Məhkəmə qərarları › İş №e-2(006)-1748/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1748/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1748/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70 (yetmiş) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.09.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı **-VR-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Heydər Əliyev prospekti ilə K.Rəhimov küçəsinin kəsişməsində hərəkət edən zamanı işıqforun qadağanedici nişanı tələbini pozmuş, nəticədə, “Kia Sportage” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və yolun sağındakı işıqfora dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı 21.09.2021-ci il tarixli qərara əsasən “Chevrolet Cruze” markalı **-VR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilə 4537 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS211443 saylı 27.10.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3954,16 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla yanaşı olaraq, yol-nəqliyyat hadisəsi nəticəsində Bakı Nəqliyyat Agentliyinin balansında olan işıqfora 1200 manat zərər dəyməsi müəyyən olunmuşdur. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS211444 saylı 13.12.2021-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinin hesabına 1045,84 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan sığorta hadisəsi ilə əlaqədar olaraq ümumilikdə, 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli 009151 №-li Ödəniş tapşırığına əsasən, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS211443 saylı 27.10.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3954,16 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli Ödəniş tapşırığına görə isə, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS211444 saylı 13.12.2021-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinin hesabına 1045,84 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair Məlumatdan görünür ki, **-VR-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobil sığorta olunmuşdur. Bu barədə 17.02.2021-ci il tarixdə müqavilə imzalanmışdır. İş materiallarında olan 28.09.2021-ci il tarixli KİA X3 əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilə 4537 manat maddi zərər dəymişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-yə ünvanlanan ərizədən görünür ki, sığorta olunan Cavabdeh, sığorta obyekti Chevrolet Cruze **-VR-*** dövlət nömrə nişanlı avtomobil, sığorta şəhadətnaməsinin nömrəsi və tarixi PME ********** nömrəli, 17.02.2021-ci il tarixli, hadisənin tarixi 21.09.2021, saat 23:40 kimi göstərilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən iddiaçı "xxxx" ASC-yə ünvanlanan 25 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də sığortalanmış **-VR-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin iştirakı ilə 21 sentyabr 2021-ci il tarixində H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı Nəqliyyat Agentliyinin baıansında olan svetafora zərər dəymişdir. Bunu nəticəsi olaraq svetafora 2349 manat dəyərində zərər dəymişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən BNA Publik hüquqi şəxsinə ünvanlanan məktubdan görünür ki, mütəxəssislər tərəfindən zərərçəkmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində 1200 manat zərər məbləği müəyyən edilmişdir. Həmçinin, zərərçəkmiş əmlakla yanaşı digər əmlaka zərər dəydiyinə görə və ümumi zərər məbləği 5000 manatı keçdiyinə görə “İcbari sığortalar haqqında” AR qanununun 20.4-cü maddəsinə əsasən cəmiyyətə dəymiş zərərə görə 1045,84 manat sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan 29.09.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən də “İcbari sığortalar haqqında” AR qanununun 25.1.3-cü maddəsinə əsasən uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişi cavabdehdən geri alınacaqdır. İş materiallarında olan 05.10.2021-ci il tarixli Arayışdan görünür ki, 09.21.2021-ci il tarixdə saat 23:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi **-VR-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı 21.09.2021-ci il tarixli qərara əsasən, “Chevrolet Cruze” markalı **-VR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Həmin Qanunun 25.1, 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 21.09.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı **-VR-*** dövlət nömrə nişanlı avtomobil 17.02.2021-ci il tarixində "xxxx" ASC tərəfindən standart müqavilə növündə sığortalanmışdır. 21.09.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı **-VR-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Heydər Əliyev prospekti ilə K.Rəhimov küçəsinin kəsişməsində hərəkət edən zamanı işıqforun qadağanedici nişanı tələbini pozmuş , nəticədə, “Kia Sportage” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və yolun sağındakı işıqfora dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtonəqliyyat vasitəsini rəsmi etibarnamə olmadan idarə etmişdir. "Meqa Sığorta” ASC tərəfindən tərtib olunmuş 28.09.2021-ci il tarixli KİA X3 əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilə 4537 manat maddi zərər dəyməsi müəyyən olunmuşdur. 28 oktyabr və 14 dekabr 2021-ci il tarixli Ödəniş tapşırıqlarına əsasən, "Meqa Sığorta” ASC tərəfindən avtomobilə dəymiş ziyana görə 3954,16 manat məbləğində sığorta ödənişi, işıqfora dəymiş ziyana görə isə 1045,84 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Odur ki dəymiş zərər, Əzimova Gülnaz İsmayıl qızından tutulmalıdır. Bundan əlavə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 70 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun 0,40 manat xidmət haqqının əvəzi olaraq 70,40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70 (yetmiş) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70 (yetmiş) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 5070 (beş min yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar