Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2439/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı Avdadim oğlunun, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Avdadim oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Avdadim oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi və abonent kodunun adına keçirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay kücəsi 14A ünvanında yaşayan qohumu X1 vəfatından sonra ev vərəsəlik hüququ ilə İddiaçı Avdadim oğlunun adına keçmişdir. S.Avdalimovanın ölümündən sonra evdə heç kəs yaşamamış, ev onun tərəfindən idarə olunmuşdur. Evə nəzarət etməyə başladiğı gündən evdə sayğac olmamış, cavabdeh idarənin işçilərinə müraciət etdikdə isə onlar sayğacın borca görə ləğv edilərək idarəyə aparıldığını demişlər. Lakin həmin vaxtlar evin vərəsəlik məsələləri ilə məşğul olduğu üçün abunə kodunun adına keçirilməsi məsələsi ilə asan kommunal xidmətə müraciət imkanı olmamışdır. Bu ilin əvvəlində abunə kodunu adına keçirmək üçün “Asan Kommunal” xidmətinə müraciət etdikdə məlum olmuşdur ki, mərhumun işıq borcu 1419,77 AZN yazılmışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixində “Azərişıq ASC”-yə ərizə ilə müraciət edərək borcun silinməsi və abonent kodunun adına keçirilməsini xahiş etmiş, “Azərişıq ASC”-dən 05 mart 2022 tarixində aldığı cavab məktubunda bildirilmişdir ki, mövcud olan 1419,77 AZN borc onların əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş nəzarət baxışları zamanı aşkarlanmış sayğacdan kənar qoşulmalara görə tərtib edilmiş aktlar əsasında yazılmışdır. Abonent kodunun ad dəyişmə əməliyyatı borc tam ödənildikdən sonra mümkün olacaqdır. Deyilənlər həqiqəti əks etdirmir. Belə ki, həmin borcun haradan yaranması barədə əsaslı sübutlar göstərilməmişdir. Qeyd olunan aktlar nə əvvəl, nə də indi aktların və akt üzrə hesablanmış 1419,77 AZN məbləğin silinməsi və abonent kodunun adına keçirilməsi barədə təqdim olunmamışdır. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" ASC-nin tərtib etdiyi aktlarının və akt üzrə qanunsuz hesablanmış 1419,77 AZN məbləğin silinməsi və abonent kodunun onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı Avdadim oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********50005 kodun abunəçisi X2r. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Avdadim oğlu arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014, 2015, 2016cı illərdə baxış aktlar və hesablanmış cərimələr abunəçi X3 aiddir. İddiaçı Avdadim oğlu iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququnun sahibi deyil. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarındakı Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2018-cı il tarixində vəfat etmiş X1 vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Avdadim oğludur, o, miras əmlakdan tam hissədə pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/3 payda B tikilisindən (5 otaqdan ibarət y/s-95.6 kv.m) ibarətdir.
7. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 14 A nömrəli fərdi yaşayış evi (95.6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı B tikilisi) tam mülkiyyət hüququ üzrə İddiaçı Avdadim oğlunun adına xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
8. İş materiallarında olan X1 adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********50005 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentə sayğac oxunması üzrə 802,15 AZN, aktlar bölməsi üzrə 1847,28 AZN borc hesablanmışdır. 1229,66 AZN ödənilmiş, abonentin cari borcu isə 1419,77 AZN təşkil edir.
9. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Avdadim oğluna ünvanladığı 05 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən abonent koduna mövcud olan 1419,77 AZN borc enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda (2014, 2015 və 2016-cı illərdə) keçirilmiş nəzarət baxışları zamanı sayğacdan kənar qoşulmaların olduğu aşkarlanmış, aktlar tərtib edilmiş və itirilmiş enerjinin bərpa edilməsi məqsədi ilə hesabat aparılmışdır. Abonent kodunun ad dəyişmə əməliyyatının həyata keçirilməsi və enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik enerjisinin yeni alğı-satqı müqaviləsinin bağlanması kodda olan borc tam şəkildə ödənildikdən sonra mümkün olacaqdır.
10. İş üzrə "xxxx" ASC tərəfindən təqdim edilmiş abonentin hərəkət cədvəlindən çıxarışdan görünür ki, **********50005 saylı kod üzrə abonentə aktlar (2014-cü, 2015-ci, 2016-cı illər) əsasında 1419,77 AZN hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 14 A nömrəli fərdi yaşayış evi 25 sentyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə və Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı Avdadim oğlunun mülkiyyətindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu isə X1 adında qalmışdır. İddiaçı Avdadim oğluna məlum olmuşdur ki, həmin fərdi yaşayış evinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1419,77 AZN məbləğində borc hesablanmışdır.
12. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbi ilə çxış etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
15. Məhkəmə qeyd edir ki, iddiaçı X1 adına olan abunə kodunun aid olduğu ünvanın 25 sentyabr 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən yeni mülkiyyətçisi olduğundan, iddiaçının həmin fərdi yaşayış ev üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa mirası tam formada qəbul etdiyi üçün tam subyektiv hüquq vardır.
16. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
18. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
19. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut abonentin hərəkət cədvəlidir. Həmin cədvəl isə əsaslı sübut hesab edilə bilməz.
21. Bundan əlavə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçıya məxsus olan evə dair hesablanmış borcu 2015-2016-cı ilədək hesablandığına və həmin vaxtdan 5 il müddətin keçdiyinə görə qüvvəsini itirmiş və hesablanmış borc cavabdeh təşkilatı tərəfindən iddiaçıdan tələb oluna bilməz.
22. Belə ki, Azərbaycan Respublikası MM-nin 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
23. Həmçinin «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
24. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
26. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.
27. Məhkəmə iddia tələbinin abonent kodunun adına keçirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, abonent kodunun ad dəyişmə əməliyyatının həyata keçirilməsi və enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik enerjisinin yeni alğı-satqı müqaviləsinin bağlanması kodda olan borc tam şəkildə ödənildikdən sonra mümkün olacaqdır. Göründüyü kimi bu tələblə tərəflər arasında mübahisə yoxdur. İddia tələbi gələcəkdə yarana biləcək pozuntuya münasibətdə irəli sürülmüşdür ki, buda məhkəmənin gələcəyə münasibətdə yekun məhkəmə aktının qəbul edilməsinə əsas ola bilməz.
28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin olunaraq, "xxxx" ASC tərəfindən hesablanmış 1419,77 AZN (bir min dörd yüz on doqquz manat, yetmiş yeddi qəpik) borc əsassız hesab edilərək, **********50005 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 33.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Tramvay küçəsində yerləşən 14 A saylı evinə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 hesablanmış 1419,77 AZN (bir min dörd yüz on doqquz manat, yetmiş yeddi qəpik) məbləğində borc **********50005 abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov