Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2364/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və vurulmuş maddi ziyana görə pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və vurulmuş maddi ziyana görə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz olaraq ona məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ərazisində yerləşən və abunə hesabı 057022000T0045 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038093 nömrəli akt əsasında hesablanmış 13658 manat və abunə hesabı **********00457 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəli akt əsasında hesablanmış 5200 manat cərimə borcu məbləğlərinin qanunsuz və əsassız hesab edilərək abunə hesablarından silinməsi, həmçinin qeyd olunan aktlara əsasən hesablanaraq onlara məcburi qaydada ödətdirilmiş ümumilikdə 18858 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 19158 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X3 birlikdə 2013cü ildən mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evləri 2008-ci ildə inşa edilməyə başlanmış və elə həmin ildə də evlərinə həyat yoldaşı Nazim Mürsəlovun adına 057022000T0045 saylı abunə hesabı açılmış və elektrik sayğacı quraşdırılmışdır. Həmin vaxtdan hər ay evlərində sərf edilmiş elektrik enerjisinin dəyəri sayğac əsasında qeydə alınmış sərfiyyatlar əsasında ödənilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən və yenə mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış 0.6 ha torpaq sahəsində 2014-cü ildə inşa edilmiş və faktiki olaraq övladının yaşadığı fərdi yaşayış evi də, elə həmin ildən onun adına **********00457 saylı abonent hesabı açılmaqla elektrik sayğacı ilə təchiz edilmiş və həmin vaxtdan da bu mənzildə də sərf olunmuş elektrik enerjisinin dəyəri sayğac göstəriciləri əsasında qeydə alınmış aylıq sərfiyyatlara uyğun olaraq ödənilmişdir. 22 fevral 2024-cü il tarixdə cavabdehin bir qrup əməkdaşı onun yaşadığı ünvana gələrək guya küçədə quraşdırılmış elektrik sayğacına müdaxilə olunduğunu bildirməklə sayğacı laboratoriyada yoxlanılması üçün aparacaqlarını bildirdilər. Həmin vaxt tərəflərindən sayğaca heç bir müdaxilə olunmadığını bildirsələr də, cavabdehin nümayəndələri buna məhəl qoymadan həyat yoldaşı Nazim Mürsəlovun adına olan 057022000T0045 saylı abunə hesabı üzrə xx.xx.2024-cü il tarixli 038093 nömrəli akt tərtib edərək ərazidən getdilər. Həmin gün bir neçə saat sonra cavabdehin başqa əməkdaşları gələrək “məişət istehlakçılarında sayğacların dəyişdiriməsi, yoxlanılması və quraşdırılması haqqında” 673593 nömrəli protokol tərtib etməklə sayğacı küçədə quraşdırıldığı yerdən çıxarıb yenisi ilə əvəz etdilər. Bundan iki gün sonra, yəni 24 fevral 2024-cü il tarixdə cavabdehin təxminən 5-6 nəfər əməkdaşı xüsusi texnika ilə yaşadıqları ünvana gələrək xx.xx.2024-cü il tarixli 038093 nömrəli akt əsasında 13658,06 manat cərimə borcu hesablanması barədə bildiriş təqdim edərək borcun təcili olaraq ödənilməsini, ödənilməyəcəyi təqdirdə evlərinin elektrik təchizatının dərhal dayandırılacağını bildirdilər. Onlar buna etiraz etsələr də, cavabdehin əməkdaşları elektrik enerjisinin dayandırılması üçün əraziyə xüsusi texnika (kran) gətirdikdən sonra həyat yoldaşı N.Mürsəlov onun həmin vaxt kəskin qrip xəstəliyinə yolduxduğundan və eyni zamanda digər xəstəliklərdən də əziyyət çəkdiyindən soyuq havada vəziyyətinin daha da ağırlaşmasından ehtiyyat edərək təqdim olunan cərimə məbləğini ödəmək məcburiyyətində qaldı və elə həmin vaxt da hökumət ödəniş portalı vasitəsi ilə 13658 manat pul vəsaitini cavabdehə ödədi. Cavabdehin qanunsuz olaraq hesabladığı qeyd olunan məbləğdə pul vəsaiti onlara məcburi ödətdirildikdən sonra cavabdehin əməkdaşları elə həmin gün qonşuluqda yerləşən onun adına **********00457 saylı abonent hesabı olan fərdi yaşayış evlərinə quraşdırılmış sayğaca da guya müdaxilə edildiyini bildirərək xx.xx.2024-cü il tarixli akt və həmin tarixli “məişət istehlakçılarında sayğacların dəyişdiriməsi, yoxlanılması və quraşdırılması haqqında” 673593 nömrəli protokol tərtib etməklə sayğacı küçədə quraşdırıldığı yerdən çıxarıb yenisi ilə əvəz edib, çıxarılan sayğacı özləri ilə apardılar. 26 fevral 2024-cü il tarixdə isə cavabdehin nümayəndələri yenə yaşadıqları evə gələrək sonuncu sayğaca görə də həmin evlərinə 5200 manat cərimə hesablandığını və həmin cərimənin də təcili olaraq ödənilməyəcəyi təqdirdə hər iki evlərinin elektrik təchizatını dayandıracaqlarını bildirib həmin məbləğin də ödənilməsini tələb etdilər. Həyat yoldaşı yuxarıda qeyd olunan səbəblərdən məcburiyyət qarşısında qalaraq tələb olunan 5200 manat məbləği də cavabdehə ödədi. Hesab edir ki, cavabdeh "xxxx" ASC təbii inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən hərəkətləri ilə istehlakçı hüquqlarını kobud şəkildə pozmaqla üzərlərinə qanunsuz və əsassız öhdəlik qoymuşdur. Ona görə də, cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv ərazisində yerləşən və abunə hesabı 057022000T0045 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038093 nömrəli akt əsasında hesablanmış 13658 manat və abunə hesabı **********00457 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəli akt əsasında hesablanmış 5200 manat cərimə borcu məbləğləri qanunsuz və əsassız olduğundan müvafiq abunə hesablarından silinməli, həmçinin qeyd olunan aktlara əsasən hesablanaraq onlara məcburi qaydada ödətdirilmiş ümumilikdə 18858 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunan ünvandakı fərdi yaşayış evləri təbii qazla təchiz edilmişdir və onların isidilməsi təbii qazla işləyən kombi istilik sistemləri vasitəsilə həyata keçirilir. Buna görə də, qeyd olunan evlərində elektrik enerjisindən ancaq işıqlandırma məqsədilə istifadə edilir. Yalnız yay aylarında havanının temperaturunun həddindən artıq isti olduğu vaxtlarda kondisionerdən istifadə edilir ki, onun da sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi maddi imkanları daxilindədir. Ona görə də, qeyd olunan evlərdə heç zaman elektrik enerjisindən qanunsuz istifadə olunmayıb, buna ehtiyacları da olmayıb. Sözügedən elektrik sayğacları enerjitəchizatı müəssisəsi, yəni cavabdehin özü tərəfindən quraşdırılaraq müvafiq möhürlərlə möhürlənmiş və onların özləri tərəfindən istismar olunmuşdur. Həmin sayğaclar evlərinin hasarlarının xaricində, yəni hər kəsin ümumi istifadəsində olan küçədə quraşdırılmıdır. Hasarın xaricində quraşdırılmış sayğacın tərəflərindən qorunub saxlanılması isə mümkün deyil. Həmçinin sayğacların istismarı və qorununb saxlanılması ilə bağlı hər hansı məsuliyyətin istehlakçı olaraq üzərlərinə qoyulmasına dair aralarında heç bir müqavilə və ya əlavə razılaşma olmamışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən isə yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Cavabdeh müəssisəsinin nümayəndələri mütəmadi olaraq (ən azı ayda bir dəfə) həmin sayğaclara baxış keçirir və sayğacın göstəricilərini qeyd edərək onlara bildirişlər təqdim edirlər. Cavabdehin əməkdaşları sonuncu dəfə həmin sayğaca mübahisələndirilən aktın tərtib olunmasından müvafiq olaraq 19 və 21 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baxış keçirmişlər. Əgər həmin sayğaclarda həqiqətən hər hansı bir uyğunsuzluq olsa idi ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyat barədə onlara müvafiq bildirişlər təqdim etmişdirlər. Cavabdeh təbii inhisarçı mövqeyindən sui-istifadə edərək fərdi yaşayış evlərinin elektrik enerjisi təchizatının dayandırılması hədəsi ilə qanunsuz və əsassız olaraq 18858 manat pul vəsaitini məcburi qaydada öz hesabına ödətdirməklə, həmçinin hazırki iş üzrə hüquqlarının müdafiəsinin təşkil olunması üçün vəkil xidmətlərinə görə 300 manat əlavə xərcə məruz qoymaqla ona maddi ziyan vurmuş və nəticədə əsassız varlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-nin satışa nəzarət şöbəsinin mühəndisi vəzifəsində çalışır. Səhv etmirsə 22 mart tarixində onlara təhkim olunmuş ərazidə baxış keçirərkən abonentin sayğacının alt qapağının möhürünə müdaxilə olunduğunu aşkar etmişlər. Bu barədə abonentə məlumat vermişlər və sayğacı laborotoriyaya aparmışlar. Laborotoriyada sayğaca baxış keçirərkən sağacın alt qapağının möhürünə həqiqətən də müdaxilə edildiyini müəyyən etmişlər. Rəyin tərtibi zamanı abonentə iştirak etməsi üçün məlumat versələr də, abonent iştirakdan imtina etmişdir. Abonent onlara sayğaca müdaxilə edilməsi barədə məlumatlı olmasını bildirmişdir. Hesab edirlər ki, müdaxilə məhz abonent tərəfindən edilib. Çünki, abonent onlara müdaxilədən məlumatlı olmasını bildirmiş və onun barəsində cərimə tətbiq olunduğu zaman qeyd-şərtsiz cəriməni ödəmişdir. Akt tərtib edilərkən abonentin iştirakı təmin edilmişdir. Abonent bir aktı imzalasa da, digər aktı imzalamaqdan imtina etmişdir. Çünki, evlərdən biri özünün, digəri isə oğlunun evidir. Abonentin oğlu isə ümumiyyətlə iştirak etməkdən imtina etmişdir. Bütün sualları abonent özü cavablandırmışdır. Əgər sayğacda aşkar edilmiş qüsur texniki qüsur olsa idi o zaman sayğac "xxxx" ASC tərəfindən dəyişdiriləcəkdi. Ərazidə nəzarəti həyata keçirən digər əməkdaşlar sayğacda olan qüsurları ola bilsin diqqətsizlik nəticəsində aşkar etməmişlər. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, tərəflərindən 22 və 24 fevral tarixlərində akt tərtib edilmişdir. Sayğaclarda axan yük qeyd edilmədiyinə görə akt tərtib olunmuşdur. Sayğaclar abonentin yanında açılmış, polietilen torbalarda möhürlənmiş şəkildə laborotoriyaya təhvil verilmişdir. Tərtib edilmiş aktlar əsasında laborotoriyada sayğaclara baxış keçirilmiş və rəy tərtib edilmişdir. Abonent bir aktı imzalamaqdan imtina etmişdir. Nəzarətçilər ay ərzində xeyli sayda sayğaca baxış keçirməli olurlar. Eyni zamanda nəzarətçilər onlar kimi mütəxəssis deyillər. Onların işi elektrik enerjisinin talanmasının qarşısını almaqdan ibarətdir. Nəzarətçilərin bir neçə vəzifəsi olduğu üçün sayğacdaki müdaxilə gözündən qaça bilərdi. Belə hallar aşkar etdikləri halda nəzarətçilərdən izahat alınır, barəsində tədbirlər görülür. Qeyd edir ki, ilk öncə abonent onlarla mülayim rəftar edirdi. Lakin sonradan rəftarı sərtləşmişdi. Abonent özü də bildirmişdir ki, 2017-ci il tarixində sayğaca müdaxilə olunub. Bu etirafını isə ikinci sayğacda müdaxilə aşkar edildikdə etmişdir. Abonent xahiş etmişdir ki, ikinci akt əsasında hesablanacaq məbləğ birinci akt əsasında hesablanmış məbləğdən az qeyd edilsin. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - JN seriyalı 8439H saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri 01 saylı Dövlət Notariat Kontorunun 21 fevral 2003-cü il tarixli, 4Ə-1-108 saylı müqaviləsi ilə satılmış 0.06 hektar fərdi yaşayış evi tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 7892 nömrə ilə kitabda qeydə alınmışdır. - JN seriyalı 8299H saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri 01 saylı Dövlət Notariat Kontorunun 02 may 2003-cü il tarixli, 4Ə-3-299 və 4Ə-3-300 saylı müqavilələri ilə satılmış 0.12 hektar fərdi yaşayış evi tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 7893 nömrə ilə kitabda qeydə alınmışdır. - 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45) «X1 Qaydaları»na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosunda L1 və L3 gərginlik işarələri itmişdir. Belə ki, sayğac 1 və 3-cü fazadan gərginliyi görmədiyi üçün həmin fazalardan axan yükü hiss etmir. Aktın tərtib edilməsi zamanı abonentin nümayəndəsi aktı imza etməkdən imtina etmişdir. - 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı akt əsasında tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027471 saylı akt-protokolun nəticə hissəsinə əsasən sayğacın 559930 nömrəli dövlət möhürü və ******* nömrəli alt qapaq möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “A” və “C” fazalarının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır. Həmin akta əsasən abonentə 13658,06 manat əlavə sərfiyyat hesablanmışdır. - 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 457) «X1 Qaydaları»na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacın L2 işarəsi ekran tablosundan görünmür. Bu halda sayğac “B” fazasından axan yükü hiss etmir. Elektrik sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə izləri vardır. Akt abonentin nümayəndəsi N.Mürsəlov tərəfindən imzalanmışdır. - 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı akt əsasında tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 027472 saylı akt-protokolun nəticə hissəsinə əsasən sayğacın 511556 nömrəli dövlət möhürü pozulmuşdur. Sayğacın daxilinə baxış zamanı “B“ fazasının gərginlik açarının sönük olduğu müşahidə olunmuşdur. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri az sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır. Həmin akta əsasən abonentə 5200,39 manat əlavə sərfiyyat hesablanmışdır. - “Davinci” hospitalın epikrizinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, İddiaçı müxtəlif növ xəstəliklərdən (şəkərli diabet, təngənəfəslik və s.) əziyyət çəkir. - Ödəniş qəbzindən görünür ki, hüquqi xidmətin göstərilməsi ilə əlaqədar iddiaçı tərəf 300 manat məbləğində ödəniş etmişdir. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində iki fərdi yaşayış evi olmaqla, hər bir evə ayrıca abonent kodu verilmiş və ayrıca sayğac quraşdırılmışdır. Cari ilin fevral ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin sayğaclarına baxış keçirilən zaman hər iki sayğacda müdaxilənin olması əsası ilə sayğaclar (onlara baxış keçirilməsi məqsədilə ilə) laborotoriyaya aparılmış və abonent barəsində ayrı-ayrılıqda akt tərtib edilmişdir. Həmin aktlar əsasında 13658,06 manat və 5200,39 manat məbləğində olmaqla, ümumilikdə 18858,45 manat borc hesablanmışdır. Sözügedən aktlar müxtəlif tarixlərdə tərtib edilmiş və onlardan 22 fevral 2024-cü il tarixli aktın tərtibi zamanı abonentin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Digər tərəfdən əsas məqam ondan ibarətdir ki, baxış keçirilmiş və "xxxx" ASC-nin əməkdaşlarının sözlərinə görə müdaxilə aşkar edilmiş hər iki sayğac abonentin cavabdehliyi sərhəddində (evin içində) deyil, yaşayış evinin çölündə quraşdırılmışdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə hesab edir ki, hər iki sayğacda müdaxilə aşkar edilsə idi belə "xxxx" ASCnin əməkdaşları sayğacların abonentin nəzarətindən kənar ərazidə quraşdırıldığını nəzərə almamış və aktların tərtibi zamanı yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə riayət etməmişlər. İddiaçının tərtib edilmiş aktlar əsasında hesablanmış olan borc məbləğini ödəməsinə münasibətdə isə qeyd edilməlidir ki, işdə olan sənədlərlə göründüyü kimi, iddiaçının səhhətində problemlərin olması, habelə cərimənin qış aylarında tətbiq edilməsi və ödənilmədiyi təqdirdə iddiaçının ailəsi ilə birlikdə həmin soyuq hava şəraitində elektrik enerjisiz qalması riski və digər hallar iddiaçını əsassız olsa da, ümumilikdə 18858,45 manat məbləğində borcu ödəməyə məcbur etmişdir. Bununla da məhkəmə hesab edir ki, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktlar qanunsuz olduğundan, etibarsız hesab edilməlidir. Həmçinin, həmin aktlar etibarsız hesab edildiyindən, onların əsasında hesablanmış elektrik enerjisi borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilməlidir ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli NDM 038093 nömrəli akt əsasında hesablanmış 13658 manat və xx.xx.2024-cü il tarixli NDM 038094 nömrəli akt əsasında hesablanmış 5200 manat borcun silinməsini tələb etsə də, həmin aktlar etibarsız hesab edildiyindən, onlar əsasında hesablanmış borc məbləği tam həcmdə (yəni aktlar üzrə qalıq hissələri olan 0,6 manat və 0,39 manat də daxil) silinməlidir. Lakin borcun hesablandığı dövrdə iddiaçının fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamasını, bununla da elektrik enerjisindən sərf etməsini və təqdim edilmiş çıxarışa əsasən iddiaçının qış fəsli üçün adi elektrik enerjisi sərfiyyatını nəzərə alıb, məhkəmə tərtib edilmiş hər akt üzrə 100 manat elektrik enerjisi sərfiyyatı borcunu çıxmaqla, İddiaçı adına olan **********T0045 saylı abonent koduna hesablanmış 13558,06 manat və **********00457 saylı abonent koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməli olması qənaətinə gəlir. Əsassız olaraq hesablanmış borcun silinməsinə dair qənaətə gəlməklə yanaşı məhkəmə qış fəsli üçün adi elektrik enerjisi sərfiyyatını nəzərə alıb hər akt üzrə 100 manat pul vəsaitini çıxılmaqla iddiaçı tərəfindən ümumilikdə ödənilmiş olan 18658,45 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olmasını zəruri hesab edir. Digər sübutlara münasibət bildirdikdən sonra məhkəmə həmçinin cavabdeh tərəfdən şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibətdə qeyd edir ki, həmin ifadələr məhkəmə tərəfindən sübut kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin cavabdehin əməkdaşı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadələri, əgər ifadələri ilə bağlı mötəbər sübut təqdim edilsə idi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfin şahidlərinin ifadələri yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktlar etibarsız hesab edilməli; Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45 ünvanı üzrə **********T0045 saylı abunə koduna hesablanmış 13558,06 manat və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 457 ünvanı üzrə **********00457 saylı abunə koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməli; 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı akt əsasında hesablanmış 13558,06 manat və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı akt əsasında hesablanmış 5100,39 manat olmaqla, ümumilikdə 18658,45 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli; İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat ödənilməsi” hissəsinə dair qeyd etməyi zəruri sayır ki, iddiaçı hazırki iddia ərizəsi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə bilərdi, yəni cavabdeh iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat ödəməyə borclu deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı aktlar etibarsız hesab edilsin. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 45 ünvanı üzrə **********T0045 saylı abunə koduna hesablanmış 13558,06 manat və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv mənzil 457 ünvanı üzrə **********00457 saylı abunə koduna hesablanmış 5100,39 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. 22 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038093 saylı akt əsasında hesablanmış 13558,06 manat və 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 038094 saylı akt əsasında hesablanmış 5100,39 manat olmaqla, ümumilikdə 18658,45 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2364/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2364/2024
11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver