Məhkəmə qərarları › İş №e-2(006)-2083/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2083/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2083/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azkommunlahiyə» Kommunal Layihələndirmə İnstitutuna və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azkommunlahiyə» Kommunal Layihələndirmə İnstitutuna və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə sığortalı "xxxx" Şirkətinin filialı arasında bağlanmış 30.01.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış «Mitsubishi Pajero» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 11.08.2021-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi «Qaz-31105» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnməsi ilə əlaqədar sığortalıya 2388,40 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Bundan başqa «Qaz-31105» markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki mülkiyyətçisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azkommunlahiyə» Kommunal Layihələndirmə İnstitutu olduğundan və hadisə zamanı avtomobili həmin institutun sürücüsü olan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki işin materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi sənədlərindən görünür ki, "xxxx" ASC (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi sənədindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azkommunlahiyə» Kommunal Layihələndirmə İnstitutu (VÖEN: **********) təşkilatihüquqi formasına görə digər kommersiya təşkilatıdır və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qərarın 17-ci bəndinə əsasən MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə kommersiya mübahisəsinin subyektlərinin dairəsi kimi kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla) qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – iddiaçı "xxxx" ASC (VÖEN: **********) və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azkommunlahiyə» Kommunal Layihələndirmə İnstitutu (VÖEN: **********) kommersiya hüquqi şəxslərdir, hər iki tərəfin isə kommersiya hüquqi şəxs olduğu halda, onlar arasında olan mübahisənin kommersiya xarakterli olduğa şübhə yaranmır. Göründüyü kimi hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azkommunlahiyə» Kommunal Layihələndirmə İnstitutuna və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar