Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1685/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının pozulması və əsassız yazılmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının pozulması və əsassız yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 271 saylı orta məktəbin yardımçı binasında yerləşən (abonetin kodu **********V0012) həmin ünvanına cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisinə görə əsassız olaraq hesablanmış 5027,82 manat borcun silinməsinə və smart karta edilən ödənişlərdən həmin borca görə tutulan pulların hesablanaarq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 7821,68 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ondan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Qubadlı Rayon Məhkəməsindən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən (kirayə haqqı, icarə haqqı,kapital üçün fazilər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda cavabdehdən 2016-cı ilin iyul ayından başlayaraq istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borcu tutulmalıdır.) iddiaçının iddia tələbini qismən təmin etmiş və yekun olaraq iddianın qismən təmin edilməsi və ondan istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2793,86 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə iddia rədd edilməsi barədə 2(028)-488/221 saylı xx.xx.2021-ci il tarixli qətnamə qət etmişdir. "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti versə də Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirmədən saxlamışdır. Qətnamə əsasında müəyyən olunmuş 2793,86 manat borcu o tam olaraq ödəmişdir. Lakin hazırda "xxxx" ASC məhkəmənin əsassız hesab etdiyi 7821,68 manat borcun digər hissəsini, yəni 5027,82 manatı ondan tələb edir və smart ödənişlərindən çıxır. Məhkəmə tərəfindən "xxxx" ASC-nin tələb etdiyi məbləğin (7821,68manat) məhkəmə tərəfindən əsaslı hesab edilən (2793,86 manat) hissəsindən başqa digər qalan əsassız hesab edilən (5027,82 manat) hissəsinin aqibətinin (silinib-silinməməsi) bilinməsi üçün 2(028)-488/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin izahının verilməsini xahiş etmişdir. Lakin 2(028)-488/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadla ərizəsi rədd edilmişdir. Səbəb kimi həmin 2(028)-488/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin artıq icra edildiyi bildirilmişdir. Lakin smart karta ödədiyi pulların əsassız hesab edilən borcdan çıxılması onun istehlakçı hüquqlarını pozur. Hazırda "xxxx" ASC ondan 2(028)-488/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamədə əsassız hesab edilən 5027,82 manat borcu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-488/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2793,86 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(015)-1335/2022 saylı qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(028)-488/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-488/2021 saylı qərardadı ilə İddiaçı Qubadlı rayon Məhkəməsinin 2(028)-488/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, məhkəmə aktı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsi rəhbər tutulmaqla, İddiaçı adına xx.xx.2021-ci il tarixli arayışla hesablanmış 7821,68 manat borcun 2793,86 manat hissəsi əsaslı hesab edilmişdir. Sonradan əsassız hesab edilən 5027,82 manat borcun silinib-silinməməsini aydınlaşdırmaqdan ötrü həmin məhkəmə aktına izah verilməsi ilə bağlı iddiaçının ərizəsi rədd edilmişdir. Belə ki, məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2021- 008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 2793,86 manat pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin edilmişdir. Nəticədə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələri rəhbər tutularaq Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 271 saylı orta məktəbin yardımçı binasında yerləşən (abonentin kodu: **********V0012) ünvanında "xxxx" ASC tərəfindən elektrik enerjisinə görə əsassız olaraq hesablanmış 5027,82 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbinin “smart karta edilən ödənişlərdən həmin borca tutulan pullar cavabdeh tərəfindən İddiaçı geri ödənilsin” hissəsinə dair qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən həmin hissədə tələblə bağlı əsaslı sübütlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 271 saylı orta məktəbin yardımçı binasında yerləşən (abonentin kodu: **********V0012) ünvanında "xxxx" ASC tərəfindən elektrik enerjisinə görə əsassız olaraq hesablanmış 5027,82 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1685/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1685/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver