Məhkəmə qərarları › İş №e-2(006)-1658/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1658/2024

21.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1658/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1948,46 manat borcun (abonent kodu: **********000) və 39,48 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 08 dekabr 2023-cü il tarixinə 1948,46 (bir min doqquz yüz qırx səkkiz manat qırx altı qəpik) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə suölçən cihazın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvanda xx.xx.2015-ci il tarixdə İSS-15 markalı, 501277 nömrəli yeni suölçən cihaz quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 11 dekabr 2023cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1658/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib bildirdi ki, cavabdeh yalnız su təchizatı xidmətindən istifadə etdiyindən, yəni onun tullantı sularının axıdılması xidmətindən istifadə etmədiyi müəyyən edildiyindən, cavabdehə hesablanmış borcdan 602,01 manat hissəsi iddiaçının sistemindən silinmişdir. Məhkəməyə təqdim edilmiş arayışda cavabdehin hansı dövrdə nə qədər borcu yaranması tam ətraflı şəkildə öz əksini tapmışdır. Cavabdehin vaxtaşırı ödənişlər etməsini nəzərə alaraq, onun tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olmasını vurğuladı və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və iddia müddətinin tətbiqi barədə ərizəni nəzərdən keçirib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, o, yaranmış borcun 7 iş günü müddətində ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Ətraflı abonent kartlarından görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanına **********000 nömrəli abonent kodu verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh (abonent kodu: **********000) tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 963 m3 (dəyəri: 336,28 manat) su sərf olunmuş və 85,5 manat ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixindən cari ilin mart ayınadək 1673 m3 su sərf olunmuş (dəyəri: 1163,80 manat) və cəmi 120 manat ödəniş edilmişdir. Hazırda abonentin 1332,81 manat debitor borcu var. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 39,48 (otuz doqquz manat qırx səkkiz qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması xidməti göstərilir. Cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərdən istifadə etsə də, həmin xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 2015-ci ildən etibarən iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də, cavabdeh yaranmış borcun ödənilməsini təmin etməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 1948,46 manat borcun və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə ərizə təqdim edərək, iddia tələbinə dair iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Mülki işin materialları əsasında iddiaçının cavabdehdən 2015-ci ildən etibarən yaranmış borcun ödənilməsini tələb etdiyi məlum olur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ona göstərilmiş xidmətin dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, cavabdehin iddiaçının xidmətlərindən istifadə edərək ona borcunun yaranması faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Cavabdeh borcunu ödəmədiyindən, iddiaçının qanunla qorunan mənafeyinin təmin edilməsi məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə müddətin ötürülüb-ötürülməməsi məsələsi məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının hazırki tələbinin 2021-ci ilin fevral ayınadək olan hissəsi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, hazırki mübahisə üzrə iddia ərizəsi xx.xx.2024-cü ildə məhkəməyə təqdim edilmişdir. Cavabdehin 2015-ci ildən 2021-ci ilin fevral ayınadək yaranmış hər 1 aylıq borc məbləğinə münasibətdə öhdəliyin icra olunmadığı vaxtdan başlanan iddia müddəti tətbiq edilməklə, iddiaçının 2015-ci ildən 2021-ci ilin fevral ayınadək olan dövr üzrə pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək hüququndan istifadə üçün üç illik iddia müddətinin ötürdüyü müəyyən edilmişdir. Çünki iddiaçı yalnız iddia qaldırdığı tarixdən əvvəlki üç il üçün hesablanmış borcu cavabdehdən tələb etməyə haqlı olmuşdur. İşdə olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 250,78 manat, xx.xx.2021-ci il tarixindən etibarən isə 1332,81 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. İddiaçı cavabdehin istifadə etdiyi su sərfiyyatına görə yaranmış borcun ödənilməsini tələb etmək hüququna yalnız iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən əvvəlki üç ilə münasibətdə (xx.xx.2021 – 2024-cü ilin mart ayınadək (arayışda göstərilən sonuncu tarix)) malik olduğundan iddia ərizəsi qismən təmin edilməli, cavabdehdən 1.082,03 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan borcun məbləği ilə əlaqədar qeyd edir ki, abonent kartında aylıq hesabatlar keçən ayın ortasından növbəti ayın ortasınadək müəyyən edildiyindən xx.xx.2021-ci ildən 2024-cü ilin mart ayınadək yaranmış 1.082,03 manat [cari borc: 1.332,81 manat - (xx.xx.2021-ci ildən əvvəlki borc: 336,28 manat – ödəniş: 85,5 manat)] məbləğində borc iddiaçı tərəfindən məhkəmə qaydasında tələb edilə bilər. İddianın qalan hissəsi üzrə isə iddiaçının tələbi qanunla bu cür tələblər üzrə müəyyənləşdirilmiş iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən məhkəmə hesab edir ki, tələb qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən aparılan hesablama “İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2007-ci il tarixli Qərarına (illər üzrə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) müvafiq olmuşdur. Məhkəmə cavabdehin vaxtaşırı ödənişlər etməsi (yəni borcunu etiraf etməsi) ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan ödənişlər əvvəllər yaranmış borcun etirafı, yəni iddia müddətinin axımını kəsən hal kimi yox, məhz həmin ay üzrə yaranmış borcun ödənilməsi, yəni vaxtaşırı icra edilməli olan öhdəliyin icrası kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-377.2-ci maddələrinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddəti hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30-cu maddəsinin 1-ci bəndinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə müvafiq olaraq, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur:

1. borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi;

2. borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında göstərilmişdir ki: İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.082,03 (bir min səksən iki manat üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, buna mütənasib olaraq ödənilmiş 39,48 manat məbləğində dövlət rüsumunun 22 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1.082,03 (bir min səksən iki manat üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 22 (iyirmi iki) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin, qalan hissəsi isə İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar