Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1790/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/015/20-E saylı, 13 yanvar 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 1,552.54 manat, dəbbə pulu 147.46 manat, cəmi 1700.00 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 37 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 13 yanvar 2020-ci il tarixdə 01/015/20-E saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 4,400.54 manat olan 1 (bir) ədəd 2019-cu il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 1,552.54 manat, dəbbə pulu 4878.92 manat olmaqla, cəmi 6431.46 manat təşkil edir. Dəbbə pulu məbləği kompüter proqramı ilə avtomatik hüesablandığından hazırki iddia tələbində ağlabatan məbləğə azaldılmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 646gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan "xxxx" MMC, Cavabdeh1 13 yanvar 2020-ci il tarixli 01/015/20-E-Z2 və 01/015/20-E-Z3 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, onlar həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçınə və cavabdehlər Cavabdeh1 və Cavabdeh3nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə İddiaçı nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 13 yanvar 2020-ci il tarixdə № NAS-01/015/20-E saylı nisyə alqı-satqı müqaviləsi, həmin müqaviləyə əmlakın təsviri barədə 1 nömrəli əlavə və ödəniş qrafiki barədə 2 nömrəli əlavədən və 24 yanvar 2020-ci il il tarixli təhvil təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri, 4,400.54 manat olan 1 (bir) dəst 2019-cu il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil vermiş və cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq ödəniş etməyi öhdəsinə götürmüşdür. 13 yanvar 2020-ci il tarixli, 01/015/20-E-Z2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmış və Cavabdeh3 qeyd olunan müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birlikdə MMC qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. 13 yanvar 2020-ci il tarixli, № 01/015/20-E-Z3 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 qeyd olunan müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birlikdə MMC qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, № 638 Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə 1 saylı tələb məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2023-ci il tarixli, № 11 zaminliklə təmin edilmiş öhdəlikliyin icra edilməsi barədə 2 saylı tələb məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 13 yanvar 2020-ci il tarixli, NAS-01/015/20-E saylı müqaviləyə əsasən 1152.54 manat əsas, 4878.92 manat dəbbə pulu olmaqla, ümumilikdə 6431.46 manat borcu vardır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1971-ci ildə Azərbaycan Respublikası, Yardımlı ray., ARUS kəndində anadan olmuş, Yardımlı ray., ARUS kəndində qeydiyyatdadır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1977-ci ildə Azərbaycan Respublikası Yardımlı ray., ARUS kəndində anadan olmuş, Yardımlı ray., ARUS kəndində qeydiyyatdadır. xx.xx.2023-ci il tarixli № ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə-alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 əşyaları qəbuı etmişdir. Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə 13 yanvar 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun əsas borcludan və zaminlərdən (birgə borclulardan) müştərək qaydada tutulması barədə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki iş materiallarından göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC zamin kimi Cavabdeh2 İddiaçı MMC qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc, habelə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 13 yanvar 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış 147.46 manat cərimənin məbləği endirilməli, 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixdə 01/015/20-E saylı nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 1552,54 manat, dəbbə pulu 10 manat, cəmi 1562,54 manat məbləğində borc, dövlət rüsumu qismində ödənilmiş 37 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli NAS-01/015/20-E saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1552,54 manat əşyanın ödənilməmiş dəyəri, 10 manat dəbbə pulu olmaqla, cəmi 1562,54 manat borc və ödənilmiş 37 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1790/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1790/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver