Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2165/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" MMCyə ödənilməmiş borcu 208 manat əsas borc, dəbbə pulu 22 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğini, cəmi 260 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 934 (doqquz yüz otuz dörd) manat olan 1 (bir) ədəd mal almışdır. Müqavilə bağlanıldıqdan sonra cavabdehin ümumi borcundan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan malın dəyərini tam ödəməli idi. Ancaq bəzi ödənişləri etdikdən sonra cavabdeh qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə 21 dekabr 2021-ci il tarixədək olan əsas borcu 208 (iki yüz səkkiz) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci dekabr ayının 21-ə cərimə (dəbbə pulu) 22 (iyirmi iki) manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 23.10.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung" markalı, A705 BLACK modelli mobil telefonunun hissə-hissə ödəmək şərti ilə alqısatqısına dair müqavilə bağlanılmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% miqdarında dəbbə pulu ödəməlidir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 22 manat təşkil edir. 21.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 08.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 23.10.2019-cu il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdehnın 21.12.2021-ci il tarixə "xxxx" MMC-yə 208 manat əsas borc, 22 manat cərimə borcu, cəmi 230 manat məbləğində borcu vardır. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələriə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 08.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 23.10.2019-cu il tarixli müqavilə üzrə 208 manat əsas borc, 22 manat cərimə borcu, ümumilikdə 230 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 23.10.2019-cu il tarixli müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 208 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 247 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Əsas borc üzrə 208 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 247 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2165/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2165/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver