Məhkəmə qərarları › İş №e-2(006)-241/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-241/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-241/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan "**-UO-***" dövlət qeydiyyat nişanlı "Lexus ES300 hibrid" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, mülkiyyətində olan "**-UO-***" dövlət qeydiyyat nişanlı "Lexus ES300 hibrid" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə Cavabdeh1 1725 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi haqqında; dövlət rüsumunun əvəzi qismində 87,25 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 110 manat haqqın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində “BMC PROCİTY 12M CNG AVTOBUS” markalı “**-JU-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 onun mülkiyyətində olan “Lexus ES300 HİBRİD” markalı “**-UO-***” qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmaqla ona maddi zərər vurmuşdur. Mülkiyyətində olan nəqliyyat vasitəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuşdur. Ona dəymiş maddi zərərin məbləği 6725 manat olmuş, bu barədə sığortaçıya şifahi və yazılı müraciət etmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ona ödəməli olan 5000 manat sığorta ödənişini ödəməkdən faktiki imtina etmiş, müraciətlərinə nə müsbət, nə də mənfi cavab verməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti onun qanunla qorunan hüquqlarını pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş səlahiyyətli orqanların qərarlarından görünür ki, cavabdeh X2 törətdiyi inzibati xətaya görə tənbeh edilmiş, bu barədə qərar qanuni qüvvəsini almışdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış qiymətləndirmə aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərəri aradan qaldırmaq üçün cəmi 6725 manat məbləğində pul vəsaiti tələb olunur. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qanunvericiliklə üzərinə düşən 5000 manat sığorta məbləğini etməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hesab etmişdir ki, cavabdehlər X2 iddiaçıya təqsirli hərəkətləri ilə maddi zərər vurduğuna görə dəymiş maddi zərərin 5000 manatdan artıq olan hissəsini ödəməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də 1725 manat pul vəsaitin ondan, 5000 manat sığorta məbləği isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalıdır. Sonradan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğvetmə prosessində olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı şirkət tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında sığortalanmış, "xxxx" MMC-ə məxsus olan və X2 tərəfindən idarə olunan “BMC Procity 12M” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus olan “Lexus ES300” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus olan əmlaka dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən sonuncuya dəymiş zərər şirkət tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli qüsur aktına əsasən 750 manat məbləğində müəyyən edilmişdir. Lakin, zərərçəkən daşınmaz əmlaka dəymiş zərərə görə şirkətin müəyyən etdiyi məbləğlə razılaşmayaraq zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, həmin müəssisə tərəfindən əmlaka dəyər zərər 6725 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan TP ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:05-də X2 BMC Procity 12M CNG markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Toyota Bakı Mərkəzi MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, Lexus ES300H markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə 6725 manat ziyan dəymişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Lexus ES300H markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 5000 manat ziyanın ödənilməsi təklif edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək “BMC Procity 12M” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-nin mülki məsuliyyəti icbari sığortalanmışdır. Həmin şəhadətnamədə qeyd edilmişdir ki, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. İş materiallarında olan “X6” №-3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hesabatdan görünür ki, Lexus ES300H markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 750 manat hesablanmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Toyota Bakı Mərkəzi» MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminər 5100,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında “X6” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,0 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışlı “Lexus ES300" markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin aprel ayına təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5698,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 5190,00 manat; təmir- bərpa işlərinin qiyməti -508.00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5100.00 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti - 4592,0 manat; təmir-bərpa işlərinin qiyməti - 508,0 manat, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X6" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışlı “Lexus ES300” markalı, **-UO- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 450,00 manat; təmir- bərpa işlərinin qiyməti - 300.00 manat. Qeyd olunur ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli (səh 40) qüsur aktında “Lexus ES300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin farasının dəyişilməyə ehtiyac olması, “X6” tərəfindən tərtib edilmişxx.xx.2023-cü il tarixli (səh 52) qüsur aktında isə həmin avtomobilin farasının yalnız şüşəsinin dəyişilməyə ehtiyac olması göstərilmişdir. Qüsur aktlarında dəyişilməli hissələr fərqli müəyyən edilidyindən dəymiş ziyanın miqdarı fərqli müəyyən olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ilk öncə iddianın “Cavabdeh1 1725 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir (xx.xx.2024-cü il tarixli 2(102)-135/2024 nömrəli qərar). İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh1 BMC Procity 12M CNG markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə “Lexus ES300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. İş materialları ilə müəyyən edilir ki, BMC Procity 12M CNG markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" MMC-yə məxsusdur. İş materialları ilə həmçinin müəyyən edilir ki, cavabdeh X2 "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur, o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Digər tərəfdən Azərbaycan Respublikası MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın göstərilən hissəsinə münasibətdə X2 cavabdehlik daşıya bilməz. Məhkəmə iddianın qeyd edilən hissəsinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassızdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyekt müəyyən edilməklə ona qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissə üzrə X2 iddiaya cavab verməli şəxs olmadığından, sözügedən hissədə iddia rədd edilməlidir. Məhkəmə iddianın “cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, “BMC Procity 12M” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi "xxxx" MMC-nin mülki məsuliyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək icbari sığortalanmışdır. Odur ki, dəymiş zərər sonuncudan tutulmalıdır. Məhkəmə vurulmuş zərərin məbləğini müəyyən edərkən iş materiallarında rəyləri əsas götürərək hesab edir ki, həmin rəylər sübut kimi qəbul edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində “Lexus ES300” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminər 5100,0 manat müəyyən edilməsi göstərilmişdir. Məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin dövlət rüsumunun əvəzi olaraq 87.25 manat və vəkilə ödənilmiş 110 manatın ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 70 manatı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq iddiaçıya ödənilməli, qalan 17.25 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 110 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 110 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumuna görə 70 manat və hüquqi xidmətlərin göstərilməsinə görə 110 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar