Məhkəmə qərarları › İş №e-2(006)-2173/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2173/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2173/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkilləri Nümayəndə, Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış müqavilədə göstərilmiş ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasında blok 1, 7ci mərtəbədə yerləşən, 24 saylı, ümumi sahəsi 226,6 m2 (mənzilin arakəsmə divarları daxil olmadan) olan 4 otaqlı mənzilin (təmirsiz) ona təhvil verilməsi; birinci tələb üzrə qeyd edilən ölçüdə mənzilin cavabdeh tərəfindən təhvil verilməsi mümkün olmadıqda həmin mənzilin faktiki ölçüsü nəzərə alınmaqla onun tərəfindən artıq ödənilmiş vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi; dövlət rüsumu kimi ödənilmiş vəsaitin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə hazırkı Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixində cavabdehin ünvan 1 ünvanında tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 226,6 m2 olan 4 otaqlı, 24 saylı mənzilin alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh satıcı qismində ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 226,6 m2 (mənzilin arakəsmə divarları daxil olmadan) ibarət olan, blok 1, 7-ci mərtəbə, 4 otaqlı, 24 saylı mənzili (təmirsiz) 1 m2 üçün 1.236 ABŞ dolları olmaqla ümumilikdə 280.077,60 ABŞ dolları məbləğində satır, alıcı qismində isə hazırkı iddiaçı həmin mənzilin dəyərini ödəməklə onu alır. Qeyd olunan məbləğ xx.xx.2023-cü il tarixli, 62 saylı maliyyə arayışına əsasən iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş olsa da, cavabdeh öhdəliklərini tam icra etməmişdir. Belə ki, müqavilədə qeyd olunan mənzilin ümumi sahəsi 226,6 m2 (mənzilin arakəsmə divarları daxil olmadan) olduğu göstərilmiş olsa da, buna müvafiq olaraq iddiaçı tərəfindən hər 1 m2 üçün 1.236 ABŞ dollar olmaqla ümumilikdə 280.077,60 ABŞ dolları ödəniş edilmiş olsa da, əslində mənzilin faktiki sahəsi cəmi 131 m2 təşkil edir. Belə ki, alıcı bu yaxınlarda mənzili təmir etdirmək qərarına gəlmiş və bu zaman təmir üçün gələn dizaynerlər mənzilin real ölçülərinin müqavilədə göstəriləndən az olmasını bildirmişlər. Yaranmış şübhələrin aradan qaldırılması məqsədilə iddiaçı mənzilin ölçülməsinin və faktiki sahəsinin müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmişdir. Mütəxəssis zəruri ölçü işlərini apararaq mənzilin yaşayış sahəsinin 89,46 m2, köməkçi sahəsinin 41,54 m2, mənzilin ümumi sahəsinin cəmi 131,00 m2 olduğunu müəyyən etmişdir. Bunun nəticəsində iddiaçı artıq mənzilin real sahəsinin müqavilədə göstərilmiş sahədən xeyli az (təqribən iki dəfə) olmasının şahidi olmuş və aydın olmuşdur ki, iddiaçıya müqavilədə göstəriləndən 95,6 m2 az ölçüdə olan mənzil verilmişdir. Müqavilə üzrə öhdəliklərin icra edilməməsi və pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə rəsmi şəkildə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət olunmuş, 5 iş günü müddəti ərzində cavab verilməsi istənilsə də, bu günə qədər müraciətə hər hansı münasibət bildirilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən həm müqavilənin şərtlərini, həm də mülki qanunvericiliyin normalarını kobud surətdə pozulmuş və bununla da iddiaçıya külli miqdarda maddi ziyan vurulmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddiaçıya müqavilədə göstərilmiş sahəyə uyğun olan mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda aldadılma nəticəsində iddiaçı tərəfindən artıq ödənilmiş pulun cavabdehdən tutularaq ödənilməsi barədə ədalətli qərar qəbul edilməlidir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən, blok 1, 7-ci mərtəbədə yerləşən və müqavilədə ümumi sahəsi 226,6 m2 göstərilmiş 24 saylı mənzilin ona təhvil verilməsi; birinci tələb üzrə qeyd edilən ölçüdə mənzilin cavabdeh tərəfindən təhvil verilməsi mümkün olmadıqda həmin mənzilin faktiki sahəsinin 140,7 m2 olması nəzərə alınmaqla, ona az təqdim edilmiş 85,9 m2 sahənin bazar dəyəri olan 439.378,5 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi; onun tərəfindən ödənilmiş dövlət rüsumunun, həmçinin iş üzrə çəkilmiş bütün məhkəmə xərclərinin (ekspertiza və digər xərclər daxil olmaqla) cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, digər nümayəndənin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır və qəbul etmirlər. Belə ki, mənzillərin alqı-satqısı layihədə göstərilən sahə və məbləğlərə uyğun olaraq həyata keçirilir. İddiaçının hazırda iddia etdiyi mənzil təmirsizdir və ona satılanda da təmirsiz satılıb. Tələb edilən sahədə mənzil hazırda mövcud deyil və layihəyə əsasən də mövcud olmayıb. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, satıcı Cavabdeh MTK Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 26 dekabr 2017-ci il tarixli 345 saylı sərəncamına əsasən ünvan 2 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 226,6 m2 (mənzilin arakəsmə divarları daxil olmadan) ibarət olan blok 1, 7- ci mərtəbə, 4 otaqlı 24 saylı mənzili təmirsiz satmağı; alıcı İddiaçı isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə satıcıya ödənişləri vaxtında və tam edərək almağı öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli 62 saylı maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən qeyd edilən mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. - xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Cavabdeh MTK-ya müraciət etmiş, müqavilə üzrə öhdəliklərin tam şəkildə icra edilməsi, yaxud artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2025-ci il tarixli 10/3824 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında olan blok 1, 7-ci mərtəbədə təqdim olunan 4 otaqlı, 24 saylı mənzilin faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaquli boşluqlar nəzərə alınmadan) 148,2 m2 təşkil edir. «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları» nəzərə alınmaqla (əmsallar tətbiq edilməklə) ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında olan blok 1, 7-ci mərtəbədə təqdim olunan 4 otaqlı, 24 saylı mənzilin ümumi sahəsi 140,7 m2 təşkil edir. ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında olan blok 1, 7-ci mərtəbədə təqdim olunan 4 otaqlı, 24 saylı mənzilin tikinti sahəsi (divarların və arakəsmələrinin dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə) 176,8 m2 təşkil edir (qərardadın birinci sualı üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən daşınmaz əmlakın, sərvətlərin, dəymiş zərərin, materialların və xidmətlərin qiymətləri müəyyən edilmir (qərardadın ikinci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - 16.02.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 08.12.2025-ci il tarixli 1-********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 630 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx"-nin 19 noyabr 2025-ci il tarixli, 791/25 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında olan blok 1,7-ci mərtəbədə yerləşən 4 otaqlı, 24 saylı mənzilin 1 kv.m üzrə 19 noyabr 2025-ci il tarixə bazar dəyəri 5115,0 manat təşkil edir. - Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 500 manat təşkil edir və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində cavabdehin ünvan 1 ünvanında tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 226,6 m2 olan 4 otaqlı, 24 saylı mənzilin alğı-satqısına dair müqaviləyə əsasən cavabdeh satıcı qismində ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 226,6 m2 (mənzilin arakəsmə divarları daxil olmadan) ibarət olan, blok 1, 7-ci mərtəbə, 4 otaqlı, 24 saylı mənzili (təmirsiz) 1 m2 üçün 1.236 ABŞ dolları olmaqla ümumilikdə 280.077,60 ABŞ dolları məbləğində iddiaçıya satmış, sonuncu tərəfindən də məbləğ xx.xx.2023-cü il tarixli, 62 saylı maliyyə arayışına əsasən tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı əslində mənzilin faktiki sahəsi cəmi 131 m2 təşkil etməsini, mənzilin real sahəsinin müqavilədə göstərilmiş sahədən xeyli az (təqribən iki dəfə) olmasını, başqa sözlə, iddiaçıya müqavilədə göstəriləndən 95,6 m2 az ölçüdə olan mənzil verilməsini göstərərək cavabdeh tərəfindən həm müqavilənin şərtlərini, həm də mülki qanunvericiliyin normalarını kobud surətdə pozulmuş və bununla da iddiaçıya külli miqdarda maddi ziyan vurulmasını iddia etmişdir. Cavabdeh tərəf isə müqavilədə göstərilməsinə baxmayaraq hazırda binada ümumi sahəsi 226,6 kv.m olan mənzilin olmamasını göstərmişdir. İddiaçı tərəfin vəsatəti üzrə iddia dəlillərinin əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və yuxarıda sadalanan ekspert rəyinə əsasən blok 1, 7-ci mərtəbədə təqdim olunan 4 otaqlı, 24 saylı mənzilin faktiki ümumi sahəsi 176,8 m2 təşkil edir. Həmçinin də blok 1,7-ci mərtəbədə yerləşən 4 otaqlı, 24 saylı mənzilin 1 kv.m üzrə 19 noyabr 2025-ci il tarixə bazar dəyəri 5115,0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 405.2-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Qeyd edilən MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməmiş, nəzərdə tutulan və təhvil verilmiş sahələr arasında fərq 49,8 kv.m olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən iddiaçının buna dair tələbləri qismən əsaslı hesab edilməlidir. İddiaçının tələbinin əsaslı olmasının təsdiq edən ekspertiza rəyi ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İddiaçı tərəf sahə fərqinin rəyə əsasən ümumi sahənin 140,7 m2 olduğu üçün fərqin 85,9 kv.m olmasına istinad etsə də, məhkəmə qeyd edir ki, rəydə ümumi sahənin hesablanmasının 3 halı, yəni, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaquli boşluqlar nəzərə alınmadan, əmsallar tətbiq edilməklə və divarların və arakəsmələrinin dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə hesablanması göstərilmişdir ki, sonuncu hal mənzilin faktiki sahəsini özündə ehtiva etdiyindən məhkəmə ümumi sahənin 176,8 m2 təşkil etməsini qəbul edir və fərqin də bu ölçüdən hesablanmasını mümkün sayır. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində mənzilin faktiki sahəsinin 176,8 m2 təşkil etməsi ilə bağlı müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən göstərilən rəy hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilə bilər. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və qeyri-müəyyən xarakter daşımır. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməsi mümkün olmadığı üçün məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən 49,8 kv.m üçün artıq ödənilmiş 61.552,8 ABŞ dolları (kv.m 1.236 ABŞ olmaqla) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia tərəf tələbində mənzilin 1 kv.m üzrə 19 noyabr 2025-ci il tarixə bazar dəyəri 5115,0 manat təşkil etməsi baxımından fərqli sahənin bu qiymətlə hesablanmalı olmasını iddia etsə də, məhkəmə hesab edir ki, həmin fərq ödənilməsi zamanı müqavilə üzrə müəyyən edilmiş 1 m2 üçün 1.236 ABŞ dolları nəzərə alınmalıdır. Belə ki, müqavilə bağlanılarkən tərəflər mənzilin kv.m-nin qiyməti ilə razılaşdığından həmin məbləğdən artıq məbləğin tutulması qarşı tərəfin müqavilə öhdəliklərini tam yerinə yetirməsə də, mənafeyinə uyğun sayıla bilməz. Məhkəmə bu qənaətə gələrkən iddiaçının müqavilədə nəzərdə tutulmuş məbləğdən daha yüksək məbləğ tələb etməsi qeyd edilən rəy veriləndən sonra iddia tələbini də həmin rəyə uyğunlaşdırmasını nəzərə almış və bununla əlaqədar qeyd edir ki, hüququ pozulmuş şəxs hüquqlarının bərpası zamanı müqavilə şərtlərinə uyğun hərəkət etməli, niyyəti əlavə maddi qazanc əldə etməsinə yönəlməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən 49,8 kv.m üçün artıq ödənilmiş 61.552,8 ABŞ dolları (ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 395 manatı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən ödənilmiş 500 manat xidmət haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən 49,8 kv.m üçün artıq ödənilmiş 61.552,8 ABŞ dolları (ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun 395 manatı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 500 manat xidmət haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar