Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2252/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “sayğacların cavabdehin vəsaiti hesabına dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “sayğacın cavabdehin hesabına dəyişdirilməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal r., İnşaatçılar pr., 40 saylı evin həyətində yerləşən fərdi qarajda (abonent kodu 078110) olan su sayğacının “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 hesabına dəyişdirilməsi, Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 680 manat qanunsuz borc məbləğinin silinməsi və mediasiya xidmətinə görə ödənilmiş 45 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin əməkdaşı Bəxtiyar Camalov mülkiyyət hüququ əsasında iddiaçıya məxsus, hazırda qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərən Bakı şəhəri, Yasamal r., İnşaatçılar pr., 40 saylı evin həyətində yerləşən fərdi qarajda (abonent kodu 078110) olan su sayğacına baxış keçirib sayğacın mənfiyə işlədiyini və bu səbəbdən də dəyişdirilməsinin vacib olduğunu bildirdi. Su idarəsinin əməkdaşı eyni zamanda bildirdi ki, qeyri-yaşayış sahəsi olduğu üçün sayğac mülkiyyətçinin hesabına dəyişdirilməlidir. İddiaçı bu tələbin qanunsuz olduğunu qeyd edərək, mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçılar üçün sayğacın quraşdırılması, dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməli olduğunu vurğulamışdır. Lakin su idarəsinin əməkdaşı bununla razılaşmayaraq "xxxx" ASC-yə müraciət etməsini tövsiyə edib getmişdir. Bundan sonra iddiaçı tərəfindən "xxxx" ASC-nin 955 qaynar xətti ilə əlaqə saxlanılmış və onlar da bildirmişlər ki, qeyri-yaşayış sahəsi üzrə sayğacların dəyişdirilməsi abonentin öz hesabına həyata keçirilir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə müraciət olunsa da, bunun da bir müsbət nəticəsi olmamış və iddiaçının müraciəti araşdırılması üçün "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC isə öz maraqlarına uyğun, lakin mövcud qanunvericiliyin tələblərinə zidd olan bir cavab yazıb ona ünvanlamışdır. Həmin cavabla bağlı iddiaçının mövqeyi barədə bu dəfə bilavasitə "xxxx" ASC-yə müraciət edilmişdir. Cəmiyyətin Nəzarət və Ölçü cihazları idarəsinin əməkdaşı Rüfət Məmmədov onunla telefon əlaqəsi yaradaraq şikayəti barədə məlumatı dinləyib iddiaçı ilə əlaqə saxlanacağını bildirmişdir. Eyni zamanda, obyektin mülkiyyətçisi iddiaçı olduğuna görə qaydalara əsasən ad dəyişmənin həyata keçirilməsi üçün 17 aprel 2023-cü ildə 1 saylı Asan Kommunal mərkəzinə də ərizə ilə müraciət olunmuşdur. Bu müraciət zamanı Asan Kommunal mərkəzində olan operator ərizəni və müvafiq sənədləri qəbul edib iddiaçının xahişi ilə həmin günə kimi edilmiş ödənişlər barədə cədvəli və istifadə olunmuş suyun həcmi və dəyəri barədə sistemdən çıxarışı ona təqdim edib, sualına cavab olaraq borcunun olmadığını bildirmişdir. Bundan bir neçə gün sonra X11 İdarəsinin şöbə müdiri Mirəli Seyidov onunla telefon əlaqəsi yaradıb guya onlara 400 manatdan yuxarı borcunun olduğunu qeyd etmişdir. İddiaçı buna etiraz edib borcun ola bilməyəcəyini demişdir. Lakin o yenidən bildirmişdir ki, sayğac mənfiyə işlədiyi üçün pandemiya başladıqdan sonra uzun müddətdir ki, ona baxış keçirilməmiş və nəticədə borc yığılıb qalmışdır. İddiaçı bir daha ona sayğacın smart kart tipli olduğunu, nəzarətçinin isə hər ay azı bir dəfə sayğaca baxış keçirdiyini və bu qədər borc olsaydı, həmin vaxta kimi bildiriş verilərək suyun verilməsinin çoxdan dayandırılacağını bildirsə də, o iddiaçını idarəyə dəvət edərək məsələnin yerində araşdırılmasını təklif etdi. İddiaçı su idarəsinin əməkdaşının hərəkətlərinin qərəzli oduğuna əmin olaraq idarəyə yaxınlaşmaqdan imtina edib yalnız sayğaca yerində baxış keçirilib onunla müqavilə bağlanacağı təqdirdə oraya gedəcəyini vurğulamışdır. 13 may 2023-cü ildə su idarəsinin Sabir adlı növbəti əməkdaşı iddiaçı ilə əlaqə saxlayaraq şöbə müdiri M.Seyidovun göstərişinə əsasən sayğaca baxış keçirmək istədiyini bildirmişdir. İddiaçı həmin gün onunla görüşüb sayğaca baxış keçirmişdir. O, iddiaçının yanında M.Seyidovla telefonla danışıb borcun deyilən məbləğdə deyil, sayğaca əsasən az olduğunu bildirmişdir. Telefon danışığından sonra ona idarəyə yaxınlaşmağı tövsiyə etmişdir. 24 may 2023-cü il tarixdə nahardan qabaq su idarəsinin bir qrup əməkdaşı iddiaçıya əvvəlcədən xəbərdarlıq etmədən qəflətən obyektə gələrək zorla içəriyə daxil olub su xəttini kəsmiş və orada işləyən şəxsə su idarəsinə gəlməyi bildirərək çıxıb getmişlər. Həmin gün nahardan sonra su idarəsinin yenidən bir qrup əməkdaşı yenə iddiaçıya məlumat vermədən obyektə gəlib, su xəttində olan elastik birləşməni ləğv edib, su təchizatını bərpa etmişlər. Həmin vaxt iddiaçı özünü obyektə çatdırıb qoşulma işlərinin sonu olduğunu və bir neçə nəfər, o cümlədən ərazi nəzarətçisi Vüsal adlı şəxsin də orada olduğunu görmüşdür. Onunla söhbət zamanı Vüsal özü də sayğaca hər ay mütəmadi baxış keçirdiyini, sayğacdan əlavə xəttin olmaması barədə idarəyə məlumat verdiyini və sayğacın üstündə olan elektron göstəriciyə əsasən yaranmış borcun iddiaçı tərəfindən vaxtında ödənilməsini xahiş edərək getmişdir. 31 may 2023-cü ildə nəzarətçi Vüsal iddiaçı ilə telefon əlaqəsi saxlayıb idarədən verilən sənədi təqdim etmək istəyini demişdir. Həmin sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, Yasamal rayon Sukanal idarəsinin əməkdaşları 24 may 2023-cü ildə obyektə iddiaçının iştirakı olmadan daxil olarkən ləğv etdikləri elastik birləşmə barədə qanunsuz olaraq sonradan 23 may 2023-cü il tarixli akt tərtib etmiş, həmin akta əsasən 232 manat və 448 manat qalıq, cəmi 680 manat borc hesablayaraq borcun 7 iş günü ərzində ödənilməyəcəyi təqdirdə su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılacağı barədə xx.xx.2023-cü il tarixli 13-16-5-4/2-03/03-380/2023 saylı bildiriş ünvanlamışlar. Su idarəsinin əməkdaşlarının hərəkətləri qərəzli xarakter daşımaqla obyektə olan sayağacın məcburi iddiaçının hesabına dəyişdirilməsinə nail olmaq məqsədi ilə edilərək mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, sözügedən obyekt iddiaçı tərəfindən alınarkən orada mövcud olan su təsərrüfatında heç bir dəyişiklik olunmamış və su xəttində olan elastik birləşmə və sayğacın mənfiyə işləməsi həmin vaxt mövcud olmuşdur. "xxxx" ASC-nin əməkdaşları bu müddət ərzində bir neçə dəfə obyektə baxış keçirmiş və orada olan elastik birləşməni müşahidə edərək ləğv edilməsini xahiş etmişlər. Sayğacla bağlı isə mənfiyə işlədiyini və vaxtında yükləmə etməklə bunun istifadə edilməsinin mümkün olduğunu da qeyd etmişlər. Həqiqətən də, sayğac mənfiyə işləsə də, kartdan yükləmə etdikdən sonra borc dərhal silinir və yerdə qalan məbləğ sonradan istifadə olunurdu. Lakin təxminən 2023-cü ilin yanvar ayının axırları fevral ayının əvvəllərində kartda olan məbləği sayğaca yükləmək mümkün olmamışdır. Belə olan halda iddiaçı tərəfindən "xxxx" ASC-nin 955 qaynar xəttinə müraciət olunaraq məsələ barədə məlumat verilmiş və onların tövsiyəsi ilə smart kart iddiaçının hesabına dəyişdirilsə, problem aradan qalxmayaraq təkrarən eyni qaydada "xxxx"ya müraciət edilmişdir. Bu dəfə Yasamal rayon sukanal idarəsinin əməkdaşları yerində sayğaca baxış keçirib təmir edərək kartda olan məbləği sayğaca yükləməkdə yardımçı olub qeyd etdilər ki, bir daha belə hal təkrarlanarsa, kartdakı məbləği sayğaca köçürmək mümkün olmayacaq və bu halda artıq sayğac dəyişdirilməlidir. xx.xx.2023-cü ildə iddiaçı tərəfindən karta 30 manat yüklənsə də, həmin məbləği sayğaca köçürmək mümkün olmamışdır və sayğacın göstəriciləri mənfiyə doğru artmışdır. Sayğac mənfiyə işləsə də, istifadə olunmuş suyun məbləği sonradan abonent hesabına müxtəlif vaxtlarda köçürülmüş və xx.xx.2023-cü ilə olan sayğacın göstəricilərinə əsasən də iddiaçı tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi 55 m3 su istifadə edilərək dəyəri xx.xx.2023-cü ilə tamamilə ödənilmiş və bu tarixə digər heç bir qalıq borc olmamışdır. 680 manat borcunun olması barədə Yasamal Sukanal idarəsinin iddiaçıya təqdim etdiyi xx.xx.2023-cü il tarixli bildirişə əlavə edilmiş eyni tarixli ********* saylı hesab fakturanın axırıncı sətrində də qeyd olunmuşdur ki, məlumat bazası üzrə xx.xx.2023-cü ilə borc 0 manat təşkil etmişdir. Həmin bildirişə əlavə edilmiş eyni tarixli ********* saylı qanunsuz tərtib edilmiş istifadə fakturasına əsasən isə xx.xx.2023-cü ilə qalıq borc artıq 182.60 manat olmuşdur. xx.xx.2023-cü ildə abonent hesabına ödəniş edərkən də məlum olmuşdur ki, "xxxx" ASC-yə həmin tarixə borcun məbləği 182.60 manat olaraq 36 manat sonuncu ödəniş edildikdən sonra cəmi qalıq borcun məbləği 146.60 manat təşkil etmişdir. Bu barədə xx.xx.2023-cü ilə olan elektron məlumat bazasından rəsmi çıxarış da əldə edilmişdir. xx.xx.2023-cü ildə "xxxx" ASC-nin 955 qaynar xətti ilə də telefon əlaqəsi yaradılıb borcun bir daha həmin tarixə 146.60 manat olduğu müəyyən edilmişdir. Qeyd olunan sənədlərə ilk baxışdan sonra açıq aydın bəlli olur ki, X11 idarəsinin verdiyi bildirişlə "xxxx"nun elektron məlumat bazası arasında qalıq borca dair kəskin fərqlər mövcuddur ki, bu da sonradan əlavə hesablanmış borc məbləğinin qanunsuz olduğunun göstəricisidir. xx.xx.2023-cü il tarixli 602068 saylı akta əsasən də qanunsuz istifadəyə görə hesablanmış 232 manat borc məbləği də əsassız olmaqla qanuna və normal məntiqə uyğun deyil. Ona görə ki əvvəla və ən əsası həmin aktın özündən də bəlli olur ki, obyektə sayğacdan kənar keçən hər hansı bir xətt aşkar olunmamış, sadəcə ümumi xətdə olan elastik birləşmə aşkar edilmişdir ki, bu da sayğaca gedən yeganə su xəttinin üstündə olmuşdur. Yəni nə vaxtsa bu birləşmə vasitəsi ilə sayğacdan kənar xəttin qoşulmasına dair ehtimal verilmişdir. Bundan əlavə aktın tərtib edilməsi də qanun pozuntusu ilə müşahidə olunmuşdur. Belə ki, su idarəsinin əməkdaşları obyektə 23 may deyil, 24 may 2023-cü ildə gəlmiş, qanunsuz olaraq su təchizatını dayandırmış, bütün bu hərəkətlər barədə obyektin mülkiyyətçisi və sahibi kimi ona əvvəlcədən məlumat verməmişlər. Həmin akt sonra da iddiaçının xəbəri və iştirakı olmadan tərtib olunduğu üçün tarixi səhvən 23 may göstərilərək qəsdən iddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli qanunsuz istifadə fakturasının da təyinat bölməsində 602068 saylı aktın tarixi ümumiyyətlə xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. Mövcud qanunvericiliyə görə obyektin yeni mülkiyyətçisi kimi yeni müqavilə bağlanmasına dair müraciət daxil olduğu tarixdən iddiaçı ilə 3 iş günü ərzində müqavilə bağlanmalı olduğu halda indiyə kimi bu baş verməmiş və bu müddət ərzində sayğacın iddiaçının hesabına dəyişdirilməsi üçün su idarəsi tərəfindən ona müxtəlif təyziqlər edilmişdir. Sayğacın dəyişdirilməsi ilə bağlı eyni problem iddiaçıya məxsus Bakı şəhəri, Məmməd Əfəndiyev küçəsi, ev 2, mənzil 8-lə (abonent kodu 062558) də bağlı baş vermişdir. Belə ki, burada da sayğacın dəyişdirilməsi üçün "xxxx" ASC-nin əməkdaşları onlardan pul tələb etmiş və sayğac dəyişdirilmədiyi təqdirdə qanunsuz olaraq su təchizatının dayandırılacağı haqqında 26 may 2023-cü il tarixli 13-16-5-8/2-02/1-01/2023 saylı bildiriş verərək, xx.xx.2023-cü ildə dayandırmağa cəhd etmişlər ki, bu da mövcud qanunvericiliyə tamamilə ziddir. "xxxx" ASC-nin bu tələbi qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmaqla istehlakçı hüquqlarının pozulmasına yönəlmişdir. Qanunvericiliyin sayğacın quraşdırılmasına dair müddəalarına əsasən istehlakçıların əhali (yaşayış) və qeyri- əhali (qeyri-yaşayış) qrupu üzrə hər hansı bir bölgü aparmamışdır. Sayğacın quraşdırılmasını tənzimləyən qanun normalarına əsasən təsnifat sayğac quraşdırılan obyekt və onun fəaliyyətinə (yaşayış və qeyri-yaşayış) uyğun yox, subyekt (istehlakçı şəxslər) və onların hüquqi statuslarına (fiziki və hüquqi şəxslər) uyğun aparılır. Yəni mövcud qanunvericiliyin tələbinə əsasən obyektin mülkiyyətçisinin hüquqi statusu nəzərə alınaraq məsələ həll olunmalıdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 40 saylı evin həyətində yerləşən fərdi qarajda (abonent kodu: 078110) və Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 2, mənzil 8 (abonent kodu: 062558) olan qeyri-yaşayış sahəsində quraşdırılmış və hazırda nasaz vəziyyətdə olan su sayğaclarının cavabdehin vəsaiti hesabına dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mülkiyyətində olan hər iki qeyri-yaşayış sahəsindəki su sayğacları sıradan çıxdığından, onların dəyişdirilməsi zərurəti yaranmışdır. Buna görə də fiziki şəxs olaraq su sayğacının dəyişdirilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəf sayğacların onun öz vəsaiti hesabına dəyişdirilməli olduğunu bildirmişdir. Lakin qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçılara məxsus ünvanlarda su sayğacları su təchizatı müəssisəsinin vəsaiti hesabına dəyişdirilməlidir. Belə ki, bu məsələ “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Sudan istifadə Qaydaları” ilə tənzimlənir. Su Məcəlləsi və Tarif Şurasının qərarının bu işə heç bir aidiyyəti yoxdur. “Sudan istifadə Qaydaları”nda qeyd olunmuşdur ki, bu qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıracaq formada təfsir edilə bilməz. Lakin faktiki olaraq qarşı tərəf bu müddəaları onun mənafeyini ağırlaşdıracaq formada tətbiq etməyə çalışır. Həmin sahələrin qeyri-yaşayış sahələri olmaqla, obyekt kimi fəaliyyət göstərdiyini, su sərfiyyatına görə hesabatların da qeyri-əhali kateqoriyasına aid olan sahələr kimi ikiqat hesabla aparıldığını və hər zaman bu formada ödədiyini mübahisələndirməyib, qanunvericiliyə əsasən fiziki şəxs olduğundan, sayğacların cavabdehin vəsaiti hesabına dəyişdirilməsi barədə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, səhhətində yaranmış problemlə bağlı məhkəmə prosesində iştirak edə bilməməsinin nəzərə alınaraq, iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdehin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndələri iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçının qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi əmlakları ilə bağlı tərəflər arasında bağlanmış müqavilələr məişət abonentləri ilə bağlanmış adi müqavilə deyil, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə”dir. Həmin obyektlərdə sudan istifadəyə görə hesablama da hər zaman məişət abonentləri üçün müəyyənləşdirilmiş tariflə deyil, məhz qeyri-əhali, yəni hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş tariflə aparılmış, iddiaçı bunu heç bir zaman mübahisələndirməmişdir. İddiaçı məişət abonenti sayılsaydı, qanunvericiliyə əsasən, sayğac cavabdehin vəsaiti hesabına dəyişdirilərdi. Lakin iddiaçı məişət abonenti hesab edilmədiyindən, sözügedən əmlakların da qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi mübahisəsiz olduğundan, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin əvvəlki məhkəmə iclaslarında iştirak etmək nümayəndələrinin izahatlarını nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev Məmməd küçəsində istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 47 kv.m. ümumi, 8 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 2298 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 40 saylı evin həyətində yerləşən 078110 saylı qeyri-əhali abonent kodunun adına keçirilməsinə icazə verilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı "xxxx" ASC üçün su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilən sadə fiziki şəxs (yəni əhali qrupuna aid olan insan fərdi) deyil, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs, yəni fərdi sahibkardır. Onunla "xxxx" ASC arasında bağlanılmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin adı da “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə” kimi müəyyən edilmişdir və bu müqavilə forması “Sudan istifadə Qaydaları”na 2 №-li Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bununla bağlı olaraq da sıradan çıxmış su sayğacının yenisi ilə əvəz edilməsi qanunvericiliyə uyğun qaydada iddiaçının vəsaiti hesabına həyata keçirilməlidir. "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İdarənin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 40 saylı evin həyətində yerləşən obyektə baxış keçirilən zaman 078110 nömrəli abonent kodunda qeydiyyatda olan “Alfasu” markalı, 50029325 nömrəli, smart kart tipli su sayğacının mənfiyə işlədiyi məlum olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixinə sayğacın mexaniki hissəsinin göstəricisi 1645 m3 olduğu halda, sonuncu dəfə xx.xx.2023-cü il tarixində smart karta 15 m3 yükləmə edilməklə abonent bazası üzrə cəmi dəyəri ödənilən sərfiyyat 1421 m3 təşkil etmişdir. Hazırda sayğac üzərində istifadə olunmuş suya görə 448 manat (224 m3) dəyərində ödənilməyən borc yaranmışdır. Eyni zamanda, keçirilən baxış zamanı obyektin ərazisində sayğacdan kənar diametri d=15 mm-lik birləşmə aşkar olunmuşdur. Sayğac üzərində formalaşmış 448 manat (224 m3) dəyərində ödənilməyən məbləğ və akta əsasən hesablanmış 232 manat dəymiş ziyan məbləği tam ödənildikdən sonra MİS (X1) proqramı üzərində ad dəyişmə əməliyyatı aparılaraq, yeni istehlakçı ilə müqavilə bağlanıla bilər. İstifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən vaxtında tam ödənilməlidir. Bütün bunları nəzərə alaraq sayğac üzərində toplanmış 448 manat, eyni zamanda xx.xx.2023-cü il tarixli, 602068 nömrəli akt əsasında hesablanmış 232 manat dəymiş ziyan məbləği olmaqla, cəmi 680 manat borc məbləği 7 iş günü müddətində ödənilməlidir. Əks təqdirdə, qanunvericiliyin digər tələblərinə əsasən göstərilən su təchizatı və kanalizasiya xidməti birtərəfli qaydada dayandırılacaqdır. "xxxx" ASC Səbail rayon Sukanal İdarəsi tərəfindən 062558 nömrəli müqavilə üzrə "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İdarənin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın istismara yararsız olduğu aşkarlanmışdır. Su sayğacının dəyişdirilməsi üçün 10 iş günü müddətində İdarəyə müraciət edilməsi xahiş edilmiş, əks təqdirdə rəhbərlik edilən müəssisənin (təşkilatın) su təchizatının qanunvericiliyə uyğun olaraq birtərəfli qaydada dayandırılacağı qeyd edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Yasamal rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, iddiaçının ünvan 2 ünvanında yerləşən, abonent kodu 078110 olan fərdi qarajın su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu yoxdur. Abonent haqqında məlumat adlı sənəddən görünür ki, abonent kodu 078110 olan ünvan 3 ünvanı ticarət və xidmət təşkilatları kimi qeyri-əhali kateqoriyasına aiddir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 40 ünvanında yerləşən evin həyətindəki qaraj və ünvan 5 ünvanında 1-ci mərtəbədə yerləşən 8 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı həmin qarajın və mənzilin qeyri-yaşayış sahələri kimi – qarajın maşınyuma xidmətləri üçün, mənzilin də obyekt kimi istismar olunduğunu, bu ünvanlarda sudan istifadəyə görə hesabatın qeyri-əhali kateqoriyası üçün müəyyənləşdirilmiş tariflə aparıldığını və ödənildiyini etiraf edir, lakin sahələrin icarə əsasında başqa şəxslərin istifadəsində olduğunu, özünün isə vergi ödəyicisi olmadığını bildirir. Buna görə də həmin ünvanlardakı nasaz vəziyyətdə olan su sayğaclarının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçıya məxsus obyektlərə dair müqavilələrin qeyri-əhali kateqoriyasına aid olan şəxslərlə bağlanmış müqavilə formasında olduğunu, ötən müddət ərzində həmin ünvanlarda mübahisəsiz olaraq qeyri-əhali tarifi ilə hesablama aparıldığını və ödəniş edildiyini, iddiaçının bu məsələyə heç vaxt etiraz etmədiyini bildirərək, sayğacların iddiaçının öz vəsaiti hesabına dəyişdirilməli olduğunu iddia edir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan görünür ki, iddiaçının su sayğacının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb etdiyi hər iki ünvan qeyriyaşayış sahəsi (maşınyuma (“moyka”) və digər xidmət sahəsi) kimi istifadə olunur və sudan istifadəyə görə ödəniləcək məbləğ “əhali” kateqoriyası üçün müəyyənləşdirilmiş tarifə əsasən deyil, qeyri-əhali, yəni hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş tarifə əsasən hesablanır. Deməli, bu ünvanlarda sudan şəxsi məqsədlər üçün deyil, gəlir əldə edilməsi (kommersiya) məqsədilə istifadə olunur. İddiaçı özünü hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab etməməsini vergi ödəyicisi olmaması ilə əsaslandırsa da, məhkəmə bu halı iddia tələbinin təmin edilməsi üçün tutarlı əsas saymır, üstəlik bu hal məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Çünki qeyri-yaşayış sahəsi kimi istifadədə olması, ötən müddət ərzində ödənişin hesablanma qaydasının “əhali” kateqoriyasından fərqli aparılması iddiaçı tərəfindən mübahisələndirilməyən obyektlərdə sıradan çıxmış su sayğaclarının məhz həmin sahələrin mülkiyyətçisi olan hazırkı iş üzrə iddiaçının VÖEN-in olmaması səbəbindən cavabdehin vəsaiti hesabına dəyişdirilməsi barədə tələbi təmin etmək hüququn ədalət, mütənasiblik və ağlabatanlıq kimi prinsiplərinə uyğun olmayacaq. Bu tələbin təmin edilməsi həm də məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilmiş faktiki halların gözardı edilməsi, mübahisənin formal yanaşma sərgilənərək həll edilməsi ilə nəticələnəcəkdir. İddiaçı qüvvədə olan qanunvericiliyə əsasən özünü fərdi sahibkar saymamaqda haqlı olsa da, bu hal onun mülkiyyətində olan obyektlərdə sudan istifadənin şəxsi məqsədlər üçün deyil, kommersiya məqsədləri üçün istifadə olunması faktını dəyişdirmir. Deməli, istənilən sayda əmlaka (yaşayış və ya qeyriyaşayış təyinatlı) sahib olub, maddi imkanı kifayət qədər yaxşı olan hər bir şəxs bilərəkdən vergi ödəyicisi kimi qeydiyyata alınmadan həmin əmlakları vergi ödəyicisi olan digər şəxslərin kommersiya məqsədli istifadəsinə verməklə, su istehlakı zamanı yarana biləcək belə xərclərdən kütləvi şəkildə yayına və bu hal kütləvi olduğu təqdirdə isə, cavabdeh tərəfi ağır maddi vəziyyətə sala bilər. Buna görə də hazırkı tələb hüquqdan sui-istifadə sayılmalıdır. İddiaçının ötən müddət ərzində ünvanlara dair bağlanmış müqavilə formasını (sahibkarlarla bağlanan müqavilə), habelə hesablamada tətbiq edilən ikiqat tarifi mübahisələndirməyib, məhz sayğac dəyişikliyi zamanı – özü xərc çəkməli olduğu zaman vergi ödəyicisi olmaması məsələsini mübahisələndirməsi də hüquqdan sui-istifadə olmaqla yanaşı, iddiaçının ziddiyyətli mövqeyi kimi qiymətləndirilir. Çünki görünür ki, o, əvvəlcədən bu halı qəbul etmiş, mübahisələndirməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Tələbin təmin edilməməsi isə iddiaçının iddia etdiyi kimi sudan istifadə qaydaları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəaların onun əleyhinə təfsiri deyil, hüquqdan sui-istifadə edilməsinin qarşısının məhkəmə tərəfindən alınması kimi qiymətləndirilməlidir. d) Tətbiq edilən hüquq və gəlinən nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.3-cü bənd. Bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. 1.6-1.7-ci bəndlər. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 6.5-ci bənd. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 6-cı bənd. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur. Maddə 14, 1-ci bənd. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və: a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun; b) su təchizatı məişət (təsərrüfat)-içməli məqsədlər üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” xx.xx.2016-cı il tarixli, 6 №-li Qərarı: 1-1-ci bənd. Nəzərə alınsın ki, bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növüdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “sayğacların cavabdehin vəsaiti hesabına dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №e-2(006)-2252/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2252/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver