Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2477/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-cu tarixli, AZK00432 №-li müqavilə üzrə 1064.99 manat qalıq borcu, 702.90 manat cərimə borcu olmaqla, cəmi 1803.89 manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 38.03 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu tarixli, AZK00432 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 1399.99 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə- Təhvil təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci tarixli, AZK00432 saylı müqavilə üzrə qalıq borcu 1064.99 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 2343 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 702.90 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci tarixli, AZK00432 saylı müqavilə üzrə 1064.99 manat qalıq borcu, 702.90 manat cərimə borcu olmaqla, cəmi 1803.89 manat borcu yaranmışdır. Bildiririk ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, AZK00432 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, AZK00432 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, Cavabdeh evdə olmadığından bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, AZK00432 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh BOSCH B1ZMA 12507 markalı kondisionerə görə 18 ay ərzində ödəniş cədvəli üzrə borcu ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən Müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,3%-i həcmində cərimə ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, alıcı 1399,99 manat məbləğində olan BOSCH B1ZMA 12507 markalı kondisioneri təhvil almışdır. İş materiallarında olan «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəf cavabdehə borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı olan “pul” tələbi «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt edilmişdir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, AZK00432 saylı müqaviləyə əsasən Cavabdeh əsas borcu 1064,99 AZN, cərimə borcu 702.90 AZN, ümumilikdə 1803.89 manat təşkil edir. İş materiallarında olan Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, AZK00432 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh əşyanı almış, nəticədə 1064.99 AZN borc yaranmışdır. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 1064.99 AZN məbləğindəki tələb hüququ «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə alqı-satqı qiyməti 1399.99 AZN olan əşya üçün borcu yaranmışdır. İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2021-ci tarixli, AZK00432 №-li müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 38.03 (otuz səkkiz manat üç qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1064.99 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1114,99 (bir min bir yüz on dörd manat, doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 38.03 (otuz səkkiz manat üç qəpik) manat dövlət rüsumu məbləğində pul alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1064.99 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1114.99 (bir min bir yüz on dörd manat, doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 38.03 (otuz səkkiz manat üç qəpik) dövlət rüsumu məbləğində pul alınaraq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2477/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2477/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver