Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-200/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə imzalanmış xx.xx.2021-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsinə əsasən iddiaçıya məxsus 2019-cu il buraxılışlı «Ford Mustang» markalı,**-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil «avtokasko» sığorta növü ilə sığorta təminatı edilmişdir. Sığorta müqaviləsi üzrə nəzərdə tutulmuş 1500 manat məbləğində sığorta haqqı iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə, xx.xx.2021-ci il tarixdə baş vermiş avtoqəza hadisəsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçıya şifahi olaraq dəymiş ziyanın əvəzi olaraq 952 manat məbləğində sığorta ödənişi təklif edilmişdir. Halbuki, avtomobilə daha da böyük məbləğdə ziyan dəmişdir. Cavabdeh "xxxx" ASC-nin təklif etdiyi sığorta ödənişi avtomobilə dəyən ziyanı tam ödəmir və avtomobilin təmir edilməsi üçün kifayət etmir. Bundan başqa, təklif olunan sığorta ödənişi yalnız təmir işləri ilə bağlıdır, zədələnmiş və sıradan çıxmış ehtiyat hissələrinin əvəz olunması əks etdirmir. Bununla ba cavabdeh "xxxx" ASC imzaladığı xx.xx.2021-ci il tarixli MB********** saylı sığorta şəhadətnaməsi üzrə öz öhdəliklərini, habelə «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli, MB********** saylı sığorta şəhadətnaməsinə əsasən, avtonəqliyyat vasitələrinin sığortası (avtokasko) xx.xx.2021-xx.xx.2022 sığorta illərini əhatə edir və sığorta məbləği 40.000 manat təşkil edir. Təklif olunan məbləğ real dəymiş ziyandan dəfələrlə az olduğu üçün məbləğə yenidən baxılması və ziyanın yenidən qiymətləndirilməsi üçün cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Lakin, cavabdeh "xxxx" ASC müraciətini cavablandırmadığı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək cavabdeh tərəfindən müəyyən edilmiş icbari sığorta ödənişinin məbləği ilə razı olmadığını bildirilmişdir. Mərkəzi Bank onun müraciətini cavabdehə yönləndirmişdir. Mərkəzi Bankın müraciətindən sonra cavabdeh xx.xx.2022-ci il tarixli məktubla, dəymiş zərərin 952 manat məbləğində müəyyən edilməsi, zərərin məbləği ilə razı olmadıqda Mərkəzi Bankın rəsmi elektron səhifəsində olan «Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestr»ində (https://www.cbar.az/page-204/foreighn-insurers-reinsurers-and-insurance-brokers) qeyd edilmiş ekspertlərdən müstəqil ekspert kimi fəaliyyət göstərən X4 təklif edilmişdir. Lakin, seçim hüququnun olduğu üçün iddiaçı Mərkəzi Bankın tövsiyə etdiyi ekspertlər siyahısından, Mərkəzi Bankın reyestrində 15 nömrə ilə qeydə alınan müstəqil X1na müraciət etmişdir və onunla müqavilə bağlayıb 310 manat məbləğdə xidmət haqqını ödəmişdir. Müstəqil X1 tərəfindən xx.xx.2022-ci il tarixli «Müstəqil ekspert rəyi» tərtib etmişdir. Müstəqil ekspert rəyinə əsasən avtomobilə dəymiş ziyan aşağıdakı kimi müəyyən edilmişdir:
1. Ön üzlük – 1 ədəd – 900 manat
2. Ön sağ fara – 1 ədəd – 3500 manat
3. Ön sağ duman işığı – 1 ədəd – 2100 manat
4. Ön bufer – 1 ədəd – 1300 manat
5. Ön panelin üst plastması – 1 ədəd – 300 manat, cəmi 8100 manat. Müstəqil ekspert 8100 manat məbləğində qiymətləndirdiyi ziyanın məbləğində 5% ehtiyat hissələrinə endirim nəzərə alınaraq yekun ziyan məbləğini 7695 manat məbləğində qiymətləndirmişdir. Müstəqil ekspert rəyini cavabdeh "xxxx" ASC-yə göndərərək sığorta ödənişinin yenidən baxaraq ödənilməsini xahiş etsə də, cavabdeh yenə də iddiaçının müraciətinə cavab verməmişdir. Məcburiyyət qarşısında qalaraq yenə də Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bankın məktubundan sonra cavabdeh "xxxx" ASC ona xx.xx.2022-ci il tarixli məktuba cavab yazaraq bildirmişdir ki, təklif olunan 952 manatdan artıq sığorta ödənişi ödəmək qeyri-mümkündür. Həmçinin bildirilmişdir ki, «müraciətə əlavə edilmiş ekspert rəyinin nəticəsi razılaşdırılmış ekspert tərəfindən tərtib edilməmişdir». Göründüyü kimi, cavabdeh sığorta ödənişini etməkdən boyun qaçırmış və ekspert rəyini onlar tərəfindən «razılaşdırılmamış ekspert» olmadığı üçün qəbul etməmişdir. Halbuki ekspertlə bağlı cavabdehlə aralarında hər hansı «razılaşma» olmamışdır. Cavabdeh mərkəzi Bankın reyestrini göndərmiş və həmin reyestrdən X3 təklif etmişdir. İddiaçı isə həmin reyestrdən başqa ekspert seçmişdir. Mərkəzi Bankın reyestrindən seçdiyi müstəqil X1, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin xx.xx.2014-cü il tarixində daxil edilmiş, onu əvvəllər tanımamışdır,onunla hər hansı qohumluq və digər mənasibətləri olmamşdır, onun fəaliyyəti haqqında məlumatı olmamışdır. Beləliklə, cavabdeh "xxxx" ASC, Mərkəzi Bank tərəfindən tövsiyə olunan ekspertin rəyini qəbul etməmişdir. Bu isə onu göstərir ki, cavabdeh sığorta ödənişinin verilməməsində qanunvericiliyin tələblərini deyil, şəxsi prinsiplərini üstün tutmuşdur. Sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə etdiyi şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Bu səbəbdən cavabdeh "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək, mübahisəni məhkəməyəqədər həll etmək və iddiaçıya olan 7965 manat məbləğində sığorta ödənişinin və 310 manat məbləğində ekspert xərcini, ümumilikdə isə 8005 manat məbləğində pul vəsaitinin pretenziya alındığı tarixdən 7 iş günü ərzində tam həcmdə ödəməyi xahiş etmişdir. Pretenziya cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilsə də, bu günə kimi sığorta ödənişi həyata keçirilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu məqsədlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil ilə müqavilə bağlamışdır və 700 manat məbləğində qonorarı vəkilə ödəmişdir. Hesab edir ki, sığorta hadisəsi nəticəsində avtomobilinə dəymiş zərər cavabdeh tərəfindən sığorta ödənişi şəkildən ödənilməlidir. Beləliklə, "xxxx" ASC iddiaçıya düşən 7695 manat sığorta ödənişini gecikdirməklə 5 gün ərzində (xx.xx.2022-ci il tarixədək) həmin məbləğin 0,2 %, yəni 15,39 manat (7695*0,2%), sonrakı günlər isə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) hər gecikdirilmiş gün üçün 3078 manat (7695*1%*40 gün) məbləğində, ümumilikdə isə gecikdirilmiş 45 gün üçün 3093,40 manat məbləğində cərimə ödəməlidir. Cavabdeh "xxxx" ASC sığorta müqaviləsinin və «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərini pozmaqla yanaşı, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az/infoblocks/corridor_percent) xx.xx.2022-ci il tarixdən bank uçot dərəcəsi 7,5%, xx.xx.2022-ci il tarixdən isə 7,75% məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyi borclu şəxsin briqadasının əsas vəsaitinin qaytarmaması, gələcəkdə kreditora hüquq verir ki, məhkəmədə borcludan əsas borc və dəbbə pulundan əlavə bank uçot dərəcəsi üzrə faizləri və zərəri tələb etsin. Cavabdeh "xxxx" ASC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək iddiaçıya aid olan pulu, aylarla özündə saxlamaqla ondan istifadə etmiş və faydalanmışdır. Belə olan halda hesab edir ki, cavabdeh "xxxx" ASC qanunla və müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçıya əlavə olaraq zərər yetirmişdir. Zərərin məbləğini aşağıdakı kimi qiymətləndirir: - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək – 1731,38 manat (7965*7,5%*3 ay), - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək – 1192,73 manat (7965*7,75%*2 ay), ümumilikdə isə 2924,10 manat təşkil edir. Beləliklə, işin təkzibedilməz halları ondan ibarətdir ki, cavabdehlə bağlanan sığorta müqaviləsi dövründə sığorta hadisəsi baş vermişdir. Cavabdeh sığorta hadisəsi zamanı dəymiş zərəri düzgün qiymətləndirməmiş və narazı olduğu təqdirdə Mərkəzi Bankın tövsiyə etdiyi ekspertlər reyestrində bir nəfər ekspertə qiymətləndirmə aparılması üçün müraciət etməyi tövsiyə etmişdir. Eksperti seçmək hüququ olduğu üçün Mərkəzi Bankın tövsiyə etdiyi ekspertlər reyestrindən başqa ekspert seçərək müraciət etmişdir. Ekspert tərəfindən vurulmuş zərərin qiymətləndirilməsi aparılmış və ekspert rəyi tərtib edilmişdir. Cavabdeh "xxxx" ASC onun tövsiyə etdiyi ekspertə müraciət etmədiyi üçün Mərkəzi Bankın tövsiyə etdiyi eksperti rəyin qəbul etməmiş və prinsipial olaraq sığorta ödənişini ödəməmişdir. Cavabdehə etdiyi şifahi və yazılı müraciətlər, o cümlədən göndərdiyi pretenziya nəticəsiz qalmışdır. Bununla da, cavabdeh "xxxx" ASC həm müqavilənin və qanunvericiliyin tələblərini pozmuşdur. Nəticədə cavabdeh "xxxx" ASC-nin sığorta hadisəsinə görə iddiaçıya 7965 manat məbləğində sığorta ödənişinin, 310 manat ekspertə ödədiyi xərc, 3093,40 manat məbləğində (45 gün) gecikdirməyə görə cərimə məbləği və 2924,10 manat məbləğində (5 ay) bank uçot dərəcəsinə görə əldən çıxmış fayda, ümumilikdə isə 14.022,50 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən "xxxx" ASC-dən 7965,manat məbləğində sığorta ödənişi, 310 manat məbləğində ekspertə ödənilmiş xərc, 3093,40 manat məbləğində gecikdirməyə görə cərimə, 2924,10 manat məbləğində əldən çıxmış fayda məbləğində, 700 manat məbləğində vəkil qonorarı, 132 manat məbləğində dövlət rüsumu, ümumilikdə 14,022,50 manat məbləğində pul iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, iddia ərizəsində «7965» rəqəminin «7695» kimi oxunmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və dəqiqləşdirmədə göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkili izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AE № 123152 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FY *** qeydiyyat nişanlı «Ford Mustang» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.
8. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MB********** sığorta (avtokasko) şəhadətnaməsinin surətinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən sığortalı İddiaçı Ziadbəyoviçə məxsus «Ford Mustang» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Ümumi sığorta məbləği 40.000 manat, ümumi sığorta haqqı 140 manat, hər bir hadisə üzrə azadolma məbləği 1000 manat təşkil etmişdir.
9. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına, surəti İddiaçı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə MB21000014 saylı sığorta müqaviləsi bağlanmış və «Ford Mustang» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü sığorta təminatı almışdır. İddiaçı Zaibəyoviç şirkətə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə qəzaya uğradığını bildirməklə hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən «Ford Mustang» markalı, 10FY 630 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyan 952 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı şirkətə elektron müraciət ünvanlanaraq avtomobil üçün müəyyən edilmiş zərər məbləği ilə razı olmadığını bildirmiş, dəymiş ziyanın yenidən qiymətləndirilməsi üçün müstəqil ekspert təyin olunmasını xahiş etmişdir. Şirkət tərəfindən baş vermiş sığorta hadisəsi üzrə faydalanan şəxs hesab olunan İddiaçı elektron poçt ünvanına məktub göndərilməklə «Ford Mustang» markalı, 10FY 630 dövlət qeydiyyat nişanlı avtomobil üçün müəyyən edilmiş 952,00 manat məbləğində yekun zərər məbləğinin pul şəklində ödənilə biləcəyi barədə məlumatlandırılmış, həmçinin şirkət tərəfindən müəyyən edilmiş məbləğlə razı olmadığı halda avtomobilə dəymiş zərərin müstəqil ekspert kimi «Sığorta hadisəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri»nə daxil edilmiş və müstəqil ekspert kimi fəaliyyət göstərən X4 tərəfindən qiymətləndirilməsi ilə razı olub-olmaması, razı olmadığı təqdirdə «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 10.10-cu maddəsinin tələbinə uyğun olmaqla tərəfindən təklif edilən müstəqil ekspert barədə Cəmiyyətə məlumat verməsi xahiş edilmişdir. Lakin məktubu cavablandırılmamış, müstəqil ekspertin təyin olunması barədə müraciət edilməmişdir. İddiaçı ünvanına göndərilmiş məktub cavablandırıldıqdan sonra şirkət tərəfindən müvafiq sığorta tədbirləri həyata keçiriləcəkdir.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına, surəti İddiaçı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə MB21000014 saylı sığorta müqaviləsi bağlanmış və «Ford Mustang» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü sığorta təminatı almışdır. Şirkətə ərizə ilə müraciət edilərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə hərəkət zamanı naməlum səbəblərdən arxa buferin qoparaq zərərə uğradığı bildirilməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmşdir. Hadisə ilə bağlı şirkətin əməkdaşları tərəfindən İddiaçı alınan videoizahatda İddiaçı xx.xx.2022-ci il tarixdə avtomobili Salyan rayonuna idarə edərkən arxa buferin anidən qoparaq nəqliyyat vasitəsinin zərərə uğradığını bildirmişdir. İddiaçılə bağlanmış xx.xx.2021-ci il tarixli, MB21000014 saylı sığorta şəhadətnaməsinə əlavə edilmiş «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 28.1-ci maddsinə əsasən sığortalıya bu Qaydalar əsasında həmin maddədə qeyd olunan bəndlərin birində və ya bir neçəsində göstərilən sığorta riskləri nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir. İddiaçılə bağlanmış xx.xx.2021-ci il tarixli, MB21000014 saylı sığorta şəhadətnaməsində sığorta riski kimi «avtokasko» qeyd edilmişdir. Həmin Qaydaların 28.1.8-ci maddəsinə əsasən avtokasko – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusuna, yəni avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakət, heyvanların hərəkəti nəticəsində səbəb olan hadisələrə deyilir. Belə olan halda, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə, yəni avtomobilin arxa buferinin anidən qoparaq nəqliyyat vasitəsinin zərərə uğraması «avtokasko»nun əhatə etdiyi risklərə aid olmadığından sığorta təminatına daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsində qeyd olunur ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən şirkət tərəfindən xx.xx.2022-ci il tarixli AS-22/195 saylı məktubla İddiaçı hadisə ilə bağlı sığorta ödənişinin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, İddiaçı şirkətə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə qəzaya uğradığını bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən «Ford Mustang» markalı, 10FY630 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyan 952,00 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı şirkətə elektron müraciət ünvanlayaraq avtomobil üçün müəyyən edilmiş zərər məbləği ilə razı olmadığını bildirmiş, dəymiş ziyanın yenidən qiymətləndirilməsi üçün müstəqil ekspert təyin olunmasını xahiş etmişdir. Şirkət tərəfindən baş vermiş sığorta hadisəsi üzrə faydalanan şəxs hesab olunan İddiaçı elektron poçt ünvanına məktub göndərilməklə «Ford Mustang» markalı, 10FY630 dövlət qeydiyyat nişanlı avtomobil üçün müəyyən edilmiş məbləğlə razı olmadığı halda avtomobilə dəymiş zərərin müstəqil ekspert kimi «Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri»nə daxil edilmiş və müstəqil ekspert kimi fəaliyyət göstərən X4 tərəfindən qiymətləndirilməsi ilə razı olub-olmaması, razı olmadığı təqdirdə «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 10.10-cu maddəsinin tədləbinə uyğun olmaqla tərəfindən təklif edilən müstəqil ekspert barədə Cəmiyyətə məlumat verməsi xahiş edilmişdir. Lakin məktub cavablandırılmamış, müstəqil ekspertin təyin olunması barədə müraciət edilməmişdir. Qeyd etmək istəyirlər ki, İddiaçı Zaidbəyviçin ünvanına göstərilmiş məktub cavablandırıldıqdan sonra şirkət tərəfindən müvafiq sığorta tədbirləri həyata keçiriləcəkdir. Bildirmək istəyirlər ki, İddiaçı müraciətinə əlavə olunmuş müstəqil ekspert rəyinin nəticəsi şirkət tərəfindən razılaşdırılmış ekspert tərəfindən tərtib edilməmişdir.
11. İş materiallarında olan «Sifarişçi» qismində İddiaçı ilə Mərkəzi Bankın «İcraçı müstəqil sığorta eksperti» qismində fiziki şəxs kimi fəalliyyət göstərən X7 arasında bağlanmış sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 5 nömrəli müqavilənin surətindən görünür ki, «İcra müstəqil sığorta eksperti» X7 «Sifarişçi» İddiaçı sifarişi əsasında baş vermiş sığorta hadisəsinin araşdırmaq və hadisə ilə yaranan zərər məbləğinin müəyyən olunması üzrə sığorta ekspertizası xidmətinin həyata keçirməyi nəzərdə tutulmuşdur.
12. İş materiallarında olan müstəqil X1 tərəfindən verilmiş müstəqil ekspert rəyindən görünür ki, ekspert tərəfindən İddiaçı məxsus «Ford Mustang» markalı «Kupe», ban nömrəsi 1FAĞP8THOK5186463, 2019-cu il buraxılışlı, 10FY630 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və qəza vaxtı ona dəymiş ziyan 8005 manat təşkil etmişdir. Ehtiyat hissələrinin qiymətlərini dəqiqləşdirərkən 5% endirim alınmışdır.
13. İş materiallarında olan müstəqil X1 verilmiş ekspert rəyinə əsasən İddiaçı məxsus «Ford Mustang» markalı, 10FY630 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan - ön üzlük (1 ədəd) – 900 manat, ön sağ fara (1 ədəd) – 3500 manat, ön sağ duman işığı (1 ədəd) – 2100 manat, ön bufer (1 ədəd) – 1300 manat, ön panelin üst plastması (1 ədəd) – 300 manat, cəmi 8100 manat müəyyən edilmiş, həmin məbləğində qiymətləndirdiyi ziyanın məbləğində 5% ehtiyat hissələrinə endirim nəzərə alınaraq yekun ziyan məbləğini 7695 manat məbləğində qiymətləndirmişdir.
14. İş materiallarında olan DƏN seriyalı 850621 nömrəli, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən X5 (VÖEN **********) «Ford Mustang» markalı avtomobilə dəymiş ziyan aktı üçün 250 manat məbləğində pul ödənilmişdir.
15. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, o, "xxxx" ASC-yə qarşı qanunla və müqavilə ilə öhdəliklərinin pozulması nəticəsində yaranmış 7965 manat məbləğində sığorta ödənişinin, 310 manat məbləğində ekspert xərcinin, 3093,40 manat məbləğində gecikdirməyə görə cərimə məbləğinin, 2924,10 manat məbləğində əldən çıxmış faydanın, 132 manat məbləğində iddianın verilməsinə görə dövlət rüsumunun və 700 manat məbləğində vəkil qonorarının, ümumilikdə 14854,57 manat məbləğində pulun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müracəit etməyə hazırlaşır. Pretenziya alındığı tarixdən 7 iş günü ərzində ümumilikdə 8005 (7985 manat sığorta ödənişi və 310 manat ekspert xərci) manat məbləğində pul vəsaiti ödənilmədiyi təqdirdə o, "xxxx" ASC-yə qarşı ümumilikdə 14854,87 manat məbləğində pulun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsində bank uçot dərəcəsi xx.xx.2022-ci il tarixdə - 7,5%, xx.xx.2022-ci il tarixdə – 7,75% müəyyən edilmişdir.
17. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 9/6677 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə «Müstəqil X1» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı «Ford Mustang» markalı, 10FY630 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7842,0 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «Ford Mustang» markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 952 manat məbləğində qiymətləndirilmişdir.İddiaçı tərəfindən seçilmiş müstəqil sığorta eksperti X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə «Ford Mustang» markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8005,00 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri endirim 5% - 7695,0 manat, təmir işlərinin dəyəri – 310,0 manat məbləğində ziyan dəymişdir. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Ford Mustang» markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 7842,0 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razi deyil. Bu səbəbdən iddiaçı cavabdehdən 7695 manat məbləğində sığorta ödənişinin,310 manat məbləğində ekspert xərcinin, 3093,40 manat məbləğində gecikdirməyə görə cərimə məbləğinin, 2924,10 manat məbləğində əldən çıxmış faydanın, 132 manat məbləğində iddianın verilməsinə görə dövlət rüsumunun və 700 manat məbləğində vəkil xərcinin tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. Qanunun tələbinə əsasən sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında bağlanan ikitərəfli, müəyyən bir hadisənin baş verəcəyi halda gələcəkdə yaranacaq öhdəlik haqqında razılaşma olduğundan konsensual, sığortalının sığorta haqqı ödəməsi müqabilində sığorta ödənişi aldığından əvəzli müqavilədir.
21. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk—sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
23. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.
24. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
25. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.
33. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur.
34. Belə ki, iddiaçı tərəfindən dəvət olunmuş müstəqil X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən «Ford Mustang» markalı,**-FY-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 7695 manat təşkil etmişdir.
35. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, «Müstəqil X1» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı «Ford Mustang» markalı, 10FY630 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7842,0 manat müəyyən edilmişdir.
36. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçıya məxsus avtomaşına dəymiş məbləğ (7842 manat) irəli sürülmüş tələbdən (7695 manat) artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.
38. Məhkəmə həmçinin qeyd edirki, sığorta müqaviləsi üzrə azadolma məbləği 1000 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla yerdə qalan məbləğ (7695 manat -1000 manat = 6695 manat) həddində tələb təmin olunmalıdır.
39. Məhkəmə iddia tələbinin müstəqil ekspertə ödənilən 310 manat xərcinin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçının müstəqil ekspertə müraciət etməsində səbəb cavabdehin iddia irəli sürülən məbləğin tam şəkildə iddiaçıya verilməməsi olduğundan həmin hissədə tələb təmin edilməli və avtomaşının təmiri ilə bağlı tərtib edilmiş rəyə görə iddiaçı tərəfindən ödənilən 310 (üç yüz on) manat məbləğində pul cavabdehdən tutulmalıdır.
40. Məhkəmə iddia tələbinin 3093,40 manat məbləğində gecikdirməyə görə cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Hazırkı halda məhkəmə hesab edir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilərək, sığorta şirkətinin bank fəaliyyəti ilə məşğul olmadığından, gəlirlərinin yüksək olmasına dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir.
44. Məhkəmə iddia tələbinin 2924,10 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
45. Belə ki, cavabdeh tərəfinin yüksək gəlirlər əldə etməsi ilə bağlı, həmçinin iddiaçının özünün qeyd olunan mübahisəli pulun onda olmaması səbəbindən əldən çıxılan faydanın (pulun) qazanılması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
47. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
48. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
51. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, sığorta ödənişinin ödənilməsinin gecikdirməklə ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbi əsaslı hesab etmir.
52. Məhkəmə hüquqi yardım xərcinə görə 700 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir.
53. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
54. Məhkəmə iddia tələbinin nümayəndəyə və vəkilə göstərilmiş yardıma görə 700 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 500 (beş yüz) manat məbləğində pulun tutulması müəyyən edilməlidir.
55. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (122,40 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
57. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Ziyadbəyoviçə məxsus olan 2019cu il buraxılışlı «Ford Mustang» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 6695 (altı min altı yüz doxsan beş) manat sığorta ödənişi, müstəqil ekspertə ödənilmiş 310 (üç yüz on) manat, gecikdirməyə görə 500 (beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat vəkil xərci, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,40 (yüz iyirmi iki manat, qırx qəpik) manat, cəmi 8127,40 (səkkiz min yüz iyirmi yeddi manat, qırx qəpik)) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı Ziyadbəyoviçə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
58. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
59. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı Ziyadbəyoviçə məxsus olan 2019-cu il buraxılışlı «Ford Mustang» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 6695 (altı min altı yüz doxsan beş) manat sığorta ödənişi, müstəqil ekspertə ödənilmiş 310 (üç yüz on) manat, gecikdirməyə görə 500 (beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat vəkil xərci, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,40 (yüz iyirmi iki manat, qırx qəpik) manat, cəmi 8127,40 (səkkiz min yüz iyirmi yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı Ziyadbəyoviçə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov