmiş işgəncələrə baxmayaraq Vüsala narkotik vasitə satmadığını ibtidai istintaq zamanı verdiyi ifadəsində də, bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 İddiaçı adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışda qeyd olunmuşdur ki, İddiaçı Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “Hər iki diz nahiyyəsinin arxa səthində qartmaqlaşmış sıyrıqlar, hər iki ovuc nahiyyəsində qançır” xəsarətləri aşkar edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə-tibb ekspertizasının 03 avqust 2023-cü il tarixli 505 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. Tibbi sənədlərdəki qeydlərə əsasən onun hər iki əllərinin səthlərində qançırlar və hər iki diz oynaqlarının arxa səthlərində sıyrıqlar olmuşdur. Hər iki nahiyyələrdə olan xəsarətlər küt alətlər təsirindən əmələ gəlmişlər, tibbi sənədlərdə xəsarətlərin xarakteri tam və hərtərəfli təsvir olunmadığındığı üçün xəsarətlərin yetirilmə müddətlərini dəqiq müəyyən etmək mümkün deyildir, həbs olunma ərəfələrində yetirilə bilməsi inkar olunmur, hər iki dizlərinin arxasında olan xəsarətlər zərərçəkənin göstərdiyi şəraitdə yetirilə bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Həmin hökmdən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(075)-13/2023 nömrəli qərarına əsasən əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla İddiaçı barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə araşdırılma aparıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 1(075)-3/2024 saylı, xx.xx.2024-cü il hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ izah edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir Daha sonra həmin qərardan apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş,İddiaçı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə bəraət verilməsinə dair Şəki rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(075)- 3/2024 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya protesti verilmiş, Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 1(107)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı 20 fevral 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 326 gün təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində həbsdə qalmış, tutulduğu vaxt olan ibtidai istintaq dövründən yekun kassasiya icraatı daxil olmaqla ümumi 666 gün keçmiş, yekun olaraq xx.xx.2024-cü il tarixdə Ali Məhkəmənin qərarı ilə bu işə yekun vurulmuşdur. İddiaçı 326 gün X1 istintaq təcridxanasında saxlanılan zaman 13 nəfər 24m2-lik otaqda saxlanılmış, yer olmadığı üçün o, məcbur olaraq yerdə yatmış, bu da onun səhətində ciddi problemlərin yaranmasına gətirib, çıxarmışdır. İddiaçı heç bir qanuni əsas olmadan insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadlıqdan məhrum olub, 326 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçı həbsdə olduğu müddətdəəsəb, stres, gərginlik yaşamış, daha sonra isə saxlanıldığı yerin şəraitsiz olması səbəbindən böyrəkləri daxil olmaqla daxili orqanlarında müəyyən ciddi xəstəliklər aşkarlanmış, bu səbəbdən hələ də onun müalicə davam edir. İddia ərizəsinə əlavə etdiyimiz xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı hər iki böyrəyində KLS genişlənməsi, sidik qalıqları, kalsinatlar var, sol böyrəkdə hipesvaskulyarizasiya, orta strukturun pozulması, sistit əlaməti mövcuddur. İddia ərizəsinə əlavə etdikləri digər xx.xx.2024-cü il tarixli, Üst Abdomen USM analiz nəticəsindən görünür ki, İddiaçı qaraciyər, öd kisəsi, mədəaltı vəzi və dalağında HEPATOZ, METEORİZMmövcuddur. İddia ərizəsinə əlavə etdiyimiz digər xx.xx.2024-cü il tarixli, qan analiz nəticəsindən görünür ki, İddiaçı qan analizi meyarları bəzilərində normadan yuxarı, bəzilərində normadan aşağı vəziyyətdədir. İddia ərizəsinə əlavə etdikləri xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı sol böyrəkdə KLS genişlənməsi, sidik qalıqları, orta strukturun pozulması, hipesvaskulyarizasiya mövcuddur. İddia ərizəsinə əlavə etdikləri xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı hər iki böyrəyində duz kristalları, sol böyrəkdə KLS genişlənməsi, sidik qalıqları, hipesvaskulyarizasiya mövcuddur. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı müalicəsi üçün dərmanlara xx.xx.2024-cü il tarixdə 52.54 AZN, xx.xx.2024-cü il tarixdə 11.50 AZN, xx.xx.2024-cü il tarixdə 2.88 AZN, xx.xx.2024-cü il tarixdə 5.15 AZN, xx.xx.2024-cü il tarixdə 17.10 AZN, xx.xx.2024-cü il tarixdə 61.26 AZN, xx.xx.2024-cü il tarixdə 17.20 AZN pul xərcləmişdir. İddia ərizəsinə əlavə edilmiş həkim reseptlərindən görünür ki, müxtəlif vaxtlarda İddiaçı müalicəsi üçün həkimlər ona müalicə üçün dərmanlar prepatları qəbul etməsini tövsiyə etmişlər. Bundan başqa, tutulduğu ana qədər gündəlik 40-50 manat qazanc əldə etməklə qeyri-rəsmi olaraq fərdi əmək fəaliyyəti ilə göstərərək əldə etdiyi pulla dolanmışdır. Təbii ki, həbsdə saxlandığı bütün müddət ərzində həmin qazancından məhrum olmuşdur. Beləliklə, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə ehtiyacı vardır. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində 326 gün həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, streslər, əzab və əziyyətlər yaşamasına, xəstəlik tapmasına bilavasitə qaçılmaz səbəb olmuşdur. Bu hərəkətlər onun, həmçinin fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Eyni zamanda qanunsuz olaraq onun polislər tərəfindən tutulması, qondarma bir maddə ilə onun 326 gün həbsdə saxlanması, daha sonra isə tutulduğu tarixdən yekun məhkəmə qərarına qədər keçmiş 666 gün ərzində onun şərəf və ləyaqəti alçadılmış, ətrafında olan şəxslərin ona qarşı mənfi yanaşmasına səbəb olmuşdur. Hazırda barəsində cinayət təqibi üzrə icraat qurtardığindan cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olmasını qeyd etsədə, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. Bundan başqa iddiaçı səhhətində yaranmış problemlərlə bağlı kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı bu xəstəliklərinin məhz onun həbs olunduğu müddətdə yarandığını təsdiq edən dəlilləri, sübutları işin materiallarına əlavə etməmişdir. İddiaçı bəlkə daha öncədən bu xəstəliklərin daşıyıcısı olub yəni həmin xəstəliklərə məhz həbs olunduğu bu müddətdə əruz qalmasını təsdiq edən sənəd yoxdur. Qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirablı, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habele mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntılarına sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikir formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İş materiallarına əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına getirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyinə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflərə məhkəmə iclasının (elan) vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Şəki Rayon Məhkəməsinin 1(075)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun ona izah edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(075)-13/2023 nömrəli qərarından görünür ki, əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla İddiaçı barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə bəraət verilməsinə dair Şəki rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(075)- 3/2024 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-2271/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(107)-178/2024 nömrəli qərarının verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı hər iki böyrəyində KLS genişlənməsi, sidik qalıqları, kalsinatlar var, sol böyrəkdə hipesvaskulyarizasiya, orta strukturun pozulması, sistit əlaməti mövcuddur. - Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Üst Abdomen USM analiz nəticəsindən görünür ki, İddiaçı qaraciyər, öd kisəsi, mədəaltı vəzi və dalağında HEPATOZ, METEORİZM mövcuddur. - Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, qan analiz nəticəsindən görünür ki, İddiaçı qan analizi meyarları bəzilərində normadan yuxarı, bəzilərində normadan aşağı vəziyyətdədir. - Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı sol böyrəkdə KLS genişlənməsi, sidik qalıqları, orta strukturun pozulması, hipesvaskulyarizasiya mövcuddur. - Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı hər iki böyrəyində duz kristalları, sol böyrəkdə KLS genişlənməsi, sidik qalıqları, hipesvaskulyarizasiya mövcuddur. - Qəbzlərdən görünür ki, İddiaçı müalicəsi üçün dərmanlara xx.xx.2024-cü il tarixdə 52.54 AZN, xx.xx.2024-cü il tarixdə 11.50 AZN, xx.xx.2024-cü il tarixdə 2.88 AZN, xx.xx.2024-cü il tarixdə 5.15 AZN, xx.xx.2024-cü il tarixdə 17.10 AZN, xx.xx.2024-cü il tarixdə 61.26 AZN, xx.xx.2024-cü il tarixdə 17.20 AZN pul xərcləmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 20.000 manat maddi ziyanın vurulduğunu, həmçinin qətnamə icra olunan günə kimi hər ay üçün aylıq qazancını nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz . Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı X1 istintaq təcridxanasında saxlanılan zaman onun səhhətində ciddi problemlərin yarandığını və bunu Şəki Rayon Mərkəzi Xəstəxanasının analizlərinin təsdiq etdiyini bildirsə də, səhhətindəki problemlərin istintaq təcridxanasında olan pis şərait səbəbindən və məhz orda saxlanıldığı müddətdə yarandığına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 10 ay 20 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 10 ay 20 gün müddətinə həbs qətimkan tədbirinə görə 11.000 manat (bir ay üzrə 1000 manat x 10 ay 20 gün) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 11.000 (on bir min) manat həcmində (10 ay 20 gün yuvarlaqlaşdırılaraq) təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 11.000 (on bir min manat) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 11.000 (on bir min manat) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar