Məhkəmə qərarları › İş №e-2(006)-211/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-211/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-211/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 29.565 manat sığorta ödənişinin; cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, hazırki iddia verilən vaxtadək 8.986 manat dəbbə pulunun, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 206 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil BA112683 saylı, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətindədir. Bakı şəhər 54 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş «nəqliyyat vasitəsindən istifadə edilməsinə dair» etibarnaməyə əsasən, X9 mülkiyyətində olan «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair İddiaçı xx.xx.2023-cü il tarixədək etibarnamə vermişdir. Qeyd olunan avtomobil İddiaçı tərəfindən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən tam sığortalanmışdır. Bu barədə ona İ- MİC-2377/21 nömrəli, xx.xx.2021-ci il tarixli «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta müddəti 1 il, xx.xx.2022-ci il tarixədək təşkil edir, sığorta məbləği isə 47.000 manat müəyyən edilmişdir. İ-MİC-2377/21 nömrəli şəhadətnamənin ayrılmaz tərkib hissəsi sayılan 3 №-li əlavəyə əsasən tərəflər dəyişiklik etmişlər ki, bu sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edilməyəcəkdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi etibarnamə əsasında İddiaçı tərəfindən idarə olunarkən Qusar rayonu ərazisində, Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır. Hadisə yerinə DYPŞ-nin əməkdaşları gəlmiş, hadisəni qeydə almış, müvafiq sənədləşmə işləri aparılmış və nəticədə Qusar rayon Yol Patrul Xidmətinin baş inspektoru X11 inzibati tənbeh vermə haqqında TP4634387 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisədən dərhal sonra sığortaçı cavabdehin əməkdaşları tərəfindən hadisə yerinə və avtomobilə baxış keçirilmişdir. «X18 Servis Mərkəzi» tərəfindən həmin avtomobilə dair xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktı tərtib edilmişdir. Qeyd olunan akta əsasən ehtiyyat hissələrinin dəyəri və ümumi xidmət haqqı cəmi 29.565 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə və digər müxtəlif orqanlara müraciət olunaraq sığorta ödənişinin həyata keçirilməsi tələb olunsa da, cavabdeh dəfələrlə müxtəlif bəhanələr gətirərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar müvafiq dövlət orqanına sorğu göndərilmişdir. Sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəkdir. Əlavə olaraq bildirmişlər ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər 8.680 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçının istifadəsində olan telefon nömrəsinə SMS göndərərək bildirilmişdir ki, «əmlaka dəymiş zərər 8.680 manat müəyyən edilmişdir. Təmir və ya ödəniş seçimi ilə bağlı qərar 1 gün ərzində bildirilsin». Qeyd olunan məbləğ düzgün hesablanmadığından, eləcə də avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edildiyindən (hansı ki razılaşmaya və 3 saylı Əlavəyə ziddir) iddiaçı bununla razı olmamış və öz iradlarını bildirmiş və avtomobilin yeni detallarla təmir edilməsini xahiş etmiş, lakin cavabdeh bununla razılaşmamışdır. İddiaçı bu barədə müxtəlif orqanlara, eləcə də Mərkəzi Banka da müraciət etmişdir. Bundan sonra, cavabdeh təşkilatın bu məsələyə münasibəti tamamilə dəyişmiş, iddiaçıya qarşı qərəz yaranmış və cavabdeh xx.xx.2021-ci il tarixli məktubla Mərkəzi Banka və iddiaçıya müraciət edərək göstərmişdir ki, «cəlb edilmiş müstəqil ekspertin hadisə ilə bağlı verdiyi rəy ilə sığortalının izahatı üzrə təqdim etdiyi məlumatlar arasında bir çox ziddiyyətli məqamlar olduğu müəyyən edilmişdir. Halhazırda hadisənin təfərrüatlarının aydınlaşdırılması və baş vermiş qəzanın sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılmaqdadır. Nəzərinizə çatdırmaq istərdim ki, baş vermiş qəzanın sığorta hadisəsi olması faktı öz təsdiqini tapdığı təqdirdə vətəndaşa sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edilməyəcəkdir.» Sonradan isə cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, «tərəflərindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət yaratmaqdadır. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib etməkdədir» Bu səbəbədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə və «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının» 23.1.5-ci bəndinə əsasən sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq bildirir ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır». Hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi və həmin mövqeyə əsasən də sığorta ödənişindən imtina etməsi tam qanunsuz və əsassızdır. Belə ki, ilkin olaraq bildirir ki, yol-nəqliyyat hadisəsi baş verəndən dərhal sonra iddiaçı tərəfindən sığorta şirkətinə eləcə də polis orqanına məlumat verilmiş, X20 əməkdaşları, eləcə də cavabdeh təşkilatın əməkdaşları hadisə yerinə gəlmişlər və baş verənlərin canlı şahidi olmuşlar. Hətta yol nəqliyyat hadisəsi baş verməzdən bir neçə dəqiqə və hadisə baş verəndən dərhal sonra videogörüntülər mövcuddur. Cavabdehin imtina üçün bəhanə gətirdiyi xx.xx.2021-ci il tarixli eskpert rəyində hadisə zamanı avtomobilin təhlükəsizlik yastıqlarının açılmasının guya mövcud toqquşma zamanı təsir edən zərbədən açılmadığı, həmin yastıqların açılmasının başqa tarixdə və fərqli şəraitdə baş verməsi və mövcud hadisədən əvvəl avtomobilin qabaq təhlükəsizlik yastıqlarının açılmış vəziyyətdə olmaqla istismar edilməsi, ona görə də «Audi A6» markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə onun qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqənin olmaması qeyd edilmişdir. Qeyd olunan ekspert rəyi tam qanunsuz və əsassız olmaqla yanaşı qərəzlidir və mövcud sübutlarla tam təkzib olunur. Belə ki, ilk növbədə hadisədən bir neçə dəqiqə və hadisədən dərhal sonra çəkilmiş videogörüntülərlə sübut olunur ki, avtomobilin qabaq təhlükəsizlik yastıqları hadisədən öncə açılmış vəziyyətdə olmamış, məhz hadisə nəticəsində açılmışdır, hətta bu zaman təhlükəsizlik yastıqlarından çıxan tüstü də videogörüntülərdə əks olunur. Bundan başqa, cavabdeh öz imtinasında qeyd olunan halları əsas tutaraq, guya iddiaçının dələduzluq yolu ilə sığorta ödənişi tələb etməsi ilə bağlı iddiaçı barəsində Qusar RPŞ-yə müraciət etmiş, lakin cavabdehin müraciətində qeyd olunan hallar öz təsdiqini tapmadığından Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, Qusar Rayon Məhkəməsinin 6(029)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" ASC-nin şikayət ərizəsi təmin edilmiş, Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkəmənin qeyd olunan qərarından görünür ki, hətta məhkəmə iclasında Qusar rayon prokurorunun köməkçisi Kamal Həbibov izahatında bildirmişdir ki, «GPS məlumatlarından görünür ki, Elman Əsədovun idarə etdiyi avtomobil 13-14 km/saat sürətlə hərəkət etmişdir. Ekspert rəyində isə onun 10 km/saat sürətlə hərəkət etdiyi yazılmışdır. "xxxx" ASC ilkin araşdırma dövründə sığortalı İddiaçı dəymiş ziyanın əvəzi kimi 8.680 manat təklif etmiş, lakin İddiaçı həmin ziyanın 20.000 manatdan yuxarı olduğunu bildirərək təklifi rədd etmişdir. Bu səbəbdən də sığorta şirkəti müstəntiqin qərarından şikayət vermişdir». Sonradan yenidən araşdırma aparılmış və yenə də Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan Qərarla həmçinin müəyyən edilmişdir ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətindədir, hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə də təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünür. Bundan əlavə necə ola bilər ki, sığorta ödənişindən qanunsuz olaraq imtina edilməsi üçün bəhanə gətirilən ekspert rəyi xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq, cavabdeh sığorta şirkəti xx.xx.2021-ci il tarixdə, yəni imtina üçün əsas tutduqları əsassız rəyin verilməsindən 24 gün sonra iddiaçının istifadəsində olan telefon nömrəsinə SMS göndərərək əmlaka dəymiş zərərə görə 8.680 manat təklif etsin? Qeyd olunanlardan da aydın olur ki, cavabdehin özünün əldə etdiyi və sığorta ödənişindən imtina üçün əsas tutduğu ekspert rəyi tam qanunsuz, əsassız və qərəzlidir. Göründüyü kimi, cavabdehin məktubunda qeyd etdikləri nə qanunvericilikdə, nə də sığorta müqaviləsində sığorta ödənişindən imtina edilməsi üçün nəzərdə tutulmuş əsas deyildir və bu imtina tam qanunsuzdur. Cavabdeh bu günədək hər hansı bir qanuni əsas olmadan sığorta ödənişini həyata keçirməmişdir. Eyni zamanda cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, qanunvericiliyə və sığorta müqaviləsinə əsasən hər gecikdirilən gün üçün sığorta məbləğinin 0,1 % faizi həcmində, hazırki iddia verilən vaxtadək 8.986 manat, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulu ödəməlidir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə cavabdeh tərəf iddiaya etiraz olaraq cəmi 2 arqument irəli sürmüşdür. Cavabdeh tərəf özünün müraciəti əsasında əldə etdiyi müstəqil ekspert Bahadur Salmanov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli «ekspert rəyi»nə istinad edərək bildirir ki, xx.xx.2021-ci il tarixində avtomobilin maneəyə dəyməsi zamanı təhlükəsizlik yastıqlarının açılması baş verməmişdir, avtomobilin təhlükəsizlik yastıqları mövcud toqquşma zamanı təsir edən zərbədən açılmamışdır, həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də, «Audi A6» markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə onun qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır. Cavabdeh tərəf avtomobilə dəymiş ziyanın, yəni təmir-bərpa xərcinin iddia tələbində göstərilən məbləğdə olmadığını qeyd etmiş və hətta bununla bağlı ekspertiza təyin olunması barədə vəsatət vermişdir. İlkin olaraq qeyd etmək istəyir ki, iş üzrə məhkəmə araşdırmaları zamanı Qusar Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə Qusar rayon prokuroru tərəfindən ləğv edilmiş və material əlavə araşdırmanın başqa müstəntiq tərəfindən aparılması üçün yenidən Qusar RPŞ-nin İstintaq Bölməsinə göndərilmiş və qeyd edilən material üzrə Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyev tərəfindən xx.xx.2022-ci il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Hal-hazırda həmin qərar ləğv edilməmişdir. Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir və qərarda bunlar müəyyən olunmuşdur. X8 izahatında göstərmişdir ki, 22 il elektrik və diaqnostika ustası işləyir, xx.xx.2021-ci il tarixində səhər radələrində Elmin adlı şəxs idarə etdiyi «Audi A6» markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə servisə müraciət etmiş, lakin həmin vaxt onun əlində işi çox olduğu üçün Elmindən avtomobili servisdə saxlayıb, avtomobilə baxış keçirdikdən sonra sonuncuya məlumat verəcəyini bildirmiş, Elmin də öz razılığını vermişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində İddiaçı məxsus «Audi A6» markalı avtomobili diaqnostika edib, avtomobilin su boçokunu dəyişmiş, həmçinin avtomobildə yağ axdığı üçün təmir etmiş, bundan başqa sürücü oturacağın altında olan kabellər dartıldığı üçün kabelləri yerinə taxmış, avtomobilin təhlükəsizlik yastıqları ilə bağlı hər hansı iş görməmiş və bununla bağlı İddiaçı müraciəti də olmamışdır. xx.xx.2021-ci il tarixdə axşam radələrində İddiaçı «Audi A6» markalı avtomobili təhvil vermişdir. X2 izahatında göstərmişdir ki, 2017-ci ildən hal-hazıra kimi "xxxx" ASC-də qəza komissar-mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:40 radələrində "xxxx" ASC Qaynar Xəttindən ona zəng edib, kasko sığortalı müştəriləri İddiaçı idarə etdiyi «Audi A6» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Ləzə kəndi ərazisində YNH-si törətməsi barədə məlumatı aldıqdan sonra dərhal hadisə yerinə getmək üçün yola düşmüş, hava sıx dumanlı olduğu üçün təxminən 1 saat 20 dəqiqə sonra hadisə yerinə çatmış, orada hadisə yerində Qusar RPŞ-nin DYPB-nin 2 polis əməkdaşı, avtomobilin sürücüsü İddiaçı, sərnişin Rəvanə İsayeva, həmçinin adlarını bilmədiyi İddiaçı 2 nəfər cavan oğlan dostları olduğunu görmüşdür. Bundan sonra isə hadisə yerini müayinə edib, hadisə yerində yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmi ilə bağlı şübhəli hər hansı bir hal aşkar etməmiş, sürücüdən hadisə barəsində məlumat alıb, avtomobilin və hadisə yerinin fotoşəkillərini çəkib, Qusar RPŞ-yə getmiş, orada İddiaçı ərizə və izahat alıb, çıxıb getmiş və daha sonra isə toplanmış materialı şirkətin qiymətləndirmə şöbəsinə təhvil vermişdir. Yuxarıda göstərilənlərdən əlavə, Emil Əsədov yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl apardığı videoçəkilişindən də görünür ki, sonuncunun idarə etdiyi avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətdədir. Bundan başqa, Emil Əsədov hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkdiyi şəkillərdə də, təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar olaraq görünür. Araşdırma zamanı «AUDİ A6» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə saat 09:00-dan 22:00-dək və xx.xx.2021-ci il tarixdə isə saat 14:00-dan 15:00-a kimi olan müddət ərzində orta və maksimal sürət, həmçinin qeyd edilən müddətlərdə səyahət əraziləri barədə "xxxx" MMC-yə sorğu göndərilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, «AUDİ A6» markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə 14:00-dan 15:00 kimi olan müddət ərzində orta 13 km/saat və maksimal 46 km/saat sürətlə hərəkətdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1-ci sual üzrə nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən həmin əziklərin nəqliyyat vasitəsinin hərəkət sürətinin hansı hədlərində maneə dəyməsi zamanı yaranmasının müəyyən edilməsinə dair hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığından nəqliyyat vasitələrin üzərində olan əziklərin hərəkət sürətinin hansı hədlərində yaranmasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. 2-7-ci bəndlərdə qeyd olunan suallar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid deyildir. 8-ci sual üzrə nəzəri hesablama yolu ilə, «X18» Servis Mərkəzinin xx.xx.2022ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «AUDİ A6» markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25.161 manat müəyyən olunur. Həmçinin ekspert rəyində müəyyən olunmuşdur ki, nəzəri hesablama yolu ilə, «X18» Servis Mərkəzinin xx.xx.2022ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «AUDİ A6» markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30.535 manat müəyyən olunur. Mülki işin materiallarında olan sübutlara, iddia ərizəsində və yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi tam əsaslı və qanunidir, bu səbəbdən də tam təmin olunmalıdır. Cavabdeh tərəfin etirazının dəlilləri isə tam qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlardan da açıq-aşkar müəyyən olunur ki, cavabdeh tərəfin özünün müraciəti əsasında aldığı müstəqil ekspertin rəyi qanunsuz və əsassızdır. O səbəbdən ki, işin müəyyən olunan halları ilə təsdiq olunur ki, hadisə baş verən zaman avtomobil orta 13 km/saat və maksimal 46 km/saat sürətlə hərəkətdə olmuş, lakin həmin rəydə avtomobilin 10 km/saat sürətlə hərəkət etdiyi yazılmışdır. Bundan başqa, eyni suallar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8872-8/3423 №-li ekspert rəyində hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığı, qeyd olunan sualların məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətlərinə aid olmadığı qeyd olunsa da, göründüyü kimi, cavabdehin təqdim etdiyi rəyi verən müstəqil ekspert bu suallara cavab vermək üçün səlahiyyəti olmadığı halda və öz mülahizəsinə uyğun şəkildə qanunsuz rəy vermişdir. Həmçinin həmin «ekspert rəyi»ndən görünür ki qeyd olunan «rəy»də məlumatın mənbəyi, ekspertizanın təyin edilməsi haqqında cavabdeh "xxxx" ASC-nin 08 noyabr 2021-ci il tarixli müraciəti qeyd olunmuşdur. Yəni ekspert reallığa və faktlara uyğun deyil, cavabdehin dediklərinə əsasən rəy vermişdir. Bundan əlavə, qeyd olunan rəyin və cavabdehin etirazının digər dəlillərinin əsassız olması ilə bağlı istintaq orqanının qanuni qüvvədə olan qərarı, yəni Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı mövcuddur. Həmin qərarla cavabdehin dəlillərinə qiymət verilmişdir, əks halda cavabdehin dəlilləri əsaslı olsa idi İddiaçı barəsində cinayət işi başlanılardı. Eyni zamanda məhkəməyə təqdim olunmuş videogörüntülərlə də təsdiq olunur ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətindədir, hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə də təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünür. Bundan əlavə necə ola bilər ki, sığorta ödənişindən qanunsuz olaraq imtina edilməsi üçün bəhanə gətirilən ekspert rəyinin xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq, cavabdeh sığorta şirkəti xx.xx.2021-ci il tarixində, yəni imtina üçün əsas tutduqları əsassız rəyin verilməsindən 24 gün sonra iddiaçının istifadəsində olan telefon nömrəsinə SMS göndərərək əmlaka dəymiş zərərə görə 8.680 manat təklif etsin? Qeyd olunanlardan da aydın olur ki, cavabdehin özünün əldə etdiyi və sığorta ödənişindən imtina üçün əsas tutduğu «ekspert rəyi» tam qanunsuz, əsassız və qərəzlidir. Göründüyü kimi, cavabdehin məktubunda qeyd etdikləri nə qanunvericilikdə, nə də sığorta müqaviləsində sığorta ödənişindən imtina edilməsi üçün nəzərdə tutulmuş əsas deyildir və bu imtina tam qanunsuzdur. Cavabdeh bu günədək hər hansı bir qanuni əsas olmadan sığorta ödənişini həyata keçirməmişdir. Sığorta hadisəsi nəticəsində dəymiş ziyanla, yəni ödənilməli olan sığorta məbləği ilə bağlə isə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, qeyd olunan avtomobil İddiaçı tərəfindən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən tam sığortalanmışdır. Bu barədə ona İ-MİC-2377/21 nömrəli, xx.xx.2021-ci il tarixli «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta müddəti 1 il, xx.xx.2022-ci il tarixədək təşkil edir, sığorta məbləği isə 47.000 manat müəyyən edilmişdir. İ-MİC-2377/21 nömrəli şəhadətnamənin ayrılmaz tərkib hissəsi sayılan 3 №-li əlavəyə əsasən tərəflər dəyişiklik etmişlər ki, bu sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmlası tətbiq edilməyəcəkdir. İş materiallarında hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı bir neçə sübut mövcuddur. Belə ki, "xxxx" ASC-nin «zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair» xx.xx.2021-ci il tarixli 2 hesabatında müvafiq olaraq 15.591 manat və 16.951 manat və xx.xx.2021-ci il tarixli hesabatında 8.680 manat, eləcə də «X18 Servis Mərkəzi»nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktında 29.565 manat müəyyən edilmişdir. İddiaçı avtomobilini məhz «X18 Servis Mərkəzi»nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktında göstərilən qiymətə, yəni 29.565 manata təmir etdirmişdir. Qeyd olunan məsələ ilə bağlı, Məhkəmə Eskpertizası Mərkəzinin yuxarıda qeyd olunan rəyi ilə də müəyyən olunmuşdur ki, avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30.535 manat müəyyən olunur, avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25.161 manat müəyyən olunur. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin və ona əlavənin şərtlərinə əsasən sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatların köhnəlmə əmsalı tətbiq edilməyəcəyini nəzərə aldıqda, əslində ekspert rəyində qeyd olunan məbləğ iddia tələbində qeyd olunan məbləğdən artıqdır. Lakin buna baxmayaraq, obyektivlik və ədalətlilik baxımından iddiaçı sığorta hadisəsi nəticəsində özü tərəfindən avtobilin təmirinə çəkilmiş real xərci və sığorta ödənişinin əsassız və qanunsuz olaraq gecikdirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada dəbbə pulunu tələb edir. Belə ki, cavabdeh sığorta ödənişini qanunsuz və əsassız olaraq gecikdirdiyi üçün, qanunvericiliyə və sığorta müqaviləsinə əsasən hər gecikdirilən gün üçün sığorta məbləğinin 0,1 % həcmində, hazırki iddia verilən vaxtadək 8.986 manat, eyni zamanda iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunan günədək eyni qaydada (hər gün üçün 29,56 manat) hesablanmaqla dəbbə pulu ödəməlidir (29.565 manat x 0,1% = 29,56 manat x 304 gün (xx.xx.2021-dən xx.xx.2022-dək)=8986 manat). Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı sığorta şirkətinə yanlış məlumat vermişdir. Onların bu barədə məhkəməyə əvvəlki məhkəmə iclasında təqdim etdikləri ekspert rəyində hər şey detallı formada (fotoşəkillərlə və analizlərlə) göstərilmişdir. Aparılmış araşdırmanın yekununda müəyyən edilmişdir ki, iddiaçının təsvir etdiyi hadisə ilə əldə edilən sübutlar bir-birini təkzib edir. Yəni nəticə etibarilə iddiaçının təsvir etdiyi hadisə daha öncə baş vermiş hadisəni pərdələmək üçün törədilmişdir. Avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən qeyd edilən sürətlə hərəkət etdiyi zaman qəza törətsəydi avtonəqliyyat vasitəsinə həmin həcmdə ziyan dəyməsi mümkün deyildir. Avtoservisdə avtonəqliyyat vasitəsi yoxlamadan keçmiş və müəyyən edilmişdir ki, hava yastıqları həmin zərbədən açıla bilməzdi. Servisdə bildirmişlər ki, hava yastıqları həmin hadisə zamanı deyil başqa vaxt baş vermiş hadisə zamanı açılmışdır. Bu barədə avtoservisin rəyi vardır. Bundan əlavə qeyd edir ki, iddiaçı izahatında bildirmişdir ki, hava yastıqları açılandan sonra iddiaçı avtomobili sürərək, həmin yerdən getmişdir. Audi Servisin təlimat kitabçasına baxılsa görünər ki, hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsi mümkün deyildir. Həmçinin onu da qeyd edir ki, verilmiş ekspert rəyində ekspertin əsaslandığı məqamdan biri də istehsalçının kitabçasıdır. Həmin kitabçada qeyd etdikləri əsaslar öz əksini tapmışdır. Onlar hesab edirlər ki, iddiaçı tərəfindən hadisə ilə bağlı "xxxx" ASC-yə yalnış məlumat verilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsini qəbul etmədiyini və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - BA112683 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Audi» markalı «A6» modelli, 2015-ci il buraxılışlı, qara rəngli ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil fiziki şəxs X4 adına qeydiyyata alınmışdır. - «Elektron notariat» X1 çıxarışdan görünür ki, mülkiyyətçi X9 adına qeydə alınmış avtomobilə dair 29 sentyabr 2021-ci il tarixdə İddiaçı adına etibarnamə vermiş, İddiaçı həmin etibarnamə üzrə avtomobildən istifadə etmək hüququ olmuşdur. - AC 016081 nömrəli sürücülük vəsiqəsindən göründüyü kimi, İddiaçı BC kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. - İ-MİC-2377/21 saylı sığorta şəhadətnaməsindən və həmin sığorta şəhadətnaməsinə 3 saylı əlavədən görünür ki, tərəflər arasında fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığorta müqaviləsi bağlanmış və iddiaçının idarə etdiyi avtomobil 47.000 manat sığorta məbləği həddində sığorta edilmişdir. - 02 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı həmin gün saat 14:30-da Qusar-Ləzə yolunun 37-ci kilometrliyində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermişdir. - TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. - Namiq Həsənovun (Audi.az) 18 oktyabr 2021-ci il tarixdə saat 12:47-də Həsən Şıxlıya (Paşa Sığorta) ünvanladığı elektron məktubdan görünür ki, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin elektron diaqnostikası aparılmışdır. 16 oktyabr 2021-ci il tarixdə keçirilmiş elektron diaqnostika zamanı müəyyən olunmuşdur ki, avtomobilin təhlükəsizlik yastıqları xx.xx.2021-ci il tarixdən nasaz olmuşdur. Bort kompüter göstəricilərinə görə, avtomobilin salonunda olan hava yastıqları xx.xx.2021-ci il tarixdə saat 12:31:44-də 90001B (9437211) kodlu hadisə qeyd etmişdir (sürücünün təhlükəsizlik yastığının piropatronu və s.). - "xxxx" ASC-nin 14 dekabr 2021-ci il tarixli 5343/1 saylı məktubundan görünür ki, İddiaçı yuxarıda qeyd olunan hadisə ilə əlaqədar 09 dekabr 2021-ci il tarixli müraciətinə baxılmışdır. İddiaçı bildirilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən müvafiq dövlət orqanına sorğu göndərilmişdir. Mülki Məcəllənin 934.1-ci maddəsinə uyğun olaraq göndərilmiş sorğuya cavab daxil olduğu tarixdən 7 iş günü ərzində hadisənin hansı formada tənzimlənməsi barədə rəsmi məlumat veriləcəyi qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sözügedən hadisə nəticəsində avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 8.680 manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC-nin 21 dekabr 2021-ci il tarixli 5452/1 saylı məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyevin məktubuna cavab verilmişdir. Bildirilmişdir ki, sığortalı İddiaçı müraciəti əsasında sığorta araşdırmasına başlanılmış və müvafiq sənədlər toplanmışdır. Araşdırma nəticəsində «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərinə əməl etməklə cəlb edilmiş müstəqil ekspertin hadisə ilə bağlı verdiyi rəy ilə sığortalının izahatı üzrə təqdim etdiyi məlumatlar arasında bir çox ziddiyyətli məqamlar olduğu müəyyən edilmişdir. Hal-hazırda hadisənin təfərrüatlarının aydınlaşdırılması və baş vermiş qəzanın sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi məqsədi ilə əlavə araşdırma aparılmaqdadır. Nəzərə çatdırılmışdır ki, baş vermiş qəzanın sığorta hadisəsi olması faktı öz təsdiqini tapdığı təqdirdə vətəndaşa sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının köhnəlmə əmsalı tətbiq edilməyəcəkdir. Şirkətin müvafiq struktur bölmələri və əməkdaşları bu barədə məlumatlandırılmış və müvafiq göstərişlər verilmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı 07 yanvar 2022-ci il tarixli 0060/1 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında fiziki şəxslərə təqdim edilən nəqliyyat vasitələrinin tam sığortası müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə ** CB *** dövlət qeydiyyat nişanlı, «Audi A6» markalı nəqliyyat vasitəsi sığorta predmeti kimi qeyd edilmişdir. 02 oktyabr 2021-ci il tarixdə İddiaçı "xxxx" ASC-yə müraciət edərək sığortalı avtomobilə zərər dəyməsi barədə məlumat vermişdir. Həmin müraciət "xxxx" ASC tərəfindən qeydiyyata alınmış və «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə uyğun olaraq hadisənin araşdırılması məqsədi ilə ASC tərəfindən ekspert təyin olunmuşdur. Ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət yaradır. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib edir. İddiaçının nəzərinə Mülki Məcəllənin 935.1.6-cı maddəsinin və «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə» sığorta Qaydalarının 23.1.5-ci bəndinin tələbləri izah edilərək, bildirilmişdir ki, "xxxx" ASC-nin 02 oktyabr 2021-ci il tarixli müraciəti ilə əlaqədar məsuliyyəti yaranmır. - "xxxx" ASC-nin 23 oktyabr 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə ümumilikdə 16.951 manat pul vəsaiti tələb olunur. - 25 aprel 2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair «X18 Servis Mərkəzi» tərəfindən tərtib olunmuş aktdan görünür ki, iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə ümumilikdə 29.565 manat pul vəsaiti tələb olunur. - 15 avqust 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-nin müraciəti əsasında toplanmış HK-1/59 saylı araşdırma materialı üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. - X3 həmin materiala əlavə olunmuş izahatından görünür ki, o, 22 ildir elektrik və diaqnostika ustası kimi işləyir. İddiaçı müştəri kimi tanıyır, bir neçə dəfə onun işlədiyi «Babək Avtoservis»ə gəlmişdir. xx.xx.2021-ci il tarixdə səhər radələrində Elmin idarə etdiyi «Audi A6» markalı avtomobili servisə gətirmiş, həmin vaxt iş çox olduğundan maşını servisdə saxlayıb çıxıb getmişdir. Saat 16 radələrində Elminin avtomobilini diaqnostika etmiş, zəruri işləri görmüşdür. Avtomobillə 1,5-2 saat ərzində işləmiş, su baçokunu dəyişmiş, injektorun işığı yandığından yağ axıtmasını müəyyən edərək, həmin yeri təmir etmiş, maşının sürücü tərəfdən oturacaq yerində səhv verdiyindən, həmin yeri yoxlamış, avtomobilin oturacaqlarına çexol taxılan zaman oturacağın altında olan kabellərin dartılaraq çıxdığını müəyyən edərək, həmin kabelləri yerinə taxmışdır. Həmin işləri qurtardıqdan sonra Elminə bu barədə xəbər vermiş, sonuncu 30 dəqiqə sonra servisə gələrək avtomobili təhvil alıb aparmışdır. Avtomobilin təhlükəsizlik yastıqları ilə bağlı heç vaxt heç bir iş görməmişdir. - Qusar Rayon Prokurorluğunun 01 noyabr 2022-ci il tarixli 401xid-22 saylı məktubundan görünür ki, Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin 15 avqust 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı halhazırda ləğv edilməmişdir. - Bahadur Salmanovun 22 noyabr 2021-ci il tarixli 30 saylı ekspert rəyindən görünür ki, ekspertizanın təyini haqqında müraciətdə göstərilən məlumatlara, nəqliyyat vasitələrinin üzərində olan zədə və izlərə görə aparılan nəqliyyat-trasoloji tədqiqata və nəqliyyat vasitəsinin texniki vəziyyətinin tədqiqinə əsasən, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə xx.xx.2021-ci il tarixdə Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi zamanı təhlükəsizlik yastıqlarının açılması baş verməmişdir. Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik yastıqları mövcud toqquşma zamanı təsir edən zərbədən açılmamışdır. Həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də, Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə onun qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır. Aparılmış tədqiqatın dəyəri 600 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli 9/8872-8/3423 saylı ekspert rəyindən görünür ki, nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən həmin əziklərin nəqliyyat vasitəsinin hərəkət sürətinin hansı hədlərində maneəyə dəyməsi zamanı yaranmasının müəyyən edilməsinə dair hal-hazırda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün təsdiq olunmuş metodik vəsait olmadığından nəqliyyat vasitələrinin üzərində olan əziklərin hərəkət sürətnin hansı hədlərində yaranmasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir (1-ci sual üzrə). Qeyd olunan suallar (2-7-ci suallar) üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - 18 avqust 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən 206 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı X4 mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi «AUDİ A6» minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta məbləği 47.000 manat müəyən edilməklə İ-MİC-2377/21 nömrəli, xx.xx.2021-ci il tarixli «fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə» sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən tam sığortalanmışdır. İddia tələblərinə əsasən xx.xx.2021-ci il tarixdə qeyd edilən avtonəqliyyat vasitəsi etibarnamə əsasında İddiaçı tərəfindən idarə olunarkən Qusar rayonu ərazisində, Qusar- Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramışdır (qayaya çırpılmışdır). Hadisə yerinə DYPŞ-nin əməkdaşları gəlmiş, hadisəni qeydə almış, müvafiq sənədləşmə işləri aparılmış və nəticədə Qusar rayon Yol Patrul Xidmətinin baş inspektoru X11 inzibati tənbeh vermə haqqında TP4634387 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisədən dərhal sonra sığortaçı cavabdehin əməkdaşları tərəfindən hadisə yerinə və avtomobilə baxış keçirilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı avtomobilinin qəza nəticəsində təhlükəsizlik yastıqlarının açılmasını bildirmiş və bu hal hadisə yerinə gələnlər tərəfindən müşahidə olunmuşdur. Sonra o, həmin avtomaşınla hadisə yerindən getmişdir. "xxxx" ASC-nin «zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair» xx.xx.2021-ci il tarixli 2 hesabatında müvafiq olaraq 15.591 manat və 16.951 manat və xx.xx.2021-ci il tarixli hesabatında 8.680 manat, eləcə də «X18 Servis Mərkəzi»nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktında 29.565 manat müəyyən edilmişdir. İddiaçı tərəfin izahatlarına əsasən avtomobilini məhz «X18 Servis Mərkəzi»nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktında göstərilən qiymətə, yəni 29.565 manata təmir etdirmişdir. Hazırda iddiaçı cavabdehin bu günədək hər hansı bir qanuni əsas olmadan sığorta ödənişini həyata keçirməməsini göstərərək cavabdehdən avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 29.565 manat sığorta ödənişinin tutulmasını iddia edir, cavabdeh isə iddiaçının təsvir etdiyi hadisə ilə əldə edilən sübutların bir-birini təkzib etməsi ilə iddiaçının təsvir etdiyi hadisə daha öncə baş vermiş hadisəni pərdələmək üçün törədilməsinə istinad edərək iddiaya etiraz edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. - 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. - 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə hər hansı bir formada bağlanır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. - 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qanunvericiliyə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduğu halda sığorta ödənişi həyata keçirilir. İş materiallarından görünür ki, 02 oktyabr 2021-ci il tarixdə İddiaçı "xxxx" ASC-yə müraciət edərək sığortalı avtomobilə zərər dəyməsi barədə məlumat vermişdir. Həmin müraciət "xxxx" ASC tərəfindən qeydiyyata alınmış və «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə uyğun olaraq hadisənin araşdırılması məqsədi ilə ASC tərəfindən ekspert təyin olunmuşdur. xx.xx.2021-ci il tarixli eskpert rəyinə əsasən xx.xx.2021-ci il tarixdə Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi zamanı təhlükəsizlik yastıqlarının açılması baş verməmişdir. Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik yastıqları mövcud toqquşma zamanı təsir edən zərbədən açılmamışdır. Həmin yastıqların açılması başqa tarixdə və fərqli şəraitdə baş vermiş və mövcud hadisədən əvvəl Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq təhlükəsizlik yastıqları açılmış (nasaz) vəziyyətdə olmaqla istismar edilmişdir. Ona görə də, Audi A6 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin maneəyə dəyməsi ilə onun qabaq təhlükəsizlik yastıqlarının açılması arasında səbəbli əlaqə olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, tərəflərindən ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatlar hadisənin faktiki halları ilə ziddiyyət yaratmaqdadır. Yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri təqdim edilən məlumatları təkzib etməkdədir. Bu səbəbədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı maddəsinə və «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının» 23.1.5-ci bəndinə əsasən sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina üçün əsasdır. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır». Həmçinin iş materiallarından görünür ki, cavabdeh öz imtinasında qeyd olunan halları əsas tutaraq, guya iddiaçının dələduzluq yolu ilə sığorta ödənişi tələb etməsi ilə bağlı iddiaçı barəsində Qusar RPŞ-yə müraciət etmiş, lakin cavabdehin müraciətində qeyd olunan hallar öz təsdiqini tapmadığından Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, Qusar Rayon Məhkəməsinin 6(029)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" ASC-nin şikayət ərizəsi təmin edilmiş, Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Sonradan yenidən araşdırma aparılmış və yenə də, Qusar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X6 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərarla həmçinin müəyyən edilmişdir ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətdə olmaqla, hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünməkdədir. xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022ci il tarixdə Qusar rayon prokuroru tərəfindən ləğv edilmiş və material əlavə araşdırmanın başqa müstəntiq tərəfindən aparılması üçün yenidən Qusar RPŞ-nin İstintaq Bölməsinə göndərilmiş və qeyd edilən material üzrə Qusar RPŞ-nin müstəntiqi, polis kapitanı Ümid Xankişiyev tərəfindən xx.xx.2022-ci il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. İddiaçı tərəf cavabdeh tərəfin özünün müraciəti əsasında aldığı müstəqil ekspert rəyinin qanunsuz və əsassız olmasını belə əsaslandırır ki, işin müəyyən olunan halları ilə təsdiq olunur ki, hadisə baş verən zaman avtomobil orta 13 km/saat və maksimal 46 km/saat sürətlə hərəkətdə olmuş, lakin həmin rəydə avtomobilin 10 km/saat sürətlə hərəkət etdiyi yazılmışdır. Qeyd olunan rəyin və cavabdehin etirazının digər dəlillərinin əsassız olması ilə bağlı istintaq orqanının qanuni qüvvədə olan qərarı, yəni Qusar RPŞnin müstəntiqi, polis kapitanı Ümid Xankişiyevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı mövcuddur. Həmin qərarla cavabdehin dəlillərinə qiymət verilmişdir, əks halda cavabdehin dəlilləri əsaslı olsa idi İddiaçı barəsində cinayət işi başlanılardı. Eyni zamanda məhkəməyə təqdim olunmuş videogörüntülərlə də təsdiq olunur ki, avtomobilin xx.xx.2021-ci il tarixdə hadisədən bir neçə dəqiqə əvvəl sükanı və salonunda olan təhlükəsizlik şarları yerləşmiş hissələr saz vəziyyətdədir, hadisədən sonra avtomobilin təhlükəsizlik şarlarının açılmış vəziyyətdə çəkilmiş şəkillərdə də təhlükəsizlik şarlarının hadisə zamanı açıldığı aşkar görünür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə işin faktiki halları arasında kəskin ziddiyyət olmasına dair cavabdeh tərəfin istinad etdiyi etirazın dəlilləri əsaslıdır. Belə ki, "xxxx" ASC-nin Qusar Rayon Prokurorluğuna ünvanladığı 09 iyun 2022-ci il tarixli 3952/L saylı məktubundan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan verdiyi şikayətində aşağıdakı mühüm və diqqətəlayiq məqamlar yer almışdır: 1) avtonəqliyyat vasitəsinin istifadəçi təlimatında hava şarlarının açılmasından sonra mühərrikin işə salınması, hərəkətə gətirilmənin mümkünsüzlüyü qeyd olunmuşdur. Halbuki İddiaçı verdiyi izahata əsasən hadisə yerinə avtonəqliyyat vasitəsinin işə salınması üçün hər hansı mütəxəssis çağırılmamış, avtonəqliyyat vasitəsini mühərrik hissəsinə müdaxilə etmədən özü işə salmaqla Bakıya qayıtmışdır. 2) avtonəqliyyat vasitəsinin diaqnostikası zamanı məlum olmuşdur ki, hava yastıqları xx.xx.2021-ci il tarixdə açılmışdır. Həmin məktubda həmçinin avtomobilin sürət həddi, GPS məlumatlarına əsasən necə hərəkət etməsi, avtomobilin aşağı sürət həddində hərəkətdə olarkən qaya parçasına dəyməsinin hava yastıqlarının açılmasına səbəb ola bilmədiyi, avtonəqliyyat vasitəsinin diaqnostikası zamanı hava yastıqlarının xx.xx.2021-ci il tarixdə açılması, qeyri-rəsmi məlumata əsasən avtonəqliyyat vasitəsinin hadisədən 1 gün öncə Babək prospektində yerləşən servislərdən birində 7 saat müddətində qaldığı, müstəqil ekspert rəyində göstərilənlər də qeyd olunmuşdur. - Audi markalı A6 modelli avtomobilin hava yastığı sistemi, bu sistemin təsviri və hava yastığı sistemi üçün ümumi təlimatlardan görünür ki: 1) Təhlükəsizliyə görə yüksək risk faktorlu qəza baş verdikdə, təhlükəsizlik yastıqları işə salındıqda, pirotexniki açar işə salınır, avtomobilin akkumulyatorunun alternatoru və starteri bort şəbəkəsindən ayrılır. 2) Təhlükəli toqquşmalarda fövqəladə vəziyyətdən asılı olaraq bir və ya bir neçə hava yastığı sistemi işə salınır. Yüngül və arxa toqquşmalarda, eləcə də avtomobilin aşması zamanı hava yastığı sistemi açılmır. Belə vəziyyətdə, sərnişinlər adətən bərkidilmiş təhlükəsizlik kəmərləri ilə qorunur. 3) Hər bir konkret vəziyyətdə təhlükəsizlik yastıqlarının açılması üçün vahid meyarlar yoxdur. Bu, qəzaların son dərəcə fərqli xüsusiyyətləri ilə bağlıdır. Məsələn, avtomobillə toqquşma obyektinin xüsusiyyətləri (bərk, yumşaq), toqquşma bucağı, avtomobilin sürəti və s. kimi amillər mühüm rol oynayır. Məhkəməyə təqdim edilmiş Audi Servisin təlimat kitabçasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Audi markalı A6 modelli avtomobilin hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə hüquqi qiymət verilərkən, həmçinin avtomobilin istehsalçısı tərəfindən təsbit olunmuş parametrlər və bort kompüterin göstəricilərinin əsas götürülməsi də məqsədəmüvafiqdir. Çünki, istehsalçı tərəfindən təsbit olunmuş texniki göstəricilər və bort kompüter məlumatları tərəflərdən heç birinin müdaxilə edə bilməyəcəyi, heç kimin kaprizindən asılı olmayan sabit sübut növləridir. Həmin məlumatlara istinadən aşağıdakıların qeyd edilməsi zəruridir: - iddiaçının avtomobilinə dair istehsalçının məlumatlarına görə avtomobilin təhlükəsizlik yastıqları açılandan sonra avtomobil kilidlənir və hərəkətsiz hala gəlir. Əlavə müdaxilə olmasa, avtomobilin hərəkətə gətirilməsi mümkün deyil. İddiaçı tərəf isə izahatında hadisədən sonra avtomobilə minərək uzun yol qət edildiyi və Bakı şəhərinə gəlməsi qeyd olunur. Lakin bu yuxarıda qeyd edilənlərə əsasən qeyri-mümkündür. - ikinci və ən əsas məqam, bort kompüter göstəricisidir və təhlükəsizlik yastıqlarının açılması (nasazlığı) vaxtı kimi iddiaçının iddia ərizəsində qeyd ediləndən bir gün öncəki tarix və vaxt təsbit olunmuşdur, 01 oktyabr 2021-ci il, saat 12:31:44. Bu isə iddiaçının iddia ərizəsində göstərdiyi kimi, 02 oktyabr 2021-ci il tarixdə baş verməsi qeyd olunan yolnəqliyyat hadisəsi vaxtı təhlükəsizlik yastıqlarının açılmasını istisna edir. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəf iddiaçı tərəfə sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Çünki, sığorta hadisəsinin məhz 02 oktyabr 2021-ci il tarixdə baş verməsində əsaslı şübhələr var, avtomobil ya bundan öncə hər-hansı qəzaya düşmüş və təhlükəsizlik yastıqları açılmış, yaxud avtomobildə texniki nasazlıqlar olması səbəbindən həmin yastıqlar buna zərurət olmadan işə düşmüşdür. Hər bir halda təhlükəsizlik yastıqları ilə bağlı hal 02 oktyabr 2021-ci il tarixdə baş verməsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqəli deyil, bundan öncəki dövrdə baş verən, məhkəməyə məlum olmayan hal ilə əlaqəlidir. Məhkəmə xx.xx.2021-ci il tarixdə baş vermiş qəza nəticəsində «Audi» markalı «A6» modelli, 2015-ci il buraxılışlı, qara rəngli ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin hava yastıqlarının açılmasından sonra avtomobilin mühərrikinin işə salaraq həmin avtomaşınla hadisə yerindən getməsinə dair işin müəyyən edilmiş halına da qiymət verərək hesab edir ki, hava yastıqları açıldıqdan sonra kənar müdaxilə olmadan avtomobilin hərəkət etdirilməsinin mümkün olmamasına dair kifayət qədər sübutların mövcudluğu, iddiaçının avtonəqliyyat vasitəsi idarə olunarkən Qusar rayonu ərazisində, Qusar-Ləzə yolunun 37-ci kilometrliyində qəzaya uğramasından (qayaya çırpılması), sonra həmin avtomaşını hava yastıqları açılmış vəziyyətdə yenidən mühərriki işə salmaq yolu ilə idarə etməklə hadisə yerindən getməsi kimi iddiaçı tərəfin izahatının nə dərəcədə səmimi və həqiqətə uyğun olmasını şübhə altına almağa kifayət qədər əsas yaradır. Bir sözlə, iddiaçı tərəfin avtomobilin qabaq təhlükəsizlik yastıqlarının hadisədən öncə açılmış vəziyyətdə olmaması, məhz hadisə nəticəsində açılmasına irəli sürdüyü dəlillər və sübut əhəmiyyətli hesab etdiyi sənədlər kifayət qədər mötəbər və tutarlı sübut növləri kimi qiymətləndirilmir. Belə ki, məhkəmə cavabdeh tərəfin ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş qəza üzrə sığortalı tərəfindən təqdim edilən məlumatların hadisənin faktiki halları ilə ziddiyyət yaratmasına dair dəlillərinin daha inandırıcı saymaqla onlarla razılaşır və hesab edir ki, yol-nəqliyyat hadisələrinin ekspertizası təcrübəsi və sığortalı avtomobilin texniki xüsusiyyətləri iddiaçı tərəfindən təqdim edilən məlumatları təkzib edir. Məhkəmə ekspert rəyi ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Belə olan halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından təqdim edilmiş ekspert rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımır. Beləliklə də, məhkəmə hesab edir ki, Mülki Məcəllənin 935.1.6-cı maddəsinin və «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə» sığorta Qaydalarının 23.1.5-ci bəndinin tələblərinə əsasən "xxxx" ASC-nin iddiaçının 02 oktyabr 2021-ci il tarixli müraciəti ilə əlaqədar məsuliyyəti yaranmamışdır. Belə olan halda isə iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar