Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2365/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi Guseinov Gasanın, Cavabdeh Əhmədəli oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Əhmədəli oğluna qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh Əhmədəli oğluna qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 yanvar 2024-cü il tarixli AZL-1537 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin məhv olunma anına 17 yanvar 2024-cü il tarixə 12.610 manat əsas borc, 50 manat 44 qəpik gecikdirilmiş mükafat olmaqla, cəmi 12.660 manat 44 qəpik pul vəsaiti və ödənilmiş 127 manat 98 qəpik dövlət rüsumunun Cavabdeh Əhmədəli oğlundan İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Əhmədəli oğlu arasında bağlanmış 10 yanvar 2024-cü il tarixli AZL-1537 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh Əhmədəli oğlunun sifarişi ilə 2023-cü il buraxılışlı, «Khazar LX» minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFPF030040 ban, ağ rəngli avtomobil 12.610 manata İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən Cavabdeh Əhmədəli oğlu illik 16 % hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 406.85 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Əhmədəli oğlunun müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX» minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 yanvar 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız vəziyətə düşmüşdür. Servis mərkəzi əməkdaşı tərəfindən baxış kecirərək tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Daxili Lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh Əhmədəli oğlunun lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 17 yanvar 2024-cü il tarixə 12.660,44 manat olmuşdur. Cavabdeh Əhmədəli oğlu tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmamışdır. Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 5.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Müqavilənin 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasan iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Əhmədəli oğlu iddianı etiraf etdi, məhkəməyə bu barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddianı tam şəkildə qəbul edir. Lakin həmin məbləği bir dəfə olmaqla, yəni tam şəkildə ödəməyə imkanı yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. İş materialları: İddiaçı MMC ilə Cavabdeh Əhmədəli oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZL-1537 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh Əhmədəli oğlunun sifarişi ilə 2023-cü il buraxılışlı, «Khazar LX» markalı **-AL-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFPF030040 ban nömrəli, ağ rəngli minik avtomobili 12.610 manata mülkiyyətinə almağı və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, Cavabdeh Əhmədəli oğlu isə illik 16 % hesablanmaqla 42 aylıq müddətə hər ay 406.85 manat sabit məbləğdə pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, «Khazar LX» markalı **-AL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini lizinq alan Cavabdeh Əhmədəli oğluna təhvil vermişdir. Lizinq alan həmin avtomobili təhvil almışdır. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllə, nömrəsiz evdə yaşayan X4 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron RPİ DYPŞ vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, sürücü X8 17 yanvar 2024-cü il tarixdə saat 15 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Khazar LX» markalı ** AL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllə yolunda hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq əks yolda hərəkətdə olan sürücü X1 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Kia-Rio» markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncunun yüngül bədən xəsarəti, sürücü X4 az ağır bədən xəsarəti, eləcə də onun idarə etdiyi avtomobildə olan sərnişinlər X5 və X2 az ağır bədən xəsarətləri alması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 1090 saylı arayışından görünür ki, Abşeron RPİ-nin TŞ-də araşdırılması aparılan material üzrə «Khazar LX» markalı ** AL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin X8 tərəfindən daşınmasına və təmirinə icazə verilmişdir. «Khazar Service»in xx.xx.2024-cü il tarixli 1812/829 saylı arayışından görünür ki, lizinq predmeti olan «Khazar LX» markalı ** AL *** dövlət qeydiyyat nişanlı minik avtomobili tam yararsız vəziyyətdədir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 199 saylı xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək, mövcud ümumi borc məbləğini ödəməsini tələb etmiş, əks təqdirdə lizinq müqaviləsinin ləğv ediləcəyi və iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 284 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh Əhmədəli oğlunun 10 yanvar 2024-cü il tarixli AZL-1537 saylı daxili lizinq müqaviləsi üzrə borcu 12.610 manat əsas, 50,44 manat gecikdirilmiş mükafat olmaqla, cəmi 12.660,44 manat təşkil edir. İddiaçı tərəfin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 734 saylı məktubundan görünür ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilə başa çatanadək sığortalamalıdır. Lizinq verən İddiaçı MMC avtomobillərin sığorta olunması ilə bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 127 manat 98 qəpik dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.6.4-cü maddəsinə əsasən lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin işin hallarının faktiki araşdırılması nəticəsində də iddianın özlüyündə əsaslı olması öz təsdiqini tapmışdır.Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən götürülmüş lizinq obyekti cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni həmin obyekti öz oğluna idarəetməyə verməsi nəticəsində onun törətdiyi yol-nəqliyyat hadisəsində tamamilə yararsız hala düşmüşdür və bununla da lizinq verənin lizinq alana qarşı tələb hüququ yaranmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 10 yanvar 2024-cü il tarixli AZL-1537 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin məhv olunma anına 17 yanvar 2024-cü il tarixə 12.610 manat əsas borc, 50,44 manat gecikdirilmiş mükafat olmaqla, cəmi 12.660,44 manat pul vəsaiti və ödənilmiş 127,98 manat dövlət rüsumu Cavabdeh Əhmədəli oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 yanvar 2024-cü il tarixli AZL-1537 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin məhv olunma anına 17 yanvar 2024-cü il tarixə 12.610 (on iki min altı yüz on) manat əsas borc, 50,44 (əlli manat qırx dörd qəpik) manat gecikdirilmiş mükafat olmaqla, cəmi 12.660,44 (on iki min altı yüz altmış manat qırx dörd qəpik) manat pul vəsaiti və ödənilmiş 127,98 (yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2365/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2365/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver