Məhkəmə qərarları › İş №e-2(006)-2046/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2046/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2046/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 mart 2022-ci il tarixli ALY-783 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 yanvar 2024-cü il tarixə 820,26 manat gecikdirilmiş əsas borc, 230,97 manat gecikdirilmiş mükafat, 393,65 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1317 manat olmaqla, cəmi 2761,88 manat pul vəsaiti və ödənilmiş 48,02 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 mart 2022-ci il tarixli ALY-783 saylı «Daxili lizinq» müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA032739 ban, ağ rəngli avtomobil 20.770 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 483,42 manat, ümumilikdə isə 26.604 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil 08 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.317 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 26 mart 2022-ci il tarixli ALY-783 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 yanvar 2024-cü il tarixə 820,26 manat gecikdirilmiş əsas, 230,97 manat gecikdirilmiş mükafat, 393,65 manat dəbbə pulu, ümumilikdə 1444,88 manat gecikmə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - İddiaçı MMC ilə Cavabdeh arasında 26 mart 2022-ci il tarixli ALY-783 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 20.770 manat təşkil etmişdir. Lizinq alan bu müqavilə imzalandığı gündən 3.400 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilmiş 3.400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 15% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirərək, «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alana təhvil vermişdir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, aktın tərtib edildiyi tarixdə İddiaçı MMCyə məxsus olan «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, avtomobilin qabaq sol qanadının əzildiyi, xırda-para cızıqların, batıqların olduğu aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1.317 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Qüsur aktında təmir və dəyişdirilmə işlərinin məzmunu, eləcə də ehtiyyat hissələrinin adları və onlara görə hesablanmış məbləğlər göstərilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh 26 mart 2022-ci il tarixli ALY- 783 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 yanvar 2024-cü il tarixə 820,26 manat gecikdirilmiş əsas borc, 230,97 manat gecikdirilmiş mükafat və 393,65 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.448,88 manat borcunun yarandığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 26 mart 2022-ci il tarixli ALY-783 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (lizinq obyektinin təhvil verilməsi və s.) yerinə yetirsə də, lizinq alan (cavabdeh) onun üzərinə qoyulmuş öhdəlikləri (lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsi və s.) yerinə yetirməmiş, icra etməli ödənişlərdə gecikmələrə yol vermiş və cavabdehin 08 yanvar 2024-cü il tarixə 820,26 manat gecikdirilmiş əsas borc, 230,97 manat gecikdirilmiş mükafat borcu müəyyən edilir. Bununla da lizinq verənin (iddiaçının) tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmiş digər bir hal ondan ibarətdir ki, müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması səbəbilə 26 mart 2022-ci il tarixli ALY-783 saylı «Daxili lizinq» müqaviləsi üzrə cavabdehin istifadəsinə və sahibliyinə verilmiş lizinq obyekti iddiaçıya təhvil verilmiş və təhvil verildiyi zaman lizinq obyekti olan avtomobilə baxış keçirilərək avtomobildə müəyyən qüsurların olması aşkar edilmişdir. Bununla əlaqədar akt tərtib edilmiş və aktda avtomobildə hansı qüsurların aşkar edildiyi aydın şəkildə qeyd edilmişdir. Akta görə ziyanın məbləği 1.317 manat təşkil edir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması və bununla da dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş ekspertiza nəticəsində məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3706 saylı rəyi daxil olmuşdur. Rəyə əsasən «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 458 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi qüsur aktı ilə ekspertin gəldiyi nəticə avtomobilə ziyan dəyməsi hissəsində üst-üstə düşsə də, ziyanın məbləğinə dair hissədə nəticələr bir-birindən fərqlənmiş, dəymiş ziyan qüsur aktına görə 1.317 manat, ekspert rəyinə görə isə 458 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3706 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, qüsur aktı ilə müqayisədə ekspert rəyində göstərilən qiymətlər hazırda bazar qiymətlərinə daha uyğun olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bununla da məhkəmə iddianın qismən təmin edilməli olması qənaətinə gəlmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 47,62 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumuna gəldikdə isə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 27 manatının və 0,40 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, ALY-783 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 820,26 manat gecikdirilmiş əsas, 230,97 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, lizinq obyekti olan «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 458 olmaqla, ümumilikdə 1559,23 manat borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manatı və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və mükafat məbləğinin tutulması ilə yanaşı, 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ALY-783 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 820,26 manat gecikdirilmiş əsas, 230,97 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, lizinq obyekti olan «Chevrolet Nexia» minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 458 olmaqla, ümumilikdə 1559,23 manat borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manatı və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar