Məhkəmə qərarları › İş №e-2(006)-1707/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1707/2022

24.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1707/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzilin və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara – daş hasara bitişik şəkildə və həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikilinin qanunsuz hesab edilməklə sökülməsi, həmçinin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küç., ev 2, 174 saylı mənzilin dam örtüyünün cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küç., ev 2, 174 saylı mənzil İddiaçı mərhum həyat yoldaşı X2 adına qeydiyyatda olmaqla birgə nikah dövründə əldə olunmuşdur. Mənzilin mülkiyyətçisi T.Hüseynov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan mənzil birgə nikah dövründə əldə olunduğundan, həmçinin İddiaçı mərhum mülkiyyətçinin arvadı olmaqla onun vərəsəsi, eləcə də hüquqi varisi olduğundan qanunvericiliyin tələbləri baxımından belə bir iddia qaldırmağa subyektiv hüququ vardır. Cavabdeh iddiaçının qonşusu olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, mənzil 173 ünvanında yerləşən evin sahibidir və həmin ünvanda sərhəddə inşa olunan ortaq divara – daş hasara bitişik şəkildə tikin işləri ilə məşğuldur. Cavabdeh tərəfindən aparılan tikinti işləri heç bir tikinti və təhlükəsizlik normalarına uyğun deyildir (yəni ara məsafəsi saxlanılmadan, hasara bitişik). Eyni zamanda cavabdeh apardığı tikinti işləri nəticəsində iddiaçının mülkiyyətində olan evin dam örtüyünü sökmüş, kommunal xətləri zədələmişdir. Nəticədə həm iddiaçının əmlakı qəsdən məhv edilmiş, həm də həyat və sağlamlıq üçün açıq-aşkar təhlükə yaranmışdır. Eyni zamanda bildirilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər məhz iddiaçı ilə cavabdehin mülkiyyətlərində olan əmlakların sərhəddində inşa olunan ortaq divara – daş hasara bitişik şəkildə, divar boyu inşa edilmişdir. Bunun üçün isə cavabdeh tərəfindən iddiaçıdan hər hansı bir razılıq alınmamışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də sübut olunur ki, cavabdeh tərəfindən heç bir tikinti və təhlükəsizlik normalarına riayət olunmadan, eləcə də iddiaçının razılığı alınmadan sərhəddə inşa olunan ortaq divara – daş hasara bitişik şəkildə, divar boyu qanunsuz tikililər inşa edilmiş, həmçinin iddiaçının mülkiyyətindəki evin dam örtüyünün bir hissəsi artıq sökülmüşdür. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X5 tikilinin qanunsuz olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Çünki, iddiaçının iddia etdiyi guya onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, mənzil 174 ünvanında yerləşən mənzilin heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin ev qanunsuz tikilidir. Bundan başqa, tərəfindən aparılmış tikinti işlərinin iddiaçının yaşadığını qeyd etdiyi həmin qanunsuz tikili (mənzil) ilə heç bir əlaqəsi yoxdur. Çünki, tərəfindən aparılmış tikinti işləri öz mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində qanunvericiliyin normaları həddində aparılmışdır. İddiaçının göstərdiyi bütün xüsusatlar tamamilə yalan, əsassız və qondarma təxəyyülünün məhsuludur. Buna görə də hesab edir ki, İddiaçı ona qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası həm subyektiv hüququnun olmamasına görə, həm də əsassız olduğuna görə rədd edilməlidir. İş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasın cavabdehin və üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materillarında olan 20 noyabr 1966-cı il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Rüstəmova Telli (Zülfiyyə) Seyfəli qızı xx.xx.1966-cı il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Mülki işin materillarında olan 25 aprel 2000-ci il tarixli adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X3 adı dəyişilərək İddiaçı olmuşdur. Mülki işin materillarında olan MH seriyalı, 116469 №-li Qeydiyyat vəsiqəsindən görünür ki, İnqilab küçəsindəki 2 №-li yaşayış evinin 174 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.1998-ci il tarixdə 137 № ilə reyestr kitabında qeydiyyat aparılmışdır. Mülki işin materillarında olan 06 iyul 2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki işin materillarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 31 yanvar 2022-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 173 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mülki işin materillarında olan 22 avqust 2022-ci il tarixli, 10/2412 №-li Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzilin və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhədində cavabdeh tərəfindən inşa olunmuş tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir; 69.6-cı maddəsinə əsasən, divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil; 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir; 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər; 72.1-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır; 72.2-ci maddəsinə əsasən, divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 172 saylı mənzil hazırkı iş üzrə İddiaçı mərhum həyat yoldaşı X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Həmin mənzillə qonşuluqda olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 173 saylı mənzil isə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Hazırda İddiaçı sərhəddə inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikilinin qanunsuz hesab edilməklə sökülməsini və ona məxsus dam örtüyünün cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa edilməsini məhkəmədən tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz təqdim edərək, iddiaçının hazırkı mübahisə ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasını və onun tərəfindən aparılan tikintinin qanuni əsaslarla həyata keçirildiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 2 saylı evin, 173 saylı ünvanda cavabdeh tərəfindən aparılmış tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxildir. Məhkəmə hesab edir ki, mülki iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzil və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə və həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikili qanunsuz hesab edilməklə sökülsün. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyü cavabdehin hesabına əvvəlki vəziyyətinə bəpa edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar