Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2433/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh “Chevrolet Aveo” markal, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 095130 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətə İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabata əsasən “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 180 (bir yüz səksən) manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 2441 nömrəli ödəniş tapşırığına əsasən, “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 180 (bir yüz səksən) manat sığorta ödənişi etmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün İddiaçı Sığorta Şirkəti ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli AP seriyalı ******* nömrəli protokoldan və həmin tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh İXMnin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş izahatlarda Cavabdeh şəxsən özü hadisə yerindən yayınmasını qeyd etmişdir. Belə olan halda, 180 (bir yüz səksən) manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
3. Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmamasını, şahidlərin dindirilməsi və sübutların tələb edilməsi ilə bağlı vəsatətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh 180 (bir yüz səksən) manat məbləğində pulun tutulmasına dair iddia tələbi əsassızdır və həmin məbləğ şişirdilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 20-30 manat civarında olmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək, “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yüngül toqquşması nəticəsində həmin nəqliyyat vasitəsinin qabaq sağ qanadının buferə birləşən hissəsində hətta cilalanma ilə itirilə biləcək iz düşmüşdür. Hadisə yerində avtomobilləri tıxaca görə saxlamaq mümkün olmadığından Cavabdeh və digər avtomobilin sürücüsü idarə etdikləri nəqliyyat vasitələrini kənara çəkmişlər. Cavabdeh Yol Patrul Xidməti əməkdaşlarını dəvət etməsi barədə təklifini “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü qəbul etməmiş, həmin sürücü məsələni öz aralarında həll etməyi təklif etmişdir. Sonra Cavabdeh onunla şahid qismində dəvət etmək istədiyi X2 avtomobil təmiri emalatxanasına getmiş, Əlihüseyn həmin avtomobilə düşən izin, 1 ədəd düymənin və onun cilalanmasının cəmi xərcinin 20-30 manat məbləğ təşkil edəcəyini bildirmiş və “Chevrolet Aveo” markal, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə başqa hər hansı bir əlavə maddi zərər dəyməsi müəyyən edilməmişdir. Bu faktı “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən X8 və onun yanında olmuş X15 təsdiq edə bilər. “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hansı dərəcədə zərər dəyməsini yolnəqliyyat hadisəsinin baş verdiyi ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı görüntülərə də baxıb müəyyən etmək olar. X8 və X15 şahid qismində məhkəməyə çağırılaraq dindirilməlidir. Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ilə Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində yerləşən DİN-in “Təhlükəsiz Şəhər” kameralarının xx.xx.2021-ci il tarixdə, saat 19:05 radələrinə aid video görüntülərinin əldə olunaraq müşahidə edilməsinə köməklik göstərilməlidir. İddiaçı Sığorta Şirkəti ASC-nin zərərçəkən şəxsə ödədiyi məbləğin ödənişini təsdiq edən (məbləğ göstərilməklə) sənədlər həmin ASC-dən tələb edilməlidir. Cavabdeh ondan asılı olmayan səbəblərə görə İddiaçı Sığorta Şirkəti ASC-nin qiymətləndirmə ilə bağlı qeyd etdiyi məbləğini həmin qiymətləndirmə qurumundan tələb edə və DİN-nin “Təhlükəsiz Şəhər” kameralarının görüntülərini əldə etməsinin mümkün olmadığına görə təqdim edə bilmir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, İddiaçı Sığorta Şirkəti ASCnin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar iddiaçı tərəfin məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Nəqliyyat vasitəsinin AC seriyalı 768861 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 3161” minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X9r.
9. Nəqliyyat vasitəsinin AD seriyalı 311780 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r.
10. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı, 552833 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X13 mülkiyyətində olan “BMW 3161” minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair “sürücülük hüququ olduqda idarə etmək və s.” səlahiyyətlərini 1 il müddətinə Cavabdeh vermişdir.
11. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:05 dəqiqədə Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ilə Y.V.Çəmənzəminli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli – “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehdur (nəqliyyat vasitəsinin sahibi X13). Yol-nəqliyyat hadisəsində “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir (mülkiyyətçisi - X5r).
12. Cavabdeh Nəsimi RPİ-nin DYPŞ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 19:05-də etibarnamə ilə idarə etdiyi “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Y.V.Çəmənzəminli küçəsindən C.Məmmədquluzadə küçəsinə çıxan zaman düzünə hərəkətdə olan “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilə cüzi toxunmuş, sürücü həmin avtomobildən düşüb ona iradını, o isə avtomobilə dəyən zərərin cüzi olduğunu, buferin tininə boyanın ləkəsi düşdüyünü bildirib həmin ləkəni benzinlə silmiş, polis əməkdaşını çağırmasını bildirmişdir. “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hirsli-hirsli avtomobilinə əyləşib hadisə yerindən getdikdən sonra o da avtomobilinə əyləşib çıxış getmişdir.
13. Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında AP 01961519 №-li, xx.xx.2021-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 19:05-də “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və başqa nəqliyyat vasitəsini vuraraq hadisə yerini tərk etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Xəta nəticəsində X6 maddi zərər yetirilmişdir.
14. İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli 095130 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-xx.xx.2021-ci il ərzində icbari sığorta növündə sığortalanmış “BMW 3161” markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2021-ci ildə törədilmiş sığorta hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 180,00 (bir yüz səksən) manat təşkil edir. Ödənişin verilmə üsulu köçürmə olub, faydalanan şəxsin X11 olması göstərilmişdir.
15. xx.xx.2021-ci il tarixli 2441 nömrəli ödəniş tapşırığından və ona əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin hesabından “əlavəyə əsasən sığorta ödənişi” təyinatı ilə PAT095130 nömrəli sığorta aktı üzrə X3 hesabına 180,00 (bir yüz səksən) manat məbləğində pul köçürülmüşdür.
16. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 180,00 (30 manat dəmirçi işi, 150 manat rəngsaz işi) manatdır.
17. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerini tərk etdiyinə görə vurulmuş ziyanın ödənilməsi tələb edilmişdir.
18. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir.
19. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərara əsasən xx.xx.2021-ci il tarixində cərimə ödənilmişdir.
20. İş materiallarında, həmçinin, Cavabdeh xx.xx.2022-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi, AP ******* nömrəli protokol üzrə cərimənin ödənilməsi barədə sənəd də vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “BMW 3161” minik markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt sözügedən nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmışdır.
22. Hadisədə cavabdeh təqsirli bilinmiş, belə ki, inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək, cavabdehin Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin cərimə xx.xx.2021-ci il tarixində ödənilmişdir.
23. Hadisə nəticəsində “Chevrolet Aveo” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 180 manat məbləğində zərərin əvəzi iddiaçı tərəfindən zərərçəkən şəxsə ödənilmişdir.
24. Hazırda iddiaçı cavabdehin hadisə yerindən yayındığına görə onun təqsiri nəticəsində baş vermiş hadisə üzrə sığorta ödənişi kimi ödədiyi 180 manat məbləğində pulun subroqasiya qaydasında, həmçinin, məhkəmə xərcinin də cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə sığorta hadisəsi nəticəsində müvafiq avtomobilə cəmi 20-30 manatlıq zərər dəydiyini, zərərin onun qonşusu olan təmirçi tərəfindən pulsuz da aradan qaldırıla biləcəyini mübahisələndirərək, iddianın təmin edilməməsini xahiş edirlər.
25. Məhkəmə araşdırmaları zamanı cavabdeh zərərin məbləğini mübahisələndirdiyindən, iş üzrə müvafiq ekspertiza təyin edilsə də, iş materialları Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icrasız geri qaytarılmış, əlavə daha çox xərcə səbəb olacağından özəl qiymətləndirmə şirkətindən rəy (hesabat və s.) alınmasına isə zərurət olmamışdır.
c) Məhkəmənin mövqeyi:
26. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
27. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cavabdeh barəsində tətbiq edilmiş həmin cəriməni ödəmişdir. Belə olan halda, zərər çəkənə vurulmuş zərərin əvəzini ödəmiş sığorta şirkətinin cavabdehə qarşı subroqasiya qaydasında irəli sürdüyü hazırkı tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir.
28. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir.
29. Qeyd edilməlidir ki, cavabdeh əvvəldən zərərin mövcud olması faktını mübahisələndirməmiş, onun etirazı məhz zərərin məbləğinin daha az olması ilə bağlı olmuşdur.
30. Belə ki, cavabdeh qarşı tərəfin avtomobilinə daha az miqdarda – 20-30 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, etirazının bu dəlilini sübuta yetirməmişdir. Bunun əksinə, iddiaçı iddia edilən zərərin mövcudluğuna dair tərtib edilmiş hesabatı və zərərçəkənə sığorta aktı üzrə ödənişin edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehin etirazının əsaslarını sübut etməməsi ilə yanaşı məhkəmə zərərin məbləğinin məhz 20-30 manat olması dəlilini ağlabatan saymır.
31. Cavabdeh, həmçinin, təmirçi qonşusunun vurulmuş zərəri pulsuz aradan qaldıra biləcəyini qeyd etsə də, bu dəlil iddia məbləğinin azaldılmasına və ya iddianın təmin edilməməsinə ona görə əsas vermir ki, zərər vuranla zərərçəkən arasında belə bir razılaşma olmamış, razılaşma olmadığından və sığorta ödənişini almaq zərərçəkənin hüququ olduğundan, zərərçəkəni məhz həmin təmirçidə maşınını təmir etdirməyə məcbur etmək yolverilən hal hesab edilə bilməz.
32. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlillərini əsassız və formal mülahizələr hesab edir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.2-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 327.6-cı maddə. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.
35. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 63.1-ci maddə. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır;
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
38. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
40. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
42. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 180 (bir yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.
43. Məhkəmə xərci ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən hazırki iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 180 (bir yüz səksən) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova