Məhkəmə qərarları › İş №e-2(006)-1838/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1838/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1838/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən yanlışlıqla tutulan 129,99 manat, 30 manat dövlət rüsumu və vurulmuş maddi, mənəvi zərərə görə 568 manat olmaqla, ümumi 727,99 manat pul vəsaitinin Cavabdeh ASC-dən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «Kontakt Home» ilə xx.xx.2024cü il tarixdə onlayn formada alqı-satqı əsasında «Huawei» planşeti sifariş vermişdir. Kontakt Home ilə əvvəlcədən razılaşması əsasında 739,99 manatlıq malın ödənişini Cavabdehın taksit kartı ilə 12 aylıq taksitlə həyata keçirməsi ilə bağlı razılaşmışdır. Həmin gün kuryer ona planşeti gətirmiş və posterminala ödənişi etdiyi zaman 12 aya bölünməli olan ödəniş bölünməmişdir. Digər bankın kartları ilə ödəniş etdiyi zaman ödəniş 12 aya bölünmüşdür. Cavabdehın kartı ilə ödəniş etdiyi zaman 12 aylıq taksitə bölünməməsinin səbəbini anlamamış və bu zaman telefonda Cavabdehdan aylara bölünməsi ilə bağlı bildiriş gəlmişdir. Birinci dəfə olduğu üçün və həmin vaxt Fitnes mərkəzində olduğu üçün sadəcə «ok» basmışdır. Kartından 20:50 radələrində əlavə olaraq 129,99 manat pul çıxılmışdır. Kuryer bu zaman ona bunun Kontakt Home ilə razılaşdığı 12 aylıq taksit ilə əlaqəli olmadığını bildirmişdir. Buna görə də, yanlışlıqla o, Cavabdehın Birbank tətbiqində olan Ninja xidmətinə «ok» vermiş olmuşdur. Həmin vaxt iş saatına düşmədiyi üçün xx.xx.2024-cü il tarixdə 9 radələrində Cavabdehla əlaqə saxlıyıb, yanlışlıq olduğunu və Ninja xidmətinin əsası olan alqı-satqının ləğv olunması barədə məlumat vermişdir. Bunu onlara atdığı ekran şəkilləri və geri qaytarılma bildirişi ilə əsaslandırmışdır. Lakin Cavabdehın əməkdaşları ona xidmətdən istifadə etsə də, etməsə də qaytarmayacaqlarını bildirmişlər. Bununla bağlı Cavabdehın qaynar xəttinə, «WhatsApp»-ına müraciətlər etsə də, ona köməklik göstərilməmişdir. 20 gün müddət keçməsinə baxmayaraq, pulu geri qaytarılmamışdır. Bu günlər ərzində həm «Kontakt Home»-un əsas filialına gediş-gəlişi ilə bağlı, tez-tez həm Kontakt Home, həm də Cavabdeh ilə əlaqə saxladığına görə əlavə xərcləri yaranmışdır. Bu günlər ərzində stress keçirməsinə səbəb olduğu üçün həm maddi, həm də mənəvi zərər dəymişdir. Buna görədə maddi və mənəvi zərərin qarşılığında 568 manat ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirdi ki, üzrlü səbəblərdən dolayı iş üzrə iclasda iştirak etməsi mümkün olmayacaqdır. İşi ilə əlaqəli Xaçmaz şəhərinə ezamiyyətə getməyi ilə əlaqədar məhkəmə iclasının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, yazılı mülahizə təqdim edərək izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən ondan yanlışlıqla tutulan 129,99 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, maddi və mənəvi zərərə görə 568 manat olmaqla, cəmi 727,99 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, qeyd edilən vəsait yalnışlıqla tutulmayıb. Belə ki, iddiaçı tərəfindən kredit kartı ilə ödəniş əməliyyatı aparıldıqdan sonra ona Bank tərəfindən Birbank mobil tətbiqi üzərindən «Ninja» təklifi edilmiş və onun tərəfindən iddia ərizəsində də bildirdiyi kimi qəbul edilərək təsdiq edilmişdir. Ninja təklifi - Birbank taksit kartları ilə edilmiş və taksitə bölünməmiş ödənişin (POS terminal ilə edilmiş birdəfəlik ödənişlər və onlayn ödənişlər), eləcə də nağdlaşdırma və köçürmə əməliyyatlarının müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölünməsi üçün Bank tərəfindən müştərilərə edilən təklifdir. Aylar üzrə komissiyalar aşağıdakı kimidir: 2 ay – 4,5 %; 3 ay – 6 %; 6 ay – 10 %; 12 ay – 17 %. Ətraflı olaraq yazılı mülahizədə qeyd olunan linkə keçid etməklə Bankın rəsmi internet səhifəsindən məlumat əldə etmək mümkündür. Tərəflər arasında bağlanmış BBUM8195279A299 nömrəli xx.xx.2022-ci il tarixli Birbank Umico Kredit Müqaviləsinin 4.1-ci yarımbəndinə əsasən Müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1.395 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 12.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə həddində, SMS və digər texnoloji vasitələrlə 15.000 manat razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı tərəfindən qeyri-taksit əməliyyatı aparılmış və tərəflər arasında bağlanmış sözügedən müqaviləyə (4.8.2-ci yarımbəndi) əsasən müəyyən edilmiş ödəniş forması, yəni müqavilə şərti sözügedən əməliyyata münasibətdə Bank tərəfindən edilmiş təklifin qəbul edilməsi və təsdiq edilməsi nəticəsində dəyişdirilmişdir. Belə ki, iddiaçı ona Bank tərəfindən Birbank mobil tətbiqi vasitəsi ilə edilən təklifi qəbul və təsdiq etməklə Birbank Umico kredit kartı ilə etdiyi 739,99 manat məbləğində birdəfəlik ödənişi, yəni qeyri-taksit əməliyyatını 12 aylıq hissələrə bölmüş və buna müvafiq olaraq ondan həmin məbləğin 17 %-i, yəni 125,80 manat məbləğində komissiya tutulmuşdur. Həmçinin iddiaçıdan həmin əməliyyatın aparılması zamanı tərəflər arasında bağlanmış BBUM8195279A299 nömrəli xx.xx.2022-ci il tarixli Birbank Umico Kredit Müqaviləsinin 9.4-cü yarımbəndinə əsasən dələduzluq («phishing», «skimming» və s. hallar) əməliyyatlarından qorunması məqsədi ilə (https://www.kapitalbank.az/sigortalar/phishingskimming) illik sığorta haqqı olaraq ödəniş edilmiş kredit kartının kredit xəttinin ilkin olaraq istifadə edə biləcəyi məbləğinin (1.395 manatın) 0.3 %-i, yəni 4,19 manat məbləğində pul vəsaiti tutulmuşdur. İddia ərizəsində iddiaçının bildirdikləri nəzərə alınaraq işin halları üzrə Bank tərəfindən araşdırma aparıldıqdan sonra müştəri məmununiyyəti baxımından Bank tərəfindən iddiaçıdan komissiya olaraq tutulmuş 125,80 manat və 4,19 manat olmaqla cəmi 129,99 manat məbləğində pul vəsaiti onun 416973******9813 nömrəli kart hesabına xx.xx.2025-ci tarixdə mədaxil edilərək geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçıdan həmin pul vəsaitlərinin tutulması yanlışlıqla olmamışdır, həmin pul vəsaitləri iddiaçı tərəfindən ona Bank tərəfindən edilmiş «Ninja» təklifinin qəbul edilməsi və təsdiq edilməsi nəticəsində tutulmuşdur. Sonradan iddia ərizəsində qeyd edilənlər əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin ödəniş əməliyyatlarının aparılmasından imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq müştəri məmnuniyyəti baxımından Bank tərəfindən həmin tutulmuş pul vəsaitləri iddiaçıya geri qaytarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçının Banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli **********6 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 416973******9813 nömrəli bank kartından 125,80 ödəniş məbləği, 4,19 manat əməliyyat üzrə çıxılan ƏDV olmaqla, Komissiya təsviri təyinatı ilə, cəmi 129,99 manat pul vəsaiti silinmişdir. xx.xx.2022-ci il tarixli, BBUM8195279A299 nömrəli Birbank Umico Kredit Müqaviləsi, kredit sifarişi və akspetsiz siliməyə dair razılıq ərizəsi və “Birbank kartı” yaddaş vərəqəsinin surətindən görünür ki, cavabdehə illik 27% ödəmək şərtilə, 1.395 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh tərəfin təqdim etdiyi İddiaçı məxsus 416973******9813 nömrəli Birkart Umico ödəniş kartı üzrə çıxarışdan görünür ki, bank tərəfindən xx.xx.2025-ci il tarixdə 129,99 manat pul vəsaiti iddiaçının kart hesabına mədaxil edilərək geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli 70310163 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin «sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır» müddəasının «müvafiq qaydada imzalanma» tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 32.1.2-ci maddəsinə əsasən Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə fəaliyyət növləri ilə məşğul ola bilərlər. 36.4-cü maddəsinə əsasən banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir. 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən bankın xidmət məhsulu kimi iddiaçıya kredit xətti ayrılmış və buna uyğun olaraq da taksit kartı verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı həmin kartdan istifadə edərək ödəniş həyata keçirdiyi zaman ona mobil tətbiq üzərindən gələn SMS-ə müsbət cavab verməklə bankın təklif etdiyi xidməti qəbul etmişdir. Bankın təqdim etdiyi xidmət isə özlüyündə -həmin kart taksit əməliyyatları üçün nəzərdə tutulduğu halda- həmin an həyata keçirilən əməliyyatın qeyri-taksit əməliyyatı kimi qeydə alınmasından və bunun müqabilində isə müvafiq məbləğdə komissiya məbləğinin tutulmasından ibarət olmuşdur. İddiaçı bu təklifə razılıq versə də, sonradan təqdim edilən xidmətdən imtina etmişdir. Hazırda iddiaçı təqdim edilmiş əməliyyatdan imtina etdiyi üçün əsassız tutulması aparılmış komissiya məbləğinin və həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ona təqdim edilən xidmətdən imtina etməsi ilə bağlı müvafiq məbləğ cavabdeh tərəfindən iddiaçıya məxsus hesaba geri qaytarılmaqla ödənilmişdir. Odur ki, işin mübahisəsiz halı kimi artıq 129,99 manat məbləğində tələb cavabdeh tərəfindən təmin edilmişdir. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərər kimi 568 manat məbləğində pulun tutulması ilə bağlı bildirir ki, iddiaçı ona dəymiş maddi və mənəvi zərərin məhz 568 manat təşkil etməsi ilə yetərli sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız taksi xidmətindən istifadə etməsi ilə bağlı tətbiqdən çıxarışları təqdim etmişdir ki, cavabdehin hərəkətlərində iddiaçıya zərər dəyməsi ilə nəticələnən təqsirli hərəkətlər olmadığından iddiaçının iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı bankın xidmətindən yalnışlıqla olduğunu iddia etsə də, istifadəyə razılğını ifadə etmiş, sonradan həmin xidmətdən imtinasını da banka təqdim etmişdir. Məhkəməyəqədər mərhələdə məsələ öz müsbət həllini tapmasa da, məhkəmə araşdırması dövründə iddiaçının xidmətdən imtinası qəbul edilməklə, ondan tutulmuş komissiya geri qaytarılmışdır. Məhkəmə işin araşdırılmış hallarından bu nəticəyə gəlir ki, bankın iddiaçıya göstərdiyi xidmətdə iddiaçının iddia etdiyi kimi qüsur olmamış, bununla da cavabdeh tərəfin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar