Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2079/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh MMC-nin direktoru X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz maneələrin aradan qaldırılması və pul” tələbi barədə iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz maneələrin aradan qaldırılması və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərdən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 31.22 m2 sahənin əvəzi olan 62 440 (altımış iki min dörd yüz qırx) manat məbləğin Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 34.15 m2 sahənin əvəzi olaraq 68300 (altmış səkkiz min üç yüz) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın A bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən, ümumi hissəsi 233 m2 olan, 4 otaqdan ibarət, 21 saylı mənzili tikib iddiaçıya təhvil verməli, iddiaçı isə 36 ay müddətinə müqavilə üzrə razılaşdırılmış 279600 (iki yüz yetmiş doqquz min altı yüz) manat məbləği cavabdehə ödəməli idi. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilmiş, bununla bağlı Cavabdeh MMC təfindən borcun tam olaraq ödənilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. İddiaçı mənzilin təmirinə başladıqdan sonra cavabdeh tərəfindən kommunal ödənişlərlə bağlı iddiaçıdan aylıq pul məbləğlərinin ödənilməsi tələb olunmuş, ondan sonra iddiaçı aylıq 50 manat miqdarında kommunal ödənişlər həyata keçirməyə başlamışdır. İddiaçı mənzili təmir edərkən ona müqavilə üzrə təhvil verilməli olan 233 m2 sahənin mövcud vəziyyətdə daha az olmasının fərqinə varmış və dərhal mütəxəssis cəlb edərək ona təhvil verilmiş mənzilin ümumi sahəsini ölçdürmüşdür. Mütəxəssis tərəfindən ölçü işləri aparıldıqdan sonra həmin mənzilin ümumi həsinin 201 m2 olduğu müəyyən olunmuşdur. Daha sonra iddiaçı şifahi olaraq cavabdehə müraciət etmiş və tərəflər arasında bağlanmış müqavilə üzrə ona təhvil verilməli olan mənzilin faktiki sahəsinin 233 m2 yox, 201 m2 olduğu bildirilmişdir. Cavabdeh tərəfindən isə aylıq kommunal haqqının 50 manat miqdarında deyil, bundan sonra 140 manat miqdarında ödəməli olduğunu, həmin kvadrat fərqinə görə isə heç bir ödəniş olunmayacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə həmin mənzilə görə aylıq 140 manat kommunal haqqının çox olmasını, maksimum 60 manat məbləğində kommunal xidmət haqqının ödənilməsinin mümkün olmasını və bunla bağlı tərəflər arasında hər hansı bir müqavilənin olmamasını bildirmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının binaya giriş-çıxışı məhdudlaşdırılmış və onun binanın liftindən istifadəsinə məhdudiyyət qoyulmuşdu. Cavabdeh heç bir əxlaqı normalara əməl etmədən, iddiaçını və onun şəkər xəstəsi olan 76 yaşlı həyat yoldaşını öz mənzillərinə pilləkənlə qalxmağa vadar etmişdir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuş, mülkiyyətində olan mənzildən istifadəsinə qanunsuz məhdudiyyət qoyulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun “müvəqqəti təminat tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş olduğu ərizə təmin olunduqdan və mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən onun və ailə üzvlərinin istifadəsinə maneələrin yaradılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunduqdan və dərhal icraya yönəldikdən sonra maneə aradan qalxmış və onlar sərbəst şəkildə liftdən istifadə edə bilirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X6 iddia ərizəsini qəbul etməmiş və məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə iddiaçı Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan A blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2-dən ibarət 4 otaqlı mənzilinin Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızının mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 279600 (iki yüz yetmiş doqquz min altı yüz) təşkil etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin arayışından görünür ki, Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızına Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan A blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2-dən ibarət 4 otaqlı 21 saylı mənzilinin təmirinə başlamağa icazə verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UNİ/M 13-173/23 saylı mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş binanın 5-ci mərtəbəsində olan 4 otaqlı mənzilin ümumi sahəsi 201.78 m2-dır. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanlamış xəbərdarlıq məktubundan görünür ki, qanunsuz maneələrin aradan qaldırılması və qüsurlu icraya görə 28 m2 sahənin əvəzi olaraq 56000 (əlli altı min) manat məbləğin qaytarılması Cavabdeh MMC-yə təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı tərəfindən mənzilin ümumi dəyəri tam olaraq ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UNİ/M 13-173/23 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan “A” blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2-dən ibarət 4 otaqlı mənzilinin 1,0 m2 üzrə orta bazar qiyməti 2000 manat müəyyən edilmişdir. Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə iddiaçı Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC alıcı X1 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilməkdə olan binada A blokunda 21 saylı mənzil Alıcıya verməyə, Alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 4 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 233 kv.m. Mənzilin ümumi dəyəri 279.600 manat təşkil edir. Müqavilə bağlandığı gün alıcı tərəfindən mənzilin dəyərinin 30%-i dəyərində ödənilir, qalan hissə bərabər hissələrlə olmaqla, ümumi dəyərinin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Ödəniş nağd pulla həyata keçirilir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 233 kv.metr olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kv.m-nin qiyməti 1200 manat olmaqla, ümumi dəyəri olan 279.600 manat alıcı tərəfindən Cavabdeh MMC-ya tam ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə sahəsi 233 m2 olan mənzilin inşa edilərək, ona təhvil verilməsini öhdəsinə götürsə də, faktiki olaraq ona 198,85 m2 sahəsi olan mənzil təhvil verməklə, müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməmiş, hər m2 sahə üçün 1200 AZN hesablanmaqla, çatışmayan 34,15 m2 sahə üçün faktiki olaraq ödədiyi 40.980 AZN həddində əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, mənzillərin yaşayış və qeyri-yaşayış sahələrinin hesablanması Şəhərsalma və tikinti Məcəlləsinin normalarına əsasən hesablanır. Şəhərsalma və tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə, ələlxüsus qeyd edir ki, cavabdeh iddiaçı qarşısında ümumi sahəsi 233 2 m olan mənzilin inşa edilərək təhvil verilməsini öhdəsinə götürmüşdür. Hazırda, mübahisə, mənzilin yaşayış və qeyri-yaşayış sahələrinin düzgün hesablanmaması ilə bağlı deyil, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunan, tərəflər arasında razılaşdırılmış və qiyməti müvafiq şəkildə hesablanmış sahədən az olması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ümumi sahəsi 233 m2 sahəsi olan mənzil deyil, sahəsi daha az olan mənzil təhvil vermişdir. Digər sözlə ifadə etdikdə, cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə işə obyektiv, tam, hərtərəfli baxılması üçün iş üzrə müvafiq ekspertiza təyin edərək, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3888 saylı espert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin faktiki sahəsi 204,9 m2 və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti oəyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmada sahəsi 198,85 m2 təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, cavabdeh iddiaçıya 233 m2 əvəzinə 198.85 m2 mənzili təhvil vermiş və cavabdehin iddiaçıdan mənzilin faktiki sahəsinə uyğun olaraq hesablanan dəyərindən əlavə pul vəsait alması üçün qanuni və ya müqavilə əsası yoxdur. Artıq ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, İddiaçı “müvəqqəti təminat tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə təmin olunaraq mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən ərizəçi İddiaçı və ailə üzvlərinin istifadəsinə maneələrin yaradılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilmişdi. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, həmin qərardad Cavabdeh MMC tərəfindən dərhal icra olunaraq iddiaçının və onun ailə üzvlərinin liftdən istifadəsinə icazə verildiyindən iddianın həmin hissəsi təmin edilməməlidir. İddiaçı X5 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilində ona verilməyən 34.15 m2 sahəni hazırkı qiymətlə 2000 AZN olmaqla hesablanaraq ona verilməsini tələb etsə də, məhkəmə hesab edir ki, həmin məbləğ mənzili aldığı qiymətlə, yəni 1200 manat olmaqla hesablanaraq iddiaçı X3 verilməlidir. Artıq ödənilmiş vəsaitin həcmi hesablanarkən ekspert rəyində olan faktiki sahə əsas götürülməlidir. Beləliklə, müqavilə üzrə mənzilin razılaşdırılmış sahəsi olan 233 m2-dən mənzilin faktiki sahəsi olan 198,85 m2 çıxılmalı, alınan sahə 34,15 m2 təşkil edir ki, mənzilin hər kvadrat metrinin qiymətinin 1200 AZN olması nəzərə alınaraq, iddiaçının artıq ödədiyi vəsait 40.980 (qırx min doqquz yüz səksən) manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəmədən iddia qaldırılması üçün 147.86 (yüz qırx yeddi manat, səksən altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 40.980 (qırx min doqquz yüz səksən) manat məbləğində pul və 147.86 (yüz qırx yeddi manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Cavabdeh MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 40.980 (qırx min doqquz yüz səksən) manat məbləğində pul və 147.86 (yüz qırx yeddi manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2079/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2079/2023
17.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver