Məhkəmə qərarları › İş №e-2(006)-2102/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2102/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2102/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 400 AZN borcun, 60 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1200 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1200 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin hazırki vaxta 400 manat əsas borcu, 60 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 400 AZN borcun, 60 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş almasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi imtina edilməsi səbəbindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC 1200 manat dəyərində malı Cavabdeh satmış, Cavabdeh satılmış əşyalara görə ilkin ödəniş etmədən malı qəbul etmiş, 1200 manat borcu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə uyğun olaraq hər ay 100 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, biri 109,25 manat olmaqla 4 ədəd (məbləğ - 437 manat), biri 125 manat olmaqla 4 ədəd (məbləğ – 500 manat), biri 263 manat olmaqla 1 ədəd (məbləğ – 263 manat), cəmi 1200 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC (müştəri) ilə İddiaçı MMC (faktor) arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-149/19 №-li tələbin güzəşti barədə faktorinq müqaviləsindən görünür ki, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İddiaçı QSC tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim edilmiş "xxxx" MMC (müştəri) ilə İddiaçı QSC (faktor) arasında bağlanmış R-149/19 saylı xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, "xxxx" MMC Cavabdeh SRT005329 saylı müqavilə üzrə borclu olduğu 1200 manat dəyərində pulu İddiaçı QSC-yə güzəşt etmişdir. Mülki işin materiallarında olan tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişdən görünür ki, "xxxx" MMC-nin onunla bağladığı xx.xx.2021-ci il tarixli SRT005329 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə Cavabdeh xəbərdar edilmişdir. Mülki işin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, İddiaçı QSC İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Mülki işin materiallarında olan İddiaçı QSC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixli SRT005329 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 60 manat cərimə borcu olmaqla, cəmi 460 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan İddiaçı QSC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 30 manat rüsum ödənilmiş, 0,40 manat isə bank tərəfindən xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SRT005329 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1200 manat dəyərində nisyə aldığı mallarındəyərini ilkin ödəniş etmədən müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 100 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1200 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra edilməmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 400 manat əsas borc, 60 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin tələbi əsas borca münasibətdə təmin edilməli, dəbbə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 60 manat cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 400 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 420 manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 27,30 manat hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan 2,70 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 420 manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 27,30 manat hissəsi və 0,40 manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin, rüsumun qalan 2,70 manat hissəsi isə İddiaçı QSC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar