Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1720/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Honor” markalı mobil telefona və qulaqlığa, “Baseus” markalı oyun pultuna, “Essen” markalı blenderə, “Canyon” markalı qulaqlığa və “İron Fakir” markalı saç feninə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 96 manat olmaqla, cəmi 1720,3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ümumiyyətlə heç bir ödəniş etməmiş və qalıq qalmış 1720,3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2580 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2580 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 258 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-yə olan borcu 1720,3 manat əsas, 258 manat cərimə, cəmi 1978,3 manat təşkil etmişdir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 1720,3 manat əsas, 258 manat cərimə borcu olmaqla, cəmi 1978,3 manat borcun və 39,78 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 №-li Əlavədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC “Honor 50”, “X1 Handle for Game”, “XM Blender Essen”, “X2 Choice Earbuds X”, “X4 GH-3A Gaming”, “XM X3 PİXİE X6” markalı məhsulları Cavabdeh satmış, Cavabdeh isə alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcun qalığı 1720,3 manat, cərimənin məbləği 2580 manat olmaqla, cəmi 4300,30 manat borcu vardır. İş materiallarında olan xəbərdalıqdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 39,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən iddiaçı “Honor 50”, “X1 Handle for Game”, “XM Blender Essen”, “X2 Choice Earbuds X”, “X4 GH-3A Gaming”, “XM X3 PİXİE X6” markalı məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə müqavilə üzrə iddiaçıya 1720,3 manat əsas borc, 258 manat cərimə borcu yaranmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirərək, məhsulları cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin məhsulların əvəzini iddiaçıya tam şəkildə ödəməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməli və o, risk dairəsinə daxil olan hər bir təqsirli hərəkət üçün məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqaviləyə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 258 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 1720.3 (bir min yeddi yüz iyirmi manat otuz qəpik) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1820.3 (bir min səkkiz yüz iyirmi manat otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 39.78 (otuz manat yetmiş səkkiz) manat dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 2.78 (iki manat yetmiş səkkiz qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1720.3 (bir min yeddi yüz iyirmi manat otuz qəpik) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1820.3 (bir min səkkiz yüz iyirmi manat otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 39.78 (otuz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 2.78 (iki manat yetmiş səkkiz qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1720/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1720/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver