Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2464/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən RETRO2 - YUMSAQ mebel üçün 650.1 (altı yüz əlli bir manat on qəpik) manat ödənilməmiş hissə, 65.9 (altmış beş manat doxsan qəpik) manat cərimə, ümumilikdə, 716 (yeddi yüz on altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2464/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hazırki məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, RETRO2-YUMSAQ mebel almış və nəticədə 716 (yeddi yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 866.4 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat (yəni 24 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) RETRO2-YUMSAQ mebel üçün ümumilikdə, 716 (yeddi yüz on altı) manat olmaqla ondan 650.1 (altı yüz əlli bir manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.9 (altmış beş manat doxsan qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 216.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, divanı onlayn şəkildə sifariş vermiş, divan gələndən sonra rənginin fərqli olduğunu görmüşdür. Bir müddət sonra divandan narazı qalaraq iddiaçıya zəng etmişdir ki, gəlib divanı aparsınlar. Divan keçən ilin noyabr ayında evindən çıxmış, bu yaxınlarda isə divanı geri qaytarmışdırlar. Evində olduğu müddətdə o, ödənişləri etmişdir. Amma evdində olmadığı dövrdə ödənişləri həyata keçirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iclasla bağlı Cavabdeh məhkəməyə yazılı ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki işə prosessual qanunvericiliyin tələblərinə uyğun cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli, 22412607№-li alğı-satqı müqaviləsinin əlavəsindən görünür ki, alğı-satqı qiyməti 866.4 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat (yəni 24 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) RETRO2-YUMSAQ mebel üçün ümumilikdə, 716 (yeddi yüz on altı) manat olmaqla ondan 650.1 (altı yüz əlli bir manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.9 (altmış beş manat doxsan qəpik) manat cərimə borcu yaranmışdır. -xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, RETRO2- YUMSAQ mebelin aylıq ödənişi 36.1 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mövcud müqavilənin 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün götürdüyü malların iddiaçıya tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı olduğu bildirilmiş, bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Ödənilmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə əvvəlcədən xəbərdar edilmişdir. -xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli, 22412607№li alğı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıdan Retro2-Yumşaq mebel almış, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bununla bağlı olaraq cavabdehdən aldığı malın saz və korlanmamış vəziyyətdə geri qaytarılması tələb edilmiş, bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə cəmi 716 manat məbləğində borcu yaranmışdır.Cavabdeh tərəf isə müqavilə üzrə aldığı mebeldən narazı qaldığı üçün ödənişləri həyata keçirmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alğı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Bundan başqa, Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmə həmçinin, cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, cavabdeh aldığı mebelin onda olmadığı müddət ərzində onda olmayan əşyaya görə pulu ödəməməsini bildirmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən alıcı əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mövcud müqavilə üzrə alğı-satqı qiyməti 866.4 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat (yəni 24 ay x 36.1 manat + 0 manat ilkin ödəniş) RETRO2-YUMSAQ mebel üçün ümumilikdə, 716 (yeddi yüz on altı) manat olmaqla ondan 650.1 (altı yüz əlli bir manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.9 (altmış beş manat doxsan qəpik) manat cərimə borcu tələb etməkdə haqlıdır və buna görə də ödənilməmiş 716 (yeddi yüz on altı) manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən RETRO2 - YUMSAQ mebel üçün 650.1 (altı yüz əlli manat on qəpik) manat ödənilməmiş hissə, 65.9 (altmış beş manat doxsan qəpik) manat cərimə, Ümumilikdə, 716 (yeddi yüz on altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2464/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2464/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver