Məhkəmə qərarları › İş №e-2(006)-1781/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1781/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1781/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli İF/06153 saylı X1 müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 12779.35 AZN (on iki min yeddi yüz yetmiş doqquz manat 35 qəpik) borcun, 792 AZN (yeddi yüz doxsan iki manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödənilmiş 88.16 AZN (səksən səkkiz manat 16 qəpik) məbləğin ödənilməsi və lizinq obyekti olan “Chevrolet Cruze” minik markalı 77AL158 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli İF/06153 saylı 36 ay müddətli X1 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Chevrolet Cruze” minik markalı 77AL158 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X1 müqaviləsi ilə yanaşı 31 may 2024-cü il tarixində Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Artıq beş aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 2820 AZN (iki min səkkiz yüz iyirmi manat) ödəniş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixinə olan əsas borcu 10065.14 AZN (on min altmış beş manat 14 qəpik), faiz borcu 2603.96 AZN (iki min altı yüz üç manat 96 qəpik), cərimə borcu 110.25 AZN (bir yüz on manat 25 qəpik), cəmi 12779.35 AZN (on iki min yeddi yüz yetmiş doqquz manat 35 qəpik) təşkil edir. Avtomobil cavbdehlərin istifadəsində olarkən 792 AZN (yeddi yüz doxsan iki manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. İF/06145 saylı xx.xx.2023-cü il tarixli X1 müqaviləsinə əsasən lizinq alanın lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtləri pozulacağı təqdirdə təşkilata qaytarmaq öhdəliyi vardır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 bildirdi ki, digər Cavabdeh2 turistləri daşıyaraq gəlir əldə etmək üçün tələbdə göstərilən avtomobili iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında almışdır. Özü isə kreditlə maşın alıb taksi sürücüsü kimi fəaliyyət göstərmək istədiyindən, Cavabdeh2 xarici ölkəyə gedən zaman həmin avtomobili etibarnamə əsasında ondan almış, bu zaman iddiaçı ilə onun arasında isə zaminlik müqaviləsi bağlanmışdır. Avtomobili 2024-cü ilin fevral ayında alıb taksi kimi istifadə edərək, avqust ayına kimi hər ay qazandığı 700-800 manat puldan 505 manat iddiaçıya ödəsə də (təsdiqedici sənədlər olan etibarnamələr və qəbzləri məhkəməyə təqdim etmişdir), gəlir az olduğuna və bu iş ona sərf etmədiyinə görə xx.xx.2024-cü ildə avtomobili iddiaçıya geri qaytarmışdır.

5. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İF/06153 nömrəli X1i müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyekti “Chevrolet Cruze” minik markalı avtomobildir. “Tərəflərin rekvizitləri” adlı 13-cü bənddə Cavabdeh2 VÖEN-i (**********) göstərilmişdir.

7. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, müqaviləyə görə zamin 1.2-ci bənddə göstərilən müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh2 ilə bağlanmış İF/06153 nömrəli, xx.xx.2023-cü il tarixli “X1i müqaviləsi”ndən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir.

8. İş materiallarına Cavabdeh1 tərəfindən təqdim edilmiş müqavilə üzrə ödənişlərin qəbzləri və Cavabdeh1 adına verilmiş etibarnamələr də əlavə edilmişdir.

9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 (VÖEN: **********; VÖEN statusu: aktiv; əsas fəaliyyət növü: taksi fəaliyyəti) xx.xx.2017-ci ildə; digər Cavabdeh1 (VÖEN: **********; VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) isə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyiciləri kimi qeydiyyata alınmışlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı «BOKT İDK” MMC və cavabdehlər Cavabdeh2 (VÖEN: **********) ilə Cavabdeh1 (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, iddiaçı «BOKT İDK” MMC kommersiya hüquqi şəxsi, cavabdehlər isə fərdi sahibkar statusuna malik olan fiziki şəxslərdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.

11. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, Cavabdeh1 izahatına və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, Cavabdeh2 turistləri daşıyaraq gəlir əldə etmək üçün tələbdə göstərilən avtomobili iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında almış, Cavabdeh1 isə kreditlə maşın alıb taksi sürücüsü kimi fəaliyyət göstərmək istədiyindən, Cavabdeh2 həmin avtomobili etibarnamə əsasında götürmüş, bu zaman iddiaçı ilə onun arasında daha əvvəl Cavabdeh2lə bağlanmış müqavilənin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 VÖEN-i olduğunu, avtomobili 2024-cü ilin fevral ayında etibarnamə əsasında alıb taksi kimi istifadə edərək, avqust ayına kimi hər ay qazandığı 700-800 manat puldan 505 manat iddiaçıya ödədiyini, lakin gəlir az olduğuna və bu iş ona sərf etmədiyinə görə xx.xx.2024-cü ildə avtomobili iddiaçıya geri qaytardığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı kommersiya hüquqi şəxsi olmaqla, onun sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, cavabdehlərin fərdi sahibkar olmaları və iddiaçı ilə mübahisə predmeti olan avtomobil barəsində müqavilə münasibətlərinə daxil olan zaman hər birinin niyyətinin gəlir əldə etmək olması müəyyən edildiyindən, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

c) Tətbiq edilən hüquq və gəlinən nəticə:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

14. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

15. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı «BOKT İDK” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar