Məhkəmə qərarları › İş №e-2(006)-1916/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1916/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1916/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qeyri-yaşayış sahəsinə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən **********200003 №-li abunə kodu olan ünvan 1 ünvanında yerləşən ümumisahəsi 72,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə əsassız olaraq hesablanmış 4500 (dörd min beş yüz) manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş Seriya MA, № ******* olan Çıxarışa əsasən xx.xx.2010-cu ildən etibarən iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd edilən qeyri-yaşayış sahəsinə enerji təchizatı "xxxx" ASCnin Yasamal RETS-i tərəfindən müvafiq abunə müqaviləsinə əsasən **********200003 abunə kodu üzrə təmin edilir. 2024-cü ilin 19 sentyabr tarixində Yasamal RETS-in əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman guya müəyyən edilmişdir ki, sayğac nasazdır və bunun əsasında müvafiq akt tərtib edilməklə həmin sayğacı çıxararaq müayinə edilməsi üçün laboratoriyaya apardılar. Bir müddət bundan sonra isə məlum olmayan səbəblərdən qeyri-yaşayış sahəsinə 4500 manat məbləğində cərimə hesabladılar. Lakin, bununla bağlı ona rəsmi hər hansı sənəd təqdim etmədilər, amma abunə koduna borc yazıldı. Bununla bağlı isə Yasamal RETS-inə çoxsaylı müraciətləri ümumiyyətlə nəticəsiz qalmaqla həmin borcun yaranma səbəbi, onun silinməsi ilə bağlı ona hər hansı məlumat verilmədi. Ona hətta bildirdilər ki, xx.xx.2025-ci il tarixində həmin borcu bağlamasa, işığını kəsəcəklər. Son olaraq isə Yasamal RETS-in bu qanunsuzluqlarına son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki bir istehlakçı kimi konstitusion hüquqlarının bərpa olunması yalnız məhkəmə təminatı ilə mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, tərtib olunmuş aktın ləğv olunmalı, əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Qeyd olunanlardan göründüyü kimi sahibkarlıq subyektləri ilə "xxxx" ASC arasında enerji təchizatından irəli gələn mübahisələrin istehlak mübahisələri olmaması səbəbindən mülki məhkəmə icraatı qaydasında deyil, kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisidir. Beləliklə, iddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı elektrik enerjisindən istifadə edilməsi nəticəsində yaranmışdır. Bu hal həmçinin iddiaçının iş materiallarına əlavə etdiyi “Abunə haqqında çıxarış” ilə də öz təsdiqini tapır. Belə ki, çıxarışda abonentçi kimi şirniyyat mağazası (abonent kodu **********20003) qeyd olunmuş və iddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği də həmin hüquqi şəxsin fəaliyyəti ilə əlaqədardır. Beləliklə, mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, habelə iştirakçılarının subyektiv tərkibi hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə kifayət edir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Məhkəmə yuxarıda adıçəkilən qərarda göstərilən mövqedən çıxış edərək, qeyd edir ki, İddiaçı öz fəaliyyətini müvəqqəti dayandırması, yəni onun VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Belə ki, onun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə uçotdan çıxarıldığı müəyyən edilməmişdir Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qeyri-yaşayış sahəsinə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar