Məhkəmə qərarları › İş №e-2(006)-2111/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2111/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2111/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İcraçı» Cavabdeh MTK ilə «Sifarişçi» İddiaçı arasında Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-masazır şossesi ünvanında yerləşən və kooperativə məxsus olan yaşayış kompleksinin 2-ci binanın, 4-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 69,15 kv.metr olan 2 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişin və müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqavilə üzrə öhdəliklərin icrasının və İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsinin Cavabdeh MTK tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın (mənzilin) sifarişi haqqında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» Cavabdeh MTK Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən və kooperativə məxsus olan yaşayış kompleksinin 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69,15 kv.m olan, 2 otaqlı 52 N-li mənzili inşa edib təmirsiz vəziyyətdə «Sifarişçiyə» təhvil verməyi və kommunal xidmətlər göstərməyi, «Sifarişçi» isə mənzilin dəyərini bu müqaviləyə əsasən 60 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Mənzil üzrə hər ay ödəniş «Aylıq ödəniş cədvəli»nə əsasən 1207,5 manat müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən ödənişlər xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın 4-ü ödənilməlidir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən mənzilin dəyəri ödənilib başa çatanadək «Sifarişçi» mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməz, əgər mənzilin dəyərini bu müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil «İcraçı»ya geri qayıdır, həmin mənzil satılır və «Sifarişçi»nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ «Sifarişçi»yə qaytarılır. Sifarişçi tərəfindən xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 1207 manat və xx.xx.2024-cü ildə 1207 manat məbləğində ödənişlər edilmişdir. 2024-cü ilin fevral ayının 15-i iddiaçı növbəti ödəniş etmək üçün cavabdehin yerləşdiyi ofisə yaxınlaşmış, lakin oradan ona bildirmişlər ki, mənzilə dair bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edilmiş, mənzil artıq iddiaçıya məxsus deyil və satışa çıxarılmışdır. Mənzil satıldıqdan sonra müqaviləyə görə ödənişlər geri qaytarılacaqdır. İddiaçı bu hərəkətlərin qanunsuz olmasını və ödənişlərin qəbul edilməsini tələb etsə də, cavabdeh ödənişləri qəbul etməkdən imtina etmiş və 14 fevral 2024-cü il tarixdə iddiaçıya bildiriş göndərərək müqaviləyə xitam verilməsini və mənzilin satışa çıxarıldığını bildirmişdir. Hesab edir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bildiriş və müqavilənin icrasından imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Mülki Məcəllənin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi, müqavilə tərəfinin tələbi ilə müqavilə yalnız o halda ləğv edilə bilər ki, qarşı tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun. İddiaçı tərəfindən ödənişlər həyata keçirilsə də, onlar tam cədvələ uyğun həyata keçirilməmişdir. Belə ki, ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixdə edilməli olan ödəniş xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə edilməli olan ödəniş 11 yanvar 2024-cü ildə edilmişdir. Ödənişlər gecikmə ilə aparılsa da, cavabdeh ödənişləri qəbul etmiş və buna hər hansı etirazını bildirməmişdir. 15 fevral 2024-cü il ildə növbəti ödənişi həyata keçirmək istəyərkən cavabdeh ödənişi qəbul etməmiş və müqavilənin ləğv edilməsi ilə bağlı ünvanıma artıq bildirişin göndərilməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ödənişlər cədvəl üzrə iki dəfə ardıcıl olaraq pozulsa da, həmin pozuntu əhəmiyyətli olmamış, hər iki ödəniş cavabdeh tərəfindən qəbul edilmiş və həmin gecikmələrə hər hansı etiraz bildirilməmişdir. Cavabdeh müqavilə üzrə ödənişləri qəbul etməkdən imtina etməklə, faktiki olaraq müqavilənin icrasından birtərəfli qaydada imtina etmişdir. Lakin həmin imtina müqavilənin birtərəfli qaydada ləğv edilməsi və ya xitam verilməsi anlamına gəlmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəməyə daha öncədən ünvanlamış olduqları etiraz ərizəsini müdafidə edərək bildirdi ki, iddiaçı müqavilənin ləğvi əsası kimi olan aylıq pul ödənişlərinin müqavilənin əhəmiyyətsiz pozuntu olduğunu əsas gətirir. Birincisi, şəxs artıq elə ilk aylardan gecikmələrlə ödənişlər edib, ikincisi, gecikmə 2 ay 11 gündür. Bu müddət kifayət qədər əhəmiyyətli bir zamandır və müqavilə şərtinin pozuntusudur. Yəni şəxs xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ödəniş etməmiş, yanvar ayında qrafik üzrə dekabrın ödənişini edərək öhədliyini bitmiş hesab etmiş, xx.xx.2024 və xx.xx.2024-cü il üçün heç bir ödəniş etməmişdir. Sanki yanvarda ödəmə etməsini özünə bəraət qazandıran hal kimi bu gün də məhkəmədə bildirir. İddiaçının ödənişləri bu formada gecikdirməklə ödəməsini sanki normal ödəniş periodu kimi göstərməsi və cavabdehin yerinə bu pozuntunun əhəmiyyətsiz olması qənaətinə gəlməsi qəbul edilməzdir. İddiaçı həm gecikdirməni qəbul edir, həm də ona haqq qazandırmağa çalışır. Müqavilə öhdəlikləri vicdanla icra edilməlidir. İddiaçı müqavilə öhdəliyinin heç bir ay da olsun icrasını vicdanlı icra etməmiş, gecikdirmələr etmiş, indi də məhkəməni bunu normal hal kimi, qanun və müqavilə pozuntusu kimi qəbul etməməsini xahiş edir. Müqavilə tərəflərin iradəsinə uyğun bağlanır, cavabdeh bu gün 2 ay 10 gün müddətində müqavilə öhdəliyini pozmanı əhəmiyyətli hesab edir. Digər tərəfdən müqavilədə bu şərt nəzərdə tutulduğundan iddiaçı belə pozuntulara yol verəcəyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini bilmiş və qəbul etmişdir. Təcrübə göstərir ki, müqavilə öhədliyinə vicdanlı yanaşan alıcı 60 aylıq müqavilənin ilk ayından etibarən gecikmələrə yol vermir. Əgər şəxsə elə ilk aylarda belə pozuntulara yol verirsə, maddi vəsaiti vaxtlı-vaxtlı ödəmələr etməyə imkan vermirsə və yaxud maddi vəsaiti olmasına baxmayaraq, öhdəliyini gec icra etməyə meyillidirsə bu müqavilə tərəfi kimi cavabdehin müqavilə şərtlərinə uyğun davranmağa məcbur edir. Belə müqavilə tərəfinə inam itir, müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu meydana çıxır. Belə vəziyyətdə müqavilə münasibətlərini davam etdirmək cavabdehin vəzifəsi, öhdəliyi deyil, hüququdur. Məhkəmənin ödəniş cədvəlindəki gecikmələri və son olaraq 2 ay 10 gün müddətində qrafik üzrə ödəniş etməməsini nəzərə almasını xahiş edirlər. Odur ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz əmlakın (mənzilin) sifarişi barədə 04 oktyabr 2023-cü il tarixli müqaviləyə görə müqavilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmışdır. Müqavilənin: * 1.1-ci bəndinə əsasən «İcraçı» Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı- Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69.15 kv.metr olan 2 otaqlı 52 nömrəli mənzili inşa edib təmirsiz vəziyyətdə «Sifarişçi»yə təhvil verməyi və kommunal xidmətlər göstərməyi, «Sifarişçi» isə mənzilin dəyərini bu müqaviləyə əsasən 60 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürür. * 1.2-ci bəndinə əsasən «Sifarişçi»nin bu müqavilədə nəzərdə tutulan mənzilə görə hissə-hissə ödədiyi məbləğ (əlavədəki cədvəl üzrə) onun ümumi məbləğinə aid edilir. Ödəniş cədvəli müqavilənin tərkib hissəsidir və bu müqavilə olmadan etibarsız hesab sayılır. * 2.7-ci bəndinə əsasən mənzilin dəyəri ödənilib başa çatanadək «Sifarişçi» mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməz, əgər mənzilin dəyərini bu müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtdında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəyə bilməzsə mənzil «İcraçı»ya geri qayıdır, həmin mənzil satılır və «Sifarişçi»nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğ «Sifarişçi»yə qaytarılır. * 3.1.6-cı bəndinə əsasən «İcraçı», ödəniş cədvəlinə uyğun olaraq iki ay ardıcıl ödənişlər edilmədiyi təqdirdə bu müqaviləyə birtərəfli qaydada xitam vermək, mənzili satışa çıxarmaq və əldə olunan vəsait hesabına «Sifarişçi»nin ödədiyi pul məbləğini 10% tutqu tutaraq ona geri qaytarmaq hüququna malikdir. * 3.2.2-ci bəndinə əsasən «Sifarişçi» mənzilin dəyərini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəniş qrafikinə əsasən «İcraçı»ya ödəməyi öhdəsinə götürür. Əks təqdirdə müqavilə birtərəfli qaydada ləğv edilir. * 3.7-ci bəndinə əsasən «Sifarişçi» tərəfindən mənzilə görə bu müqavilənin şərtlərinə əsasən müəyyən edilmiş ödənişlər (əsas borc və cərimə) 2 ay müddətində ödənilmədikdə müqavilənin predmeti olan 52 saylı mənzili boşaldaraq, olunmuş daxili dəyişikliklər «İcraçı» tərəfindən qəbul edilmədiyi halda, binanın qeyd olunmuş çertyoj planına əsasən təhvil vermək öhdəliyi daşıyır. Bu zaman «Sifarişçi»nin ödədiyi məbləğdən mənzilin müqavilə üzrə dəyərinin 10%-i «İcraçı»ya qalmaq şərtilə yerdə qalan məbləğ həmin mənzil satıldıqdan sonra və ya «Sifarişçi»nin imzaladığı əlavə müqavilənin bəndləri əsas götürülərək cərimələr tutulur, qalan vəsait həmin mənzil satıldıqdan sonra əlavə müqavilədə nəzərdə tutulmuş qaydada «Sifarişçi»yə qaytarılacaqdır. - Müqaviləyə əlavə edilmiş aylıq ödəniş cədvəlindən görünür ki, «Sifarişçi» ilkin ödəniş olaraq 5.000 manat, qalan 60 ay müddətində isə hər ay 1207,5 manat olmaqla, ümumilikdə 77.448 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ödənişin başlanğıc tarixi xx.xx.2023-cü il tarix olmaqla, ödəniş hər növbəti ayın 4-ü həyata keçirilməlidir. - Kassa mədaxil orderlərinin surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin ödəniş qismində 5.000 manat, xx.xx.2023-cü il tarixdə 1207 və xx.xx.2024-cü il tarixdə 1207 manat məbləğində ödəniş edilmişdir. -Cavabdeh MTK-nın İddiaçı ünvanlanmış olan xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı tərəfindən öhdəliyin yerinə yetirilmədiyi, sözügedən müqavilənin 3.1, 3.7, 3.8 və 3.9-cu bəndlərinə əsas verərək müqaviləyə birtərəfli xitam verildiyi, müqavilənin predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın 4-cü girişin 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 52 saylı mənzilin imzalanmış olan əlavə müqaviləyə əsasən satışa çıxarıldığı bildirilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Həmçinin, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında 04 oktyabr 2023-cü il tarixdə daşınmaz əmlakın (mənzilin) sifarişi barədə müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. «İcraçı»nın (Cavabdeh MTK-nın) öhdəliyi Abşeron rayonu, Saray qəsəbəsi. Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus olan yaşayış binasının 2-ci binanın, 4-cü blokun, 7-ci mərtəbəsi, ümumi sahəsi 69.15 kv.metr olan 2 otaqlı 52 nömrəli mənzili inşa edib təmirsiz vəziyyətdə «Sifarişçi»yə (İddiaçı) təhvil vermək və kommunal xidmətlər göstərmək, «Sifarişçi»nin (İddiaçı) isə öhdəliyi mənzilin dəyərini 60 ay müddətində hissə-hissə ödəməkdən ibarət olmuşdur. Müqavilənin əsas şərtlərindən biri isə «Sifarişçi» tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyi, yəni müqavilənin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq vaxtlı-vaxtında (iki ay ardıcıl olaraq cədvəl üzrə tam ödəniş etməzsə) ödəniş edilmədiyi təqdirdə, mənzilin «İcraçı»ya geri qayıtması, satılması və «Sifarişçi»nin imzaladığı əlavə müqavilədə qeyd olunan şərtlər ilə cərimə tutularaq qalan məbləğin «Sifarişçi»yə qaytarılmasından ibarət olmuşdur. Lakin göründüyü kimi, iddiaçı tərəfindən həmin şərtlərə əməl edilməyərək, ödənişlərdə dəfələrlə gecikmələrə yol verilmiş və bu gecikmələr Cavabdeh MTK-nın müqaviləyə birtərəfli qaydada xitam verməsinə səbəb olmuşdur. İş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən ilkin ödənişdən savayı iki ay üçün ödəniş edildiyi müəyyən olunsa da, bu ödənişlər də vaxtlı-vaxtında həyata keçirilməmişdir. Belə ki, müqaviləyə əlavə olan cədvələ görə ödənişlər hər ayın 4-ü həyata keçirilməklə, ödənişin başlanğıc tarixi 04 noyabr 2023-cü il müəyyən edilmişdir. İddiaçı isə 04 noyabr 2023-cü il tarixində etməli olduğu ödənişi 30 noyabr 2023-cü il tarixində, 04 dekabr 2023-cü il tarixində isə etməli olduğu ödənişi 11 yanvar 2024-cü il tarixdə gecikmələrlə həyata keçirmişdir. İddiaçının əsas dəlillərindən biri gecikmələrlə olsa belə etmiş olduğu ödənişlərin cavabdeh tərəfindən qəbul edilməsi və bu məsələ ilə əlaqədar ona hər hansı bir etirazın bildirilməməsi ilə bağlı olmuşdur. İddiaçının bu dəlilinə isə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış olan etiraz ərizəsində aydınlıq gətirilmiş və bildirilmişdir ki, gecikmələrlə edilmiş olan ödənişlər onlar tərəfindən qəbul edilmiş olsa da, bu ödənişlər gecikdirilmiş aylar üzrə edilməli olan ödəniş qismində qəbul edilmişdir. Yəni iddiaçının yanvar ayının 11-i etdiyi ödəniş əslində gecikdirmiş olduğu dekabr ayı üçün nəzərə alınmış və bununla da iddiaçı mahiyyət etibarı ilə yanvar ayı üçün etməli olduğu ödənişin də vaxtının gecikdirilməsinə səbəb olmuşdur. Nəticədə iddiaçı müqavilə şərtlərini pozaraq iki ay ardıcıl olaraq ödəniş etməmiş və müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyin icrasını pozmuşdur. Bütün yuxarıda sadalanmış hallar isə cavabdehə müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinə haqq qazandırmış və onun tərəfindən hər hansı pozuntuya yol verilməsinə səbəb olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmasını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçının öhdəliklərini icra etməməsi müqavilənin birtərəfli qaydada ləğvinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin icrasından imtinanın, birtərəfli qaydada ləğv edilməsinin və müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin qanunsuz sayılması, mənzil üzrə ödənişlərin qəbul edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar