Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2169/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 11/13, ev 110/111 nömrəli mənzil üçün elektrik enerjisinə əsassız hesablanmış əlavə sərfiyyat olaraq 1.932,84 manat, qalıq borc olaraq 189,82 manat və ümumi ödəniləcək məbləğ olaraq 2.122,66 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 11/13, ev 110/111 yerləşən mənzildə abonent kodu **********30110 olan, 26284480M250 nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edilir. İddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixində bildiriş göndərilmiş və həmin bildirişdə göstərilmişdir ki, əlavə sərfiyyat olaraq 1.932,84 manat, qalıq borc olaraq 189,82 manat və ümumi ödəniləcək məbləğ olaraq 2.122,66 manat məbləğində borc ödənilməlidir. Heç bir hüquqi əsas olmadan bildiriş təqdim olunan kimi dərhal cavabdeh tərəfindən mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş ve hazırda mübahisələndirilən bildirişdən isə görünür ki, "xxxx" ASC qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, iddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, 11/13, ev 110/111 mənzilin enerji sərfiyyatı üzrə yazılmış bütün ödənişləri vaxtı-vaxtında ödəyir. Cavabdeh isə qanunvericiliyin tələblərini pozaraq, qanunsuz olaraq hazırki qış fəslində iddiaçıya məxsus mənzilin işıqlarını kəsmişdir. Həmin bildirişlə razılaşmır, bildiriş qanunazidd olmaqla yanaşı həqiqəti əks etdirməmişdir və iddiaçıya bildirişdən başqa akt və ya başqa sənəd təqdim olunmamışdır. Bununla əlaqədar müvafiq sorğu verilmişdir. Lakin, sorğuya bugünki günə qədər cavab verilməmişdir. Ona görə də bildirir ki, əsassız hesablanmış borc məbləği silinməlidir. Əlavə olaraq qeyd edir ki, iddiaçıya əlavə heç bir sənəd təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, ev sahibinə məlumat, xəbərdarlıq etmədən, onun iştirakı olmadan 3-cü mərtəbədəki sayğaca baxış keçirilmişdir. Elektrik xəttinin İddiaçı evinə daxil olması da təsdiq olunmayıb. İddiaçı tərəfində də sayğaca hər hansı müdaxilə olmayıb. Sayğacda nə yazılıbsa, vətəndaş onu ödəməlidir. Sayğacdan kənar pul tələb edilməsi yolverilməzdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı onun arvadıdır və onlar 2006-cı ildən arvadına məxsus evdə yaşayırlar.Cavabdehin əməkdaşları onların mənzilinə aid olan sayğacda müdaxilə aşkar etdiklərini bildirmişlər, lakin bu doğru deyildir. Onlar mütəmadi olaraq istifadə etdiklərini elektrik enerjisinin pulunu ödəyirlər. Həmin gün də onlar evdə olmuşlar, lakin aktı tərtib edənlər baxış zamanı onların iştirakını təmin etmək üçün heç bir tədbir görməmişlər.Sayğaclar 3-cü mərtəbədə yerləşir, onların evi isə 2-ci mərtəbədə yerləşir. Cavabdeh həmin sayğacların bağlı saxlanmasını təmin etməli idi. Tərəflərindən həmin sayğaclara heç bir müdaxilə olunmayıb. İş materialları: "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, ünvan 1 ünvana elektrik enerjisi verilməsi ilə bağlı əlavə sərfiyyat 1932,84 manat, qalıq borc 189,82 manat olmaqla, yaranmış borc məbləği 2.122,66 manat təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Q.Quliyev küçəsində istifadədə olan 0.0626 ha torpaq sahəsində yerləşən 11/13 nömrəli, 9 mərtəbəli binada 51.58 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 110 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 18330 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən verilmiş ******* nömrəli çıxarışdan görününür ki, Bakı şəhəri Nəsimi rayonu, Q.Quliyev küçəsində istifadədə olan 0.0626 ha torpaq sahəsində yerləşən 11/13 nömrəli, 9 mərtəbəli binada 48.24 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 111 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 18329 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli 037606 nömrəli aktının və 027380 nömrəli protokolun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 11/13, ev 110/111 yerləşən mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, sayğaca müdaxilə izləri aşkar olunmuş, sayğacın ******* nömrəli dövlət möhürü və ******* nömrəli alt qapaq möhürü pozulmuşdur. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər adlı sənədindən müəyyən edilir ki, Q.Quliyev küçəsi 1113, mənzil 110 ünvanı üzrə aşkarlanmış qüsurlara əsasən 5,9kvtx24 saatx0,7x150gün=14868 kvts, Tarif (0,13 man)-14868 kvtsx0,13=1932,84 manat hesablanaraq kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. "xxxx" ASC-nin müvafiq elektron sistemindən çıxarışından görünür ki, **********30110 saylı abunə kodu olan ünvana 2.122,66 manat məbləğində borc hesablanmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş abonent saldosuna əsasən ona 2122,66 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, akt tərtib edilərkən İddiaçı iştirak etməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, elektrik sayğaclarının, o cümlədən plomblarının və möhürlərinin qorunması cavabdeh qurum – "xxxx" ASC-nin səlahiyyətindədir. Habelə qanunvericiliyin tələbinə görə hazırda cavabdeh tərəfindən aşkar edilmiş qüsurun baş verməsində iddiaçının birbaşa təqsiri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən yazılmış 1932,84 manat məbləğində borc əsassızdır və abonentin hesabından silinməlidir. Qalıq borc olan 189,82 manat məbləğinə isə məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş abonent saldosundan müəyyən edilir ki, həmin məbləğ abonentin elektrik enerjisindən real şəkildə istifadəsindən yaranmışdır və həmin borcun əsassız hesab edilməsinə dair heç bir sübut və fakt məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, **********30110 abunə kodu üzrə hesablanmış 1932,84 manat borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 11/13, ev 110/111 nömrəli mənzil (**********30110 Abunə kodu) üzrə hesablanmış 1932,84 (min doqquz yüz otuz iki manat səksən dörd qəpik) manat cərimə borcu silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2169/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2169/2024
04.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver