Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2156/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsindən 10.036 manat maddi zərərin əvəzi, 50.000 manat əldən çıxmış faydanın əvəzi və 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Yuryeviç Ukrayna vətəndaşıdır, beynəlxalq yük daşımaları sahəsində çalışır və ağır tonnajlı yük avtomobilinin sürücüsü kimi İran İslam Respublikası, Türkiyə Cumhuriyyəti və s. yaxın Şərq ölkələrindən Rusiya Federasiyasına, Ukraynaya və Avropa istiqamətinə işləyir, Azərbaycan Respublikası ərazisindən tranzit ölkə kimi istifadə edir. İddiaçı 08 avqust 2020-ci il tarixdə İran İslam Respublikasında olarkən “X4 order X8 Shomal” şirkəti Ukraynanın Xarkov şəhərində yerləşən “Private enterprise santa-frukt” şirkətinə xurma və kişmiş yükünün aparılması barədə onunla müqavilə bağlamışdır. İddiaçı 09 avqust 2020ci il tarixdə Azərbaycan Respublikasının “Astara” gömrük postuna yaxınlaşmış, kinoloqlar və gömrükçülərin iştirakı ilə yükə baxış keçirilərkən xurma qutularının içindən ümumilikdə 5200 qram narkotik maddə aşkar edilmişdir. 10 avqust 2020-ci il tarixdə İddiaçı Yuryeviç şübhəli şəxs kimi saxlanılmış, 11 avqust 2020-ci il tarixdə AR CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(099)-290/2021 saylı hökmü ilə İddiaçı barəsində bəraət verilmişdir, seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və saxlanıldığı İstintaq Təcridxanasından azadlığa buraxılması qərara alınmışdır. Həmin hökmdən ittiham tərəfi protest vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli 1(106)-626/2021 saylı qərarı ilə protest təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin istintaqı və məhkəmə baxışı dövründə, yəni 12 avqust 2020-ci il tarixdən 20 may 2021-ci il tarixədək Bakı istintaq Təcridxanasında saxlanılmışdır. Ümumiyyətlə, İddiaçı saxlanıldığı andan azadlığa buraxıldığı vaxtadək toplam 285 gün azadlıqdan məhrum edilmişdir. Qanunsuz həbsetmə ilə bağlı iddiaçıya maddi zərər də vurulmuşdur. Belə ki, onun idarə etdiyi “Renault Maqnum” modelli AX 6485 CP nömrəli yük avtomobili və “Schvarzmuller” markalı “Spa-3E” modelli AX 5242 XO nömrəli yük qoşqusu saxlanılan vaxt Cənub Gömrük İdarəsinə xidmət edən “Azərterminal kompleks” Birliyinin cərimə meydançasına qoyulmuş və sonradan həmin avtomobili oradan geri götürmək üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 9.381 manat ödəniş edilmiş, bundan başqa ölkəni Qazax rayon ərazisindən tərk edərkən “Qərb” gömrük postunda avtomobilin depozitsiz bütün bu müddət ərzində ölkədə qalmasına görə 335 manat saxlanc pulu və 20 manat dayanacaq pulu ödəməli olmuş, həmçinin, elə həmin sərhəd məntəqəsinə xidmət göstərən Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ tərəfindən ölkədə “qeydiyyatsız qalma” şərtlərinin pozulması səbəbilə 300 manat cərimə edilmişdir. Yəni, qanunsuz həbsetmə nəticəsində yuxarıdakı səbəblərdən iddiaçıya toplam 10.036 manat maddi zərər vurulmuşdur. Həmçinin, 10 aya yaxın müddətdə işsiz qaldığı üçün əldən çıxmış fayda şəklində də ona zərər vurulmuşdur. Pasportun viza hissələrindən açıq görünür ki, iddiaçı hər ay azı 3-4 dəfə xarici səfərlər etmişdir, hər yükdaşıması üçün orta hesabla 2000-3000 ABŞ dolları məbləğində qazanc əldə edirdi. Ən aşağı səviyyədə hesablama aparılsa, iddiaçı orta hesabla ayda 5000 manat gəlir əldə edirdi. Beləliklə, 10 aya yaxın müddətdə azadlıqdan məhrum edildiyi üçün təxmini 50.000 manat gəlirindən qalmışdır. Ona görə də əldən çıxmış fayda kimi 50.000 manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Kompensasiya məbləği hesablanarkən iddiaçı başqa ölkədə azyaşlı uşaqlarının təxminin 10 aya yaxın atasız qalmalarını, ailəsinin yeganə gəlir gətirən şəxsi olduğunu və bütün bu müddət ərzində ailə üzvlərinin də onunla birlikdə mənəvi sarsıntılar keçirmələrini nəzərə almağı xahiş edir. Belə ki, iddiaçının ailəsi Azərbaycan Respublikasında yaşasaydı, heç olmasa, həftədə bir dəfə görüşə bilərdilər və hər hansı məlumat verə bilərdi. Lakin həbs edildiyi andan ümumiyyətlə ilk 3 ay ərzində özü barədə heç bir məlumat verə bilməmiş, daha sonra isə ölkəsi ilə Ukrayna səfirliyi vasitəsi ilə əlaqə yarada bilmişdir. 285 gün ərzində ailəsi ilə cəmi 1 dəfə əlaqə qura bilmişdir, bütün bu müddət ərzində ailə üzvləri ailəni dolandıran yeganə şəxsin köməyindən məhrum olmuşdurlar. Daha sonra bu cərimələri ödəmək üçün borclara girmiş, ölkəsində bir müddət sonra başlanan müharibə səbəbindən hələ də həmin borcları qaytara bilmədiyini qeyd edir. Qanunsuz həbs edilməsi nəticəsində bütün həyatı paramparça olmuşdur, əvvəlki güzəranına dönə bilmir, borclar içindədir. İddiaçı qanunsuz həbsetmə ilə bağlı keçirdiyi həyacan, stress, mənəvi sarsıntı, təcridxanada keçirdiyi izdirabları özünə vurulmuş mənəvi zərər hesab edir və 100.000 manat kompensasiya tələb edir. Hazırkı işdə mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Belə olan halda iddiaçıya dəymiş zərər də cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı hər hansı təsdiqedici sübut təqdim etmədən, xərcləri əsaslandırmadan, tələb etdiyi maddi zərəri təsdiq edən sənədləri işin materiallarına əlavə etmədən maddi zərərə görə 10.036 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Bundan əlavə, iddiaçı zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim etmədən, ümumi ifadələrlə kifayətlənərək, əldən çıxmış faydanın əvəzi olaraq 50.000 manat ödənilməsini tələb edir. İddiaçı, həmçinin, mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. Mənəvi ziyanın ödənilməsini tələb edən şəxsü keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən, hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. İddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və ona cavabdeh tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının cavabdeh kimi Nazirliyi cəlb etməsinin əslində heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı, məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı və vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi üzrə təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyan buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr və bələdiyyə qulluqçuları ilə birlikdə bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cü maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin: - 11 avqust 2020-ci il tarixli 4(004)-484/2020 nömrəli qərarından görünür ki, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 04 (dörd) ay həddində müəyyən edilməklə həbsetmənin əvvəlinin 09 avqust 2020-ci il tarixdən hesablanması və s. qərara alınmışdır; - 03 dekabr 2020-ci il tarixli 4(004)-671/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı həbsdə saxlama müddətinin 02 (iki) ay, yəni 09 fevral 2021-ci il tarixədək uzadılması qərara alınmışdır; - 29 yanvar 2021-ci il tarixli 4(004)-50/2021 nömrəli qərarından görünür ki, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 02 (iki) ay, yəni xx.xx.2021-ci il tarixədək uzadılması qərara alınmışdır; - 23 fevral 2021-ci il tarixli 4(004)-100/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X1 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(099)-290/2021 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında gömrük nəzarəti altında saxlanılan “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO qeydiyyat nömrəli yük qoşqusu olan “Renault” markalı “Maqnum” modelli AX6485CP qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisi X2ytarılması və s. hökm edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq Təcridxanasının 20 may 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edildiyindən, xx.xx.2021ci il tarixdə həmin təcridxanadan azad olunmuşdur. “Azərterminalkompleks” Birliyi DMKM və NVS şöbəsinin inspektoru ilə mülkiyyətçi Kravçenko Viktor tərəfindən tərtib edilmiş malların sahibinə qaytarılması haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsinin 1000-154/1xx-xx/014529 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Birliyin anbarına xx.xx.2020-ci il tarixli 121 S nömrəli aktla saxlanca qəbul edilmiş 1 ədəd “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO qeydiyyat nömrəli yük qoşqusu olan “Renault” markalı “Maqnum” modelli AX6485CP qeydiyyat nişanlı yük avtomobili Əməliyyat-İstintaq Baş İdarəsinin 1000-154/1xx-xx/013589 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən X2ytarılmışdır. xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, 9.367 (doqquz min üç yüz altmış yeddi) manat pul Dövlət Gömrük Komitəsi – Qərb Ərazi BGİ-yə, 14,05 (on dörd manat beş qəpik) isə xidmət haqqı olaraq banka İddiaçı tərəfindən ödənilmişdir (cəmi 9.381,05 manat). xx.xx.2021-ci il tarixli 79-469 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “dayanacaq pulu (İxrac)” təyinatı üzrə 20 (iyirmi) manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli 79-470 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “saxlanc pulu (İxrac)” təyinatı üzrə 335 (üç yüz otuz beş) manat pul ödənilmişdir. Gəncə RMİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Ukrayna vətəndaşı – FJ739894 nömrəli pasporta malik xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə (şəxsin xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşadığı müəyyən edilmişdir) əsasən (ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla) 300 manat miqdarında cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, 300 (üç yüz) manat məbləğində pul İddiaçı tərəfindən Dövlət Miqrasiya Xidmətinə ödənilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarından və 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, dövlət ittihamçısı Tofiq Mirzəyev tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(099)-290/2021 nömrəli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işi üzrə kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD-diskdə elektron forması məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi 1(102)-177/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı Yuriyeviç barəsində Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13 may 2024-cü və 14 may 2024-cü il tarixli məktublarından görünür ki, Ukrayna Respublikası vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən ölkə ərazisində qeydiyyatsız yaşadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati qərar qəbul edilmiş, o, Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 (üç yüz) manat məbləğində cərimə edilmiş və cərimə məğləği həmin tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Ukrayna Respublikası vətəndaşı İddiaçı tərəfindən idarə edilən “Renault” markalı “Maqnum” modelli AX6485CP nömrəli yük avtomobili və “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO nömrəli qoşqu hüquqpozma faktının aşkarlanması ilə əlaqədar 2020-ci ilin avqust ayının 9-dan 18-dək Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” Gömrük İdarəsinin “Azərterminalkompleks” Birliyinin dayanacaq xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin 22 may 2024cü il tarixli məktubundan görünür ki, Ukrayna Respublikası vətəndaşı İddiaçı tərəfindən idarə edilən “Renault” markalı “Maqnum” modelli AX6485CP nömrəli yük avtomobili və “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO nömrəli qoşqu hüquqpozma faktının aşkarlanması ilə əlaqədar 2020ci ilin avqust ayının 9-dan 18-dək Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda saxlanılmış, 18 avqust 2020-ci il tarixdən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacaq xidmətinə göndərilmişdir. “Astara” gömrük postu tərəfindən sözügedən nəqliyyat vasitəsinə dair cərimə, saxlanc və dayanacaq ödənişləri alınmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 11 iyul 2024cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində Ukrayna Respublikasına məxsus AX6485CP/AX5242XO dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Astara” gömrük postundan tranzit keçidi məqsədilə ölkə ərazisinə buraxılmışdır. Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq hesablanır. Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən xarici dövlətlərlərin yük avtomobilləri Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisi onların oxlarının sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır və 212-ci maddəsinə əsasən gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur. Qeyd olunan nəqliyyat vasitəsi ölkə ərazisindən çıxdığı zaman Vergilər Məcəlləsinin 211.1.1.3-cü maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin oxlarının sayına və ölkə ərazisində qalma müddətinə görə 1-ci il üçün 2800 (iki min səkkiz yüz) ABŞ dolları, 1 ildən artıq qaldığı hər gün üçün 30 (otuz) ABŞ dolları yol vergisi hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 19 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbz Ukrayna vətəndaşı İddiaçı tərəfindən idarə edilən “Renault” markalı “Maqnum” modelli AX6485 CP nömrəli yük avtomobilinin və “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242 XO nömrəli qoşqusunun “Azərterminalkompleks” Birliyinin dayanacaq məntəqəsində saxlanması xərclərinə aid deyildir. Həmin qəbz gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinə aid edilir. Sözügedən nəqliyyat vasitəsinin Birliyin dayanacaq məntəqəsində saxlanması xərclərinə aid olan qəbz məhkəməyə təqdim edilir (xx.xx.2021-ci il tarixli 79-470 nömrəli mədaxil orderi). Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 09 avqust 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin müvafiq qərarları ilə iddaçının həbsdə saxlanılma müddəti uzadılmış, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair iddiaçı tərəfin verdiyi vəsatət təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməsi, həmçinin, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında gömrük nəzarəti altında saxlanılan “Schwarzmuller” markalı “Spa-3E” modelli AX5242XO qeydiyyat nömrəli yük qoşqusu olan “Renault” markalı “Maqnum” modelli AX6485CP qeydiyyat nömrəli yük avtomobilin mülkiyyətçisinə qaytarılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, yuxarıda qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli aktla mülkiyyətçisinə qaytarılmış, iddiaçı tərəfindən gömrük ödənişi (vergi), cərimə və xidmət haqqı qismində cəmi 10.036 manat məbləğində pul vəsaiti müxtəlif təyinatlar üzrə Dövlət Gömrük Komitəsinə, “Azərterminalkompleks” Birliyinə, Dövlət Miqrasiya Xidmətinə və banka ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı həbsdə qanunsuz saxlanılması nəticəsində ödəməyə məcbur olduğu 10.036 manat məbləğində pulun real maddi ziyan kimi, aylıq qazancından məhrum olduğuna görə 50.000 manat məbləğində pulun əldən çıxmış fayda kimi və 100.000 manat məbləğində pulun mənəvi zərərin əvəzi kimi ona ödənilməsini; cavabdeh isə özünü əsl cavabdeh hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı 09 avqust 2020-ci il tarixindən 20 may 2021-ci il tarixinədək, yəni 9 (doqquz) ay 11 (on bir) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinin “gömrük ödənişi (vergi), cərimə və xidmət haqqı qismində iddiaçı tərəfindən ödənilmiş cəmi 10.036 manat məbləğində pul vəsaitinin real maddi ziyanın əvəzi kimi ona ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi yük avtomobili və qoşqunun onun həbsdə qanunsuz saxlanıldığı, habelə məhkəmə qərarı ilə bəraət aldıqdan sonra qərarın mübahisələndirildiyi müddət ərzində Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında gömrük nəzarəti altında saxlanılması və nəqliyyat vasitəsi ilə qoşqunun məhz ölkə ərazisində qaldığı həmin müddət üçün ondan 9.367 manat gömrük ödənişinin (verginin), bu ödəniş üçün 14 manat bank xidmət haqqının tutulması işin mübahisəsiz halını təşkil edir. Belə ki, bu fakt iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə, həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Həmin məktubda nəqliyyat vasitəsi ilə qoşqunun ölkə ərazisində qaldığı 1 il üçün 2800 ABŞ dolları və 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları ödənilməli olduğu qeyd edildiyindən, habelə qanunvericilikdə apellyasiya instansiyası məhkəməsinin bəraət verilməsi barədə qərarından şikayət və protest verilməsi üçün 3 ay müddət nəzərdə tutulduğundan (Azərbaycan Respublikası CPM, maddə 410.1.2), iddiaçının 9.381 manat məbləğində pulu ((1 il = 2.800 ABŞ dolları) + (100 gün x 30 ABŞ dolları) = 5.800 ABŞ dolları x 1.70 ≈ 9.800) məhz bu təyinat üzrə müvafiq gömrük orqanına (və xidmət haqqı olaraq banka) ödəmək məcburiyyətində qalması ağlabatan hesab edilir. Bununla yanaşı, iddiaçı göstərilən müddət ərzində nəqliyyat vasitəsinin qalmasına görə 335 manat saxlanc pulu və 20 manat dayanacaq pulu, habelə miqrasiya barədə qanunvericiliyin tələblərinin pozulmasına görə barəsində tətbiq edilmiş 300 manat cəriməni ödəməyə məcbur olmasını da iş materiallarında olan mötəbər sübutlarla sübuta yetirir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan məbləğlərdə pulları ödəməsi məhz onun həbsdə qanunsuz saxlanılmasının nəticələri ilə əlaqədar olduğundan və həmin ödənişin iddiaçı tərəfindən edilməsi müvafiq qəbzlərlə, habelə aidiyyəti orqanlar tərəfindən təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapdığından, tələb bu hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 10.036 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “iddiaçının aylıq qazancından məhrum olduğuna görə 50.000 manat əldən çıxmış faydanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz olaraq həbsdə saxlanıldığına görə aylıq qazancından məhrum olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər (başqa dildə), habelə pasportundakı ştampların işi ilə əlaqədar olması barədə dəlil məhkəmə tərəfindən iddiaçının aylıq müntəzəm gəliri olduğunu təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı aylıq müntəzəm gəliri olduğuna dair dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bununla da onun aylıq müntəzəm qazanca malik olması öz təsdiqini tapmadığından tələbin bu hissəsi təmin edilməməlidir. İddia tələbinin “100.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 9 (doqquz) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 100.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 9.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 9.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məkhəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin: 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. 9-cu maddəsinə müvafiq olaraq, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Cavabdehin gələcəkdə reqres hüququnun həyata keçirilməsi üçün qanunazidd qərarı verən, hərəkəti/hərəkətsizliyi edən şəxsin ad, soyad, ata adının və vəzifəsinin qətnamədə göstərilməli olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu məsələ hazırkı araşdırmanın predmeti olmadığından, habelə iş materiallarında olan müvafiq sənədlər əsasında Maliyyə Nazirliyinin özünün də həmin şəxsləri müəyyən etməsi mümkün olduğundan məhkəmə hesab edir ki, qeyd olunanların hazırkı qətnamədə göstərilməsi vacib deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 10.036 (on min otuz altı) manat, mənəvi zərərin əvəzi kimi isə 9.500 (doqquz min beş yüz) manat olmaqla, cəmi 19.536 (on doqquz min beş yüz otuz altı) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 10.036 (on min otuz altı) manat, mənəvi zərərin əvəzi kimi isə 9.500 (doqquz min beş yüz) manat olmaqla, cəmi 19.536 (on doqquz min beş yüz otuz altı) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2156/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2156/2024
23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver