Məhkəmə qərarları › İş №e-2(006)-1662/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1662/2025

21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1662/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, yaranmış 238.22 AZN borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, oğlu Qanuni nümayəndə onun adından etibarnamə ilə 2 saylı Bakı "ASAN kommunal" mərkəzində "xxxx" ASC tərəfindən göstərilən xidmətlər üzrə “Əhali istehlakçısının ad dəyişdirilməsi” xidmətindən istifadə etmək üçün müraciət etmişdir. Lazımi sənədlər təqdim olunduqdan sonra məlumat verildi ki, onun "xxxx"-ə ödənilməmiş 238.22 AZN borcunuz vardır. O yaranmış borcu ödəmədiyi təqdirdə ad dəyişdirilmə xidmətindən istifadə edə bilməyəcəkdir. Bu borcun yaranma səbəbi barədə sorğu edilən zaman əməkdaşlar bu borcun haradan və nəcə yarandığı barədə tam məlumat verə bilmədilər. Yaranan borc barəsində xx.xx.2024-cü il tarixinə qədər onlara hər hansı yazılı və ya şifahi xəbərdarlıq edilməmişdir. Bugünədək istifadə edilmiş elektrik enerjisinin dəyəri hər ay bildiriş üzrə təqdim olunan məlumatlara əsasən vaxtında ödənilmiş və təqdim olunmuş bildirişlərdə 238.22 AZN borc barədə heç bir məlumat öz əksini tapmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 abonentin dondurulmuş 238 manat məbləğində borcu olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarında olan Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2013-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2013-cü il tarixli 912 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin X4 məxsus (abunə: **********7097A) xx.xx.2004-cü il tarixli abunə haqqında çıxarışından görünür ki, abonentin 238.22 manat borcu mövcuddur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanına verilmiş abunə koduna "xxxx" ASC-nin fəaliyyəti dövründə 238.22 manat məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, həmin borc dondurulmuşdur. Bu borcun ödənilməsi isə yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya borcun olmamasına dair arayış verilərkən tələb olunur. Hazırda iddiaçı abunə kodunun öz adına keçirilməsinə məhz bu səbəbdən imtina verilməsini hüquqlarının pozulması hesab edərək, əsassız yazılmış borcun silinməsini; cavabdeh tərəf isə borcun dondurulmasına baxmayaraq, ödənilməli olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, sərfiyyat borcu olduğu iddia edilən 238.22 manat məbləğində borcun dondurulmasına baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi və ya borcun olmaması barədə arayışın verilməsi zamanı tələb edilməsi əsassızdır. Dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC ASC tərəfindən yazılmış 238.22 (iki yüz otuz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində borc (dondurulmuş) **********7097A nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən yazılmış 238.22 (iki yüz otuz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində borc (dondurulmuş) **********7097A nömrəli abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar