Məhkəmə qərarları › İş №e-2(006)-1996/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1996/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1996/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixində STN03-4761 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından 3252 manat dəyərində “Kombi xx” almışdır. Müqavilə 262 azn ilkin ödənişlə, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 3252 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 271 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: 1) xx.xx.2021-300 azn; 2) xx.xx.2021-150 azn; 3) xx.xx.2021-235 azn; 4) xx.xx.2021-100 azn; 5) xx.xx.2021-134 azn; 6) xx.xx.2021-100 azn; 7) xx.xx.2021-135 azn. Cavabdeh cəmi 1154 azn ödəniş etmişdir. Qalıq borcu 2098 azn təöşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2023-cü il tarixinə qədər yaranan dəbbə borcu isə 402 azn təşkil edir. STN03-4761 saylı alqı-satqı müqaviləsi üzrə 2098 azn əsas borc, 402 azn dəbbə pulu (cərimə) və məhkəməyə ödənilən 45 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 2545 azn ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 2098 manat məbləğində əsas borc, 402 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumu ilə birlikdə 2545 manat məbləğində borcun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqaviləyə əsasən “Kombi xx” adlı əşyanı almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqavilə üzrə 2098 AZN ödənilməmiş hissə, 402 AZN cərimə olmaqla, ümumilikdə 2500 AZN məbləğində borcu yaranmışdır. Belə ki, iş materiallarında olan İddiaçı Telecom» MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqavilədən görünür ki, İddiaçı MMC “Kombi xx” adlı əşyanı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 262 AZN ilkin ödəniş etməklə 12 ay müddətinə, hər ay 271 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 yanvar 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqavilə üzrə 2098 AZN ödənilməmiş hissə, 402 AZN cərimə olmaqla, ümumilikdə 2500 AZN məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin rəsmi əmək haqqının yüksək olmamasını nəzərə alaraq iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqavilə üzrə 100 AZN (yüz) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 45 AZN (qırx beş) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqavilə üzrə 2098 AZN (iki min doxsan səkkiz) ödənilməmiş hissə, 100 AZN (yüz) cərimə olmaqla, ümumilikdə 2198 AZN (iki min yüz doxsan səkkiz) məbləğində borc və 45 AZN (qırx beş) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, STN03-4761 saylı müqavilə üzrə 2098 AZN (iki min doxsan səkkiz) ödənilməmiş hissə, 100 AZN (bir yüz) cərimə olmaqla, ümumilikdə 2198 AZN (iki min yüz doxsan səkkiz) məbləğində borc və 45 AZN (qırx beş) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar