Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2380/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, B-089-SA-23 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Octavia 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX6PY164675), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi alıcı tərəfindən ilkin ödəniş olaraq 4990 manat edildikdən sonra avtomobilin dəyəri tam ödənilənədək Satıcı tərəfindən Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh ilkin ödənişdən sonra dəyəri 75,480.00 (yetmiş beş min dörd yüz səksən) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1258.00 (bir min iki yüz əlli səkkiz) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş sonuncu ödənişini xx.xx.2024-cü il tarixində aprel ayı üzrə ödənişini etdikdən sonra heç bir ödəniş etməmişdir. Müqaviləyə əsasən 2 ay öhdəliklərini icra etmədiyinə görə avtomobilin idarə edilməsinə tərəflərindən etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində Skoda Octavia 1.6 MPİ markalı, 77PC046 dövlət qeydiyyat nömrəli avtomobil Daxili İşlər Nazirliyinin müvafiq duracağından götürülmüş (video çəkiliş təqdim ediləcək) və servisə gətirilmişdir. Bununla yanaşı cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh icra edilməmiş öhdəliklərinin icra etməmişdir. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyə geri qaytarıldığı tarixlə birlikdə iki aylıq müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-089-SA-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərində təmir işləri aparılmaqla ümumilikdə avtomobilə 1,027.58 (bir min sıfır iyirmi yeddi manat əlli səkkiz qəpik) manat xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (15552 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Eyni zamanda cavabdeh tərəfindən aprel ayının ödənişi edildiyi tarixdən avtomobilin geri qaytarıldığı xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan 2 ayın ödənilməmiş məbləği, yəni 2,516.00 (iki min beş yüz on altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin gecikdirilməsi və edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 756.00 (yeddi yüz əlli altı) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 4,299.58 (dörd min iki yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, B-089-SA-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göstərilənlərə əsasən, Cavabdeh 2,516.00 (iki min beş yüz on altı) manat əsas borc,756.00 (yeddi yüz əlli altı) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 1,027.58 (bir min sıfır iyirmi yeddi manat əlli səkkiz qəpik) manat olmaqla, ümumilikdə 4,299.58 (dörd min iki yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, qarşı tərəflə aralarında olan münasibətlər lizinq yox, alqı-satqı münasibətləri idi. Avtomobilin idarəçisi isə Cavabdeh yox, onun həyat yoldaşı Məmmədov Elçin olmuşdur. Avtomobil avtosalona qoyularkən onlardan heç bir icazə alınmamışdır. Həmin avtomobil salonda Arif adlı bir şəxsə satılmışdır. Məmmədov Elçinin özünün istəyi ilə İbrahimov Farizə etibarnamə vermiş olsalar belə, avtomobil heç vaxt İbrahimov Farizə təhvil verilməmişdir. O, özü də izahatında qeyd edir ki, o, avtomobili heç bir zaman istifadə etməmişdir. Onların avtomobil üçün kiməsə etibarnamə vermələri, onu satmaları mənasına gəlmir. Bu məsələdə də Məmmədov Elçinlə aralarında avtomobilin geri qaytarılması ilə bağlı təhvil-təslim aktı tərtib olunmamışdır. Bu da göstərir ki, İbrahimov Farizə etibarnamə verilməsində onların özlərinin marağı olmuşdur. Əgər qarşı tərəfin dediyi kimi olsa idi, onlar eyni anda Məmmədov Elçinə etibarnamə verməzdilər. Faktiki olaraq avtomobil Cavabdeh olmuşdur və özü avtomobili satış üçün başqa bir avtosalonda yerləşdirmişdir. Ödəniş edilmədən etibarnamə vermirlər. Cavabdehin nümayəndəsinin özü də bildirir ki, avtomobili satmaq üçün özləri avtosalona yerləşdirmişlər. Əgər onların mübahisələri varsa, daha sonra reqres qaydasında İbrahimov Farizə qarşı iddia qaldıra bilərlər. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə X5 Elçin ilə eyni vaxtda etibarnamə verilən şəxs olduğunu, qarşı tərəfin avtomobili İbrahimov Farizə məxsus salona avtomobilin satılması üçün verdiklərini, inzibati xəta törədən şəxsin isə başqa biri olduğun, İbrahimov Farizə etibarnamə verilənə qədər Cavabdeh iddiaçı hüquqi şəxsə borcunun olmadığını, avtomobilin xx.xx.2024-cü il tarixində başqa bir şəxsə satdıqlarını, 18 iyun 2024-cü tarixində avtomobilin etibarnaməsiz sürüldüyünə görə saxlanıldığı və duracağa yerləşdirildiyini, özlərinin 30 iyun 2024-cü ildə avtomobili duracaqdan götürdüklərini, ödənilməyən may və iyun aylarının borclarını tələb etdiklərini, bundan əlavə xx.xx.2024-ci ildə İddiaçı MMC-nin servis-təmir mərkəzi tərəfindən avtomobilə baxış keçirildiyini və akt tərtib olunduğunu, həmin akta əsasən avtomobilin təmiri və təkrar satışa çıxarılması üçün ilk 1.218 manat xərcin müəyyən edildiyi, daha sonrakı tarixlərdə akt icra olunduqda 1.027,58 manat xərc çəkildiyini, həmçinin avtomobilin yağının dəyişməsi də alıcının öhdəliyində olduğunu, ancaq Cavabdeh tərəfindən avtomobilin yağının ən son 22 fevral 2024-cü il tarixində dəyişildiyini, avtomobil üçün aylıq ödənişin 1.258 manat olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Məmmədov Elçin avtomobili aldıqdan sonra İddiaçı MMCyə bildirmişdir ki, o, həyat yoldaşı üçün sürücü tutmaq istəyir, bu səbəbdən etibarnamə verilməsini xahiş etmişdir. Lakin, iddiaçı müəssisə etibarnamənin yalnız yaxın qohumlara verilə biləcəyini qeyd edərək etibarnamə verməkdən imtina etmişdir. Bu zaman Məmmədov Elçin avtomobili satmaq niyyətində olmuş və fevral ayında avtomobil iddiaçı müəssisənin texniki servisinə gətirilmişdir, həmin vaxt avtomobilin açılış yürüşü 4400 km müəyyən edilmişdir. Bundan sonra hesablanmış yürüşün cavabdehlə heç bir aidiyyəti yoxdur. Avtomobilin avtosalona qoyulmasına iddiaçı müəssisənin özü razılıq vermiş və bildirmişdir ki, satıldıqdan sonra sənədləşmə işlərini özləri həyata keçirəcəklər. Məmmədov Elçin sonuncu dəfə ödənişini etmiş və bundan sonra hər hansısa bir şəxsə etibarnamə verilməsi ilə bağlı razılığını bildirməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə aprel ayındakı ödənişlərin Cavabdeh tərəfindən ödənilmədiyini, hətta iş materiallarına əlavə etdikləri sənədlərdən də avtomobilə Cavabdeh adına cərimələr yazılmağa başlayanda, Məmmədov Elçinin avtomobilin saxlanması üçün aidiyyəti orqana müraciət etdiyini, dediyinə görə ona etibarnamə verilməsini tələb etmədiyini, avtomobil cərimə meydançasında saxlanıldıqda Məmmədov Elçinin təsadüfən avtomobilin saxlanc yerində bir etibarnamə olduğunu fərq etdiyini, daha sonra həmin şəxsin iddiaçı müəssisəyə yaxınlaşdığını və nəyə görə başqa birinə etibarnamə verildiyini soruşduğunu, lakin onun sualına heç bir cavab verilmədiyini, Məmmədov Elçinin iddiaçı müəssisəyə avtomobili satmaq niyyətini bildirdikdə ona avtomobil müəssisə tərəfindən satılsa, müəyyən faizlər hesablanacağını və bu səbəbdən onların avtomobilin Məmmədov Elçin tərəfindən avtosalonda satılmasına etiraz etmədiklərini, bundan sonra Məmmədov Elçinin avtomobili İbrahimov Farizə məxsus salona satışa qoyduğunu və heç bir kəsə etibarnamə vermədiyini, salonun iddiaçı müəssisədən etibarnamə aldığını və avtomobili Arif adlı bir şəxsə verdiyini, onun da ödənişləri Cavabdeh adından etməyə başladığını, lakin avtomobilin Arifin adına keçirilməsində problemlər yarandığına görə Arifin avtomobili almaqdan imtina etdiyini, avtomobilin daha sonrakı istifadəçisinin kim olduğundan və onun avtomobili necə əldə etdiyindən, həmçinin iddiaçının başqa şəxslərə etibarnamə verdiyindən məlumatsız olduqlarını bildirmişdir. 5.Məhkəmə iclasında üçüncü şəxs X6 iştirak etmədiyi üçün onunla telefon vasitəsilə (video formatda) əlaqə saxlanılaraq iddia ərizəsinin mahiyyəti ona elan edilmiş və o, iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, əlavə suallara cavab olaraq isə Cavabdeh tanımadığını, “Skoda” markalı avtomobil barədə məlumatı olduğunu, belə ki, həmin avtomobilin şəkili bir kişi tərəfindən salona satışa qoyulduğunu, daha sonra avtomobilin Arif adlı bir şəxs tərəfindən alındığını, əslində cavabdeh və həyat yoldaşının Fariz adlı birinə etibarnamə vermək istədiklərini, ancaq adları eyni olduğuna görə səhvən ona etibarnamə verdiklərini, halbuki həmin avtomobili heç vaxt idarə etmədiyini, Məmmədov Elçini və avtomobilin mülkiyyətçisini də tanımadığını, avtomobilin onların salonda satıldığını, Arif adlı bir şəxs tərəfindən avtomobilin alındığını, ancaq avtomobilin ilkin mülkiyyətçisinin tələbi ilə avtomobilin bank tərəfindən götürüldüyünü, həmin vaxt Arifin avtomobili idarə etmək üçün yazılı etibarnaməsinin olmadığını, Arif avtomobili almaq istəyərkən, alıcı tapılması ilə bağlı kimə xəbər verdiyini bilmədiyini, ancaq həmin oğlanın şəkili olduğunu, Arif ödənişi edə bilmədiyi üçün bankın avtomobili ondan götürdüyünü, Arif avtomobili ilkin mülkiyyətçi ilə birlikdə banka təhvil verdiyini, ona etibarnamə verildiyindən 1 ay sonra bundan xəbəri olduğunu, Lizinq müqaviləsi bağlanarkən, etibarnamə verilməsi üçün şəxsin iştirak etməsinin vacib olduğunu, o isə həmin vaxt nə şəxsən iştirak etdiyini, nə də hər hansısa bir yolla razılıq ifadəsi bildirdiyini, Arifin ona avtomobilin götürüldüyünü bildirdiyini, həmin vaxt ona etibarnamə verildiyini eşitdiyini, avtomobilin həmin andakı idarəçisinin də adının Fariz olduğunu, Cavabdeh və onun həyat yoldaşının səhvən ona etibarnamə verdiklərini güman etdiyini bildirmişdir. 6.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli, B-089-SA-23 nömrəli müqaviləyə əsasən MMC modeli Skoda Octavia 1.6 MPİ, buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda Cavabdeh istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra onun mülkiyyətinə verməyi, Cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil olmaqla 80.470 manat müəyyən edilir, tərəflərin razılığı ilə ilkin ödəniş 4990 manat müəyyən edilir. Qalıq borc sayılacaq 75480 manat məbləğ isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1258 manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir. 9.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən arayışa əsasən xx.xx.2024-cü il tarixi üçün gecikdirilmiş məbləğ 2516 manat, cərimə məbləği 756 manat təşkil edir. 10.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən 29 aprel 2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77PC046 dövlət nömrə nişanlı Skoda Octavia markalı avtomobilin idarə edilməsini X6 (sürücülük vəsiqə seriya: AD № 124780 Dərəcəsi: B, C) etibar edir. Etibarnamə verildiyi tarixdən xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. 11.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən 29 aprel 2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77PC046 dövlət nömrə nişanlı Skoda Octavia markalı avtomobilin idarə edilməsini X3 (sürücülük vəsiqə seriya: AC № 411475 Dərəcəsi: B) etibar edir. Etibarnamə verildiyi tarixdən xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. 12.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən verilən 17 aprel 2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77PC046 dövlət nömrə nişanlı Skoda Octavia markalı avtomobilin idarə edilməsini X6 (sürücülük vəsiqə seriya: AD № 124780 Dərəcəsi: B, C) etibar edir. Etibarnamə verildiyi tarixdən xx.xx.2024-cü il tarixə qədər etibarlıdır. 13.Mülki işin materiallarında olan Shkoda MMC tərəfindən verilən 17 aprel 2024-cü il tarixli, 1375 nömrəli və 1376 nömrəli qəbzlərə əsasən Cavabdeh tərəfindən 1258 manat və 226 manat məbləğində ödənişlər həyata keçirilmişdir. 14.Mülki işin materiallarında olan Shkoda MMC tərəfindən verilən 29 aprel 2024-cü il tarixli, 1533 nömrəli qəbzə əsasən Cavabdeh tərəfindən 1258 manat məbləğində ödəniş həyata keçirilmişdir. 15.Mülki işin materiallarında olan çıxarışlara əsasən 77PC046 dövlət nömrə nişanlı avtomobil üzrə xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə isə Şirvan şəhər M.Ə.Rəsulzadə pr, saat 13:01 üzrə 80 manat cərimə tətbiq olunmuşdur. 16.Mülki işin materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2024-cü il tarixdə Arif Hüseynov “Skoda” markalı, 77PC046 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Q.Qarayev prospektində idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı A.Hüseynovun nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən edildiyindən barəsində xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı YPS əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. 17.Mülki işin materiallarında olan Shkoda MMC tərəfindən verilən icra edilmiş xidmətlərə dair akta əsasən sifarişçi İddiaçı MMC-nin sifarişi əsasında xx.xx.2024-cü il tarixdə Skoda Octavia markalı, 77PC046 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə çəkilmiş xərc ümumilikdə (işlər və ehtiyat hissələri daxil olmaqla) 772.35 manat məbləğində müəyyən edilmişdir. 18.Mülki işin materiallarında olan Shkoda MMC tərəfindən verilən icra edilmiş xidmətlərə dair akta əsasən sifarişçi İddiaçı MMC-nin sifarişi əsasında xx.xx.2024-cü il tarixdə Skoda Octavia markalı, 77PC046 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə çəkilmiş xərc ümumilikdə (işlər və ehtiyat hissələri daxil olmaqla) 255.23 manat məbləğində müəyyən edilmişdir. 19.Mülki işin materiallarında olan Shkoda MMC tərəfindən verilən icra edilmiş xidmətlərə dair akta əsasən sifarişçi İddiaçı MMC-nin sifarişi əsasında xx.xx.2024-cü il tarixdə Skoda Octavia markalı, 77PC046 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə çəkilmiş xərc ümumilikdə (işlər və ehtiyat hissələri daxil olmaqla) 1218.14 manat məbləğində müəyyən edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 20.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli, B-089-SA-23 nömrəli müqaviləyə əsasən iddiaçı “Skoda Octavia” markalı, 77PC046 dövlət qeydiyyat nişanlı avtomobili dəyəri tam ödənilənədək cavabdehin istifadəsinə, ödənildikdən sonra isə mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. 21.Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər bir müddət ödənilmiş, lakin sonradan cavabdeh tərəf avtomobili satılması üçün başqa bir avtosalona yerləşdirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə həmin avtomobil Arif Hüseynov adlı şəxs tərəfindən idarə edildiyi zaman YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı A.Hüseynovun nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək duracağa yerləşdirilmişdir. Bundan sonra cavabdeh tərəfindən ödənişlər gecikdirildiyi üçün iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmiş, xx.xx.2024-cü il tarixdə avtomobil duracaqdan götürülərək ona texniki baxış keçirilmiş, daha sonra başqa bir müqavilə əsasında sözügedən avtomobil iddiaçı tərəfindən başqa bir şəxsə satılmışdır. 22.Hazırda iddiaçı, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğu üçün məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməyən may-iyun ayı üzrə, yəni 2516 manat əsas borc, 756 manat cərimə borcu, eləcə də avtomobilin təmir xərci kimi 1027.58 manatın cavabdehdən tutulmasını tələb edir. 23.Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, avtomobili müqavilə əsasında əldə etdikdən və ödənişləri vaxtlı-vaxtında ödədikdən bir müddət sonra satmaq qərarına gəlmiş və bunun üçün də iddiaçının razılığı avtomobili X2 məxsus başqa salona yerləşdirmiş, lakin bundan sonra avtomobilin kimin istifadəsində olmaları barədə məlumatları olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 25.Məhkəmə iddia tələbinin əsas borcun (2516 manat) tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 26.Belə ki, iş üzrə müəyyən edilən hallara əsasən müqavilə üzrə iddiaçı tərəf öz üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirərək avtomobili saz vəziyyətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə yerinə yetirilməli olan öhdəlik pozulmuşdur. Belə ki, müqavilə üzrə ödənilməli olan aylıq ödəniş məbləği 1258 manat müəyyən edilmiş, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmiş, sonradan avtomobil xx.xx.2024-cü il tarixdə duracağa yerləşdirilmiş və xx.xx.2024-cü il tarixdə isə iddiaçı tərəfindən avtomobil duracaqdan götürülmüşdür. Yəni may və iyun ayı üzrə cavabdeh tərəfindən ödənişlər edilməmişdir. 27.Məhkəmə işin halları və sübutlar əsasında belə qənaətə gəlmişdir ki, iddiaçının müqavilə öhdəliyinin yerinə yetirilməməsinə dair hər hansı təqsiri müəyyən edilməmişdir. Cavabdeh öz mövqeyində bildirmişdir ki, avtomobilin satış məqsədilə üçüncü şəxs - X2 məxsus avtosalona təhvil verilməsindən sonra nəqliyyat vasitəsinin sonrakı taleyi barədə hər hansı məlumatı olmamışdır. Lakin, iş materiallarından aydın olur ki, 29 aprel 2024-cü il tarixdə iddiaçı tərəfindən həm Fariz İbrahimova, həm də cavabdehin həyat yoldaşı Elçin Məmmədova etibarnamələr verilmişdir. Cavabdeh tərəfindən avtomobilin avtosalona yerləşdirilməsindən sonra onun kim tərəfindən istifadə olunması ilə bağlı məlumatsızlıq, habelə sonuncu ödənişlərin cavabdeh tərəfindən edilməməsi iddia edilsə də, iş materialları göstərir ki, tərəflər arasında bağlanmış müqavilə münasibətləri 2024-cü ilin iyul ayına qədər davam etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən avtosalon sahibi Fariz İbrahimovu tanımaması, ona etibarnamə verilməsindən məlumatsız olması, habelə avtomobilin sonrakı aqibətindən xəbərsiz olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən əsas borc üzrə tələb olunan məbləği daha əsaslandırılmış və real məbləğ kimi qəbul etmişdir. 28.Məhkəmə iddia tələbinin cərimə borcu kimi 756 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1% həcmində cərimə (dəbbə pulu) ödəməlidir. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 30.Məhkəmə müqavilə üzrə ödənilməmiş qalmış əsas borcun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq cərimə borcunun miqdarı 200 manat məbləğində müəyyən edilməlidir. 31.Məhkəmə iddia tələbinin real zərər olan avtomobilin təmir xərci kimi 1027.58 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. 32.Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 34.Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. 35.Məhkəmə iclasında müəyyən edilmişdir ki, avtomobil xx.xx.2024-cü il tarixdə duracaqdan götürüldükdən sonra iddiaçı tərəfindən İddiaçı servisinə gətirilmiş və ona ilk dəfə xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş və baxış nəticəsində təmir xərcinin gələcək xərcinin 1218,14 manat, daha sonra xx.xx.2024-cü il tarixdə keçirilən texniki baxış nəticəsində 772.35 manat və xx.xx.2024-cü il tarixdə keçirilən texniki baxış nəticəsində isə 255,23 manat olmaqla ödənildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı ilk olaraq avtomobil üzrə təmir xərcinin 1218,14 manat müəyyən edilməsinə baxmayaraq, faktiki olaraq ödədiyi məbləğləri, yəni 1027,58 manatı (772,35+255,23=1027,58) cavabdehdən tələb edir. 36.Məhkəmə bu hissədə iddianı qismən əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, cavabdehdən avtomobilə dəymiş real zərərin əvəzi kimi yalnız 772,35 (yeddi yüz yetmiş iki manat 35 qəpik) manatın tutulması mümkündür. 37.Belə ki, iş materiallarında mövcud olan və icra edilmiş xidmətlərə dair tərtib edilmiş aktlardan görünür ki, nəqliyyat vasitəsi duracaqdan götürüldükdən sonra 29 iyul 2024-cü il tarixində keçirilmiş texniki baxış zamanı avtomobilin yürüş göstəricisi 15,552 km təşkil etmiş və həmin tarixdə təmir xərcləri 772,35 manat məbləğində müəyyən edilmişdir. Lakin daha sonra, avtomobil artıq iddiaçının istifadəsində olduğu dövrdə, 05 avqust 2024cü il tarixində keçirilmiş növbəti texniki baxış zamanı yürüş göstəricisinin 16,015 km olduğu müəyyən edilmiş və bu dəfə təmir xərcləri 255,23 manat təşkil etmişdir. Göstərilənlərdən belə nəticə çıxarılır ki, nəqliyyat vasitəsi duracaqdan götürülməklə cavabdehin faktiki sahibliyindən çıxaraq iddiaçının istifadəsinə qaytarılmış və bu dövrdə ondan istifadə olunmuşdur. Bu səbəbdən, həmin müddətdə yaranmış əlavə xərclərin (255,23 manat) cavabdehin öhdəliyində olan dövrlə hüquqi əlaqəsi müəyyən edilmədiyindən, həmin məbləğin cavabdehdən tutulması əsassız hesab edilmişdir. 38.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İddiaçı xeyrinə əsas borc kimi 2516 (iki min beş yüz on altı) manat, cərimə borcu kimi 200 (iki yüz) manat və vurulmuş ziyanın əvəzi kimi 772,35 (yeddi yüz yetmiş iki manat, otuz beş qəpik) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 39.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Belə olan halda iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 60,44 (altmış manat, qırx dörd qəpik) dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 42.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc kimi 2516 (iki min beş yüz on altı) manat, cərimə borcu kimi 200 (iki yüz) manat və vurulmuş ziyanın əvəzi kimi 772,35 (yeddi yüz yetmiş iki manat, otuz beş qəpik) manat olmaqla ümumilikdə 3488,35 (üç min dörd yüz səksən səkkiz manat, otuz beş qəpik) manat məbləğində pul tutulsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2380/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2380/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver