Məhkəmə qərarları › İş №e-2(006)-2131/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2131/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2131/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «****» QSC-nin cavabdeh AAA oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» QSC cavabdeh AAA oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs BBB oğlu ilə cavabdeh AAA oğlu arasında bağlanmış VSN000106 saylı 16.09.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 360 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan “Ödəniş cədvəli”nə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “****” MMC ilə fiziki şəxs BBB oğlu arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs BBB oğlunun AAA oğluna qarşı olan 360 manat məbləğindəki tələb hüququ “****” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “****” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. “****” MMC 18.11.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, cavabdehin bu günə 360 manat əsas borcu, 54 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Göstərilənlərə əsasən cavabdeh AAA oğlundan “****” QSC-nin xeyrinə VSN000106 saylı 16.09.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 360 manat borcun, 54 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs BBB oğlu ilə AAA oğlu arasında bağlanmış 16.09.2021-ci il tarixli, VSN000106 saylı nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, BBB oğlu cavabdeh AAA oğluna 1 ədad Android monitoru 360 manata satmış, cavabdeh AAA oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə, hər ay 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 16.09.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, alıcı 360 manat dəyərində olan Android monitoru təhvil almışdır. 16.07.2021-ci il tarixli, R-888/21 saylı faktorinq müqaviləsinə və müqaviləyə əlavə olunan 24.09.2021-ci il tarixli, R-888/21-0011 saylı sazişə əsasən BBB oğlu tərəfindən AAA oğluna qarşı olan pul tələbi «****» Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. «****» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 25.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh AAA oğlunun «****» Qapalı Səhmdar Cəmiyyətinə 16.09.2021-ci il tarixli, VSN000106 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 360 manat əsas borc, 54 manat cərimə olmaqla, cəmi 414 manat borcu vardır. «****» QSC tərəfindən AAA oğluna ünvanlanmış 26.02.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, fiziki şəxs BBB oğlu ilə AAA oğlu arasında bağlanmış 16.09.2021-ci il tarixli, VSN000106 saylı nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, BBB oğlu cavabdeh AAA oğluna 1 ədad Android monitoru 360 manata satmış, cavabdeh AAA oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə, hər ay 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, 16.07.2021-ci il tarixli, R-888/21 saylı faktorinq müqaviləsinə və müqaviləyə əlavə olunan 24.09.2021-ci il tarixli, R-888/21-0011 saylı sazişə əsasən BBB oğlu tərəfindən AAA oğluna qarşı olan pul tələbi «****» Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun «****» QSC-yə müqavilə üzrə 360 manat məbləğində əsas borc və 54 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 655.1ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı 16.09.2021-ci il tarixli, VSN000106 saylı nisyə alqısatqı müqaviləsi üzrə cərimə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu azaldılaraq 20 (iyirmi) manat məbləğində dəbbə pulu müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh AAA oğlundan 16.09.2021-ci il tarixli, VSN000106 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 360 (üç yüz altmış) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi olmaqla, cəmi 410,40 (dörd yüz on manat qırx qəpik) manat məbləğində pul alınaraq «****» QSC-yə verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh AAA oğlundan 16.09.2021-ci il tarixli, VSN000106 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 360 (üç yüz altmış) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi olmaqla, cəmi 410,40 (dörd yüz on manat qırx qəpik) manat məbləğində pul alınaraq «****» QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar