Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2446/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" MMC-yə olan 1756.33 manat əsas borc, 1251.92 manat faiz borcu, lizinq predmeti olan nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçür 320 manat cərimə borcu və avtomobilə dəymiş ziyan üzrə 1325 manat olmaqla cəmi 4653.25 manat məbləğində borcun və iddia ərizəsinə görə ödənilmiş 67 manat dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh1 və zamini X1 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 avqust 2021-ci il tarixli AK 323 saylı X10 müqaviləsi bağlanmışdır. X10 müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ümumi dəyəri 23 566 manat olan Toyota Prius minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 lizinqə verilmişdir. Bununla bağlı Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 avqust 2021-ci il tarixində X10 müqaviləsi bağlanmışdır. 10 avqust 2021-ci il tarixli X10 müqaviləsinin təminatı olaraq X5 ilə 10 avqust 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 lizinq predmeti olan nəqliyyat vasitəsi istifadəsində olduğu zaman nəqliyyat vasitəsini təyinatı üzrə istifadə etməmiş və nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. 10 avqust 2021-ci il tarixli X10 müqaviləsinə əsasən, Cavabdeh1 04 aprel 2022-ci il tarixinə 1756.33 manat əsas borc, 1251.92 manat faiz borcu, lizinq predmeti olan nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün 320 manat cərimə borcu və avtomobilə dəymiş ziyan üzrə 1325 manat olmaqla cəmi 4653.25 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdehlər 10 avqust 2021-ci il tarixli X10 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərə göndərilmiş 04 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubuda cavabsız qalmışdır. Bununla da cavabdehlər, X10 müqaviləsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən X10 Müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, X10 müqaviləsinə əsasən VİP Leasing" MMC-yə olan borcu 4653.25 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323 saylı X10 müqaviləsindən görünür ki, 23566 manat dəyərində 2007-ci il buraxılışlı “Toyota Prius” minik markalı avtomobili sonuncuya lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq müqaviləsi üzrə yaranmış 32399.81 manat dəyərində lizinq məbləği illik 22 % olmaqla 36 ay müddətində hər ay 900 manat, sonuncu ay 899.81 manat ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Toyota Prius” minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Z-323 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323 saylı müqavilə üzrə öhdəliyin icrası ilə bağlı öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə zamin X5 öhdəlik götürənlə birgə lizinq verən qarşısında məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Universal Konsalting and Service MMC tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Toyota Prius markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1325 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 "xxxx" MMC ilə bağlamış xx.xx.2021-ci il tarixli 323 saylı müqaviləyə əsasən lizinq ödənişləri qrafiki üzrə 30 təqvim günü ərzində ödəniş etmədiyi halda lizinq obyekti olan nəqliyyat vasitəsini "xxxx" MMC tərəfindən müsadirə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1nın xx.xx.2021-ci il tarixli 323 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə 3008.25 manat əsas və faiz borcu, 320 manat cərimə borcu və dəymiş zərərlə bağlı 1325 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iş üzrə cavabdehlərə xx.xx.2021-ci il tarixli 323 saylı müqavilə üzrə yaranmış 4653.25 manat borcunun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə borcun alınması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 323 saylı X10 müqaviləsi bağlanmışdır. İddiaçı ilə digər cavabdeh X5 arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsi əsasında o öhdəliyin icrası ilə daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi barədə iddiaçı qarşısında məsuliyyət götürmüşdür. Cavabdeh1 X10 müqaviləsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almaq hüququna malik olduğu kimi eyni zamanda həmin müqavilə əsasında lizinq ödənişlərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Eyni zamanda iş üzrə digər cavabdeh X4 zamin kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər öhdəliklərini lazımınca icra etmədikləri üçün iddiaçı, cavabdehlərlə bağladığı müqavilələr üzrə yaranmış borcun qaytarılmasında haqlıdır. Odur ki, əsas və faiz borcun tutulması hissəsində iddia əsaslı olmaqla cavabdehlərdən müştərək qaydada 1756.33 manat əsas və 1251.92 manat faiz borcu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə cavabdehlərdən avtomobilə dəymiş ziyan kimi 1325 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və vurulmuş ziyanla bağlı qüsur aktı təqdim edilməklə dəymiş zərərin məbləği sübuta yetirildiyindən həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin lizinq predmeti olan nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün 320 manat cərimə borcunun tutulmasını əsaslı hesab etməməklə, həmin hissədə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, lizinq predmeti olan nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarını pozduğu üçün 320 manat məbləğində olması barədə heç bir sübut təqdim etməmiş və mübahisənin məhkəmə iclasında araşdırılması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla iş üzrə cavabdehlərdən 1756.33 manat əsas, 1251.92 manat faiz borcu, avtomobilə dəymiş ziyan üzrə 1325 manat tutularaq iddiaçıya ödənilməlidir.ş İş materiallarından görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə 67 tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iş üzrə cavabdehlər Cavabdeh1 və X2 1756.33 manat əsas, 1251.92 manat faiz borcu, avtomobilə dəymiş ziyan üzrə 1325 manat və ödənilmiş 67 manat dövlət rüsumu, cəmi 4400.25 manat alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 1756.33 manat əsas, 1251.92 manat faiz borcu, avtomobilə dəymiş ziyan üzrə 1325 manat və ödənilmiş 67 manat dövlət rüsumu, cəmi 4400.25 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2446/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2446/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver