Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1667/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********48177 olan İPHONE 14 PRO MAX markalı telefon, APPLE adapter almış və nəticədə 5692,58 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4594,91 (dörd min beş yüz doxsan dörd manat, doxsan bir qəpik) manat (yəni 12 ay x 364,91 manat + 215,99 manat ilkin ödəniş) olan İmei kodu **********48177 olan İPHONE 14 PRO MAX, APPLE adapter üçün ümumilikdə 5692,58 (beş min altı yüz doxsan iki manat, 58 qəpik) manat olmaqla, ondan 4378,91 (dörd min üç yüz yetmiş səkkiz manat, 91 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1313,67 (bir min üç yüz on üç manat, altmış yedi qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 216 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********48177 İPHONE 14 PRO MAX, APPLE adapter üçün 4378,91 (dörd min üç yüz yetmiş səkkiz manat, doxsan bir qəpik) manat ödənilməmiş hissə, 1313,67 (bir min üç yüz on üç manat, altmış yeddi qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5692,58 manat borcun və 76,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında bildirmişdir ki, cavabdeh və onunla əlbir olan bir neçə şəxs rəsmi iş yerinin olması görüntüsünü yaratmaq və nisyə əşya almaq məqsədilə hüquqi şəxslər təsis etmiş, real olmayan iş yerləri yaratmış, özlərini həmin hüquqi şəxsdə işçi kimi qeyd edərək yüksək əmək haqları göstərmişlər. Bu yolla cavabdeh və bir neçə şəxs özlərini yüksək əmək haqqı alan şəxs kimi təqdim edərək aldatma yolu ilə "xxxx" MMC-dən nisyə alqı-satqı ilə əşyalar almış və əşyaların dəyərini ödəməmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18043611 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kod **********48177 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 364,91 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4378,91 manat əsas borc, 1313,67 manat cərimə borcu olmaqla, ümumilikdə 5692,58 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 18043611 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC İmei kod **********48177 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER Cavabdeh satmış, Cavabdeh isə müqavilədə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş 4378,91 manat əsas borc, 1313,67 manat cərimə borcu olmaqla, ümumilikdə 5692,58 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, fasiləsiz video-audio yazının aparıldığı məhkəmə iclasında Cavabdeh oğlu əsas borc məbləği hissəsində iddia tələbini qəbul etmişdir. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulu ödənilməsini tələb etməkdə haqlı olsa da, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, hesablanmış dəbbə pulu azaldılmaqla xx.xx.2023-cü il tarixli müqavilə üzrə 200 manat cərimə borcu tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4378,91 manat əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 4578,91 manat məbləğində borc və 65,79 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 11,14 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4378,91 manat əsas borc, 200 manat cərimə borcu və 65,79 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4644,7 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 11,14 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(006)-1667/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1667/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver