Məhkəmə qərarları › İş №e-2(006)-2385/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2385/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2385/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, LC1110594/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 210 manat və 15 manat cərimə məbləği olmaqla cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğin, habelə dövlət rüsumu əvəzi ödənilmiş 30.40 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı/İddiaçı MMC ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli LC1110594/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 480 manat dəyərində, ilkin ödənişsiz, Samsung A13 32GB modelli məhsulu 12 ay müddətinə, hər ay 40 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli, LC1110594/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 210 (iki yüz on) manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq iddiaçı MMC ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh müqavilə üzrə ödənilməmiş borca (210 AZN) görə 15 (on beş) manat cərimə məbləği tələb olunur. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, LC1110594/22 saylı nisyə satış müqaviləsinə görə Cavabdeh hissə-hissə ödəmək şərti ilə İddiaçı MMC-dən dəyəri 480 manat olan məhsul əldə etmiş, ilkin 40 manat ödəyərək, qalan 440 manat məbləği 12 ay müddətinə aylıq 40 manat olmaqlaİddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, LC1110594/22 saylı müqavilə üzrə ödənilməmiş 210 manat əsas, 15 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, LC1110594/22 nömrəli müqaviləyə əsasən hesablanmış 210 manat əsas,15 manat cərimə olmaqla, cəmi 225 (iki yüz iyirmi beş) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat və 0,40 manat xidmət haqqı Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, LC1110594/22 saylı müqaviləyə əsasən hesablanmış 210 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 225 (iki yüz iyirmi beş) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat və 0,40 manat xidmət haqqı Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar