Məhkəmə qərarları › İş №e-2(006)-2215/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2215/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2215/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişi olaraq 1307 manat, gecikidirilmiş günlər üzrə hesablanmış 103.25 manat dəbbə pulu və 34.11 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1444,36 manat pulun cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, 2022-ci ilin yanvar ayının 9-da "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qeyri rəsmi sığorta aqenti Vasif Vahabov adlı şəxs özünün sığorta agenti olduğunu bildirərək tərəfindən ** CC *** dövlət qeydiyyat nişanlı Hundai Sonata markalı avtomobilinə kasko sığorta yazılması təklif etmiş, o, da Vasif Vahabovun təklifi ilə razılaşmışdır. Aralarında olan danışıq şərtinə görə avtomobilin kasko sığortası 499,70 manat tutacaqdır, lakin ona 450 manat ödəməyini bildirmiş, onun kasko müqaviləsindən ona sığorta aqenti üçün nəzərdə tutulan faizin qaytarılacağını və həmin faizdən ona 49,7 manat endirim olunacağını bildirmiş, yekun olaraq 450 manat ödənişin 2 hissəli olaraq ödənilməsini ona bildirmişdir. Ona özünü sığorta aqenti olaraq tanıdan Vasif Vahabov adlı şəxsin təklifi ilə razılaşdığı üçün Vasif Vahabov ona "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə onun arasında bağlanacaq müqavilənin surətini atmış, o, da müqavilə şərtləri ilə razılaşdıqdan sonra, Vasifin sözünə görə onun Rabitəbankda olan kartına 450 manat sığorta ödənişinin ilk hissəsi olaraq 225 manat ödənişi köçürmüş, bundan sonra Vasif Vahabovun vasitəsilə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə arasında 2022-ci ilin yanvar ayının 11-də kasko müqaviləsi bağlanmışdır. Vasif Vahabov kasko müqaviləsinin imzalanmış formasını ona təqdim etmiş, o, da surətini götürdükdən sonra həmin kasko müqaviləsini imzalayıb, ona qaytarmışdır. "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında bağlanmış 11 yanvar 2022-ci il tarixli kasko müqaviləsinin ödənişi və ya qüvvəyə minməsi barədə ona hər hansı ödəniş gəlmədiyi üçün, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qaynar xətti olan (012) *** ** ** nömrə ilə əlaqə saxlayaraq avtomobilimin nömrəsini qaynar xəttdə danışan xanıma bildirib, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə aramda kasko müqaviləsinin bağlanıbbağlanmaması barədə soruşduqda ** CC *** dövlət qeydiyyat nişanlı Hundai Sonata markalı avtomobilimin tam olaraq kasko müqaviləsinin bağlandığını bildirmiş, o, da kasko müqaviləsinin rəsmiləşdirilməsindən əmin olmuşdur. 2022-ci ilin fevral ayının 12-də Vasif Vahabov kasko müqaviləsinin 2-ci hissəsi olan 225 manat ödənişin vaxtı çatdığını bildirmiş, o, da Vasif Vahabovun sözünə görə 12 fevral 2022-ci il tarixdə kasko müqaviləsinin 2-ci hissəsi olan 225 manat ödənişi X3 birinci ödənişi etdiyi kartına köçürmüşdür. Bir müddət keçdikdən sonra yenidən "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qaynar xətti olan (012) *** ** ** nömrə ilə əlaqə saxlayaraq avtomobilimin nömrəsini qaynar xəttdə danışan xanıma bildirib, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında kasko müqaviləsinin qüvvədə olub olmadığını soruşmuş, qaynar xəttdə zənginə cavab verən xanım "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə aramızda olan kasko müqaviləmin qüvvədə olduğunu bildirmişdir. Sual yarana bilər ki, niyə görə hər ödəniş etdikdən sonra "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə zəng edib, müqaviləmin qüvvədə olub olmadığını maraqlanır deyə, bunun səbəbi barədə bildirmək istəmişdir ki, icbari sığorta müqaviləsi yazılan zaman müqavilədə göstərilən telefon nömrəsinə kasko müqaviləsi, ödəniş barədə məlumat göndərilirdi, lakin ona kasko müqaviləsi ilə bağlı heç nə göndərilməmişdir, bu səbəbdən hər ödəniş olduqdan sonra "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qaynar xətti ilə əlaqə saxlayıb, kasko müqaviləmin qüvvədə olub, olmadığını dəqiqləşdirmişdir. Avtomobilim son günədək kasko sığortası sistem üzərində qüvvədə olmuşdur. 2023-cü ilin yanvar ayının 1-də mülkiyyətində olan və kasko müqaviləsi qüvvədə olan ** CC *** dövlət qeydiyyat nişanlı Hundai Sonata markalı avtomobili ilə ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil arasında sığorta hadisəsi baş vermiş və baş vermiş hadisə onun təqsiri ucbatından olmuşdur. Bu səbəbdən hadisə olan zaman müvafiq olaraq Daxili İşlər Nazirliyinin qaynar xəttinə, icbari sığorta müqaviləsini yazmış olan sığorta şirkətinə və kasko müqaviləmin qüvvədə olduğu "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə bu barədə məlumat vermişdir. Qəza baş verən gün "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qaynar xətti olan (012) *** ** ** nömrəsi ilə əlaqə saxlayan zaman telefonda əlaqə saxlayan "bəy operator" hər iki avtomobilin məlumatlarını götürmüş, daha sonra yenidən həmin nömrə ilə əlaqə saxlayan zaman digər "bəy operator" kasko müqaviləsinin "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətində qüvvədə olduğunu təsdiqləmiş və əməkdaşın yaxınlaşacağını bildirmiş, daha sonra əməkdaş yaxınlaşmış, zəruri bütün sənədləşmələr aparılmışdır. Avtomobilin qiymətləndirilməsi "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin müəyyən etdiyi servisdə olmuş və yekun olaraq qiymətləndirmə üzrə 1407 manat dəyər müəyyən edilmişdir. 1407 manat sığorta dəyərinin 100 manat hissəsi franşizaya düşdüyü üçün ona ayrılmış olan "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin rəsmi əməkdaşı icraçı qismində ona təyin olunmuş Rüstəm adlı şəxs onu şirkətə dəvət edərək bütün sənədləri imzalatmış və onun 1307 manat ödənişin bank hesabına köçürüləcəyini bildirmişdir. Bir müddət sonra Rüstəm bəylə vatsap vasitəsilə mütəmadi əlaqə saxlayan zaman ona sığorta üçün ödənilən məbləğin 2-ci hissəsinin qəbzini tapa bilmədiyini bildirmiş, eyni zamanda həmin kasko müqaviləsinin Qaradağ filialı tərəfindən yazıldığını, həmin filialın bağlandığını ola bilsin ki, qəbzi ona görə şirkət tərəfindən tapıla bilmədiyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra qəbzi tapa bilmədikləri üçün, şirkət onu ittiham edərək kasko müqaviləsi üzrə yalnız birinci ödənişin onlar tərəfindən qəbul olunduğunu, digər ödənişin isə onlara ödənmədiyini bildirib, bu səbəbdən sığorta ödənişindən imtina ediləcəyini bildirmişlər. O, isə sığorta ödənişi əgər olmayıbsa necə son günədək onun kasko müqaviləsinin qüvvədə olduğunu şirkətin onun hadisəsi üzrə təyin olunmuş icraçısından soruşduğu zaman icraçı Rüstəm bəy suallarına cavab verməkdə çətinlik çəkmiş və onu idarəyə müraciət etməsini tövsiyyə etmişdir. Bir müddət sonra şirkəti məhkəməyə verəcəyini və imtina məktubunun ona təqdim edilməsi barədə şirkətin elektron ünvanına müraciət ünvanlamışdır. Müraciət ünvanladıqdan sonra Rüstəm bəy onunla əlaqə saxlayaraq hazırda onun məsələsinin şirkətin rəhbərliyinin nəzarətində olduğunu, sığorta ödənişindən imtinanın isə təxirə salındığını, onun şirkətə yaxınlaşaraq dinləniləcəyini və məsələnin həll olunmasına çalışacaqlarını bildirmişlər. Rüstəm bəyin ona təklifindən sonra məsələnin həll olunması arzusu ilə şirkətə yaxınlaşmışdır. "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti 3 nəfər əməkdaşı ilə birlikdə onunla iclas keçirmiş, lakin iclas zamanı şirkətin ödənişdən yayınmaq üçün ondan sübut toplamaq istədiyini, onu ittiham edərək ümumiyyətlə kasko müqaviləsinin qüvvədə olub olmadığının sual altında olduğunu, hətta birinci ödənişinin belə onlar tərəfindən qəbul olunmadığına dair fikirlər irəli sürmüşlər. O, şirkətin əsl niyyətlərinin onun məsələsinin həll etmək olmadığını görərək şirkətdən imtina məktubunun ona təqdim olunmasını xahiş etmişdir. Onlar isə məsələnin həlli yolunda müzakirə edəcəklərini və ona bu barədə məlumat veriləcəyini bildirmişlər. Bundan sonra 3-4 dəfə yenidən eyni müraciətlər şirkətə ünvanladıqdan sonra Rüstəm bəylə əlaqə saxlamış, Rüstəm bəy şirkət tərəfindən 20 mart 2023-cü il tarixdən əvvəl imtina məktubunun göndərildiyini bildirməsinə baxmayaraq onun imtina məktubu hələdə ona göndərilməmişdir. Həmçinin bildirmək istəmişdir ki, qüvvədə olmuş kasko sığorta müqaviləmin surətini müqavilə üzrə idarə etmə hüququ verilmiş X8 ərizə ilə şirkətə müraciət edərək götürməsini xahiş etmişdir. Əli Rəhimli "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin baş ofisinə yaxınlaşaraq ərizə ilə müraciət edib, sığorta müqaviləsinin surətinin ona təqdim edilməsini xahiş etmiş, şirkət isə sığorta müqaviləsinin imzasız formasını rəsmi olaraq Əli Rəhimliyə təqdim etmiş, Əli Rəhimli müqavilənin niyə görə imzasız formada təqdim edildiyini soruşduğu zaman, həmin müqavilənin elektron müqavilə olduğunu və sistemə elə vurulduğunu bildirmişlər. Lakin, o, şirkətin əməkdaşları ilə görüşən zaman şirkətin nümayəndələrindən biri müqavilənin imzasız formada olmasını əsas gətirmiş, o, isə əgər müqavilə imzasızdırsa şirkətin əməkdaşı niyə həmin müqaviləni ona rəsmi ərizə üzrə təqdim etdiyini və kasko müqaviləsinin necə qüvvəyə minməsi barədə soruşduqda şirkətin əməkdaşları həmin suallara da cavab verməkdə çətinlik çəkmişdir. Göründüyü kimi o, vicdanlı şəkildə vaxtı vaxtında "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz aqent üzrə işlədiyi Vasif adlı şəxsə pulu ödəmiş, hər iki ödəniş eyni karta getmiş və şirkət tərəfindən kasko müqaviləmin qüvvədə olması bildirilmiş, kasko müqaviləmin sonuncu gününədək kasko müqaviləsinin ödənişi barədə hər hansı yazılı və şifahi müraciət verilməmiş, kasko müqaviləsi qüvvədə olduğu müddətdə müqaviləyə hər hansı səbəbdən xitam verilməmiş, sığorta hadisəsi kasko müqaviləsinin qüvvədə olduğu tarixdə baş vermiş və sığorta müqaviləsi sığorta hadisəsindən təxminən 9 gün sonra müddət bitdikdən sonra qüvvədən düşmüşdür. 11 yanvar 2022-ci il tarixli "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında olan kasko müqaviləsinin imzalı forması Şəki şəhərində yerləşən evində sənədlərin içərisinə qarışmış, həmin sənədi tapa bilmədiyi üçün Əli Rəhimlidən kasko müqaviləsinin surətini almasını xahiş etmiş ki, şirkət sabah kasko müqaviləsinin ümumiyyətlə olmaması barədə yalan məlumat ona verə bilməsin. Çünki gördüyü qədəri ilə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti qüvvədə olan kasko müqavilə üzrə 1307 manat kasko ödənişindən yayınmaq istəyir. İmtina barədə sənədi ona təqdim edilməmişdir. Şirkət sığorta ödənişindən yayınmasının qanunsuz olduğunu bildiyi üçün hansı səbəblə imtina edəcəyinə qərara verə bilmir. Çünki sığorta müqaviləsi müqavilənin sonuncu gününədək qüvvədə olmuş, şirkət hər hansı ödənişin olunmaması barədə nə şifahi nə yazılı ona məlumat verməmişdir. Hazırda kasko üzrə sığorta müqaviləsinin, xx.xx.2023-cü il tarixli sığorta hadisəsi üzrə şirkətə X13 tərəfindən göndərilən sənədlərin ona təqdim edilməsini, eyni zamanda məhkəməyə müraciət etməsi üçün imtina məktubunun ona təqdim edilməsinə köməklik göstərilməsi barədə müvafiq məktublar ünvanlamışdır. Lakin, şirkət həmin məktublara da cavab vermir. "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qanunsuz olaraq sığorta agenti kimi işlədiyi Vasif Vahabov qeyd olunan sığorta ödənişlərini vaxtı vaxtında şirkətə ödədiyini bildirir, lakin şirkət isə sığorta ödənişinin 2-ci hissəsinin ödənilmədiyini bildirir. Hər iki ehtimalda o, vicdanlı sığortaçıdır, sığorta müqaviləsi qəza baş verən zaman qüvvədə olubsa, şirkət tərəfindən sığorta müqaviləsinə xitam verilməyibsə, sığorta ödənişinin 2-ci hissəsinin ödənilməməsi barədə ona hər hansı şifahi və ya yazılı məlumat verilməyibsə, bu özlüyündə faktiki olaraq onun vicdanlı sığortaçı olduğunu və sığorta ödənişinin tam şəkildə ona ödənilməli olduğunu göstərir. Göründüyü kimi 11 yanvar 2022-ci il tarixli sığorta müqaviləsi son günədək qüvvədə olmuş və müqaviləyə sığorta haqqının ödənilməməsi və ya başqa bir səbəbdən xitam verilməmişdir. Azərbaycan Respublikası "Fiziki səxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları"-nın 14.3-cü bəndindən görünür ki. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 14.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Lakin cavabdeh tərəfindən sığorta haqqının ödənilməməsi barədə ona nəinki yazılı, ümumiyyətlə heç bir müraciət olunmamıdır. Sığorta müqaviləsi üzrə sürücülük hüququ olan Əli Rəhimli ərizə yazaraq sığorta müqaviləsinin surətinin ona təqdim edilməsini xahis edən zaman ona imzasız olaraq kasko müqaviləsinin surəti təqdim olunmuş və həmin müqavilə elektron olduğu üçün sistemə imzasız formada yüklənildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə sənədləri tam təqdim etməsinə baxmayaraq bügünəqədər imtina məktubu verilməmiş, müxtəlif bəhanələrlə şirkət imtina məktubunu təqdim etməkdən yayınır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə sənədləri təqdim etməsindən xx.xx.2023-cü il tarixədək sığorta ödənişi edilməli olduğu halda xx.xx.2023-cü il tarixdən bügünkü tarixədək hələdə sığorta ödənişi edilməmişdir. Sığorta ödənişi olaraq 1307 manat, sığorta ödənişinin edilməli olduğu sonuncu gün olaraq xx.xx.2023-cü il tarixdən-iddia ərizəsinin təqdim edildiyi xx.xx.2023-cü il tarixədək-79 günə uyğun olaraq hesablanmış 103,25 manat (1307x0,1%=1.307, 1,307x79=103,25 manat) dəbbə pulu və dövlət rüsumu olaraq ödənilmiş 34,11 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiyası Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Şirkət arasında “X1 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və mülkiyyətində (sahibliyində) olan “Hyundai Sonata minik" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunuraq, “kasko” növü üzrə sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus “Hyundai Sonata minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz E320” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. ‘‘Hyundai Sonata minik" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X1 Tam Sığortası" üzrə sığortalandığından sığorta predmetinə Şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və sığorta predmetinə dəymiş zərər 1405,00 məbləğində müəyyən edilmişdir. Azərbycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarının sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddat ərzində sığortaçı müəyyən edir. Yuxanda qeyd edilən qanunun mənasından göründüyü kimi hər bir halda sığorta ödənişinin verilməsi və imtina olunmasından asılı olmayaraq sığorta predmetinə dəymiş zərərin miqdarı müəyyən etməlidir. İddiaçının nəqliyyat vasitəsi kasko növü üzrə şirkət tərəfindən sığortalandığından sığorta hadisəsi tərəfindən araşdırılmış və məlum olmuşdur ki, sığortalı yəni İddiaçı tərəfindən sığorta haqqı sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. Sığortaçının sığorta ödənişindən imtina edilməsinin hüquqi əsasları müəyyən edilmiş və qeyd ədilən maddənin 1.9-cu bəndi ilə “sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqabilində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilmədikdə” müddəası sığorta ödənişindən imtina əsası kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları” mn 9.2.2-ci bəndinə əsasən sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək sığortalının vəzifəsidir. Hazırki işin faktiki hallarından məlum olur ki, sığortalı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqını isə cavabdehin müvafiq bank hesabına ödəməmişdir. Bundan başqa iddiaçı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqı hissəsini cavabdeh sığorta Şirkətinin müvafiq bank hesabına deyil məhz Vasif Vahabov adlı şəxsin hesabına ödədiyini etiraf etmişdir. Ümumiyyətlə iddia ərizəsində qeyd edilən vətəndaş Vasif Vahabovla cavabdeh sığorta Şirkəti arasında sığorta müqavilərinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması ilə bağlı sığorta agentinin vasitəçilik xidmətindən istifadə ilə bağlı tapşırıq müqaviləsi bağlanmamış, həmin şəxslə Şirkət arasında əmək müqaviləsi mövcud olmamışdır. "xxxx" ASC-nin adının olduğu (kartlar) ödənişlə bağlı qəbzlər cavabdeh Şirkətə məxsus deyildir. İddiaçı tərəfindən cavabdehin hesabına sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci sığorta haqqınının (249.70 azn) cavabdeh Şirkətin hesabına ödənilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, bu tipli tələblərlə bağlı Ali Məhkəmənin qərarı vardır və həmin qərarda ödənilməmiş və gecikdirilmiş borca görə sığorta ödənişindən imtina edilməsi düzgün qiymətləndirilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, İddiaçı cavabdeh Şirkətə “sığorta ödənişinin ödənilməsi ilə bağlı pul tələbinə dair” iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı etiraza münasibət bildirərək qeyd etmişdir ki, o, kasko sığorta üzrə ödənişi "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin qeyri rəsmi sığorta agenti olaraq işlədiyi Vasif Vahabov adlı şəxsə sığorta ödənişlərinin hər ikisini ödəmişdir. Qeyd olunan şəxs "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin həmin dövr üzrə rəsmi əmək müqaviləsi əsasında əməkdaşı olmuş Rəşad adlı şəxslə əlaqəli olaraq işləmiş, bununla da qeyri rəsmi cavabdeh şirkətin sığorta agenti olmuş və həmin şəxslə qarşılıqlı fəaliyyət göstərmişlər. Həmçinin cavabdehin rəsmi əmək müqaviləsi üzrə işlədiyi şəxs Vasif Vahabovun gördüyü işlərə görə ona sığorta agentləri üçün nəzərdə tutulmuş "əmək haqqı" qismində sığorta ödənişlərdən faiz ödəmişdir. Vatsap foto görüntüsü cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Rəşad adlı şəxslə Vasif Vahabov arasında olan yazışmadır ki, həmin yazışma üzrə Vasif Vahabov onun kasko sığorta ödənişinin olunduğunu bildirir və bunun müqabilində 20% lik sığorta agent haqqını tələb edir. Göründüyü kimi bugün cavabdeh Vasif Vahabov adlı bir əməkdaşının olmasını bildirməsinə baxmayaraq qeyri rəsmi sığorta agenti olaraq Vasif Vahabovla qarşılıqlı fəaliyyət göstərdiklərini, Vasif Vahabovun onlara sığorta sifarişləri göndərməsini gizlədir. Həmçinin bildirmək istəmişdir ki, Vasif Vahabov adlı şəxs sığorta şəhadətnaməsində onun nömrəsini qeyd etdirməsinə baxmayaraq cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 1 dəfə də olsa sığorta ödənişinin hara və necə olması barədə və ya sığorta ödənişinin ödənilməməsi barədə heç bir sms bildiriş və ya başqa bir məlumat xarakterli müraciət göndərilməmişdir. Hazırkı mübahisə üzrə 2 ehtimal vardır. Birinci ehtimal şirkət qəbul etdiyi ödənişi gizlətməklə sığorta ödənişinin ödənilməsindən boyun qaçırmaq istəyir. Çünki onun tərəfindən əgər sığorta ödənişi olunmamışdırsa niyə bu barədə ona heç bir məlumat verilməmişdir?! Və ya niyə görə sığorta müqaviləsi son günədək cavabdeh tərəfindən qüvvədə saxlanılmışdır?! Niyə görə o, cavabdehin qaynar xətti ilə əlaqə saxlayan zaman operator onun sığorta müqaviləsinin qüvvədə olduğunu bildirmişdir?! İkinci ehtimal isə sığorta ödənişinin ikinci hissəsinin cavabdeh şirkətin qeyrirəsmi sığorta agenti kimi qarşılıqlı işlədiyi Vasif Vahabov tərəfindən onlara köçürülməməsi ola bilər. Bu ehtimal üzrə belə cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti onun sığorta şəhadətnaməsində göstərilən nömrəsinə sms göndərməməklə, sığorta müqaviləsini son günədək qüvvədə saxlamaqla Vasif Vahabov adlı şəxsin dələduz əməllərinə ortaq olmuşdur. Əlbəttə bunlar hər biri ehtimallardır. Hazırki iş yekunlaşdıqdan sonra qeyd edilən halın araşdırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəkdir ki, həm hüquqi şəxsin həm Vasif Vahbovun əməlləri araşdırılsın və əməllərində cinayət tərkibi varsa barələrində tədbir görülsün. Göründüyü kimi cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti ona kasko müqaviləsi üzrə ödənişin olunmaması barədə hər hansı məlumat verməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh Ali məhkəmənin qərarlarından birini bu işə oxşar iş olduğunu iddia edərək başqa bir motivli iş məhkəməyə təqdim etmiş və iddiasının haqsız olduğuna dair məhkəmədə inam formalaşdırmağa çalışmışdır. Qeyd olunan işə baxdıqda görünür ki, həmin iş üzrə tərəf sığorta ödənişinin qrafik üzrə 3-cü hissəsini xx.xx.2016-cı ildə ödəməsinə baxmayaraq xx.xx.2016-cı ilədək ödəməmişdir və yaranan mübahisə bununla bağlı olmuşdur. Lakin, hazırki iş üzrə ödənilməli olan sığorta ödənişi cavabdehin qarşılıqlı komissiya verərək iş gördüyü qeyri rəsmi sığorta agenti Vasif Vahabova ödənilmiş və o, ödənişlərindən neçə ay keçməsinə baxmayaraq cavabdehin qaynar xətti ilə əlaqə saxlayaraq ondan sığorta müqaviləni soruşduqda sığorta müqaviləsinin qüvvədə olduğu və hər hansı narahatçılıq olmadığı ona bildirilmişdir. Həmçinin həmin qərar üzrə sığorta şirkətinin iddiaçı tərəfə ödənişi gecikdirməsi barədə məlumat verib verməməsi, sığorta müqaviləsinin qəza olan zamana münasibətdə qüvvədə olub olmaması müəyyən olunmur. Odur ki, cavabdehin təqdim etdiyi Ali Məhkəmənin qərarında göstərilən mübahisə hazırkı mübahisədən tam fərqli epizodlarda olmuş məhkəmə mübahisəsidir. Bir daha bildirmək istəmişdir ki, o, vicdanlı kasko sığorta paketini almış şəxsdir. X10 etdiyi ödənişlə hazırkı kasko müqaviləsi bağlanmışdır, digər ikinci ödənişi də o, vaxtında həmin hesaba ödəmişdir. Cavabdeh ona kasko ödənişinin ödənilməməsi və ya gecikdirilməsi barədə heç bir məlumat verməyib, o, cavabdehin qaynar xətti ilə 1 il ərzində bir neçə dəfə əlaqə saxlamışdır və hər birində onun sığorta müqaviləsinin qüvvədə olduğunu bildirmişlər. Bugün isə sığorta ödənişinin ikinci hissəsinin ödənilmədiyini bildirmişlər. Əgər sığorta ödənişi üzrə cavabdehin qeyri rəsmi işlədiyi sığorta agenti Vasif Vahabov ödənişi cavabdehə ödəməyibsə və sığorta müqaviləsinin qüvvədə olması barədə qaynar xəttdə əyləşən operator kasko müqaviləsi üzrə heç bir problem olmadığını bildiribsə və cavabdehin Vasif Vahabovun bu əməlinə səsizliyi ilə dəstək olubsa deməli hazırkı sığorta ödənişi üzrə məsuliyyəti birbaşa cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti daşıyır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta ödənişi olaraq 1307 manat, gecikdirilmiş günlər üzrə hesablanmış 247.02 manat dəbbə pulu olmaqla cəmi 1554.02 manat məbləğin və 35,55 manat ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehlə aralarında olan mübahisə predmeti olan 11 yanvar 2022-ci il tarixli X2 Tam Sığortası barədə müqavilə üzrə aşağıdakı hallar işin mübahisəsiz hallarıdır. 1.Kasko müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixinədə qüvvədən düşmüşdür. 2.Müqavilə üzrə sığorta müqaviləsinin ilk hissəsinin ödənilməsi, məhkəməyə təqdim etdiyi qəbzlə və xx.xx.2023-cü il tarixli iclas zamanı cavabdehin nümayəndəsi X4 tərəfindən də etiraf edilmişdir. 3.Müqavilə üzrə cavabdeh ikinci ödənişin onlara daxil olmasını inkar etməsinə baxmayaraq aramızda bağlanmış 11 yanvar 2022-ci il tarixli kasko müqaviləsinin son günədək - yəni, xx.xx.2023-cü il tarixinədək qüvvədə olduğu da işin mübahisəsiz halıdır. İş üzrə mübahisəli olan hissə ikinci ödənişin olunub olunmaması hissəsidir. Əgər ikinci ödəniş olmasaydı, onun kasko müqaviləm necə qüvvədə ola bilərdi. Cavabdeh isə ikinci ödənişin onlara daxil olmadığını sübut edəcək mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxış iclası zamanı işin üzrə daha obyektiv nəticəyə gəlmək üçün əlavə sübutların toplanılması qərara alınaraq cavabdehin 4 bankda olan hesablarına tərəfindən ödənişin olunub olunmaması barədə sorğu verilməsi qərara alınmışdır. Sorğuya cavab verən 3 bank ümumiyyətlə onun tərəfindən ödənişin onlara daxil olmadığı barədə cavab məktubu göndərmişdir. 4-cü bank üzrə də həmin cavab məktubu gələrsə ortaya aşağıdakı ziddiyyətli suallar çıxır. 1. Kasko müqaviləsi üzrə işin mübahisəsiz halı olan 250 manatlıq ödəniş niyə banklar tərəfindən göndərilən cavab məktublarında öz əksini tapmamışdır? 2.Kasko müqaviləsi üzrə işin mübahisəsiz halı olan 250 manatlıq ödəniş cavabdehin hansı bankda olan hesabına köçmüşdür? Göründüyü kimi cavabdeh kasko müqaviləsi üzrə ödənişdən yayınmaq istəyir. Eyni zamanda bildirmək istəmişdir ki, cavabdehlə aralarında bağlanan müqavilənin bəndlərindən birində qeyd edilmişdir ki, "Sığorta haqqı hissə hissə ödənildiyi halda sığorta müddəti ərzində baş vermiş hər hansı sığorta hadisəsi nəticəsində sığortalı ödəməli olan sığorta haqqını sığortaçının bank hesabına ödəməli və ya sığorta ödənişi məbləğindən sığorta haqqının ödənilməmiş hissəsi çıxılacaqdır.” Müqavilə bəndinə əsasən cavabdeh əgər ikinci ödənişin onların hesabına köçmədiyi barədə iddia irəli sürürsə müqavilə şərtinə əsasən ona ödəməli olduğu sığorta ödənişindən 250 manat ödənişməmiş hesab etdiyi məbləği çıxaraq ödəniş etməli idi. Lakin, cavabdeh ümumiyyətlə ödənişdən imtina edir. Bütün bunlar cavabdehin sığorta ödənişindən qəsdən yayınmaq istəməsinin əyani sübutudur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş KSK********** saylı Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, sığortalı İddiaçı məxsus “Hyundai Sonata” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil 499.7 manat müqabilində xx.xx.2023-cü il tarixinədək sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsində azadolma (franchise) 100 manat göstərilmişdir. İş materiallarında olan şərtlər və istisnalar adlanan sənəddə göstərilmişdir ki, sığorta haqqı hissə-hissə ödənildiyi halda sığorta müddəti ərzində baş vermiş hər hansı sığorta hadisəsi nəticəsində sığortalı ödəməli olan sığorta haqqını sığortaçının bank hesabına ödəməli və ya sığorta ödənişi məbləğindən sığorta haqının ödənilməmiş hissəsi çıxılmalıdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 249.85 manat, xx.xx.2022-ci il tarixdə 249.85 manat ödəməli idi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, həmin şirkətdə Vasif Vahabov adlı işçi çalışmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavaba əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə məxsus AZ14HAJCNCRAZN**********3001 saylı hesab üzrə KSK********** saylı sığorta müqaviləsi ilə bağlı heç bir ödəniş olmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavaba əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə məxsus AZ87İBAZ**********6360690202 saylı hesab üzrə KSK********** saylı sığorta müqaviləsi ilə bağlı heç bir ödəniş olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, onunla Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı “X1 Tam Sığortası” üzrə sığorta haqqı qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə araşdırması zamanı tərəflərin mövqeləri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus ** CC *** dövlət qeydiyyat nişanlı Hundai Sonata markalı avtomobil 1 il müddətinə 499.7 manat sığorta haqqı iki dəfəyə ödəmək müqabilində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən nəqliyyat vasitələrinin kasko sığortası növü üzrə müvafiq sığorta təminatı almış, həmçinin qeyd etdiyi kimi, həmin ödənişi sığorta agentinə ödədiyi təqdirdə endirimlə cəmi 450 manat sığorta haqqının ödənişini etməsini, cavabdeh həmin ödənişlərdən yalnız birincisini (250 manat) qəbul etməklə, ödənişin ikinci hissəsinin şirkətin hesabına daxil olmadığını bildirmişdir. İddiaçı tərəfindən sığorta haqqının qanunla müəyyən edilmiş müddətdə tam ödənilməməsi səbəbindən aralarında bağlanmış sığorta müqaviləsi üzrə razılaşdrılmış sığorta haqqının ödənilməsində iddiaçıya imtina edilmişdir. Hazırda iddiaçı sığorta ödənişini, həmçinin gecikdirilmiş günlər üzrə hesablanmış 247.02 manat dəbbə pulu olmaqla cəmi 1554.02 manat məbləğin və 35,55 manat ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh sığorta haqqının müvafiq qaydada ödənildiyi tədirdə sığorta ödənişi kimi 1307 manatın verilməli olduğunu mübahisələndirməmişdir. “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2022-ci il Fərmanında Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilməsi və Cəmiyyətin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxs olması göstərilmişdir. Məhkəmə tərəflər arasında yaranan münasibətlərin hüquqi xarakterinə və mübahisə predmetinə dair belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında sığorta müqaviləsini tənzimləyən münasibətlər, iddiaçı ilə özünü şirkətin agenti kimi təqdim edən Vasif Vahabov adlı şəxslə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Beləliklə, hazırkı iş üzrə tərəflər iradə ifadəsi bildirərək sığorta müqaviləsini bağlamaqla bu növ münasibətləri tənzimləyən qanunvericilik normalarının tələblərinə uyğun hərəkət etməliydilər. Tərəflər arasında sığorta müqaviləsinin bağlanması işin mübahisələndirilməyən halıdır. Bu həmçinin iddiaçıya sığorta şəhadətnaməsinin verilməsi ilə də təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Tərəflər arasında sığorta müqaviləsi bağlanmaqla sığorta haqqının ödənilməsi qaydası da razılaşdırılmışdır. Bu sığorta şəhadətnaməsinə əlavə edilmiş ödəniş cədvəlində öz əksini tapmışdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, sığorta hadisəsinin baş vermə tarixi xx.xx.2023-cü il olmuşdur. Lakin sığorta hadisəsinin baş verdiyi anda sığorta müqaviləsinin güvvədə olması və güvvədə olmadığı təqdirdə hansı əsasla olmaması mübahisəlndirilən haldır. Cavabdeh bunu sığorta müqaviləsinin qüvvədən düşməsini iddiaçı tərəfindən sığorta haqqının ödənilməli olan ikinci hissəsinin ödənilməməsi ilə əsaslandırmışdır. Bunun hüquqi əsası kimi, cavabdeh etirazında Mülki Məcəllənin 903-cü maddəsinə istinad etmişdir. Cavabdeh tərəfindən sığorta haqqının ikinci hissəsinin ödənilməməsi səbəbi ilə sığorta müqaviləsinin qüvvədə olmaması və ya ona xitam verilməsi barədə iddiaçıya rəsmi bildirişin göndərilməsi barədə mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Belə ki, MM-nin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. MM-nin 906.2-ci maddəsinə əsasən Məcəllənin 919.1.1–919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir. MM-nin 919.1.7-ci maddəsinə əsasən sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir MM-nin 920.1-ci maddəsinə əsasaən sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. MM-nin 920.2-ci maddəyə əsasən sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd edilənlərə əsasən görünür ki, sığorta şirkəti müqavilənin xitam edilməsi barədə qarşı tərəfə iradə ifadəsini bildirməmişdir. İşin mübahisələndirilən digər halı isə sığorta haqqının hissə-hissə ödənilməsinin həcmi ilə bağlıdır. İddiaçı verdiyi yazılı və şifahi məlumatlarla, sığorta agenti kimi özünü təqdim etmiş şəxsə vəsaitin köçürməsi bildirişləri ilə hissə-hissə ödənilməli olan sığorta haqqının 499,4 manat deyil, güzəştli şərtlərlə, yəni sığorta agentinə ödədiyi təqdirdə sığorta haqqının endirimlə 450 manat olmasını əsaslandırmağa çalışmışdır. Halbuki şığorta şəhadətnaməsində və ona təqdim edilmiş digər sənədlərdə bu barədə hər hansı şərtin olması və cavabdehlə razılaşdırılması görünmür. Məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılması zamanı tərəflər arasında bağlanmış sığorta müqaviləsi nə iddiaçı və də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, cavabdeh iddiaçı tərəfindən sığorta haqqının bir qisminin (250 manat) ödənilməsini, eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus “Hyundai Sonata minik” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığorta predmetinə dəymiş zərərin 1307 manat olmasını etiraf etməklə həmin hissədə iddiaçını sübutetmə yükündən azad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında sığorta haqqının hissə-hissə ödənilməsinə dair razılıq olmaqla, haqqın birinci hissəsi cavabdeh tərəfindən qəbul edilmiş, bununla da müqavilə qüvvədə olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Beləliklə sığorta hadisəsi müqavilə qüvvədə olduğu vaxt baş vermiş, sığorta predmetinə sığorta hadisəsi üzrə sığorta məbləğini almaq hüququ yaranmışdır. Məhkəmə iddiaçının sığorta haqqının güzəştli şərtlərlə ödənilməsini nəzərdə tutan razılaşdırmanı təsbit edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. O cümlədən, iddiaçının sığorta haqqının ikinci hissəsinin ödənilməsi dəlillərinə münasibətdə qeyd edilmədir ki, həmin dəlillər mötəbər sübutlara əsaslanmamış, işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Odur ki, məhkəmə sığorta haqqının qalan 249.7 manat hissəsinin cavabdehə ödənilməməsini nəzərə alaraq, hesab edir ki, şərti azadolma məbləği (100 manat) çıxılmaqla sığorta hadisəsi üzrə sığorta məbləğinə görə 1057.3 manat (1307- 249.7=1057.3) sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş günlər üzrə hesablanmış 247.02 manat dəbbə pulu” hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta ödənişinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə sığortaçıya müraciət etmiş, lakin 7 iş günü müddətində (xx.xx.2023-cü il tarixədək) sığortaçı sığorta ödənişinin verilməsini təmin etməmiş, həmin müddətdə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməmişdir. Məhkəmə hesab edir ki, sığorta ödənişi sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödənilmədiyindən, sığorta ödənişinin ödənilməli olduğu müddətin sonuncu günündən (xx.xx.2023-cü il tarixdən) iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək (xx.xx.2023-cü il) cavabdehdən ümumilikdə 02 ay 17 gün (77 gün) üçün gecikdirilmiş sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 81.41 (1057.3x0.1%=1.0573; 1.0573x77=81.41) manat dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1057.3 manat sığorta ödənişi və 81.41 manat dəbbə pulu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə (1138.71 manat) mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 31.38 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1057.3 manat sığorta ödənişi, 81.41 dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi 31.38 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 35.55 manat dövlət rüsumunun qalan 4.17 manat özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar