Məhkəmə qərarları › İş №e-2(006)-1961/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1961/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1961/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab olunması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab olunması və s.» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş R 235029 saylı 18.01.2022-ci il tarixli aktın etibarsız hesab olunması, əsassız tətbiq olunmuş 8.516,72 manat məbləğində cərimənin silinməsi və elektrik enerjisindən istifadəyə görə smart kart sayğacının hesab koduna yüklədiyi 40,0 manat məbləğində pul vəsaitindən həmin məbləğin silinməsi üçün tutulmuş 20,0 manat məbləğində pul vəsaitinin qanunsuz hesab edilməsi, cərimə kimi ödənilmiş 2.000,0 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilə X4 və Bərpası Müəssisəsi arasında arıçılığın inkişafı məqsədilə 06.12.2013-cü il tarixli 2 saylı müqavilə bağlanılmış və müqavilədən irəli gələn hüquqların həyata keçirilməsi (arı ailələrinə qulluq etmək, onların mühafizəsini təmin etmək, işçilərin müvəqqəti yaşamaları və istirahətləri) məqsədilə iddiaçı tərəfindən ona ayrılmış 1.5 ha ərazidə yüngül konstruksiyalı ev quraşdırılmışdır. Həmin evin layihəsi Şəki şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən 2014-cü il tarixində təsdiq edilmişdir. Ev quraşdırıldıqdan sonra cavabdeh "xxxx" ASCnin yerli qurumu tərəfindən həmin evə elektrik xətti çəkilmiş və elektrik sayğacı quraşdırılmışdır. Lakin 18.01.2022-ci il tarixdə cavabdeh 235029 saylı akt tərtib edərək sayğaca qanunsuz müdaxilənin aşkar olunması səbəbilə həmin elektrik sayğacını sökmüş, həmçinin, yeni sayğacın quraşdırılması barədə sözügedən aktda qeyd etmişdir. 18.01.2022-ci il tarixli icra vərəqinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 8.516,72 manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən 20,0 manat məbləğində pul vəsaiti smart kartdan silinmiş və 2.000,0 manat məbləğində pul vəsaiti isə cərimə kimi iddiaçıdan tutulmuşdur. İddiaçının vəkili sözügedən aktın etibarsız hesab olunması, iddiaçıdan tutulmuş pul məbləğlərinin geri qaytarılması tələblərinə dair iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirdi ki, cavabdehin iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Həmçinin, iddianın kommersiya mübahisəsi ilə bağlı olduğunu, hər iki mübahisə subyektinin – iddiaçının fərdi səhibkar statusu almış vergi ödəyicisi olmasını, eləcə də təmsil etdiyi qurumun hüquqi şəxs olmasını nəzərə alaraq mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili isə etiraz edərək, mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, vəkilin çıxışını dinləyib hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə araşdırmaları zamanı iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin verdiyi izahatlardan və işin materiallarında olan sənədlərdən müəyyən edildi ki, hazırki iş üzrə İddiaçı (VÖEN:**********) məhz fərdi sahibkarlıq fəaliyyətini (arıçılıq fermer təsərrüfatı) həyata keçirmək, yəni arı ailələrinə qulluq etmək, onların mühafizəsini təmin etmək, işçilərin müvəqqəti yaşamaları və istirahətləri məqsədilə ona ayrılan 1.5 ha torpaq sahəsində yüngül konstruksiyalı ev (obyekt) quraşdırmış və cavabdeh "xxxx" ASC (VÖEN: **********) tərəfindən edilən hərəkətlər həmin obyektə təchiz edilən elektrik sayğacı ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümümi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Qərarın 24-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflər – İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab olunması və s.» tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab olunması və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar