Məhkəmə qərarları › İş №e-2(006)-2429/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2429/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2429/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 115 manat əsas və 34,50 manat cərimə borcu, cəmi 149,50 manat, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə bağlanmış 114825 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 239 manata nisyə planşet satmışdır. Müqavilə bağlanarkən alıcı 100 manat ilkin ödəniş həyata keçirmiş, qalan 139 manat məbləğində pulu hər ay 23,17 manat ödəmək şərti ilə 6 ay müddətinə, hər ayın 28-dək ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 115 manat əsas, həmin gün üçün hesablanmış 34,50 manat cərimə, 149,50 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 115 manat əsas, xx.xx.2024-cü il tarixədək hesablanmış 34,50 manat cərimə borcu, cəmi 149,50 manat borcu yaranmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: “Ventto Elektronics" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 114825 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Lenova Tab4 7304 3G 16GB modelli planşeti 100 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə, aylıq 23,17 manat olmaqla 239 manata Cavabdeh satılmışdır. xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, alıcını ödənişləri gecikdirdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə tutulmasına etirazı yoxdur. xx.xx.2018-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Lenova Tab4 7304 3G 16GB modelli planşet alıcıya təhvil verilmişdir, əşyanın texniki vəziyyəti yoxlanmışdır, işlək vəziyyətdədir və bununla bağlı tərəflərin heç bir iradı yoxdur. İddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə cavabdehə 494 №-li xx.xx.2023-cü il tarixli pretenziya bildirişi (xəbərdarlıq) göndərilmişdir. xx.xx.2024-cü il tarixli 077 №-li Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2018ci il tarixli 114825 saylı müqavilə üzrə əsas məbləğ üzrə qalıq borc 115 manat, cərimə borcu 34,50 manat, cəmi 149,50 manatdır. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Ventto Electronics" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edildi ki, “Ventto Electronics" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, dəyəri 239 manat olan Lenova Tab4 7304 3G 16GB markalı planşet 6 ay hissə- hissə ödəmək şərti ilə sonuncuya satılmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, malları cavabdehə təhvil vermişdir, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, hazırda iddiaçıya 115 manat əsas və 34,50 manat cərimə borcu olmaqla, cəmi 149,50 manat qalmışdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, 114825 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 115 (yüz on beş) manat əsas borc, 34,50 (otuz dörd manat, əlli qəpik) manat cərimə olmaqla, cəmi 149,50 (yüz qırx doqquz manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1, 284-5, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 115 (yüz on beş) manat əsas borc, 34,50 (otuz dörd manat, əlli qəpik) manat cərimə olmaqla, cəmi 149,50 (yüz qırx doqquz manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar