Məhkəmə qərarları › İş №e-2(006)-1708/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1708/2025

26.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1708/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz (özbaşına) tikintisinin sökülməsi; Cavabdeh hesabına zəbt edilmiş dəhlizin əvvəlki vəziyyətinə qaytarılması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlışdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 179280 №-li Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvandakı mənzil İddiaçı Şamil qızının mülkiyyətindədir. İddiaçı Şamil qızı bildirir ki, binaya giriş etdikdən sonra dəhlizə, dəhlizdən sonra mənzillərə daxil olmaq olur. 2023-cü ilin noyabr ayında Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 91-də mənzil 36 və mənzil 37-ni almışdır. Cavabdeh mənzilləri aldıqdan dərhal sonra təmir işlərinə başlamışdır. Təmir işləri isə özündə dəhlizin zəbt olunması, təmiri aparan ustalar vasitəsi ilə psixoloji təzyiq, dəhlizin girişinin qanunsuz olaraq dəyişdirilməsi, iddiaçının mənzilinin qarşısının zirzəmiyə çevrilməsi ilə davam etmişdir. İddiaçı öz qanuni evində uzun müddət yaşaya bilməmiş və aylarla kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Foto şəkilləri müqayisəli təhlil etdikdə də görünür ki, əvvəl dəhliz mövcud olmuş, daha sonra isə zəbt olunmuşdur. Hazırda mənzillərin qarşısında yerləşən təxmini olaraq 35 kvadratmetrlik dəhliz hissəsi qanunsuz olaraq zəbt edilmişdir. Hal-hazırda İddiaçı Şamil qızının mülkiyyət hüquqları pozulmuşdur və yeni qapının onun qapısına bitişik qoyulması mənzilə giriş-çıxışını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 7 noyabr 2024-cü il tarixli 3-35-1/2-Ş-21xx-xx-2204/2024 №-li cavab məktubuna əasən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən yerində baxış zamanı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan dəhlizin bir hissəsinin Cavabdeh tərəfindən bir müddət öncə zəbt edilərək öz mənzilinə əlavə edildiyi müşahidə edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin 19 noyabr 2024-cü il tarixli məktubuna əsasən Nəsimi rayonu Nizami küçəsi ev 81 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan dəhlizinin bir hissəsinin Cavabdeh tərəfindən bir müddət öncə zəbt edilərək öz mənzilinə əlavə edildiyi öz əksini tapmışdır. Cavabdeh hərəkətləri İddiaçı Şamil qızının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, binaların yanğın təhlükəsizliyi təmin edilməli və yanğın çıxışlarının maneəsiz olması təmin edilməlidir. Bu qaydaların pozulması insan həyatına və əmlaka ciddi təhlükə yaradır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, dəhlizlərin və yanğın çıxışlarının hər zaman açıq və maneəsiz olması vacibdir. Bu tələblər pozulduqda, yanğın zamanı insanların təxliyəsi üçün ciddi təhlükə yaranır. Qanunsuz zəbt nəticəsində yaranan maneələr yanğın təhlükəsizliyini ciddi şəkildə pozur və bu səbəbdən dəhlizin əvvəlki vəziyyətinə qaytarılması zəruridir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəməyə izahatında bildirmişdir ki, 2023-cü ildə hələ evə baxmağa gedəndə İddiaçı özü tikinti ilə bağlı razılığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə izahatında bildirmişdir ki, Cavabdeh və İddiaçı bir binada qonşudurlar və evlərinin qapıları açıldıqda bir-birinə dəyir. Bir müddət əvvəl hüquqlarını müdafiə etdiyi şəxs mənzilinin qapısını sökdürmüş və maneə aradan qalxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ÖM seriyalı 179280 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 81 saylı evin 35 saylı, yaşayış sahəsi 35,0 m2 olan mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 75 inv saylı reyestr kitabında 11220 saylı səhifəsində müvafiq qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda (yeni qaydalarla: AZ1000, ünvan 3 yerləşən, ümumi sahəsi 59,80 m2 olan mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İddiaçının müraciətləri ilə əlaqədar olaraq müxtəlif instansiyaların müraciət sahibinə ünvanladıqları məktublardan (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-Ş-21xx-xx-2204/2024 saylı; Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2024-cü il tarixli 5-15/2-9Ş-25/2-075/2/2024 saylı) görünür ki, Nəsimi rayonu Nizami küçəsi ev 81 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan dəhlizinin bir hissəsinin Cavabdeh tərəfindən öz mənzilinə əlavə edərək zəbt olunması müşahidə edilmişdir. Lakin, dəhlizin bir hissəsinin zəbt olunması bir müddət öncə baş verdiyi üçün İcra Hakimiyyəti iddiaçıya qaldırılan məsələnin hüquqi müstəvidə həll edilməsini tövisyə etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81, 35 saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, 36-37 saylı mənzillərə dair bütün texniki sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətləri (16 vərəq) təqdim edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81, 35 saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, 36-37 saylı mənzillərə dair sənədlərin təsdiqlənmiş surətlərinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaklara dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri (23 vərəq) təqdim edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81, 35 saylı mənzilə və Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81/13, 36-37 saylı mənzilə dair texniki pasportların təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81, 35 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81/13, 36-37 saylı mənzilə dair texniki pasportların təsdiq edilmiş surətləri (15 vərəq) təqdim edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli 10/3823 saylı ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 81/13 ünvanda yerləşən 36-37 saylı mənzilin qapısı mənzilin daxilinə tərəf açıldığına görə qapılar açılıb – bağlanan zaman bir-birinə toxunmur. ünvan 4 ünvanda aparılan təmir işləri ilə bağlı ünvan 1 ünvanında mənzilə girişçıxışı məhdudlaşdırılıb məhdudlaşdırılmadığının müəyyən edilməsi məsələsi hüquqi xarakterli olduğundan, eləcə də, xüsusi bilik tələb etmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. ünvan 4 ünvanda quraşdırılmış qapı və inşa edilmiş divar, mülki iş materiallarında olan ünvan 4 ünvanına dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasportda öz əksini tapmadığından, həmin qapının quraşdırılmasına və divarın inşa olunmasına dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, həmin qapının və divarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - 15.01.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki mülki iş üzrə iddiaçı özbaşına tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna (maraqlı tərəf olmaqla subyektiv hüquqa) malik olan şəxsdir. Belə ki, təqdim edilmiş sübutlardan, eləcə də, ekspert rəyindən göründüyü kimi, mübahisə predmeti olan dəhliz sakinlərin ümumi istifadəsində olmaqla, iddiaçı həmin dəhlizdən istifadə edir. Lakin cavabdeh tərəfindən aparılmış özbaşına tikinti-təmir işləri nəticəsində dəhlizin bir hissəsi ümumi istifadədən kənarlaşdırılaraq, cavabdehin mənzilinə qatılmışdır. Bu isə, binanın ilkin konstruktiv-memari həllini pozmaqla yanaşı, iddiaçının öz mənzilindən istifadə hüquqlarını məhdudlaşdırır. Toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 5 ünvanda inşa edilən özbaşına tikili sökülməli; Cavabdeh hesabına ünvan 5 ünvandakı dəhliz əvvəlki vəziyyətinə qaytarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 5 ünvanda inşa edilən özbaşına tikili sökülsün. Cavabdeh hesabına ünvan 5 ünvandakı dəhliz əvvəlki vəziyyətinə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar