Məhkəmə qərarları › İş №e-2(006)-1654/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1654/2024

22.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1654/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantısularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 08 dekabr 2023cü il tarixinə 2102,60 (iki min yüz sıfır iki,altmış) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1sən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2102,60 manat borcun (abonent kodu: **********000) və 41,02 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə cavabdeh X4 bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.

4. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1654/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ünvan üzrə sudan istifadəyə görə hesablanmış borc məbləği 2011-ci ildə Prezident Fərmanı ilə silinmişdir. 2011-ci ildən bugünə kimi də heç bir ödəniş olunmamışdır. Həmin evdə sayğac olmadığından aylıq sudan istifadə haqqı adambaşı olaraq 5 manat hesablanmışdır. Həmin evdə də 3 nəfər yaşamışdır. Ötən məhkəmə iclaslarının birində cavabdeh tərəf sayğacın olmasına istinad etmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən ünvana baxış keçirilərək sayğacın həqiqətən mövcud olması, lakin onun düzgün işləmədiyi müəyyən olunmuşdur. Ona görə də sayğac nəzərə alınmamalıdır. Həmçinin cavabdeh tərəfindən su xəttinə qanunsuz qoşulma faktı aşkarlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

6. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, anasına məxsus mənzildə hazırda o və oğlu yaşayırlar. Həmin evdə uzun illər heç kəs yaşamamışdır. Onların evində sudan istifadə ilə bağlı sayğac quraşdırlmış və hazırda işlək vəziyyətdədir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları məsuliyyətsizlik edərək sayğaca baxış keçirməmiş və adambaşı pul hesablamaqla kifayətlənmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdehin istifadə etdiyi xidmətlərə görə 2102,6 AZN məbləğində borcu yaranmışdır. Hesabat iddiaçıya məxsus evdə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq aparılmışdır.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov dalan, ev 27 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin İddiaçı ASC-yə 1077,5 manat su borcu, 441,9 manat çirkab borcu, 583,2 manat dövr borcu olmaqla, cəmi 2102,6 manat məbləğində borcu vardır.

11. Mülki işin materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli ətraflı abonent kartından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov dalan, ev 27 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin İddiaçı ASC-yə 2146,6 manat borcu vardır.

12. Mülki işin materiallarında olan İddiaçı ASC-nin ünvan 2 ünvanladığı məktubundan görünür ki, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 2102,6 manat borc barədə xəbərdarlıq edilmişdir.

13. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov dalan, ev 27 ünvanında sayğac quraşdırılmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Eyni Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

17. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

18. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.

19. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 262 saylı 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.

20. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir.

21. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli Fərmanına əsasən əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borclarının silinməsi müəyyən edilmişdir.

22. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 793,97 AZN (yeddi yüz doxsan üç manat, doxsan yeddi qəpik) həddində təmin edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdeh ümumilikdə 2008-ci il tarixdən (sayğac quraşdırıldıqdan bəri) 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023-cü illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövr üzrə borc yaranmışdır. Qeyd edilən borca münasibətdə isə məhkəmə hesab edir ki, istehlakçının mənzilinə 2008-ci il tarixdə sayğac quraşdırılmış və həmin sayğac üzərindəki borc məbləği 1800 kub təşkil etmişdir. Bu halda məhkəmə istehlakçının həmin illərdən bəri orta sərfiyyatının müəyyən etməyi ağlabatan hesab edir. Belə ki istehlakçı 2008-ci ildən 2023-cü ilin dekabr ayınadək (iddia ərizəsinə əsasən) 1800 kub sərf etmiş , bu isə orta aylıq üzrə (191 ay) 9,42 kub təşkil etmişdir (1800 kub:191ay= 9,42kub) .

23. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il, xx.xx.2016-cı il, xx.xx.2021-cı il tarixli Qərarları əsas götürülərək cavabdehin ödənilməmiş borcu xx.xx.2011-ci ildən (müvafiq fərmana əsasən) xx.xx.2016-cı ilədək 215,33 AZN, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək 266,13 AZN, xx.xx.2021-ci ildən iddia ərizəsində göstərilən xx.xx.2023-cü ilədək 312,51 AZN müəyyən edilməlidir.

24. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehin su xəttinə qanunsuz qoşulmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

25. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

26. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

27. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

28. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

29. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

30. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

31. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

32. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 15,5 AZN cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 25,52 AZN iddiaçıya aid edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 793,97 AZN (yeddi yüz doxsan üç manat, doxsan yeddi qəpik) məbləğində borc və 15,5 AZN (on beş manat, əlli qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar