Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1873/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 5011 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh bankla iddiaçı aarsında 29 may 2013-cü il tarixdə 5011 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank ona avtomaşın alınması məqsədilə istifadə etmək üçün ona 32300 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş, o isə həmin müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə (60 ay) və qaydada (hər ayın 20-si tarixindən gec olmayaraq bərabər hissələrlə) krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sözügedən müqavilənin əsli və ya təsdiq edilmiş surəti bugünədək ona təqdim edilməmişdir. Bu səbəbdən də müqavilənin onun üçün olduqca ağır şərtlərlə bağlanıldığını bilməmişdir. Tərəfindən müvafiq ərizə ilə "xxxx" ASC-yə müraciət edilərək, bankla onun arasında bağlanmış 29 may 2013-cü il tarixli, 5011 saylı kredit müqaviləsinin və ipoteka müqaviləsinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi xahiş edilsə də, onun müraciəti təmin edilməmişdir. Hesab edir ki, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 5011 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Bu səbəbdən də iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, “iddia müddətinin tətbiq olunması”na dair ərizə təqdim edərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq, işə mahiyyəti üzrə baxıb, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 29 may 2013-cü il tarixli, 5011 №-li kredit (borc) müqaviləsinin surətindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, “borcverən” ("xxxx" ASC) “borcalana” (İddiaçı) 32.300 manat məbləğində kredit verməyi, “borcalan” isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti v kredit üzrə hesablanacaq faizləri “borcverən”ə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndində əsasən, “borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 60 ay, yəni 5 ildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-107/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı 14323.77 manat əsas borc, 4301.91 manat, cəmi 18625.68 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “Toyota Prado” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına, ümumilikdə 18836.53 manat məbləğində borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən də göründüyü kimi "xxxx" ASC-yə İddiaçı 29 may 2018-ci il tarixə olan borcu əsas borc üzrə 14323.77 manat, 4301.91 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-150/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-107/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək yeni qətnamə qəbul edilmiş, cavabdeh İddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 983 manat 32 qəpik iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan “Toyota Prado” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 46600 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən, 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 29 may 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən İddiaçı 17 faiz dərəcəsilə 32300 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı məxsus “Toyota Prado” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin, iş materiallarından da göründüyü kimi İddiaçı tərəfindən kredit müqaviləsinin ödənilmə şərtləri pozulmuş, kredit məbləği vaxtında ödənilməmişdir. İddiaçı hazırda kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müracitə etsə də, lakin iddiaçı sözügedən müqavilənin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirə bilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən tələbin irəli sürülməsi üçün iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1873/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1873/2022
23.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver