Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2307/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "borc məbləğinin tutulması" tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "borc məbləğinin tutulması" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs X5 arasında xx.xx.2024-cü il tarixli, 4350 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Spectra Dual” cihazı və qabaqcadan görünüşləri razılaşdırılmış hədiyyələr xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən X3 təhvil verilmişdir. Bildirilir ki, xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktı X5 tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq X5 tərəfindən hissə-hissə ödəniş edilməli olmasına baxmayaraq hər hansı ödəniş öhdəliyi icra edilməmişdir. Belə ki, müqavilə üzrə öhdəliyin icrası X5 tərəfindən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2025-ci il tarixdə 917 (doqquz yüz on yeddi) manat ödəniş icra edilməmişdir. Bir neçə dəfə cavabdeh X2 ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh X5 tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd edilri ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edilir ki, iddia ərizəsi tam təmin edilməlidir. Göstərilənlərə əsasən İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4350 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə cəmi 20166 (iyirmi min yüz altmış altı) manat qalıq borcun, 192 (yüz doxsan iki) manat, 57 (əlli yeddi) qəpik cərimə məbləğinin, 152 (yüz əlli iki) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, ümumilikdə 20510 (iyirmi min beş yüz on) manat, 57 (əlli yeddi) qəpik məbləğin cavabdeh X2 İddiaçı MMCnin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 4350 saylı, xx.xx.2024-cü il tarixli “Nisyə alqı-satqı haqqında” müqavilə bağlanmış və iddiaçı tərəfindən qiyməti 27000 manat olan lazer aparatı nisyə alınmışdır. Müqavilə şərtlərinə əsasən tərəfindən ilkin ödəniş olaraq 5000 manat ödənilmişdir. Qalan məbləğ isə ayda 917 manat olmaqla 25 ay ərzində ödənilməlidir. Lazer aparatını alarkən iddiaçıya bildirdilər ki, ona təlim keçdikdən sonra sertifikat veriləcək və o, sertifikatla lazer aparatını işlədərək biznes fəaliyyəti ilə məşğul ola biləcək. Qeyd edildiyi kimi ona təlim keçildi və sertifikat verildi. Bu müddət ərzində o gecikdirmədən 2 ayın ödənişini də etmişdir. Lakin lisenziya alınması üçün müraciət etdikdə ona bildirilmişdir ki, Səhiyyə Nazirliyinin qərarı ilə lazer aparatının istifadəsi yalnız tibbi təhsili olan şəxs tərəfindən mümkündür. Lakin lazer aparatını alarkən İddiaçı MMC-nin əməkdaşları bu barədə ona heç bir məlumat verməmişdir. Bundan başqa, onun tibbi təhsili olmadığı halda ona sertifikat verilməsi və bununla lazer aparatını işlədə biləcəyi deyilsə də hesab edir ki, əməkdaşların ona lazer aparatı satmaq niyyəti ilə onu aldatması olmuşdur. Çünki Səhiyyə Nazirliyinin bu barədə 2017-ci ildə qəbul olunmuş qərarı olmasına baxmayaraq İddiaçı MMC-nin əməkdaşlarının bunu ondan gizlətməsinin və ona sertifikatla lazer aparatını işlədə biləcəyini deməməsinin başqa açıqlaması ola bilməz. Hazırda o, sözügedən lazer aparatını işlədə bilmədiyi üçün gəlir əldə edə bilmir və bu səbəbdən aylıq 917 manat ödəniş edilməsində çətinlik çəkir. Çünki lazer aparatını almaqda məqsəd gəlir əldə etmək və daha yaxşı yaşamaq olmuşdur. Hazırda isə aylıq əlavə 917 manat ödəniş etmək məcburiyyətində qalmışlar ki, bu da əksinə yaşayışının daha da pisləşməsinə səbəb olmuşdur. Lazer aparatı isə bir və ya iki dəfə istifadə olunmuş, heç bir qüsur və ziyan olmadan təzə vəziyyətdə qalmaqdadır. Tərəfindən dəfələrlə İddiaçı MMC-nin əməkdaşları ilə danışıqlar aparılmış, sonda rəsmi məktub da göndərilmişdir. Lakin onlar tərəfindən işin həlli ilə bağlı heç bir addım atılmır. Bunun əksi olaraq hazırda İddiaçı MMC ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin məsuliyyətsizliyi və onu aldatması səbəbi ilə bağlanmış müqavilə etibarsız hesab olunmalı və tərəflər öz əvvəlki vəziyyətinə qayıtmalıdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 4350 saylı, xx.xx.2024-cü il tarixli “Nisyə alqı-satqı haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, ilkin olaraq 5000 manat ödəniş olunduğunu, lakin daha sonra “Müqavilənin” 2.3-cü bəndində nəzərdə tutulan tələbin cavabdeh tərəfindən pozulduğunu və onun tərəfindən sadəcə 2 ay, cəmi 1864 manat olmaqla ödəniş edildiyini bildirmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə qarşılıqlı iddia üzrə iddiaçının (ilkin iddia üzrə cavabdehin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki iş materiallarında olan sifarişçi qismində Cavabdeh ilə icraçı qismində İddiaçı arasında bağlanan 07 oktyabr 2024-cü il tarixli, 4350 nömrəli nisyə alqı-satqı haqqında müqavilədən görünür ki, sifarişçi satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan 03 noyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli, 4350 nömrəli müqaviləyə əsasən Cavabdeh ona çatdırılmalı olan adları qeyd olunmuş bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil almış və heç bir etirazı olmamışdır. Adları qeyd olunmuş bütün predmetlərin öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və onları arzu etdiyi keyfiyyətə sahib olmaqla təhvil aldığına dair öz imzası ilə təsdiq etmişdir. 10.Mülki işin materiallarında olan 07 oktyabr 2024-cü il tarixli müqavilə əlavəsindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən əşyanın toplam satış qiyməti 27.000 manat olmaqla ilkin ödəniş kimi 5000 manat ödənilmiş, bundan sonra 2 ay ayrı-ayrı 917 manat ödəniş edilmiş, qalan aylarda ödəniş edilməmişdir. 11.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan 08 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilməli olan məbləğ üzrə qalıq 917 manat və gecikdirilmiş ödəniş məbləğinin hər günü üçün 01% miqdarında hesablanan 36,68 manat cərimə olmaqla, cəmi 953,68 manat məbləğində pul vəsaitinin 03 gün müddətində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. 12.Mülki işin materiallarında olan 25 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4350 nömrəli müqavilə üzrə 25 fevral 2025-ci il tarixinə yaranmış borc məbləği aşağıdakı kimidir: müqavilə üzrə ödənilmiş məbləğ 6834 manat, müqavilə üzrə qalıq borc məbləği 20166 manat, müqavilənin 3.5-ci bəndinə əsasən xx.xx.2025-xx.xx.2025-ci il tarixləri əhatə edən dövr ərzində müqavilə üzrə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış cərimə 192 manat 57 qəpik. 13.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli elektron mədaxil qəbzindən görünür ki, ilkin iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən 152 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 07 oktyabr 2024-cü il tarixli, 4350 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi (Cavabdeh) satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin (Spectra Dual lazer cihazı və ona əlavə edilmiş hədiyyələr) satış qiymətini ödəməyi, icraçı (İddiaçı MMC) isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ümumi məbləğ 27000 manat olmaqla bundan 5000 manat ilkin ödəniş edilmiş, qalan məbləğin hər ay 917 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. 16.Müəyyən edilmişdir ki, müqavilə üzrə Cavabdeh tərəfindən ardıcıl olaraq 2 ay cəmi 1864 manat olmaqla ödəniş həyata keçirilmiş, qalan aylarda isə heç bir ödəniş edilməmişdir. Sonradan İddiaçı MMC müqavilə üzrə ödənilməli olan aylıq ödənişin və ona hesablanan cərimə məbləğinin ödənilməsi üçün Cavabdeh pretenziya məktubu ilə müraciət etsə də, nəticəsi olmamış və sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17.Hazırda ilkin iddia üzrə İddiaçı MMC müqavilə üzrə 20166 manat qalıq borc məbləği, 192,57 manat cərimə məbləği, əlavə olaraq 152 manat dövlət rüsumu olmaqla ümumilikdə 20510,57 manat borc məbləğinin Cavabdeh tutulmasını tələb edir. 18.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə müqavilə üzrə lazer aparatını aldıqdan sonra onu işlədə bilməməsini, buna səbəb kimi cavabdehin əməkdaşları tərəfindən onun aldadılaraq tibbi təhsili olmadan lazer aparatını işlədə bilməsi üçün sertifikatın yetərli olmasının bildirilməsi, lakin aparatdan istifadə edə bilmədiyi üçün də gəlir əldə edə bilməməsini iddia edərək, aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 20.İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından İddiaçı Cavabdeh “Spectra Dual” adlı avadanlığı və onun ehtiyat hissələrini verdiyi aydın olur. Borcalan öz imzası ilə göstərilmiş malı aldığını təsdiq etmişdir. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi ilkin 5000 AZN ödəməklə 25 ay müddətində hər ay 917 AZN ödəməyi öhdəsinə götürmüşdür. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 22.Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. 23.Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 24.Belə ki, xx.xx.2024-cü il tarixli, 4350 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından belə məlum olur ki, Cavabdeh müqavilə üzrə 6834 manat ödəniş etdiyi, 20166 manat əsas, 192,57 manat cərimə borcu olmaqla cəmi 20358,57 manat borcu mövcuddur. 25.İddiaçı tərəfindən borcalana nisyə mal satınalması müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. 26.İş materiallarından müəyyən edilir ki, iddiaçı ilkin ödəniş kimi ümumilikdə 6834 manat ödəniş etmiş, qalan 20166 manat isə ödənilməmiş qalmışdır. Odur ki, ilkin iddia tələbi əsas borc münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. 27.Məhkəmə cərimə borcuna münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndinə əsasən «Sifarişçi» Müqavilə Əlavəsi ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, «İcraçı» tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulunun (cərimə, penya) üıııumi məbləği satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. 28.İş materiallarından müəyyən edilir ki, cavabdehin gecikmə günlərinin sayına uyğun olaraq ödənilməli olduğu cərimə məbləği 192,57 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 29.Daha sonra məhkəmə ilkin iddia tələbinin dövlət rüsumu hissəsinə münasibətdə isə qeyd edir ki, ilkin iddia tələbi əsas və cərimə borcuna münasibətdə tam təmin edildiyindən ilkin iddia tələbinin qaldırılması üçün ödənilən 152 manat məbləğində dövlət rüsumu da cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. 30.Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, 4350 nömrəli “nisyə alqı-satqı müqaviləsi” üzrə 20166 manat qalıq borc, 192,57 manat cərimə borcu olmaqla ümumilikdə 20358,57 manat borc və ödənilmiş 152 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməlidir. 31.Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 32.Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli, 4350 saylı müqavilə üzrə lazer aparatını aldığı zaman cavabdehin əməkdaşları tərəfindən aldadıldığını iddia edərək bildirmişdir ki, lazer aparatının istifadəsinin yalnız tibbi təhsili olan şəxs tərəfindən istifadəsinin mümkün olduğu, lakin aparatı aldığı zaman cavabdehin əməkdaşları tərəfindən ona bu barədə məlumat verilməməsi və sadəcə sertifikat verilərək istifadə edə biləcəyi qeyd edilsə də, aparatdan istifadə edə bilməmiş və nəticədə də cavabdehə olan borcunu ödəyə bilməmişdir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, 4350 saylı müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. 33.Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 34.Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 35.Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 36.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). 37.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). 38.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə müqavilənin etibarsızlığı tələb edilsə də, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. 39.Belə ki, ilkin iddia tələbi üzrə də qeyd edildiyi kimi tərəflər arasında xx.xx.2024cü il tarixli, 4350 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə hər iki tərəfdən imza edilməklə təsdiqlənmiş və müqavilə üzrə tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İlkin iddia tələbi üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müqavilə üzrə İddiaçı MMC öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Bunu iş materiallarında olan 03 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı da təsdiq edir ki, Cavabdeh ona çatdırılmalı olan adları qeyd olunmuş bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil almış və heç bir etirazı olmamışdır. Əksinə, ilkin iddia üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh müqavilənin şərtlərinə özü riayət etməmiş, ödənilməli olan borcu vaxtında ödəməmişdir. 40.Məhkəmə əlavə olaraq qarşılıqlı iddia tələbi üzrə iddiaçının lazer aparatını aldıqdan sonra onu işlədə bilməməsi dəlilinə münasibətdə onu qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində və ya müqavilə müddəti başa çatdıqdan sonra sifarişçinin, yəni Cavabdeh satış obyektindən qanunvericiliyin tələblərinə zidd istifadə nəticəsində yarana biləcək məsuliyyət, onun birbaşa və ya dolayı yolla fəaliyyəti nəticəsində yaşanan fəsadlar və problemlər, onun satış obyektinin istifadə olunduğu məkan üzrə uyğunsuzluqlar və qanunvericiliyin tələblərinin istənilən bir formada pozulması kimi hallara görə icraçı, yəni İddiaçı MMC məsuliyyət daşımır, bu kimi hallara görə birmənalı şəkildə Cavabdeh məsuliyyət daşıyır. Odur ki, qeyd edilənlərə əsasən qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi kimi onun aparatı aldıqdan sonra qeyd etdiyi səbəblərə görə, hansı ki tibbi təhsilinin olmaması və s. fəaliyyət göstərə bilməməsi xx.xx.2024-cü il tarixli, 4350 saylı nisyə alqısatqı müqaviləsinin etibarsızlığı üçün əsas sayıla bilməz. 41.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, 4350 nömrəli “nisyə alqı-satqı müqaviləsi” üzrə ilkin iddia üzrə Cavabdeh 20166 (iyirmi min yüz altmış altı) manat qalıq borc, 192,57 (bir yüz doxsan iki manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 20358,57 (iyirmi min üç yüz əlli səkkiz manat, əlli yeddi qəpik) manat borc və ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. 42.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 43.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, 4350 nömrəli “nisyə alqı-satqı müqaviləsi” üzrə ilkin iddia üzrə Cavabdeh 20166 (iyirmi min yüz altmış altı) manat qalıq borc, 192,57 (bir yüz doxsan iki manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 20358,57 (iyirmi min üç yüz əlli səkkiz manat, əlli yeddi qəpik) manat borc və ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2307/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2307/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver