Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2457/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, PBR952 saylı mənzil və 128 nömrəli avtomobil dayanacağı üzrə alqı-satqı müqaviləsinə əsasən cavabdehin 2803.04 manat borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 48.04 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2851.08 manat məbləğin Cavabdeh tutularaq İddiaçı hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında ünvan 1 ünvanındakı “X4” yaşayış kompleksində yerləşən binanın B bloku, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 170.2 kv.m. olan (157.2 kv.m. əmlakın daxili hissəsi, 13 kv.m balkon) 1604 saylı mənzilin və binanın zirzəmisində 2-ci mərtəbəsində yerləşən 128 nömrəli bir tək avtomobil dayanacağının alqı-satqısına dair xx.xx.2014-cü il tarixli, PBR952 saylı müqavilə imzalamışdır. xx.xx.2014-cü il tarixli, PBR952 alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsində İnvestora (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin alqısatqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) Şirkətə göstərilən xidmətlərin müqabilində Şirkətə əmlakın hər kv.m. üçün hər ay 2 manat xidmət haqqı ödəyəcək. Həmin alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 6-ci bəndinə əsasən, İnvestor (yəni cavabdeh) avtomobil dayanacaq yerini satın almış olduqda, avtomobil dayanacaq haqqı hər sahəyə görə hər ay 10 manat təşkil edir. Həmin müqavilənin 9-cu bəndinə görə, bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və Tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Cavabdehin 1604 saylı mənzil və 128 saylı bir tək dayanacaq yeri üzrə qoşmada əlavə olunan borc cədvəlində göstərildiyi kimi 2025-ci ilin fevral ayı da daxil olmaqla xidmət haqqı üzrə ümumi borc məbləği 2803.04 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, PBR952 saylı alqı-satqı müqaviləsinin 4 saylı Əlavəsinin 5-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh 170.2 kv.m. mənzilin hər kvadrat metri üçün aylıq 2 manat xidmət haqqı (170.2 kv.m. x 2=340.4 manat) və həmin Əlavənin 6-cı bəndinə əsasən 1 dayanacaq yerinin hər biri üçün ayrılıqda aylıq 10 manat olmaqla, ümumilikdə mənzil və dayanacaq yeri üzrə aylıq 350.4 manat (340.4 +10=350.40 AZN) xidmət haqqı məbləği ödənilməli idi. Borcun yaranma mənbəyinə gəldikdə, cavabdeh xx.xx.2024-xx.xx.2025-ci il aralığında mənzil və dayanacaq üçün xidmət haqqı borcundan heç bir ödəniş edilməmiş və ümumilikdə 8 aylıq xidmət haqqı 2803.04 AZN (8 x 350.38 AZN = 2803.04 AZN) borc ödənişləri yığılmışdır. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bugünə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. 3.Sonradan və son olaraq İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 3502.75 manat borcun, 110 manat hüquqların müdafiəsi üçün ödənilmiş vəkil xərci və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 55.04 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (İnvestor) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, PBR 952 nömrəli müqavilədən görünür ki, şirkət bu müqavilənin Əlavə 2-də daha geniş təsvir olunan binada yerləşən 1604B saylı mənzili (əmlak) tikməyə və yaşayış məqsədi üçün investora təqdim etməyə razılaşır və investor həmin mənzili yaşayış məqsədləri üçün şirkətdən qəbul etməyə razılıq verir (bənd 1.1). İnvestor bununla binanın idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçir və şirkətə binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir (bənd 1.4). İnvestor üçün binanın zirzəmisində 2-ci mərtəbəsində yerləşən (128 nömrəli) 1 tək avtomobil dayanacağı sahəsi ayrılmalıdır (bənd 1.5). Bu müqavilənin bütün əlavələri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir və tərəflər bu müqaviləni imzalamaqla təsdiq edirlər ki, bu müqavilənin hər bir və bütün şərt və müddəalarını, orada nəzərdə tutulmuş öhdəlikləri və şərtləri diqqətlə oxumuş, başa düşmüşlər, onlarla razılaşırlar və onlara əməl etməyi öz üzərlərinə götürürlər (bənd 12.7). 8.Mülki işin materiallarında olan Əlavə 2-dən görünür ki, 1604B saylı mənzil “Tower B” binasının 16-cı mərtəbəsində yerləşir. Əmlakın ümumi sahəsi təxminən 170.2 kv.m olacaq və aşağıdakıları əhatə edəcək: Perimetr üzrə divarların daxili tərəfi ilə ölçülən əmlakın ümumi sahəsinə bərabər olan təxminən 157.2 kv.m. Əmlakın ümumi daxili sahəsi (eyvan istisna olmaqla). Təxminən 13 kv.m olan eyvan. 9.Mülki işin materiallarında olan Əlavə 4-dən görünür ki, şirkətin investora göstərilməsini təmin edəcəyi xidmətlər sadalanmış (bənd 1), investorun həmin xidmətlərin müqabilində şirkətə əmlakın hər kvadratmetri üçün hər ay 2 (iki) manat məbləğində xidmət haqqı ödəyəcəyi qeyd edilmişdir (bənd 5). Avtomobil dayanacağının icarəsi tərəflər arasında razılaşdırıldıqda, investor şirkətə hər sahəyə görə hər ay 300 (üç yüz) manat məbləğində avtomobil dayanacağı haqqı ödəyəcək və yaxud bu Müqaviləyə uyğun olaraq İnvestor avtomobil dayanacağı sahəsini(lərini) satın almış olduqda, avtomobil dayanacağı haqqı hər sahəyə görə hər ay 10 (on) manat təşkil edəcək (bənd 6). İnvestor bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq müvafiq hesabfakturası təqdim edildikdən sonra 5 iş günü ərzində şirkətə ödəməlidir. 10.Mülki işin materiallarında olan İddiaçı MTK tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xidmətlər və parkingə görə ödəməli olduğu aylıq məbləğ 350,38 manat olmuş, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan 10 aylıq müddət ərzində onun tərəfindən MTK-ya heç bir ödəniş edilmədiyindən, cəmi 3502,75 manat məbləğində borcu yaranmışdır. 11.Mülki işin materiallarında olan İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, o, xidmət haqqına görə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 55.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarından görünür ki, İddiaçı MTK tərəfindən “Yusif Allahverdiyev və partyonları” Vəkil Bürosunun hesabına 110 (yüz on) manat məbləğində pul köçürülmüşdür. 14.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3864/2024 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh 3.503,80 (üç min beş yüz üç manat səksən qəpik) manat məbləğində pulun alınaraq İddiaçı MTK-ya verilməsi və hüquqi xidmət xərci 300 (üç yüz) manat və dövlət rüsumu 55 (əlli beş) manatın Cavabdeh alınaraq İddiaçı MTK-ya verilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə və ona əlavələrə əsasən, tərəflər ümumi sahəsi 170.2 m2 olan mənzilin və 1 ədəd avtomobil dayanacağının cavabdehə satılması, iddiaçının göstərilməsini təmin edəcəyi bir sıra xidmətlərə (mühafizə, kommunal və s.) görə cavabdehin mənzilin hər kvadratmetri üçün hər ay 2 manat məbləğində xidmət haqqı və 10 manat məbləğində avtomobil dayanacağı haqqı ödəməsi barədə razılığa gəlmişlər. Lakin hazırda mənzil cavabdehin mülkiyyətində olmasına və iddiaçı tərəfindən göstərilən xidmətlərdən yararlanmasına baxmayaraq, o, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan 10 aylıq müddət ərzində müqavilədə nəzərdə tutulmuş haqları ödəməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə pretenziya ilə müraciət edərək, yaranmış borcun ödənilməsini cavabdehdən tələb etsə də, o, yenə də borcunu ödəməmişdir. Buna görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 777.1-777.2-ci maddələrinin tələblərinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 17.Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin yaranmasının əsası tərəflər arasında bağlanmış tapşırıq müqaviləsidir. Belə ki, xx.xx.2014-cü il tarixli müqaviləyə və ona əlavələrə əsasən, cavabdeh iddiaçının ona xidmətlər göstərməsinə razılıq vermiş və buna görə hər ay müvafiq məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 18.Mülki qanunvericiliyin öhdəliklər və tapşırıq müqaviləsi barədə olan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə tapşırıqları yerinə yetirdiyindən, cavabdehin göstərilmiş xidmətlərin əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəmək öhdəliyi yaranmışdır. Lakin göründüyü kimi, cavabdeh öz öhdəliyini lazımınca icra etməmişdir. Daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixədək ödənilməyən borc pul tutulması qət edilmişdir. Hazırda isə iddaçı həmin tarixdən etibarən cavabdeh tərəfindən yenə də ödənişlər edilmədiyini iddia edərək 10 aya yaxın bir müddət üçün ümumilikdə 3502,75 manat borc pulun tutulmasını tələb edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə toplanmış sübutlar iddia tələbinin əsaslı olmasını təsdiq edir. Cavabdeh isə xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək olan 10 aylıq müddət ərzində müqavilədə nəzərdə tutulmuş haqları ödəməsinə dair heç bir əsaslı sübut təqdim edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10 aya görə iddiaçı tərəfindən tələb edilən 3502,75 manat məbləğində pul ((170,2 m2 x 2 manat + 10 manat) x 10 ay) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 19.Məhkəmə iddia tələbinin məhkəmə xərclərinə aid hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissələrdə də tələb əsaslı hesab edilməklə təmin edilməlidir. 20.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 22.Hazırki iş üzrə iddia təmin edildiyindən, məhkəmə xərci kimi ödənilmiş 55,04 manat və hüquqi xidmət xərci kimi ödənilmiş 110 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MTK-ya verilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 3502,75 (üç min beş yüz iki manat, yetmiş beş qəpik) manat məbləğində borc pul, 110 (yüz on) manat hüquqi xidmət xərci və 55,04 (əlli beş manat, dörd qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3667,79 (üç min altı yüz altmış yeddi manat, yetmiş doqquz qəpik) manat pul alınaraq İddiaçı MTK-ya verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.