Məhkəmə qərarları › İş №e-2(006)-1870/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1870/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1870/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış OPLK03048 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 5419.92 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 5419.92 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3% miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Cavabdehin iddia ərizəsi verilən günə 149.92 manat cəriməsiz əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı QSC-nin xeyrinə OPLK03048 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 149.92 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC (müştəri) ilə İddiaçı MMC (faktor) arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 №-li tələbin güzəşti barədə faktorinq müqaviləsindən görünür ki, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli OPLK03048 saylı nisyə alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, "xxxx" MMC 5419.92 manat dəyərində olan əşyaları Cavabdeh satmış, Cavabdeh satılmış əşyaya görə ilkin ödəniş etmədən malı qəbul edib, malın dəyərini hər ay 903 manat, sonuncu ay isə 904.92 manat ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixli OPLK03048 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavədə nəzərdə tutulan əşyalar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli R-16/19 №-li faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli R-xx/xx-0126 saylı sazişdən görünür ki, "xxxx" MMC OPLK03048 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh olan 5419.92 manat məbləğində tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. Mülki işin materiallarında olan tələbin güzəşti barədə bildirişdən görünür ki, "xxxx" MMC-nin onunla bağladığı xx.xx.2021-ci il tarixli OPLK03048 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının "xxxx" QSC-yə güzəşt edilməsi və növbəti ödənişlərin hər ay "xxxx" QSC-yə ödənilməsi barədə Cavabdeh xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarış və maliyyə arayışından görünür ki, Cavabdeh OPLK03048 saylı müqavilə üzrə İddiaçı QSC-yə 149.92 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqısı müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə 30,00 (otuz) manat rüsum ödənilmiş, 0,40 (qırx qəpik) manat isə xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli OPLK03048 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh müqaviləyə əlavədə göstərilən əşyaları müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 903 manat, sonuncu ay isə 904.92 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürümüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh qarşı olan 5419.92 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilməmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli OPLK03048 müqavilə üzrə iddiaçıya 149.92 manat məbləğində əsas borcu yaranmışdır. Göründüyü kimi, "xxxx" MMC ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, "xxxx" MMC həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. "xxxx" MMC İddiaçı QSC ilə faktorinq müqaviləsi bağlayaraq, cavabdehə olan tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə tərəfindən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir, buna görə də məhkəmə hesab edir ki, cavabdeh hərəkətsizliyinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı olduğundan, İddiaçı QSC-nin tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: Mülki Məcəllənin 193.1-193.2, 194.2-ci maddələrinə görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli OPLK03048 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 149.92 manat məbləğində pul alınaraq İddiaçı QSCyə verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 149.92 (bir yüz qırx doqquz manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar