Məhkəmə qərarları › İş №e-2(006)-174/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-174/2023

03.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-174/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs olmaqla Cavabdeh qarşı «kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs olmaqla Cavabdeh qarşı «kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 38000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumisahəsi 19.00 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1.1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 fevral 2021-ci il tarixli, 04 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə layihələndirilən yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binaların tikintisi üçün Tİ-18/22 saylı, xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazə sənədi təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 20/67 saylı, xx.xx.2020-ci il tarixli cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 1636 nömrəli 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. "xxxx" MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. MMC-nin sözügedən torpaq sahəsi ilə tanışlığı zamanı həmin ərazidə 19.00 sahədən ibarət özbaşına tikili aşkar edilmiş, həmin tikilidə yaşayan cavabdehlə danışıq aparılsa da, onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd MMC-yə təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən cavabdehə humanizm mövqeyi göstərilmiş, özbaşına tikililərin əvəzinə yeni tikiləcək binada ona mülkiyyət hüququ verən təmirli mənzillərin təqdim edilməsi və kirayə haqqının ödənilməsi, eyni zamanda özbaşına tikilinin əvəzinə ədalətli kompensasiya məbləği təklif edilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif rədd edilmiş, MMC-dən ağılasığmaz məbləğlər tələb edilmişdir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2018-ci il tarixli İlkin müqavilədən görünür ki, Cavabdeh ünvan 2 ünvanında inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 32,5 kv.metr, 2 yaşayış otağı olan əmlakı 10000 manata X2 almışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı Sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTKnın icarə əsasında istifadəsinə verilmiş 2.203 ha torpaq sahəsinin 1.1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixli 1636 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/67 saylı cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yerləşən 11845 kv.metr torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən, faktiki olaraq sökülmüş əmlakın (evin) ümumi sahəsinin 39,3 kv.metr olduğu müəyyən edilmişdir. Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən, faktiki olaraq sökülmüş əmlakın hazırki vaxtda mövcud olan orta bazar qiyməti təqribən 43300,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə tərəfindən sübutun yerində müayinəsi zamanı mübahisəli yaşayış sahəsinin söküldüyü, tərəflərin də bildirdiklərinə görə söküntü aparılmış ərazidə evin-dəmir darvazadan qaz xəttinə qədər olan hissədə, həmçinin sökülmüş vəziyyətdə yalnız arxa divarının olması, qaz xəttindən MTK-ya məxsus tikilinin divarınadək həyətyanı sahənin olması, eyni zamanda ətrafda MTK tərəfindən bina tikintisinin olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında ekspert X4 ifadəsində bildirdi ki, Şirkətin nümayəndələri ekspertiza aparılan zaman iştirak edirdilər. Sökülmüş mənzilin sahəsini fundament izləri ilə müəyyən etmişdir. Həyətyanı sahə və tikilər ilə birlikdə (ümumi sahə) 39.3 kv.metrdir. Oraya gedəndə tikinti işləri həmin ərazidən kənarda aparılırdı. Sökülmüş mənzil ilə bağlı ona sənəd təqdim edilməmişdir. Şirkətin nümayəndəsi Nümayəndə ekspertiza keçirilən zaman orada iştirak edirdi. Baxış aktı tərtib edilmiş və şirkətin nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Sökülmüş mənzilin sahəsi 22.11 kv.m, qalan hissə isə həyətyanı sahədir. Sökülmüş mənzilin yerini vizual olaraq Cavabdeh göstərirdi. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı Sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilmiş 2.203 ha torpaq sahəsinin 1.1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanındakı fərdi yaşayış evinin istifadəçisi cavabdeh kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan təmirli mənzili, eyni zamanda kompensasiyanı qəbul etməkdən imtina etmişdir. Hazırda iddiaçı, cavabdehə məxsus tikilinin 19 kv.metr olduğunu bildirərək 38000 manat kompensasiya ödənilməklə tikilinin sökülməsini tələb edir. İddia tələbinə əsasən cavabdehin istifadəsində olan fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yaxınlığındakı evlərin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehin şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi hüquqdan sui-istifadə olmaqla yanaşı müvafiq sərəncamın həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında fərdi yaşayış evi statusuna görə özbaşına tikilidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamı təşkil edir və Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncama uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin tikilinin sökülməsi hissəsinə münasibətdə qeyd edir ki, həm iş materiallarında olan fotoşəkillərlə, tərəflərin izahatları ilə, ekspert rəyi ilə, eyni zamanda sübutun yerində müayinəsi zamanı mübahisə predmeti olan tikilinin söküldüyü müəyyən olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, göstərilən hissədə mübahisə olmadığından və məhkəmədən kənar həll olunduğundan həmin hissədə iddia tələbi təmin oluna bilməz. Kompensasiya ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqularının və X3 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri- mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İddiaçının kompensasiya verilməklə sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, cavabdehin həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqlara da iddiaçı tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sökülmüş tikili özbaşına tikili olsa da, cavabdehin həmin tikiliyə görə iddiaçıdan kompensasiya almaq hüququ vardır. İddiaçı cavabdehə məxsus tikilinin 19 kv.metr olmasını və ona uyğun olaraq 38000 manat kompensasiya ödənilməsini təklif edir, cavabdeh isə hər kvadrat metri 2500 manat məbləğdən hesablanaraq ümumilikdə 39 kv.metr üçün kompensasiya verilməsini bildirir. Kompensasiya məbləğinə və evin sahəsinə dair fikir ayrılığının obyektiv, tam və hərtərəfli həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan tikilinin ümumi sahəsinin 39,3 kv.metr olduğu və orta bazar qiyməti isə təqribən 43300,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş bazar qiyməti olan 43300,0 manat məbləğində iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməlidir. Belə ki, ödənilməli olan kompensasiya məbləğinin ədalətli olmalı olmasını, eyni zamanda tikilinin cavabdehin razılığı olmadan söküldüyünü nəzərə alan məhkəmə, iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiya məbləğini ekspert rəyi ilə müəyyən edilmiş bazar qiyməti həddində tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən cavabdehə məxsus ümumisahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiya İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən Cavabdeh məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43300 manat məbləğində kompensasiya İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar