Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-229/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 12.500 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən 22A saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən 22A saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzilin 12 m2 olan 1 otağı xx.xx.1998-ci ildə bağlanılmış alqı-satqı müqaviləsi əsasında X2, həmin şəxs öz mülkiyyətində olan 1 otaqlı mənzili xx.xx.2007-ci ildə bağlanılmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" firmasına satmış, firma tərəfindən plana düşmüş həmin mənzil tamamilə sökülmüşdür. Bu fakt "xxxx" firmasının verdiyi xx.xx.2018-ci il tarixli 75 saylı və Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2018-ci il tarixli arayışları ilə təsdiq olunur. İş üzrə Cavabdeh3 İddiaçı və qeyrilərinə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, onun və azyaşlı uşaqlarının ünvan 1 ünvana yaşayış hüquqlarının tanınması, həmin mənzilə köçürülmələri və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli 2(006)-329/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 iki azyaşlı uşağı ilə birlikdə qeyd olunan 22a saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmələri təmin edilmiş, iddia tələbi mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilmişdir. Eləcə də, iddiaçının qardaşı X10 ilə Cavabdeh3 arasındakı nikah ləğv edilmiş və Nəsimi rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci ildə 52 nömrəsi ilə qeydiyyat aparılmış, bu barədə həmin idarə tərəfindən xx.xx.2011-ci ildə AZ-İ seriyalı 116186 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2009-cu il tarixli qətnaməsi ilə X10 ilə Cavabdeh3 arasındakı nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 Abbasqulu oğlunun yetkinlik yaşına çatanadək analarının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi qət edilmişdir. Qeyd olunan mənzil sahəsi Bakı şəhərinin abadlaşdırlması ilə əlaqədar söküntü zonasına düşmüş və artıq sökülmüşdür. İddia tələbi üzrə cavabdehlər mülkiyyətçinin qardaşı X1 həyat yoldaşı və iki övladıdır. Həmin şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüşlər. Lakin həmin ünvanda ümumiyyətlə yaşamamışlar. Belə ki, evdə azı 15-20 nəfər qeydiyyatda olmuş, orada iddiaçının ailə üzvləri yaşadığından digər şəxslərin də birgə yaşaması mümkün olmamışdır. Hazırda isə həmin yaşayış sahəsi söküntü zonasına düşmüş, lakin cavabdeh iki övladı ilə birlikdə pasport qeydiyyatında olduğuna, habelə evin satılması ilə kompensasiya ödənilməsi ilə bağlı razılıq vermədiyinə görə, iddiaçının mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaçının cavabdehlərə qarşı kompensasiya ödənilməklə mübahisəli evdən istifadə hüququna xitam verilməsi məqsədəmüvafiqdir. Həmin tikili qədimi olmaqla şəhərin ümumi görünüşünə xələl gətirdiyinə görə artıq sökülmüşdür. Hazırda həmin ərazi üzrə bu tip mənzildə aylıq kirayə haqqının məbləği 300-350 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, Cavabdeh3 və iki övladından əlavə, həmin mənzildə azı 12 nəfər qeydiyyatdadır. Bu şəxslərin hər birinə müvafiq kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə, mülkiyyətçi olaraq iddiaçıya cüzi məbləğ düşə bilər. Ona görə də, hesab edirlər ki, aylıq 350 manat kirayə haqqı nəzərə alınmaqla, 3 illik dövr üzrə cəmi 12.500 manat kompensasiya ödənilməklə, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Digər tərəfdən, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub. Qeyd edilmişdir ki, iddia ərizəsində sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ yalnız mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib. Sonradan, xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 20.000 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən 22A saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 25.000 manat kompensasiya ödənilməsi şərtilə onların Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 58 ünvanda yerləşən 22A saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, tərəflərindən cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə mülki iş üzrə məhkəmə araşdırması davam edir. İş üzrə tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmiş, kifayət qədər məhkəmə araşdırması aparılmışdır. Bir daha nəzərə çatdırır ki, ümumi sahəsi 87 kv.m olan mənzilin 12 kv.m hissəsi digər paylı mülkiyyətçiyə məxsus olmuş, həmin sahə sonradan MTK-ya satılmaqla, hazırki iş üzrə tərəflərə heç bir aidiyyəti yoxdur. İddiaçının mülkiyyətində olmaqla qalan 75 kv.m-lik yaşayış sahəsi də sonradan Nəsimi rayon İcra Hakimiyyəti və "xxxx" MTK tərəfindən sökülməklə yararsız vəziyyətə salınmışdır. Hazırda həmin ünvanda heç bir ailə yaşamır və yaşayışa yararsızdır. İddiaçı mənzilin əvvəlki vəziyyətdə bərpası barədə qanunsuz müdaxilə edən şəxslərə qarşı məhkəmədə iddia qaldıracaqdır. İş üzrə cavabdehlər özləri də məhkəmə araşdırması zamanı azı 2013-2015-ci illərdən qeyd olunan ünvanda yaşamadıqlarını və Yasamal rayonu Statistika yaxınlığında 1 otaqlı mənzildə birgə kirayədə yaşamalarını etiraf etmişlər. Cavabdehlərdən başqa, həmin ünvanda, iddiaçının yaxın qohumları (bacı-qardaşları, anası və s) qeydiyyatda olmaqla yaşamışlar və həmin şəxslərin də gələcəkdə kompensasiya almaq hüquqları vardır. İş üzrə Cavabdeh3 keçmiş həyat yoldaşı Abasqulu Məmmədov da ikinci ailəsi ilə birlikdə həmin ünvanda pasport qeydiyyatında olmaqla başqa yaşayış yerləri yoxdur. İddiaçının və Abasqulunun iki ailəsindən başqa, həmin yaşayış sahəsində əlavə azı 15-20 nəfərdən ibarət 7-8 ailə qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehlərin bildirdikləri qayda ilə bu ailələrin hər birinə azı 40.000-50.000 manat kompensasiya ödənilərsə, yekunda iddiaçı satıb üstünə də əlavə 200.000-300.000 manat cibindən pul qoymaqla, hər bir mənzildən istifadə etmiş ailəyə pul ödəməlidir ki, bu hal sonda istifadəçi hüquqlarının bərpası, lakin mülkiyyətçi hüquqlarının isə kobud formada pozulması ilə nəticələnə bilər. Son olaraq iddiaçı hümanizm nümayiş etdirərək, iddia ərizəsi və əlavədə göstərilən kompensasiya məbləğini 20.000 manatdan 25.000 manata qaldırır və yekun olaraq hazırki iş üzrə cavabdehlərə 25.000 manat kompensasiya ödənilməsi şərtilə onların ünvan 3 ünvanda yerləşən 22A saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, həmin ünvana o, gəlin köçərək yaşamış, orada iki övladı dünyaya gəlmişdir. Lakin ailədaxili problemlərə görə nikahları pozulmuşdur. Bununla belə məhkəmə qətnaməsinə əsasən onun uşaqları ilə birlikdə həmin ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Həmin ünvanda ev köhnə olduğundan Fövqəladə Hallar Nazirliyindən arayış verilmişdir ki, orada yaşamaq təhlükəlidir. Ona görə də məcbur qalıb illərdir ki, uşaqları ilə birlikdə kirayədə yaşayır. Keçmiş baldızı və digər ailə üzvləri danışıqları da belə olmuşdur ki, həmin yer söküləndə onun payı veriləcək. Arayışda göstərilən şəxslərin bəziləri ölüb, bəziləri ümumiyyətlə heç bir zaman orada yaşamayıb, hamısının ayrıca öz şəxsi evləri var, bəziləri isə sonradan ora formal qeydiyyata düşmüş şəxslərdir. Həmin ünvanda məhz o və iki uşağı davamlı yaşamışlar. Təqdim edilən kompensasiya ilə razı deyildir. Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bildirdi ki, onlar anası, qardaşı və özü illərdir bir otaqlı mənzildə kirayədə yaşayırlar və hazırda hamısı yetkin insanlardır, təklif edilən kompensasiya ilə onlar özlərini mənzillə təmin edə bilməzlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 08 oktyabr 2007-ci il tarixli məktubundan görünür ki, sakinlərin "xxxx" firması tərəfindən qanunsuz olaraq söküntü işlərinin aparılması haqqında Azərbaycan Respublikası FHN-ə ünvanladıqları şikayət ərizəsi Agentliyin mütəxəssisi tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, mənzillər Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 955 saylı sərəncamı ilə "xxxx" firmasına ayrılmış torpaq sahəsi daxilindədir. Araşdırma göstərir ki, həmin ünvanda "xxxx" firması tərəfindən alınmış mənzillərdə söküntü işləri, həmin mənzillərin qonşuluğundakı sakinlər köçürülmədən aparıldığından, vətəndaşların həyatına təhlükə yaranmışdır. Təhlükənin reallığını nəzərə alaraq "xxxx" firmasına tapşırılmışdır ki, mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada sakinlərin köçürülməsi tam başa çatdırılanadək söküntü işlərini dayandırsın. Əks təqdirdə baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı firmanın nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 11 ünvanda yerləşən 22 a saylı mənzilə dair hüquq subyekti İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, qeyd edilən ərazidə 3 fərqli tikili mövcuddur. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanda yerləşən 22 a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq yaşayış sahəsi 12,0 m2 olan hissədə X8 adına, 4 otaq yaşayış sahəsi 75,08 m2 olan hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 672 nömrəli reyestr kitabının 63385 saylı vərəqində qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında xx.xx.2011-ci il tarixli AZ-İ seriyalı 116186 saylı şəhadətnamədən görünür ki, X10 ilə Cavabdeh3 arasında bağlanmış nikah 12 mart 2011ci il tarixdə 52 saylı akt qeydi ilə pozulmuşdur. 15 saylı MKİS tərəfindən verilmiş 08 yanvar 2011-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1987-ci il, X16 1991-ci il, X23 1992-ci il, X17 1995-ci il, X11 1996-cı il, X18 1996-cı il, X19 2003-cü il, X12 2003-cü il, X17 2006-cı il, X6 1998-ci il, Cavabdeh3 2000-ci il, Cavabdeh1 Abbasqulu qızı 2001-ci il, Cavabdeh2 Abbasqulu oğlu 2001-ci il, X13 2003-cü il, X29 2007-ci il tarixdən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 58 saylı evin 22A saylı mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli 2(006)-329/2011 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 İddiaçı və qeyrilərinə qarşı «mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh3 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri S.Vurğun küçəsi 58 saylı evin 22A saylı mənzilindən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi qət edilmiş, iddia tələbi mənzildən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilmiş, İddiaçı Cavabdeh3 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun ünvan 5 ünvanında 22a saylı mənzilin texniki vəziyyəti haqqında xx.xx.2016-cı il tarixli rəyində göstərilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin M/0239 saylı 31 mart 2016-cı il tarixli tapşırığına əsasən qeyd edilən 22a saylı mənzilə (sakin Cavabdeh3) vizual texniki baxış keçirilmişdir. Məlum olmuşdur ki, ortaq divarlarla ayrılmış bir neçə mənzildən ibarət olan 58 saylı bina keçən əsrin əvvəllərində inşa edilmişdir. Bina 1 mərtəbəli olub zirzəmisiz və kürsüsüzdür. Əlavə olaraq qeyd edir ki, bir çox mənzillərdə yaşayış yoxdur (sakinlər köçürülmüşdür). Ətraf baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşmüşdür. Planda düzbucaqlı şəkilli, uzunluğu 10.0 metr, eni 4.0 metr olan 22a saylı bir otaqlı və mətbəxdən ibarət olan mənzilin divarları but və kərpic daşlarından 0.50 və 0.20 metr qalınlığındadır, əhəng məhlulu ilə hörülmüşdür. Arakəsmələr ağac materialındandır. Döşəmə, qapı və pəncərələr taxta məmulatlarındandır. Damı yastı olub, atmosfer sularının qarşısının alınması məqsədilə asbestşiferlə örtülmüşdür. Texniki baxış zamanı mənzilin divar və arakəsmələrində, divar birləşmələrində bir və ikitərəfli çatlar (b=0.5-H).8sm), aralanmalar, qapı-pəncərə boşluqları ətrafında çatların yaranması müşahidə olundu. 2011-ci ildə qoyulmuş kağız mayakda cırılma yaranmışdır. Qrunt üzərindəki döşəmə taxtalarında, qapı-pəncərələrdə çürümələr mövcuddur. Xaricdən və daxildən daş hörgülərdə aşınmalar, əhəng hörgü materiallarının ovulub tökülməsi müşahidə olunmuşdur. Divarlarda nəmlik olması səbəbindən divar rənglənməsi tökülmüşdür. Fərdi yşayış evinin arxa tərəfində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Çoxmərtəbəli yaşayış binasının zirzəmisi və 2 mərtəbəli hissəsi ilə tərdi yaşayış evinin ara məsafəsi 3,30 metrdir. Fərdi yaşayış evinin döşəmə səviyyəsi 2 mərtəbəli binanın döşəmə səviyyəsindən 1,70 metr hündürlükdə yerləşir 2 mərtəbəli binanın bünövrə çalasının kənar sərhədi ilə fərdi yaşayış evinin ara məsafəsi 1 metr müəyyən olundu. Binalar arasındakı sahə inşaat və məişət tullantıları ilə doludur. Fərdi yaşayış evinə bitişik qonşu mənzillərin istismara yararsız olduğu müşahidə olundu. Yaşayış üçün təhlükəli vəziyyət yaranmışdır. Yaşayış evi fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Fərdi yaşayış evində çat və deformasiyaların yaranmasının səbəblərindən biri də yeni çoxmərtəbəli binanın yaxın məsafədə inşa edilməsidir. Fərdi yşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarda qeyd olunanları nəzərə alaraq fərdi yaşayış evində bərpa və gücləndirmə tədbirlərinin yerinə yetirilməsi səmərəsiz hesab edildiyindən sökülməsi məqsədəuyğundur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyətinə ünvanlanmış xx/xx-04701 nömrəli xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, ünvan 7 ünvanda yaşayan Cavabdeh3 yaşadığı ərazidə "xxxx" firması tərəfindən aparılan söküntü işləri nəticəsində evin yararsız vəziyyətə düşməsi barədə Agentliyə ünvanladığı müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Baxış zamanı, mütəxəssislərin rəyinə əsasən şikayətçinin mənzilinin divar və arakəsmələrində, divar birləşmələrində bir və iki tərəfli çatlar, aralanmalar müşahidə olunmuşdur. Yaşayış üçün təhlükəli vəziyyət yaranmışdır. Fərdi yaşayış evində çat və deformasiyaların yaranmasının səbəblərindən biri də "xxxx" firması tərəfindən yeni çoxmərtəbəli binanın yaxın məsafədə inşa edilməsidir. Bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27 sentyabr 2000-ci il tarixli 944 saylı sərəncamı ilə Nəsimi rayonu, S.Vurğun küçəsi 357-ci və 388-ci məhəllələrdə yerləşən mövcud tikililərin sökülərək, ofis və yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 1,29 ha torpaq sahəsi "xxxx" firmasının istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən əraziyə düşən yaşayış evlərinin sökülməsi və həmin binalarda yaşayan sakinlərin mövcud qaydalar əsasında firmanın vəsaiti hesabına, qarşılıqlı razılaşma əsasında köçürülməsi “Uğur-972 firmasına tapşırılmışdır. Lakin, firma tərəfindən qanunvericiliyin, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının tələbləri yerinə yetirilmədən 2 girişli çoxmərtəbəli ofis və yaşayış binası inşa edilmişdir. "xxxx" firmasına Agentlik tərəfindən sakinlərin köçürülməsi barədə məktublarla müraciət edilməsinə baxmayaraq bu günə kimi sakinlərin köçürülməsi tam həyata keçirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının 1.1-ci bəndinin tələblərinin qısa müddətə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti uzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" firmasının rəhbərliyinə ünvanlanmış xx/xx-04700 nömrəli xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 58 ünvanda yaşayan Cavabdeh3 tərəfindən yaşadığı ərazidə aparılan söküntü işlərindən evinin yararsız hala düşməsi barədə Agentliyə 31 mart 2016-cı il tarixdə ünvanladığı müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Baxış zamanı, mütəxəssislərin rəyinə əsasən şikayətçinin mənzilinin divar və arakəsmələrində, divar birləşmələrində bir və iki tərəfli çatlar, aralanmalar müşahidə olunmuşdur. Yaşayış üçün təhlükəli vəziyyət yaranmışdır. Fərdi yaşayış evində çat və deformasiyaların yaranmasının səbəblərindən biri də "xxxx" firması tərəfindən yeni çoxmərtəbəli binanın yaxın məsafədə inşa edilməsidir. Bildirir ki, sözü gedən ərazidə Bakı şəhər İcra Hakimiyyəti başçısının 27 sentyabr 2000-ci il tarixli, 944 saylı sərəncamı ilə Nəsimi rayonu, S.Vurğun küçəsi 357-ci və 358-ci məhəllələrdə yerləşən mövcud tikililərin sökülərək, ofis və yüksəkmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 1,29 ha torpaq sahəsi “Uğur-97" firmasının istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən əraziyə düşən yaşayış evlərinin sökülməsi və həmin binalarda yaşayan sakinlərin mövcud qaydalar əsasında firmanın vəsaiti hesabına, qarşılıqlı razılaşma əsasında köçürülməsi "xxxx" firmasına tapşırılmışdır. Lakin, firma tərəfindən qanunvericiliyin, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının tələbləri yerinə yetirilmədən 2 girişli çoxmərtəbəli ofis və yaşayış binası inşa edilmişdir. Firma tərəfindən bu günə kimi sakinlərin köçürülməsi tam həyata keçirilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının 1.1-ci bəndinin tələblərinin qısa müddətə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi firmanın rəhbərliyinə tapşırılmışdır. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin xx.xx.2018-ci il tarixli 0/456 saylı məktubundan görünür ki, ünvan 8 ünvanda yerləşən X9 məxsus yaşayış sahəsi 12 m2 olan 1 otaqlı 22a saylı mənzilin sökülməsi və hazırda mövcud olmaması barədə arayış verilməsi ilə bağlı Nəsimi rayon MKTB-yə ünvanlanmış sorğuya baxılmışdır. Həmin əraziyə xidmət göstərən 15 saylı MKİS-in təqdim etdiyi 458 saylı xx.xx.2018-ci il tarixli arayışa əsasən bildirilmişdir ki, vətəndaş X9 məxsus yaşayış sahəsi 12 m2 olan 1 otaqlı 22a saylı mənzil sökülmüşdür və hal-hazırda mövcud deyildir. "xxxx" firmasının 17 sentyabr 2018-ci il tarixli 75 saylı məktubundan və xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 58 ünvanda yerləşən 22A saylı mənzil (mənzilin 12,0 m2 olan 1 otağı) X9 məxsus olmuş, xx.xx.2017-ci il tarixdə "xxxx" firması tərəfindən AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 83.853 manata alınmışdır. Həmin mənzil alındıqdan sonra "xxxx" firması tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri haqqında xx.xx.2024-cü il tarixli 7156331№li arayışından görünür ki, X17 xx.xx.2006-cı il, X7 xx.xx.2018-ci il, Cavabdeh1 xx.xx.1999-cu il, X13 xx.xx.2003-cü il, X4 xx.xx.2012-ci il,X29 xx.xx.2007-ci il, Cavabdeh2 xx.xx.2001-ci il, X23 xx.xx.1992-ci il, X11 xx.xx.1948-ci il, X19 xx.xx.1974-cü il, Cavabdeh3 xx.xx.1976-cı il, X20 xx.xx.1991-ci il, X12 xx.xx.1981ci il, X18 xx.xx.1968-ci il,X10 xx.xx.1975-ci il təvəllüdlü olmaqla ünvan 10 ünvanında qeydiyyatdadırlar. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 11 ünvanda yerləşmiş, yaşayış sahəsi 87,08 m2 təşkil edən mənzilin xx.xx.2024-cü il tarixə bazar dəyəri 900.000 manat təşkil edir. ünvan 11 ünvanda yerləşmiş, yaşayış sahəsi 87,08 m2 təşkil edən mənzilin xx.xx.2024-cü il tarixə orta aylıq kirayə məbləği 800-900 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri üzrə daşınmaz əmlak agenti Qurban Məhərrəmov tərəfindən (VÖEN **********) verilmiş arayışdan görünür ki, ünvan 12 ünvanda yerləşən, İddiaçı məxsus həyət tipli mənzilin yerləşmə yeri, təmiri, mənzilin ictimai nəqliyyata yaxınlığı və s. nəzərə alınmaqla aylıq kirayəsi 350-400 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli CVN/D01-133/24 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri ünvan 13 ünvanda yerləşmiş olan fərdi yaşayış evinin, İddiaçı məxsus olan 4 otaqdan ibarət, ümumi sahəsi 75,08 m2 təşkil edən hissəsinin 04 dekabr 2024-cü il tarixə bazar dəyəri 194.000 manat, kirayə dəyəri 500 manat / 1 ay təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 11 ünvanda yerləşmiş, yaşayış sahəsi 75,08 m2 təşkil edən mənzilin 05 dekabr 2024-cü il tarixə bazar dəyəri 203.000 manat təşkil edir. ünvan 11 ünvanda yerləşmiş, yaşayış sahəsi 75,08 m2 təşkil edən mənzilin 05 dekabr 2024-cü il tarixə orta aylıq kirayə məbləği 550 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2025-ci il tarixli 9/282 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 87,08 m2 olması və 5 otaqdan ibarət olmasının göstərildiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin nəzəri və analoji qaydada orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 210.700 manat (2420 x 87,08 m2) məbləğində müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən fərdi yaşayış evinin son üç il ərzində aylıq icarə haqqının orta bazar qiyməti barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli MB18/0513 saylı arayışından görünür ki, ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış təyinatlı məqsədi ilə istifadə edilmiş, hal-hazırda sökülmüş, yaşayış sahəsi 87,08 m2 olan 2 otaqlı 22a saylı mənzilin aylıq icarə bazar dəyəri 1.100 manat təşkil edir. Yuxarıda göstərilən qiymət "xxxx" MMC qiymətləndirmə şirkətinin əmlak bazarında aylıq topladığı məlumat bazasına əsaslanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.1.2-ci maddəsinin tələbinə görə əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəsi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı - mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı hazırki iş üzrə Cavabdeh3 keçmiş baldızıdır. Həmçinin müəyyən edilir ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüquqları İddiaçı mülkiyyətçi olmasından daha əvvəl yaranmışdır. Tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisəsinə əsasən hazırki iş üzrə Cavabdeh3 iki azyaşlı uşağı ilə həmin ünvana istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmişdir. Hazırda tərəflər arasında qeyd edilən mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Lakin, mübahisəli yaşayış sahəsində yaşamaq tikinti-təhlükəsizlik normaları baxımından mümkün olmadığından və yaşayış sahəsi söküldüyündən cavabdehlər faktiki olaraq mübahisəli ünvanda yaşamaq imkanından məhrum olmuşlar. Hazırda iddiaçı cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına 25.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərin onun ailə üzvləri olmamasına, habelə həmin ünvanda digər şəxslərin də qeydiyyatda olmaqla istifadə hüquqlarının olmasına və hər bir şəxsə münasibətdə kompensasiya verilməsi zərurəti yaranacağı təqdirdə onun da mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olmasına dair dəlilləri əsassızdır. Belə ki, cavabdehlərin iddiaçının ailə üzvü olub-olmamasından asılı olmayaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olması məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapır. İddiaçı - mülkiyyətçi ilə cavabdehlər arasında qohumluq münasibətlərinin dərəcələrinin əhəmiyyəti yoxdur. Habelə həmin ünvanda formal qeydiyyatı olan şəxslərin həmin ünvandan istifadə hüququnun olub-olmaması isə mübahisəlidir. Həmin şəxslərə kompensasiya verilməsi zərurəti ilə bağlı məsələ isə mülkiyyətçi ilə həmin tərəflər arasında razılığın və ya mübahisənin predmeti ola bilər ki, bunu hazırki iş üzrə cavabdehlərlə mübahisənin həllində arqument kimi nəzərə almaq ehtimal xarakteri daşıyır. Təqdim edilmiş qiymətləndirmə rəyləri ilə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi və iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis qiymətləndirmələri təxminən bir-birinə yaxın qiymətlərlə əmlakın dəyərini və aylıq kirayə haqqının məbləğini müəyyən etmişlər. Yalnız cavabdehin təqdim etdiyi qiymətləndirmə rəyində əmlakın dəyəri daha yüksək qeyd edilmişdir. Məhkəmə tərəflərin arqumentlərindən və təqdim edilmiş qiymətləndirmə rəylərindən başqa bir məsələni də diqqətə çatdırmaq istəyir ki, cavabdehlər bir ailənin üzvləri olsalar da, üç yetkin şəxsdirlər, iddia tələbinin həcmi, yəni 25.000 manat məbləğində kompensasiya isə hər üç şəxsə münasibətdə cəm şəklində təklif edilir. Cavabdehlərin əvvəllər yaşadıqları şəhərin kifayət qədər mərkəzi hissəsində yaşayış sahəsinin söküntüsü nəticəsində onlara özlərini yaşayış sahəsi ilə təmin etməyə imkan verən məbləğdə kompensasiya ödənilməsi gözləntisi olmuşdur. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının kompensasiya təklifi işin faktiki halları və mövcud reallıq nəzərə alınmaqla ağlabatan və ədalətli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği bazar qiymətinə uyğun deyil. Həmin məbləğdən də artıq məbləğ təklif etmək üçün iddiaçının razılığı yoxdur. Məhkəmənin isə iddiaçının razılığı olmadığı təqdirdə müstəqil qiymət təyin etmək səlahiyyəti yoxdur. Əks təqdirdə, bu, mülkiyyətçi olan iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına yol açardı. Belə olduğu təqdirdə, iddianın təmin edilməsi mümkün deyil. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddiaçıya izah edilməlidir ki, hazırki qətnamə ona daha artıq (bazar qiymətinə uyğun) kompensasiya məbləği ödəmək imkanına malik olduğu halda, müvafiq tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsini istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X5, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-229/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-229/2025
05.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver