Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-181/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı (X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1.800 manat məbləğində zərər, ödənilmiş 36 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 1.886 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan **-ZY-*** dövlət qeydiyyat nişanlı «KİA Optima» markalı avtomobili ilə Babək prospektində hərəkətdə olarkən, digər 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş vermişdir. Qarşısındakı maşın sürətini anidən kəskin azaldaraq saxladığından o, avtomobilini qarşıdakı maşına uyğun saxlamışdır. Həmin an ondan arxada hərəkətdə olan **-MF-*** dövlət qeydiyyat nişanlı «Hyundai Avante» markalı maşın onun maşınına çırpılmışdır. Həmin an o, əyləci bərk sıxdığından maşın qarşıya doğru sıçramamışdır. Lakin zərbədən bir neçə saniyə sonra ayağını əyləcdən azacıq çəkmişdi ki, ikinci zərbə maşınına dəymiş və həmin an maşınını qarşıdakı «Opel» markalı maşına çırpmışdır. Hadisə 4 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Belə ki, «Opel» dayanmış, «KİA» (öz avtomobili) dayanmış, «Hyundai» «KİA»-ya çırpılmış, «Hyundai»dan da arxada **-ZY-*** dövlət qeydiyyat nişanlı «Toyota Camry» markalı maşın da «Hyundai»ya çırpılmış və «Hyundai» yenidən «KİA»ya çırpılmışdır. Son zərbədə «KİA» «Opel»ə çırpılmışdır. Maşını "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmışdır. xx.xx.2023-cü il (02:12) tarixdə "xxxx" ASC-dən maşına dəymiş zərərin hesablanması üçün «Şərq Motors» adlı avto servisə yaxınlaşmalı olduğu bildirilmişdir. Avtoservisdə maşına dəymiş zərəri düzgün qaydada hesablamadıqlarını görərək yerindəcə iradını bildirmişdir. Lakin ona bildirilmişdir ki, müdaxilə etməsin, şikayətlərini sığorta şirkətinə bildirsin. Elə də etmişdir, avtoservisdən ayrıldıqdan sonra "xxxx" ASC-nin *7000 çağrı mərkəzinə zəng edərək narazılığını bildirmişdir və digər servis təyin etmələrini xahiş etmişdir. Səbəb olaraq bu servisin maşına düzgün qaydada baxmadığını, sadəcə uzaqdan baxaraq zərər hesabladığını bildirmişdir. Çağrı mərkəzindən ona Şərq Motorsun rəyini gözləməsini və əgər hesablanan məbləğ qane etməsə yenidən müraciət etdiyi təqdirdə zərəri hesablamaq üçün yeni avto servis təyin ediləcəyi bildirilmişdir. Lakin, xx.xx.2023-cü il (10:00) tarixdə "xxxx" ASC dəymiş zərərin 840 manat olması barədə telefonuna SMS bildiriş göndərmişdir. Həmin an o, *7000 çağrı mərkəzi ilə əlaqə saxlayaraq əvvəl ona bildirdikləri məsələni xatırladaraq dəymiş zərərin yeni avtoservis tərəfindən hesablanmasını xahiş etmişdir. Lakin operator müraciətini qeydə alsa da, heç bir nəticə olmamışdır. Çünki özü bir neçə avtoservisə yaxınlaşaraq dəymiş zərəri hesabladıqda 1.300+ manat oldu. Bu dəfə "xxxx" ASC-nin Sahil Plazadakı ofisinə yaxınlaşaraq məsələnin aydınlaşdırılması və həlli üçün nə lazım olduğunu soruşduqda ona bildirilmişdir ki, hadisə zamanı zərərçəkən 2 avtomobil olduğundan «İcbari Sığorta» haqqında qanuna görə dəymiş zərər 5.000 manatı keçərsə zərərçəkənlər arasında bölünür. Lakin o, bildirmişdir ki, hadisədə zərərçəkmiş yalnız odur və ondan arxada olan maşın onun qarşısında zərərvuran sayılırsa ASC ona aid sığorta ödənişini başqasına təklif edə bilməz. Lakin, "xxxx" ASC-nin əməkdaşı aydın şəkildə bildirmişdir ki, ona təklif edilən 840 manat pulun ~ 12 % azaldılaraq (iki nəfərin arasında bölüşdürmək üçün) ~ 739 manat ödəniş oluna bilər. Çünki həm gələn Forma 4 sənədində iki zərərçəkən olduğu qeyd edilib. xx.xx.2023-cü tarixdə bu məsələ üçün müstəqil eksperti seçmək haqqından istifadə etməyi təklif etmişdir. *7000 çağrı mərkəzindən bildirilmişdir ki, +994-55-295-03-33 WhatsApp nömrələrinə yazmalıdır. Eyni tarixdə müraciət etmiş, lakin cavab verilməmişdir. Növbəti gün xatırlatma etmiş, yenə cavab yazan olmamışdır. 2 gün sonra həmin WhatsApp müraciətinə cavab olaraq müstəqil ekspert seçimini istəməsinin səbəbini soruşmuşlar. Lakin, ekspert seçimini qeydə almamışlar. Daha sonra "xxxx" ASC-nin əməkdaşı zəng edərək onun ofisə yaxınlaşıb ərizə ilə müraciət etməli olduğunu, həmçinin ödəniş etməli olduğunu bildirmişdir. Bunun sığorta fəaliyyəti haqqında qanuna zidd olduğunu bildirsə də, şəxs əminliklə ofisə yaxınlaşıb ödəniş edərək müstəqil ekspert seçə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il (15:13:07) tarixdə "xxxx" ASC-nin əməkdaşlarının ona qarşı etdiyi bu qanunsuzluqlarının sonu olmadığını görüb, sığorta şirkətlərinə nəzarətedici orqan olan Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət göndərmişdir. Müraciətdə həm şikayətini, həm də seçdiyi 3 müstəqil ekspertin siyahısını göndərmişdir ki, şikayəti aidiyyatı üzrə "xxxx" ASC-yə yönəldiyində ekspert seçimim də göndərilsin. Çünki, şirkət müstəqil ekspert seçimini qəbul etmək istəmirdi. 7 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" ASC-yə məktub göndərərək 5 iş günü ərzində ekspertizanın keçirilməsini tələb etmişdir. Lakin, üzərindən günlər keçməsinə baxmayaraq "xxxx" ASC Azərbaycan Respublikası Mərkəzi Bankının tələbini heçə saymaqla yanaşı nə ekspert təyin etməmiş, nə də maşınına dəymiş zərərin doğru hesablanmasını təmin etməmişdir. Dəfələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının qaynar xəttinə zəng edərək məsələ ilə maraqlandıqda, hər dəfə müraciətinə baxan Azərbaycan Respublikası Mərkəzi Bankının Mənzurə adlı əməkdaşı sığorta şirkətinin fərqli yalanlarını ona bildirmişdir. Sığorta şirkəti Mənzurə xanıma gah demişdir ki, artıq ekspert seçimi edilib, gah demişdir ki, vətəndaşla aralarında razılaşma olub, gah demişdir ki, o, zəngə cavab vermir və s. Mənzurə xanım da öz növbəsində bunu ona bildirir və o, yalan olduğun dedikdə məsələ beləcə uzanırdı. Bu dəfə Mənzurə xanımın olduğu departamentin rəisi ilə əlaqə saxlamış və bu məsələni ona izah etmişdir. Şəxs bildirmişdir ki, özü şəxsən bununla məşğul olacaq və ən qısa zamanda həll olar. Yenə də, bir neçə həftə ərzində eyni proses, eyni əməllər olduqdan sonra xx.xx.2023-cü il tarixdə, "xxxx" ASC-yə məxsus +994-55-295-03-33 WhatsApp nömrəsindən ona 3 müstəqil ekspertin siyahısını göndərməsini bildirmişlər. xx.xx.2023-cü il tarixdə aşağıdakı 3 ekspertin siyahısını sığorta əməkdaşına yenidən təqdim etmişdir: «Bakı Ekspertiza Mərkəzi, İlkin İbrahimov, Şükür Hüseyov». Heç bir cavab verilməmişdir. Lakin sonradan "xxxx" ASC-dən ona zəng edərək seçdiyi müstəqil ekspertlərlə şirkətin müqaviləsinin olmadığından bəzi maraqlara görə məsələnin bir az yubanacağı bildirilmişdir. Lakin, seçdiyi eksperti sosial şəbəkədə tapıb əlaqə saxlamışdır və ekspert bildirmişdir ki, "xxxx" ASC ilə müqaviləsi var və hətta son 1 həftə ərzində "xxxx" ASC-dən 4 ekspertiza işi qəbul edib. Məsələ ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının çağrı mərkəzinə zəng edərək şöbə rəisinə bu barədə məlumat vermişdir. Növbəti gün yenidən eyni əməkdaş zəng edərək həmin 3 ekspertdən birinin artıq seçildiyini və 3 gün ərzində işin ekspertə göndəriləcəyini bildirmişdir. Həmçinin 30 dekabr tarixdə "xxxx" ASCyə məxsus +994-55-295-03-33 WhatsApp nömrəsindən Bakı Ekspertiza Mərkəzi adlı müstəqil ekspertin seçildiyini bildirilmişdir. xx.xx.2024-cü il (9:59) tarixdə "xxxx" ASC-dən dəymiş zərərin cəmi 1.040 manat olduğu barədə SMS bildirişi gəlmişdir. Məsələ ilə bağlı Bakı Ekspertiza Mərkəzinin əməkdaşı İlkin İbrahimova yazaraq zərərin 1.040 manat olmasını nəyə əsasən hesabladığını soruşduqda 840 manat arxa, 200 manat isə ön hissəyə bu zərəri yazdığını bildirmişdir. Onu da bildirmişdir ki, əvvəl arxa üçün başqa məbləğ hesablamış, lakin "xxxx" ASC-nin əməkdaşı olan Həsənli Cəfər tərəfindən arxa buferin diffuzorunun bir satıcıda daha ucuz qiymətə olmasını bildirmişdir. Həmçinin onu da bildirmişdir ki, İlkin məbləği azaltsın, Cəfər də ona həmin satıcının nömrəsin verəcək. Ön hissədə nömrənin 20 manat yazılmasını da istəmişdir. İlkin diffuzorun qiymətini azaldaraq 250 manat qeyd edib, lakin nömrəni 30 manatda saxlamışdır. Beləliklə, maşının arxa hissəsi üçün 840 manat, ön hissəsi üçün 200 manat təyin edərək rəyini "xxxx" ASC-yə göndərib. Həmçinin Cəfərin nömrəsini də ona göndərmişdir. Bakı Ekspertiza Mərkəzinin əməkdaşı İlkin İbrahimovla dəfələrlə əlaqə saxlamasına baxmayaraq, şəxs nə zənglərinə cavab verməmiş, nə də yazdığı qeyri-real qiymətləri hansı bazarın qiymətlər ilə əsaslandırdığını bildirməmişdir. Sadəcə mesaj olaraq bildirmişdir ki, məsələ ondan keçib, artıq Sığorta şirkəti ilə həll edilməlidir. "xxxx" ASC-dən xx.xx.2024-cü il (04:33 PM) tarixdə zərər aktını göndərmələrini xahiş etmişdir. Müxtəlif günlərdə 4 dəfə *7000 çağrı mərkəzinə zəng etsə də, zərər aktını göndərməmişlər. Məcbur qalıb yenidən Azərbaycan Respublikası Mərkəzi Bankının çağrı mərkəzinə zəng edərək şöbə rəisi ilə danışıb zərər aktının göndərilməsini xahiş etmişdir. Həmin şəxs bildirmişdir ki, "xxxx" ASC-dən bunu tələb edəcək, ASC özü də aktı göndərər, onlar da Mərkəzi Bank olaraq ASC-dən alıb göndərərlər. Belə ki, həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının köməkliyi ilə "xxxx" ASC-dən zərər aktını almışdır (WhatsApp nömrəsindən ona göndərilmişdir), növbəti gün isə Azərbaycan Respublikası Mərkəzi Bankı rəsmi olaraq e-mailə də göndərmişdir. Lakin görünən odur ki, "xxxx" ASC yenə qıcıqlandırıcı, vətəndaşa qarşı süründürməçiliyindən qalmamışdır. Mərkəzi Bank göndərdiyi ekspert rəyində material və ehtiyat hissələrin hər birinin adı və qiyməti ayrı, görüləcək işlərin də ad, say və qiymətləri ayrılıqda olan bir sənəd göndərilmişdir. "xxxx" ASC isə rəyi dəyişib iki rəqəm göndərmişdir: biri material və ehtiyat hissələrnin (340 manat) ümumi qiyməti, digəri isə görüləcək işlərin (700 manat) ümumi qiyməti. Azərbaycanda heç bir satıcıda bu detal tapılmır və yalnız xaricdə var. Onun da qiyməti minimum 300 ABŞ dolları üzəridir. Nəzərə alınsa ki, çatdırılmasına təxminən 30-40 ABŞ dolları + 300 ABŞ dolları keçdiyinə görə gömrük rüsumu da üzərinə gəlinsə bu 400+ ABŞ dolları bir məbləğ edir. Həmçinin maşının arxa hissəsində loqonun yanında batıq və səsboğucunun başlığı nəzərə alınmamışdır. Heç bir sənəddə adı çəkilmir. Qeyd edilən görülən işlər isə heç bir rəsmi (hansısa bunker yox) iş görən avtoservisdə yoxdur. Çünki o qiymət yalnız sığorta şirkəti ilə avtoservis arasında olan simvolik rəqəmlərdir ki, müştərini təmirə cəlb etdirsin və ya daha az pul təklif etsin. O qiymətə heç bir normal servis həmin işi görmür. 2016-cı il buraxılışlı maşın üçün zərər ara məhəllələrdəki, heç bir ciddi təcrübəsi olmayan ustaların verdiyi qiymətlərlə hesablanıb. "xxxx" ASC-nin onu göndərdiyi avtoservisdə olmuşdur. Maşını təmirə vermək istəmişdir. Lakin arxa bamperin alt hissəsi olan diffuzor və səsboğucunun olmadığından sifarişlə xaricdən gətirə biləcəkləri bildirilmişdir. Bu iki detal xaric 920 manat iş pulu hesablanmışdır. Həmin iki detal da gəlsə təxminən 1.500 + manat olacağı bildirilmişdir. Həmçinin soruşanda ki, bəs sığorta qiymətləndirilməsində maşınına dəymiş zərəri niyə 930 manat qeyd etmişlər, bildirilmişdir ki, onlar sığorta şirkəti ilə xüsusi endirim şərtləri altında çalışırlar, verilən qiymət təklifi ilə sığorta şirkətinə verilən təklif arasında fərq çox olacaq. Belə çıxır, sığorta və ekspert bu avtoservisdən aşağı qiymət alır, sonra da deyilir təmir edə bilməzlər, yalnız ödəniş ödənilə bilər. O zaman vətəndaş dəymiş zərərin aradan qaldırılması üçün real məbləğin qalan hissəsini kimdən almalıdır? Hansı ki, guya servis sığorta şirkətinə endirim etmişdi o məbləği, amma qara vətəndaşa isə o endirim yoxdur deyə vətəndaş artıqlaması ilə ödəməlidir. Bakı Ekspertiza Mərkəzinin rəyindən tamamilə narazıdır. Qeyd etdikləri qiymətlər reallığa deyil, sığorta şirkətinin ona təklif etdiyi rəqəmi qorumağa yönəlmişdir. Şərq Motors iki detal (arxa buferin diffuzoru və səsboğucu başlığı) xaric 920 manat qeyd etmişdir. Həmin iki detalın da səsboğucu başlığı (nikel) biri zədələnsə bu detal heç bir halda tək satılmır, cüt satılır deyə hər ikisi dəyişilməlidir. Lakin ekspert rəyində bu detal qeyd edilməmişdir. Həmçinin bu iki detal tapılsa hamısı birlikdə təqribən 500-600 manat üzəri ödəniş olacağı bildirilmişdir. Qeyd edir ki, «KİA Optima» üçün üzərində olan bu səsboğucu başlığı 200-250 manat civarında olur. Təkcə rəngsaz üçün Bakı Ekspertiza Mərkəzi 300 manat qeyd etmişdir. Lakin, Şərq Motors 450 manat. Digər görülən işlər üçün qeyd edilən rəqəmlər də Şərq Motorsun verdiyi rəqəmlərdən azdır. Yekun olaraq, Bakı Ekspertiza Mərkəzi arxa buferin alt hissəsi (diffuzor) detala 250 manat yazmışdır, lakin bu detal ən ucuz Dubaydan Azərbaycana qeyri-rəsmi satış edən bir satıcıda 230 ABŞ dolları + çatdırılma, digər xaricdə rəsmi satış edən satıcıda 304 ABŞ dolları + çatdırılma + gömrük rüsumu ilə satılır. Azərbaycanda isə heç yerdə yoxdur. Səsboğucu başlığı nəzərə alınmamışdır, görülən iş üçün ödənişlər az yazılmışdır. Sonradan, İddiaçı 27 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ** ZY *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtomobilinə dəymiş 1.800 məbləğində maddi zərərin təmin edilib ona ödənilməsi mümkün olmadıqda, "xxxx" ASC və ya "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərərin aradan qaldırılmasının öz servislərində öz resursları hesabına təmin edilməsi, ödənilmiş 36 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 86 manat pul vəsaitinin "xxxx" ASC-dən və "xxxx" ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq bildirmişdir ki, ekspert rəyində avtomobilin zəruri bir detalına dair qiymətləndirilmə aparılmamışdır. Həmin ehtiyat hissəsi ölkə ərazisində satışda yoxdur, yalnız sifariş əsasında xaricdə əldə etmək olar. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rafael Quliyev xx.xx.2024-cü il tarixdə məhkəməyə mülahizə təqdim edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ** ZY *** dövlət qeydiyyat nişanlı «KİA Optima» markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Məhkəmənin icraatında olan işlə bağlı İddiaçı idarə etdiyi «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli ekspertin rəyinə əsasən həmin avtonəqliyyat vasitəsinə dəyən zərər qiymətləndirilmiş və ümumi zərər məbləği köhnəlmə faizi tətbiq edilməklə 860 manat məbləğində müəyyən edilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Səlahiyyətli orqanın təqdim etdiyi Forma 4 arayışına əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalı ** MF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin də təqsiri olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirmişdir ki, «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisəyə görə "xxxx" ASC tərəfindən ödənilməli olan məbləğ (860 manatın 50 %-i) 430 manat təşkil edir. Yuxarıda qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin və 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" MMC tərəfindən tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli «Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat»dan görünür ki, «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün arxa bamperin alt hissəsinin alınmasına 250 manat, dəmirçi, armatur, plastmass, rəngsaz işlərinə ümumilikdə 680 manat olmaqla, cəmi 930 manat pul vəsaitinin tələb olunduğu göstərilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli hesabatdan görünür ki, «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün ehtiyat hissəsinin alınmasına 340 manat, işçiliyə ümumilikdə 700 manat olmaqla, cəmi 1.040 manat (ƏDV ilə birlikdə 1.227 manat civarında) pul vəsaitinin tələb olunduğu göstərilmişdir. Bakı Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli PS0001/24 saylı rəyindən görünür ki, 2015-ci il buraxılışlı «KİA» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan «KİA» markalı avtomobilin arxa hissəsinə hazırki vəziyyətdə təmir üçün ümumi qiyməti təxminən 840 manat (ehtiyat hissələri 310 manat, görülən işlər 530 manat) müəyyən olunur. Bakı Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli PS0002/24 saylı rəyindən görünür ki, 2015-ci il buraxılışlı «KİA» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan «KİA» markalı avtomobilə hazırki vəziyyətdə ön hissə təmir üçün ümumi qiyməti təxminən 200 manat (ön nömrə yeni 30 manat, görülən işlər 170 manat) müəyyən olunur. Azərbaycan Respublikası Mərkəzi Bankının 25 yanvar 2024-cü il tarixli 6-1-26/2-A- 42-1115/2024 saylı məktubundan görünür ki, İddiaçı 05 dekabr 2023-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, «İcbari sığortalar haqqında» Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" ASC-də (sığortaçı) sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun (iddiaçının) əmlakına zərər dəymişdir. Sığortaçı tərəfindən həmin əmlaka dəymiş zərər qiymətləndirilmiş və bu barədə ona məlumat verilmişdir. Sığortaçı tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından onun zərər görmüş əmlakının yenidən qiymətləndirilməsi müstəqil ekspertə həvalə olunmuşdur. Müstəqil ekspertin rəyi ilə əmlaka dəymiş zərər yenidən qiymətləndirilərək 1.040 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən müvafiq bank hesabını "xxxx" ASC-yə təqdim etdiyi halda yekun qiymətləndirmənin nəticəsinə müvafiq məbləğdə sığorta ödənişi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ona ödəniləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1.4-cü maddəsinə əsasən, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Həmçinin nəzərə çatdırılmışdır ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə görə, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Belə ki, səlahiyyətli dövlət orqanının təqdim etdiyi forma-4 arayışına əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə "xxxx" ASC-də sığortalı ** MF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin da təqsirinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisəyə görə "xxxx" ASC tərəfindən ödənilməli olan zərər məbləğinin 50 % hissəsi, yəni 520 manat məbləğində sığorta ödənişi onun tərəfindən razılıq ərizəsinə müvafiq məbləğ yazılmaqla sığortaçıya təqdim edildikdə icra ediləcəkdir. Əlavə olaraq qeyd edilmişdir ki, baş vermiş hadisə nəticəsində əmlaka dəymiş zərərin "xxxx" ASC tərəfindən ödənilməyəcək hissəsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmək hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən onun müraciətində qeyd etdiyi telefon nömrəsi ilə (+**********10) əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı ona ətraflı məlumat təqdim edilmişdir. Habelə, telefon danışığı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankından xahiş etdiyi ilkin zərər aktı və müstəqil ekspert rəyi bu məktuba qoşma olaraq təqdim edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanladığı 07 dekabr 2023-cü il tarixli 6-1-26/2-A-98xx-xx-12840/2023 saylı məktubun surəti, həmçinin Mərkəzi Banka elektron xidmətlər portalı vasitəsi ilə edilmiş müraciətlər məhkəməyə təqdim olunmuşdur. "xxxx" ASC-nin elektron poçt ünvanından iddiaçıya göndərilmiş 14 fevral 2024-cü il tarixli (07:12:29) məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC sığortalı olan ** ZY *** dövlət qeydiyyat nişanlı «KİA Optima» markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinə dəymiş zərəri aradan qaldırmaq üçün "xxxx" MMC təmir müəssisəsinə göndəriş açılmış və 930 manat məbləğində qiymətləndirilmişdir. Lakin təklif olunan məbləğ ilə razılıq əldə olunmamış və bu səbəbdən müstəqil ekspertizanın keçirilməsi üzrə «Bakı Ekspertiza» hüquqi şəxsə müraciət edilmişdir. Avtonəqliyyat vasitəsinə dəymiş zərər müstəqil ekspert tərəfindən 1.040 manat məbləğində qiymətləndirilmişdir. Məlumat üçün bildirilmişdir ki, mövcud olan Forma 4 arayışına əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki zərərvuran qeydə alınıb. "xxxx" ASC-də sığortalı olan ** ZY *** dövlət qeydiyyat nişanlı «Toyota Camry» markalı avtonəqliyyat vasitəsi və "xxxx" şirkətində sığortalı olan ** MF *** dövlət qeydiyyat nişanlı «Hyundai Avante» markalı avtonəqliyyat vasitəsi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair» Qaydanın 3-cü maddəsi ilə müəyyən olunmuş tələblərə cavab vermir və zərərlərin birbaşa tənzimlənməsi çərçivəsinə düşmür. Belə ki, arayışda xəsarətin dərəcəsi təyin olunduğu qeyd olunmuşdur. Bu səbəbdən, vətəndaş İddiaçı avtonəqliyyat vasitəsinə dəymiş zərərin 50 faizini ** ZY *** dövlət qeydiyyat nişanlı «Toyota Camry» markalı avtonəqliyyat vasitəsinin sığortalı olduğu "xxxx" ASC-dən və digər 50 faizini ** MF *** dövlət qeydiyyat nişanlı «Hyundai Avante» markalı avtonəqliyyat vasitəsinin sığortalı olduğu "xxxx" şirkətindən əldə etməlidir. "xxxx" ASC tərəfindən ** ZY *** dövlət qeydiyyat nişanlı «KİA Optima» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 520 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. Yekun olaraq bildirilmişdir ki, mülkiyyətçiyə məxsus ödəniş sənədləri təqdim edildikdən sonra sığorta ödənişi icra ediləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli 9/3702 saylı rəyindən görünür ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Optima” markalı, **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 860,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 9/8751 saylı rəyindən görünür ki, iş materiallarında olan Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 990 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 330 manat, təmirbərpa işlərinin qiyməti – 660 manat. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «KİA Optima» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 930 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 250 manat; təmir-bərpa işlərinin qiyməti – 680 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin 17 sentyabr 2024-cü il tarixli 44-7/2-27488 saylı məktubundan görünür ki, məhkəmənin 14 avqust 2024-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə «Toyota Camry» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin, «Hyundai» markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillə, «KİA» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi barədə toplanmış materialın surəti məhkəməyə göndərilmişdir:xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və eyni tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 16:50-də Bakı şəhəri Nizami rayonu Babək prospekti ərazisində «Toyota Camry» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və eyni tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 16:50-də Bakı şəhəri Nizami rayonu Babək prospekti ərazisində «Hyundai Avante» markalı ** MF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan, eləcə də, yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsində iştirak edən təqsirli şəxslərin adı, eləcə də, zərər çəkmiş şəxs olaraq İddiaçı adı qeyd olunmuş, zəruri məlumatlar müvafiq bəndlərdə müfəssəl şəkildə göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. «İcbari sığortalar haqqında» Qanunun: 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mərkəzi X4 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qərarının 3-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki və araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi “Kia Optima” markalı **-ZY-*** dövlət nömrə nişanlı avtomobil icbari sığorta növündə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin törədilməsində "xxxx" ASC-də sığortalanmış “Hyundai Avante” markalı **-MF-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş X2 və “Toyota Camry” **-ZY-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş X3 təqsirli bilinmişlər. Hazırda İddiaçı ona dəymiş zərərin ödənilməsini özünün icbari sığortaçısı olan "xxxx" ASC-dən və həmçinin ona zərər vurmuş avtomobilin sığortalandığı "xxxx" ASC-dən müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçının avtomobilinin icbari sığorta qaydasında sığortalandığı sığorta şirkəti-hazırki iş üzrə cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin ilkin və təkrar qiymətləndirilməsi həyata keçirilmiş, lakin iddiaçı hesablanmış zərərin məbləği razı olmadığından hazırki iddia tələbinə məhkəmədə baxıldığı zaman təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində avtomobilə dəymiş zərərin məbləğinin iki müxtəlif qiymətləndiricinin məlumatlarına istinad olunmaqla, 930 və 990 manat təşkil etməsi qeyd edilmişdir. İşin mübahisəli halı məhz dəymiş zərərin həcmi ilə bağlıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə qismən razılaşır, lakin hər bir halda məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğin deyil, məhz "xxxx" MMC-nin dəymiş zərərin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş məbləğin iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.Baxmayaraq ki, iddiaçı ona dəymiş zərərin məbləğini öz mülahizələrinə əsasən 1800 manat məbləğində qiymətləndirmişdir, lakin iddiaçı ona 1800 manat məbləğində zərərin dəyməsini təsdiq edəcək heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Odur ki, aparılmış məhkəmə araşdırması zamanı iddiaçıya tələb etdiyi kimi məhz 1800 manat məbləğində zərərin dəyməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçıya vurulmuş zərərin 1040 manat məbləğində dəyərləndirilməsini əsaslı hesab edərək qeyd edir ki, dəymiş zərərin ödənilməsi hər iki cavabdehə aid edilməlidir. Nəzərə alınmalıdır ki, icbari sığorta şəxsin özünün üçüncü şəxslərə vurduğu zərərin həmin şəxslərə ödənilməsini təmin etmək mahiyyəti daşıyır. Lakin istər sığorta fəaliyyəti sahəsində qanunvericiliklə yol verilən və Azərbaycan Respublikası Mərkəzi X4 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qərarı ilə formalaşdırılmış təcrübəyə əsasən hazırda iddiaçı öz məsuliyyətini icbari sığorta qaydasında sığortalamış şəxs olmaqla, baş vermiş sığorta hadisəsində zərərçəkmiş şəxs kimi özünün icbari sığortaçısından ona dəymiş zərərin ödənilməsini tələb etməkdə sərbəstdir. Belə ki, qanunvericiliklə sığorta ödənişi etmiş sığortaçının təqsirli şəxsə qarşı edilmiş ödəniş həddində subroqasiya hüququ qorunur.Hazırki halda iddiaçının ona vurulmuş zərərin həm öz məsuliyyətinin icbari sığortalandığı sığorta şirkətindən və həmçinin də ona zərər vurmuş şəxsin sığortalandığı sığorta şirkətindən tələb etməsi əsaslıdır.Məhkəmə qeyd edir ki, iddia tələbinin bu qaydada həllinə cavabdeh "xxxx" ASC də qismən etirafla razılıq verməsi də nəzərə alınmalıdır. Məhkəmə aparılmış araşdırma nəticəsində bu qənaətə gəlir ki, ididaçıya dəymiş zərərin həcmi 1.040 manat məbləğində nəzərə alınmaqla həmin məbləğdə pul "xxxx" ASC-dən və "xxxx" ASC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 27 sentyabr 2024-cü il tarixdə təqdim edilmiş vəsatətdə ona dəymiş 1800 manat məbləğində zərərin ödənilməsi, bu, mümkün olmadıqda cavabdehlər tərəfindən ona dəymiş zərərin öz servislərində öz resursları hesabına aradan qaldırılmasının təmin edilməsi barədə tələb irəli sürülmüşdür. Qeyd edilən məsələ ilə bağlı məhkəmə tərəfindən "xxxx" ASC-yə mübahisənin avtomobilin təmiri istiqamətində tədbir görülməsi üçün təklif diqqətə çatdırılmış, lakin sığorta şirkəti tərəfindən bu təklifə müsbət cavab verilməmişdir. Odur ki, mübahisə vurulmuş zərərin pul vəsaiti şəklində ödənilməsi istiqamətində öz həllini tapmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə vurulmuş 1.040 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,40 manat hissəsi cavabdehlər "xxxx" ASC-dən və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.Həmçinin iddiaçı iddia tələbində iddia ərizəsinin tərtibi üçün ödədiyi 50 manat məbləğində pulun tutulmasını tələb etsə də, buna dair sübut təqdim etməmişdir. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq (1040x100:1800=57%) aparılmış ekspertiza tədqiqatına görə (100x57%=57) 57 manat müştərək qaydada cavabdehlər "xxxx" ASC-dən və "xxxx" ASC-dən və 43 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə vurulmuş 1.040 (bir min qırx) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,40 (otuz manat qırx qəpik) manat cavabdehlər "xxxx" ASC-dən və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manata münasibətdə 43 (qırx üç) manat İddiaçı, 57 (əlli yeddi) manat isə cavabdehlər "xxxx" ASCdən və "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-181/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-181/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver