Məhkəmə qərarları › İş №e-2(006)-2053/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2053/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2053/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 iyul 2017-ci il tarixli İ-Pİ-0109/17 saylı könüllü sığorta müqaviləsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin, icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulunun, iddiaçı tərəfindən ödənilmiş 457.00 (dörd yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun "xxxx" ASCdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 20 iyul 2016-cı il tarixində cavabdeh "xxxx" ASC və İddiaçı arasında 1 (bir) il müddətinə BA 648444 saylı Daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanmışdır. Bu Müqavilə üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır. 2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsi səbəbindən tərəflər arasında həmin ev ilə bağlı həm könüllü, həm də icbari sığorta müqavilələri bağlanmışdır. İ-Pİ-0109/17 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən adıçəkilən əmlak xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 125,000.00 manat məbləğində sığortalanmışdır. 2017-ci ilin aprel ayında sığortalanmış əmlakda çatlar yaranmağa başlamışdır. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözügedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh, ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6,260.00 manat olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddiası qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişi tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilmişdir. Həmin qərarın 92-ci bəndində məhkəmə qeyd edir ki, “eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var”. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmiş, mərkəz öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141,548.38 manat məbləgində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən ödənilmiş 25,000.00 manat çıxıldıqdan sonra, vurulmuş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş sığorta məbləği qalır. Adıçəkilən qərarın 101-ci bəndinə əsasən, sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. İş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq, sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda, cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60,000.00 (altmış min) manat məbləğində dəbbə pulu hesablanmışdır. Sonradan "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsinin baş verdiyini və bunun nəticəsində əmlakın qəzalı vəziyyətə düşdüyünü iddia edir. Bu səbəbdən 116,548.00 manat məbləğində sığorta ödənişini tələb edir. Məlumdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İddiaçı yanlış olaraq xx.xx.2017-ci il tarixli hadisəni İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsinin təsir dairəsinə də aid etmək istəyir. Bunun üçün “əmlakın qəzalı vəziyyətə düşməsi" kimi ikinci sığorta hadisəsinin baş verdiyini iddia edir. Halbuki xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir. “PAŞA Sığorta" ASC-nin bu mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında öz təsdiqini tapmışdır. "Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə düşməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir. İkinci tələb ilə əlaqədar bildirir ki, iddiaçı iddia ərizəsində cavabdehin sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli olduğunu, buna baxmayaraq, xx.xx.2023-cü il tarixində onun bank hesabına köçürüldüyünü, sığorta ödənişinin 2400 gündən artıq müddətə gecikdirildiyini iddia edir. Bu səbəbdən 60,000.00 manat məbləğində dəbbə pulu tələb edir. “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, sözügedən maddədə sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir (ödənilir). Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi müzakirə mövzusu ola bilməz. Məhz iddiaçı əsassız olaraq sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə yekunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu öz təsdiqini tapmışdır. İddia olunan 154.579 manat məbləğdən cəmi 29.750 manat məbləğin ödənilməli olduğu qərara alınmışdır. Bu halda sığorta ödənişinin gecikdirilməsi halı mövcud olmuş olsaydı belə, bu, bilavasitə iddiaçının əsassız tələbləri ilə bağlı ola bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu iddiası tamamilə əsassızdır. Bundan əlavə məlumdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddiaçının istinad etdiyi İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi üzrə sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olmuşdur. İddiaçı ikinci sığorta hadisəsinin baş verdiyini və ikinci sığorta hadisəsinin baş vermə tarixinin 2017-ci ilin avqust ayı olduğunu iddia edir. İddiaçı həmin tarixdən həm iddia olunan hadisədən, həm də "xxxx" ASC-nin iddia olunan hadisəyə münasibətindən məlumatlı olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı məhz xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı bu tələb üzrə iddia müddətini ötürmüşdür. Məlumdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən dəbbə pulu tələbi əsas tələbə əlavə tələbdir. Hal-hazırki keysə tətbiqən sığorta ödənişi əsas tələbdir, dəbbə pulu tələbi isə sığorta ödənişi tələbinə əlavə tələbdir. Sözügedən maddə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini vurğulayır. İddiaçının istinad etdiyi RPA********** nömrəli (blankın seriyası: BA nömrəsi 648444) sığorta şəhadətnaməsinin qüvvədə olma müddəti “xx.xx.2016 00:00-xx.xx.2017 23:59” aralığıdır. Hadisənin baş vermə tarixi xx.xx.2017-ci ildir. İddiaçı bu hadisə üzrə sığorta ödənişinin, əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləğin, mənəvi ziyanın, əlavə xərclərin ödənilməsi tələbi ilə xx.xx.2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Lakin buna baxmayaraq, əsas tələbə (sığorta ödənişinə) əlavə tələbi (dəbbə pulunu) irəli sürməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəbbə pulu tələb edir. Müqavilə tələbi hesab olunan sığorta ödənişi əsas tələbi üzrə 3 illik iddia müddətinin keçdiyini nəzərə alaraq, dəbbə pulu əlavə tələbi üzrə də iddia müddəti keçmişdir. Yəni iddiaçı bu tələb üzrə də iddia müddətini ötürmüşdür. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iddia müddətinin əhəmiyyətini vurğulayaraq onun hüquq münasibətləri iştirakçılarını intizamlandırdığını, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyini, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək etdiyini, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərdiyini qeyd edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Hesab edir ki, İddiaçı bu yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə etmək, daha öncəki iddia vasitəsi ilə "xxxx" ASC-dən “qopara bilmədiyi” ödənişləri əldə etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən isə hüquqdan sui-istifadəyə yol verilmir. İddia ərizəsini qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - RPA********** olan BA seriyalı 648444 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2016-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2017-ci il tarixdə qüvvədən düşmüşdür. - RPA********** olan BA seriyalı 763480 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2018-ci il tarixdə qüvvədən düşmüşdür. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X1 iddiasının qismən təmin edilərək, ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış müraciət ilə əlaqədar cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2215/2023 saylı qərarı ilə qərara alınan ”Paşa Sığorta” ASC-dən İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsi ”Paşa Sığorta” ASC tərəfindən tam icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 926.1-ci maddəsinin tələblərinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinin tələblərinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. - 927.1-ci maddəsinin tələblərinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Beləliklə işin araşdırılmış hallarından məlum olur ki, tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat göstərilmişdir. İşdən görünür ki, iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, bu ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yaranmışdır. İddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi mübahisə olunmur və bu hal əvvəlki mübahisə üzrə qəbul edilmiş kassasiya instansiyası məhkəməsinin yekun qərarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2215/2023 saylı qərarından da göründüyü kimi, işin halları ilə müəyyən edilmişdir ki, FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində məlumat "xxxx" ASCnin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Qeyd edilən qərardan görünür ki, iddiaçı əvvəlki mülki iş üzrə tələbində "xxxx"ASCdən sığorta ödənişinə görə 25.000 manat, əmlaka dəymiş əlavə zərər görə isə 116.548 manat pul tələb etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında göstərmişdir ki, cavabdeh iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğundan iddiaçının tələbi yalnız həmin hissədə təmin edilə bilər. Bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulmalıdır. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə düşməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir. Kassasiya instansiyası bu nəticəyə gələrkən ona istinad etmişdir ki, sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin qeyd edilir ki, ödənilməli olan sığorta ödənişinin vaxtında ödənilməməsinə görə vurulmuş zərərlə, baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər fərqli anlayışlardır. Sığortaçı sığorta ödənişini(pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmçinin Mülki Məcəllə ilə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin heç bir halda bu zərər əmlaka sığorta hadisəsi nəticəsində vurulmuş real zərərin tam olaraq sığortaçıdan tutulması ilə nəticələnə bilməz. Çünki əmlaka dəyən zərərin tam ödənilməsinə sığortaçı deyil, zərərvuran şəxs məsuliyyət daşıyır. Buna görə də, əmlaka dəyən əlavə zərər görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarı hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də, həmin qərarla müəyyən edilmiş hallar hazırki iddiaya hüquqi qiymət verilməsi zamanı nəzərə alınmalıdır. İddiaçı hazırki tələbində kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarına istinad edərək "xxxx" ASC-dən zərərvuran kimi sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116,548.00 (bir yüz on altı min beş yüz qırx səkkiz) manat məbləğində sığorta ödənişinin tutulmasını yenidən "xxxx" ASC-dən tələb etmiş və tələbinin əsası kimi xx.xx.2017-ci il tarixli hadisəni İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsinin təsir dairəsinə də aid etməklə “əmlakın qəzalı vəziyyətə düşməsi" kimi ikinci sığorta hadisəsinin baş verdiyini iddia edir. Halbuki, işin materiallarından və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarının 98-ci paraqrafında da görünür ki, xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin sığorta təminatının müddəti “xx.xx.2017 00:00 - xx.xx.2018 23:59” olan İ-Pİ-0109/17 saylı “Əmlak Sığortası” şəhadətnaməsi ilə heç bir bağlılığı yoxdur. Belə ki, “əmlakın qəzalı vəziyyətə düşməsi” sığorta hadisəsi deyil, sığorta hadisəsinin nəticəsidir. Məhkəmə hesab edir ki, kassasiya instansiyası məhkəməsi qeyd etdiyi kimi artıq sığorta ödənişindən deyil, əmlaka vurulmuş zərərin ödənilməsindən söhbət gedə bilər. Belə ki, yekun qərar olaraq əmlaka dəyən əlavə zərərə görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilmişdir. Başqa sözlə, işin araşdırılmış halları onu deməyə tam əsas verir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi "xxxx" ASC-yə qarşı verilməməlidir. Məhkəmə bu nəticəyə gələn zaman iddiaçının iddia tələbini əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilməməsini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (sığorta hadisəsi nəticəsində əmlakına dəymiş ziyan) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 60,000.00 manat məbləğində dəbbə pulu tələbinin əsası kimi cavabdehin sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli olduğunu, buna baxmayaraq, xx.xx.2023-cü il tarixində onun bank hesabına köçürüldüyünü, sığorta ödənişinin 2400 gündən artıq müddətə gecikdirildiyinə istinad edir. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz. Həmçinin iş materiallarından görünür ki, iddiaçı əvvəlki iş üzrə sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə yekunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2215/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu, iddia olunan 154.579 manat məbləğdən cəmi 29.750 manat məbləğin ödənilməli olması təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası bu hissədə də tamamilə əsassızdır. Məhkəmə iddianın qeyd edilən hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəldiyinə görə iddiaçı bu tələb üzrə iddia müddətini ötürməsi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verilməsini zəruri saymır. Göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış sığorta müqaviləsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə «sığorta ödənişinin ödənilməsi və s.» tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar